Ekranlaşdırılmış ədəbi
əsərlər
Layihədə Uilyam
Şekspirin "Hamlet" pyesi əsasında çəkilmiş
filmləri təqdim edirik.
Süjet:
Danimarka kralının qəfil ölümündən sonra
onun yerini qardaşı Klavdi tutur və üstəlik, o, mərhum
qardaşının dul arvadı Gertruda ilə evlənir. Saray mühafizəçiləri Hamletin dostu
Horatsioya bildirir ki, ötən gecə yenicə
ölmüş kralın kabusunu görüblər. Kabus yenidən görünür, Horatsio onunla
danışmaq istəyəndə xoruzun səhər banı
eşidilir və kabus yox olur.
Ertəsi gün kral sarayında yığıncaqda
kralın müşaviri Poloninin oğlu Laert kraldan Parisə
oxumağa getməsi üçün izn istəyir. Bu səhnədə
şahzadə Hamletin əmisini sevmədiyinə və
anasının atasının ölümündən az sonra ərə getməsi ilə
barışa bilməməsinə işarə edilir.
Dostları Hamletə atasının kabusunu gördüklərini
xəbər verir. Həmin gecə Hamlet atasının
kabusuyla görüşür. Kabus ona əcəli ilə
yox, qardaşı tərəfindən zəhərlənərək
öldürüldüyünü və arvadını tovlayaraq onunla
evləndiyini deyir. O, Hamletdən qisas almağı xahiş
edir. Hamlet qisas planını gerçəkləşdirmək üçün
özünü dəliliyə vurur.
Poloni düşünür ki, Hamletin xəstəliyinin səbəbi
Ofeliyanın onun sevgisini rədd etməsinə görədir. Çünki
atasının məsləhətilə qızı onunla
görüşmür. Poloni krala bunu
sübut etmək üçün Ofeliya ilə Hamletin
görüşünü xəlvəti izləməyi təklif
edir. Hamlet Ofeliyanın ona qurulmuş tələdə
iştirakını bilir və özünü dəli kimi
aparır. Amma kral duyur ki, Hamletin dəliliyinin
arxasında onun gizli məqsədi dayanır. Bunun
üçün o, Hamletin dostları Rozenkrants və
Gildensterni onun yanına göndərir ki, məqsədini
bilsin. Hamlet isə duyuq düşərək,
onlara rabitəsiz cavablar verir.
Şəhərə
gələn teatr truppasına Hamlet kral və kraliça
qarşısında "Qonzaqonun qətli" tamaşasını
oynamağı xahiş edir. Süjetə əsasən,
tamaşada onun atasının qətli təsvir olunur.
Tamaşanı izləyən kral həyəcanlanır və Hamlet əmin
olur ki, kabusun dediyi düzdür. Anası Hamleti
yanına çağırır. Poloni isə
onların görüşünü xalça arxasından izləyir.
Hamlet anasını atasının xatirəsini təhqir edərək
qatilinə ərə getdiyinə görə mübahisə
edir və Polonini
kral zənn edərək öldürür.
Kral Hamleti Rozenkrants və
Gildenstern ilə İngiltərəyə göndərir və
ingilis kralına yazır ki, Hamleti dərhal edam eləsin. Şahzadə yolda məktubu dəyişir.
Ofeliya atasının ölümündən sonra
ağlını itirir və çayda boğulur.
Danimarkaya qayıdan Hamleti Laert
öldürmək istəyir. Klavdinin məsləhətilə
Laert onu təkbətək döyüşə
çağırır. Laert öz
rapirasına zəhər sürtür. Kral
isə ehtiyat planı kimi Hamletə zəhər
qatılmış şərab içirməyi məsləhət
görür. Döyüş zamanı hər
ikisi yaralanır. Kraliça isə şərabı
içərək ölür. Laert
ölümqabağı bunların kralın planı
olduğunu açıqlayır. Hamlet
kralı öldürür və özü də ölür.
Taxt-tac isə Norveç hökmdarı Fortinbrasa keçir...
"Hamlet" (1600-1601) yazıldığı ildən
bugünədək dünyanın müxtəlif ölkələrində
dəfələrlə tamaşaya qoyulub.
Kinematoqrafiyada
isə faciənin 40-dan çox versiyası
ekranlaşdırılıb. İlk dəfə əsər
1900-cü ildə fransız rejissoru Moris Kleman tərəfindən
lentə alınıb. "Hamletin
dueli" adlanan filmdə baş rolu məşhur fransız
aktrisası Sara Bernar oynayıb.
Yazımda pyes əsasında çəkilmiş dörd
filmdən danışacam. İlk olaraq məşhur
ingilis aktyoru və rejissoru Lorens Olivyenin çəkdiyi
eyniadlı filmi təqdim edirəm. 1948-ci
ildə ekranlara çıxan filmdə baş rolu da Olivye
özü oynayıb. Ümumiyyətlə,
onun yaradıcılığında Şekspirin əsərləri
üstünlük təşkil edir. O, Şekspirin "Y Henrix" və "III
Riçard" əsərlərini də
ekranlaşdırıb.
Venesiya
film festivalında "Qızıl Şir" alan
və "Oskar"a layiq görülməsinə rəğmən,
fikrimcə, bu, "Hamlet"in ən yaxşı ekran
versiyası deyil. Əvvəla o səbəbdən ki, film
Şekspirin yaradıcılığı haqda yeni söz, fikir
demir. İkincisi, əhvalatda şərtiliyin,
teatrallığın güclü olması onu kinematoqrafiklikdən
uzaqlaşdırıb. Başqa cür desək,
burda teatra xas atmosfer, gerçəklik, kinoya xas təbiəti
üstələyir. Misalçün, səhnələrin
tərtibatındakı dekorluq aşırı duyulur. Naturada çəkilişlər, dəniz,
qayalıqlar belə, təbiilikdən uzaq görünür.
Aktyor oyunundakı poetik pafos ağır
basır. Hamletin uzun-uzadı daxili monoloqu
yorucudur və bədii həlli yoxdur. Ümumiyyətlə,
bir çox səhnələrə müəllifin
baxışı bəsit, illüstrativ xarakter
daşıyır.
Ayrı-ayrı
kadrların kompozisiyası bir kino üçün lazım
olduğundan da minimalist, şərti işlənib, məkanlar
dəyişsə belə, hadisələrin baş verdiyi fon statik təəssüratı buraxır. Bundan başqa, əhvalatdakı gərginlik, dramatizm
təsvirlə yox, daha çox musiqinin gücünə
yaradılır.
Pyesin süjeti əsasən saxlanılıb, Rozenkrants və
Gildensterni xətti isə tamamən çıxarılıb. Müəllif siyasi mənaları
ixtisar edərək, Hamletin iç dünyasında baş verənlərə
fokuslanıb. Bu səbəbdən də nəql
Hamletin daxili vəziyyətinə adekvat olaraq klaustrofobiya
effektini verir. Ancaq yuxarıda dediyim kimi, kinematoqrafik
özəlliklər daşımadığından film teletamaşa kimi qurulub.
Olivye Hamlet rolunu melanxolik, yeniyetmə yaş
böhranı yaşayan fərdin təfəkkürü ilə
ifa edir. Onun imitativ dəliliyi, sanki emosional idarəsini itirərək
psixopat səviyyəsində təzahür edir və nəticədə
obraz sanbalını itirir. Gertruda (Eylin
Herli) obrazını ifa edən aktrisanın ondan yaşca xeyli
kiçik olması (Olivye bu rolu ifa edəndə 40 yaşı
vardı) onları ana-bala yox, sevgili statusunda göstərir.
Bəzi kino mütəxəssisləri bunu
Freydin Hamlet obrazı haqda analizi ilə əsaslandırır.
Freydə görə, Hamlet Edip kompleksindən əziyyət
çəkirdi və o, əslində, onun gizli arzusunu yerinə
yetirərək atasını öldürən və anası
ilə evlənən Klavdinin yerində olmaq istəyirdi.
Ən pisi odur ki, rejissorların çoxu öz yaradıcı
konsepsiyalarını təklif etmək əvəzinə, Freydin
traktovkasının arxasınca gedərək, filmlərində
ana-oğul münasibətini Edip kompleksi qatında işləyib.
Hər
şey isə çox sadədir: qardaş qardaşı
öldürüb, qadın da hansısa səbəbdən (ola bilər ki, qadın olaraq ölkəni idarə
edə bilməyəcəyindən) ona ərə gedib. Atanı özünə ideal seçən oğul
isə bununla barışımr. Hamlet anasının
addımını xəyanət kimi qiymətləndirir və
onun xəyanətini
Ofeliyanın xəyanət edə bilmək potensialı ilə
eyniləşdirir. Anasının
davranışı onun Ofeliya ilə münasibətlərinə
təsir göstərir və o, qadınlara inamını
itirir. Anasını
sonradan atasının kabusu xahiş etdiyi üçün
bağışlayır. Yəni burda Edip
kompleksindən söhbət gedə bilməz. Onda gərək tarixdə taxt-tac uğrunda baş
vermiş bütün ata və ya oğul qətllərini də
hansısa psixoanaliz məqamlara bağlamaq lazımdır.
Freydist məqam özəlliklə, 1990-cı ildə
Franko Zeffirellinin çəkdiyi "Hamlet" filmində də
duyulur. Son səhnələrdə Gertruda (Qlenn Klouz) Laert
(Nataniel Parker) ilə döyüşən Hamletlə (Mel
Gibson) anadan çox, sevgili kimi davranır. Qadının həyəcanında,
döyüş fasiləsində Hamletlə ehtirasla
dodaq-dodağa öpüşməsində seksual temperament
qabarır.
Digər versiyalardan fərqli olaraq, ilk epizodlarda rejissor Gertrudanın
Klavdiyə sarılaraq ehtirasla öpməsini göstərməklə
onun ərinə daha əvvəldən xəyanət etməsinə
açıq eyham vurur.
Hamlet obrazı Mel Gibsonun ən yaxşı rollarından
biridir. Onun Hamleti Lorens Olivyenin traktovkasından fərqli
olaraq, yetkinliyi, dolğunluğu, dərin və səmimi kədəri
ilə seçilir. Gibson ağrıyla, bəzən
isə ağrı və sarkazmın sərhədində
oynayır. Dekorasiyalardakı eleqantlıq,
təmkinlilik, monoloqların qısaldılması filmi dinamikləşdirib.
İtalyan
rejissoru Franko Zeffirelli Şekspirin əsərlərini
ekranlaşdırmaqda usta sayılır: "Romeo və
Cülyetta", "Otello", "İnadkarın ram edilməsi".
Film İtaliyanın David de Donatello milli mükafatına
layiq görülüb.
Rus sovet rejissoru Qriqoriy Kozintsevin 1964-cü ildə
ekranladırdığı "Hamlet"i Venesiya festivalının
xüsusi prizini alıb. Bədii mətnə ixtisarlar edilisə də,
xüsusi dəyişiklik olunmayıb.
"Hamlet"in
bu ekran versiyasında işıq və kölgə təzadı
ilə məkandakı
siyasi oyunların qorxuncluğu, personajların niyyəti
göstərilir.
Hətta rejissor kölgə-işığın daha
effektli olması üçün filmi rəngli çəkməkdən
imtina edib. Dekorasiyalar funksional işlənib.
Misalçün, Hamlet
"Olum və ya ölüm" monoloqunu nəhəng
qayalıqlar, dalğalanan dəniz
fonunda deyir. Nəhəng və soyuq landşaft,
sanki Hamletə qarşı dayanan rəqib kimi
görünür və onun bu mübarizədə təkliyinin
həllinə çevrilir.
Rejissor Lorens Olivyedən fərqli olaraq, siyasi konteksti
genişləndirib. Təsadüfi deyil ki, ölkənin gələcəyi
ilə tədbiri Hamlet tərk edir, kamera onun boş
qalmış yerini özəlliklə vurğulayır. Yəni Hamlet hakimiyyətin riyakarlığında
iştirakdan imtina edir. Yeri gəlmişkən,
rejissorun İnnokentiy Smoktunovskiyə verdiyi əsas
tapşırıq tamaşaçıya bu cəmiyyətin
süqutunu göstərmək olduğunu qeyd edib. Çox güman ki, Kozintsev belə
yanaşmasıyla, sovet ideologiyasından çıxış
edərək, həm də o dövrdə Qərb cəmiyyətinin
süqutunun zəruriliyini qeyd etmək istəyib. Ona görə də onun Hamleti qətiyyəti və
iradəsi ilə seçilir.
İstər Olivyenin, istərsə də Kozintsevin
versiyasında Hamletin atasının kabusuyla görüş səhnəsi
təsvir və səs effekti baxımından mistik işlənib. Zeffirelli isə
əksinə, obrazı kabus çərçivəsindən
çıxararaq oğul və atanın görüş
epizodunu realist çəkib.
Olivyenin Ofeliyasının (Cin Cimmons) ifa tərzi
sentimental, poetikdir.
Kozintsevin Ofeliyası (Anastasiya Vertinskaya) fakturası
saçdüzümü, kostyumu ilə Rafaelin Madonnasına bənzəyir
və intriqalarda alət kimi istifadəsi qabarır.
Zeffirellinin Ofeliyası (Helena Bonem Karter) isə bəribaşdan
əsəbi, stresdən əziyyət çəkən
qadın kimi oynayır.
Fin
kinosunun parlaq simalarından biri Aki Kaurismyakinin 1987-ci ildə
ekranlara çıxan "Hamlet dünya biznesində" filmi
bədii mətni demək olar ki, dekonstruksiya edib. Müəllif pyesdə məzmunca dəyişikliklər
edib, ona yeni anlam verib.
Əvvəla, rejissor hadisələri müasir Finlandiyaya
uyğunlaşdırıb. Hamlet (Pirkka Pekka Petelius) varlı
iş adamının oğludur. Atası ilə
münasibəti olmadığı üçün
anasının məşuqu Klavdi ilə (Esko Salminen) birlikdə
onu zəhərləyir və şirkəti ələ
keçirmək istəyir. Klavdi və
Poloni (Esko Nikkari) Hamletə infantil səfeh kimi baxır və
ciddiyə almırlar. Ofeliya (Kati Outinen)
dozadan artıq dərman içir və vannada özünü
boğur. Anası Gertruda (Elina Salo) şərabdan
yox, Hamlet üçün hazırlanmış toyuqdan zəhərlənir.
Hamleti isə Laert yox, bu ailədən təngə gəlmiş
sürücü öldürür...
Müəllif Hamletin kimliyini çağdaş biznes
dünyasında tamahkarlığın, burjua dəyərlərinin,
ailə institutunun böhranı kontekstində göstərir. Nuar estetikasında çəkilən
film absurda,
ekssentrizmədək çatdırılır.
Personajlar ünsiyyətdə olsa da, sanki bir-birindən təcrid
olunmuş, apatik vəziyyətdə yaşayırlar. Bu səbəbdən də
aktyor oyununda emosiya yoxdur, hamı bir-birini manipulyasiya edir, qətllər
norma kimi baş verir. Personajlar
arasında ən hiyləgəri, siniki elə Hamletdir. Rejissor sürücü və qulluqçunu onlardan mənəvi
cəhətdən yüksəyə qaldırır. Finalda ailə intriqalarından bezmiş qulluqçu
və sürücü evi tərk edirlər. Rejissor
deyir: "Hamlet" ən xoşbəxt sonluqla bitən
filmimdir".
Kaurismyaki filmə kimi pyesi oxumadığını deyir.
Maraqlıdır ki, Şekspirin bu məşhur faciəsinə
Aki Kaurismyaki istisna olmaqla, dünya kinosunun əhəmiyyətli
rejissorlarının demək olar ki, heç biri müraciət
etməyib.
Məşhur
aktyor Entoni Hopkinsin pyes haqda fikirləri maraqlıdır: "Mən
də Hamleti oynamaq istəyirdim. Sadəcə,
şöhrətlənmək üçün. İndi isə məni qətiyyən nə
Şekspir, nə də bu Britaniya cəfəngiyatı
maraqlandırır".
Sevda Sultanova
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.28-29.