Sükutun ikinci üzü
Bu öpüşü alnının
üstünə qoy...
...və indi ki,
səndən uzağam
izin ver and içim
Və deyim: - siz səhv
yolda deyilsiniz.
Bilin ki, röya idi mənim
bütün günlərim.
Hələ də uzaqlarda uçmaq istəyirsinizsə
bir gecə içində,
ya da bir gündüzdə,
ya əsla heç birində...
Görəsən, bu az
uçmağınızdandımı?
Hər şeyi ki, xəyalımızda
görürük
bir röyadır röya içində.
Dayanmışam daşqınların,
coşqunların içində.
Bir sahilin acınacaqlı dalğalarında
və mənim əllərimdə
qumların qızıl
dənələri
bax gör necə zərrə-zərrə
barmaqlarımın arasından
dərinliyə cumurlar.
O halda ki, mən
ağlayıram,
mən ağlayıram.
Ax, İlahi!
Kaş olaydı mən onları bir incə
qarmaqla ovlaya biləydim.
Ax, İlahi!
Kaş onları rəhmsiz dalğalar
əlindən qoruya biləydim.
Görəsən, bütün bizim
gördüklərimiz
və xəyal etdiklərimiz
bir röyadırmı
röya içində?
***
Bəzi
hallar,
bəzi şeylər var,
ikili həyatları
var.
Sanki əkiz doğulublar.
İşıqdan, maddədən qaynaqlanıb,
hüzur tapırlar
cismin kölgələrinin
möhkəmliyində.
İki üzü var sükutun:
Dəniz
və sahil,
cism və can.
Biri xəlvətlərdə yaşayır,
ikincisi otların arasında göyərir
və gözəlliklə,
keçmiş xatirələrlə,
ya da bir həzin əfsanəylə peyda olur.
Sükutun ikinci üzü bilirsənmi nədir?
Onun adı
"heç vaxt"dır.
O, birmənalı şəkildə
sükutdur,
"heç vaxt"
qorxmaz,
Heç bir çirkin güc ona bata
bilməz.
Birdən
təcili bir tale, sonuncu şans adıyla
səni öz kölgəsiylə görüşməyə
aparar.
Adsız
bir pəri
səni öz uzaq tənhalıq qalasına aparar
ki,
bura kimi heç bir insanın
ayağı dəyməyib
oralara...
Orda,
orada,
özünü Tanrıya
tapşır!
***
Uşaq
ikən başqaları
kimi deyildim...
Hamı
görən kimi görmədim,
şur və şövqümü başqalarının
baharından almadım,
Kədərimi o bulaqdan almadım,
qəlbimi o halətdə
sevinclə doldurmadım.
Və sevdiyim hər şeyi
yalnız sevirdim...
Uşaq
ikən
tufanlı həyatımın
başlanğıcında
yaxşıdan, pisdən
hər nə varsa
bir sirr içimdə qalıbdır.
Seldən,
ya bulaqdan,
dağların qırmızı
qayasından,
mənim ətrafımda
fırlanan
payızlı sarı
Günəşdən,
başım üstündən
uçub gedən
ildırım asimandan,
tufan və küləkdən...
...və baxışlarımda
bir bulud
şeytanın cərgəsinə
qoşuldu.
Edqar Allan Po
Tərcümə edəni: Ümid
Nəccari
Ədəbiyyat qəzeti.- 2019.-
25 may.- S.31.