“Hər gün bu dünyaya vida edirəm”
Qələmin yanında olanlardan (qələmi əlində
olanlardan!), sözə Allaha sığınırmış
kimi sığınanlardan biri də şair Şöhlət
Əfşardır.
Onun qələmi də Allahın dediklərini yazır. "Şairə şeiri
bir yazdıran var": inamı ilə, imanı ilə!
Bu qələm Allaha dua edir. Vətən
torpağı işğal altında olduğu
üçün gözünə yuxu getmir. Şairin vətənə, yurda, ölməz qəhrəmanlarımıza
olan eşqini aləmə car çəkir. Həm
yana-yana, həm də qürur hissi ilə!
Bu qələm
şairlə birgə əsgərlərimizin yanına gedir,
Aprel döyüşlərində yaralanır,
bayrağımızı Lələtəpəyə taxanlarla
bahəm lap həlak da olur, lakin ölmür! Qalxıb
yenidən vuruşmağa hazırlaşır. Xəzərin
"Günəşli" neft yatağında faciəli surətdə
həlak olanların nəşini axtarıb tapanlara qoşulur,
sahilə çıxarır, dəfn edir, "Vətən,
başın sağ olsun!" - deyə.
Səməd Vurğun şairi izdiham içindən boy
verib göstərən adama bənzədirdi.
Şöhlət
Əfşar da bu gün az qala
hamının şeir yazdığı izdiham içindən
özünün və sözünün (qələminin!)
boy-buxunu ilə görünməkdədir.
Bütün
şeirlərinin və poemalarının bir qəhrəmanı
var: insan! Və bu insanı
düşündürən özündən əvvəlki
şairləri də düşündürən insanlıq
amalıdır.
Şöhlət Əfşar müasir düşüncə
tərzinə malik şairlərdəndir. Dünyanı ağzına
almış qlobal faciələr, təlatümlər, mənəvi
zəlzələlər, məzhəb
çarpışmaları şairi
sarsıtdığından, görün o, nələr çəkir
və nələr yazır:
Gecəyarı
sükunət, hücrəmdə tək qalmışam,
Dərd əlində məhkumtək sükutdan
asılmışam.
Bənzəyirəm
səhrada susuz, yorğun dəvəyə,
Ayaq tutub yalanlar, nəyə inanım, nəyə?
Fasiqlər
hökm eyləyir, atıb imanı, dini,
Hey
çəkirəm dünyanın, insanlığın dərdini.
Günahsız
qanlar axır, çatan yoxdur köməyə,
Adam
özü utanır - mən insanam! - deməyə!
Bunlar adi misralar deyil, şair harayıdır. Aydın
şair mövqeyidir. Müasir Azərbaycan
şairinin üsyankar səsidir.
Bu, iyirmi faizi işğalçı yağı
tapdağında inləyən Vətənin,
Şuşanın, Xocalının azadlıq istəyən,
"Burda bir şir darda qalıb bağırır." (Şəhriyar)
deyən hayqırtısıdır.
Şair
belə olmalıdır: Üsyankar, vətənin,
dünyanın, insanın dərdini çəkən! Y.Yevtuşenko deyirdi ki, əgər Puşkinin
"Sibirə məktub" şeiri olmasaydı, mən onu
böyük şair saymazdım.
Rus şairi doğru deyirdi.
Əsl şairin qələminin gücü ictimai
xarakterli, bəşəri mövzularda daha çox üzə
çıxır. Ş.Əfşarın
yaradıcılığında bu mövqe qabarıq şəkildə
nəzərə çarpır.
Şöhlət
Əfşarın hadisə kimi qiymətləndirilmiş
"Poema-trilogiya"sı, eləcə də
yaradıcılığı haqqında Q.Bayramov, N.Şəmsizadə,
M.Qasımlı, Ş.Vəliyev, B.Qaraca, V.Aslan, A.Rüstəmli,
A.Babayev kimi görkəmli və tanınmış söz və
fikir adamlarının, ziyalıların, şair və
yazıçıların söylədikləri qiymətli
fikirlər göstərir ki, Ş.Əfşar, doğrudan da,
istedadlı bir qələm sahibidir.
Şöhlət
Əfşarın harda olsa, hara getsə, bircə ünvanı
var: qələmin yanı, sözün yanı, insanın
yanı:
Axtarın
qoşmada, ya gəraylıda,
Dədə Ələsgərdən soruşun məni.
Baxıb
Füzulidə "Şəbi-hicran"a,
Məcnundan, Leylidən soruşun məni.
- deyən şair, əslində, biz
gördüyümüz yerlərdə deyilmiş. Sən demə,
o bizim tanıdığımız Şöhlət
deyilmiş!?
Bu yaxınlarda Tərtərdən bir ağsaqqal təhsil
işçisi mənə zəng etmişdi. Dedi ki, bilirsənmi, niyə
zəng etmişəm? Əlimə bir poema
düşüb, çox xoşuma gəlib, oxuyuram. Oxumaqdan doymuram. Şöhlət
Əfşarı tanıyırsanmı?
Dedim: - Nətər
tanımıram ki? Dostumdu, gözəl
şairimizdi.
Dedi: - O
bu əsərində elə məsələlərə toxunub
ki, şair kimi cəsarətinə, sözünü demək
bacarığına heyran qaldım.
Ona Şöhlətin telefon nömrəsini verdim. Danışdılar.
Təkrar mənə zəng etdi:
- A kişi, bunun sözü kimi, özü də
nə gözəl adammış! - dedi. - Allah adamı, söz
adamı, könül adamı!
Bu fakt bir
daha sübut edir ki, yaxşı əsəri oxuyurlar,
yaxşı şairi sevirlər, axtarıb tapırlar...
İllah
da Şöhlət Əfşar kimi könüldən-könülə
söz daşıyan, eldən-elə köz daşıyan bir
şairi necə tanımayasan, necə oxumayasan, necə ona
qoşulub sən də deməyəsən:
Bülbültək
çiləyən tuti dilimdə,
Ustad ozanlara söz gətirmişəm.
...Sönməz
ocağımız, qoy bilsin cahan,
Ocaqdan-ocağa köz gətirmişəm.
Şöhlət
Əfşarın poetik dünyası ilə
tanışlıq göstərir ki, neçə ki, belə
şairlər - insanın və insanlığın
keşiyində duranlar var, öz haqq sözünü ucadan deyə
bilən könül, qələm sahibləri var, söz
ölməyəcək, insanın və insanlığın
közü, od-ocağı qaralmayacaq, sönməyəcək!
Qeyd etdiyim kimi, Şöhlət Əfşar həmişə
qələminin yanındadır. Bu qələm
özündən qabaq yüyürür hər işinin
dalınca. "Sən burda dur, dayan, mən indicə gəlirəm",
- deyib getmədiyi yer, uçmadığı göy
qalmır.
Ən çox insandan narahatdır Şöhlətin qələmi.
Kimsə kimisə sevir. Lap dərdindən dəli-divanə
də olur.
Şöhlətin
qələmi bütün insanları sevir!
Faciələr içində, sanki öz sonuna tələsir
dünya. Bu, hamı kimi Şöhləti də, onun qələmini
də rahat buraxmır.
Səməd
Vurğun istəyirdi ki, "Dünyanın son adı
qurtuluş olsun!".
Ş.Əfşar
da müqəddəs bir istəklə yaşayıb-yaradır,
deyir:
Mənə
bir dünya verin,
Bu
dünyadan uzaqda...
...Orda
bütün fəsillər
Həmişə
bahar olsun!
Bax, beləcə Şöhlətin qələmi
bütün fəsillərin bahar olmasını, bütün
arzuların çin olmasını, çiçəklənməsini
istəyir. Qəlbi də, qələmi də məhz bu cür
çiçəklənmək arzusundadır.
Belə məqamlarda
Şöhlət Əfşarın qələmi "Ədalət
səltənəti" qurmaq arzusu ilə dünyadan
köçüb gedən sufi
düşüncəli babalarımızın, böyük
idrak və düşüncə sahiblərinin yurd (qələm)
davamçısı təsirini bağışlayır.
Ruhu "ölməzdən əvvəl ölmək gərək"
deyən ürfani ruhlara bağlıdır.
Hər
gün yaşaya-yaşaya "hər gün bu dünyaya vida
edirəm" demək kiməsə asan gəlməsin!
Ölməzlər, əbədilər "Bu dünyada hər
gün ölürmüş kimi yaşa!" deməmişdilərmi?!
Şöhlətin
özü də, sözü də (qələmi də) hər
gün həmin ölümlə üz-üzə,
göz-gözədir! Amma qorxmur. Nədən? Çünki deyə bilir:
Şöhlətəm,
"Quran"a iman etmişəm,
Əhd edib Musatək Tura yetmişəm.
Mən
Ərşü-Əlada məkan etmişəm,
Hər gün bu dünyaya vida edirəm.
"Hər gün bu dünyaya vida edirəm" desə
də, şairin hər gün yaşadığını da
görmək mümkündür. Qələmi ilə, amalı ilə,
kamalı ilə!
Şair gərək öz taleyini (tərcümeyi-halını),
qələminin dediklərini yazsın.
Şöhlətin özü də, sözü də bu
işlə məşğuldur. Şeirlərindən biri belə
bitir: "Daha can evimə sığa bilmirəm". Bu misra
kifayət edir ki, şairin də, qələmin də kim, nə olduğunu bir yolluq anlayasan və deyəsən:
Qoy qələmi həmişə əlinə
özünə sığmayanlar götürsün.
Qoy nə yazsa, qələm yazsın.
Nə deyiriksə, Tanrının dedikləridir.
Nə yazırıqsa, qələmin
yazdıqlarıdır.
Nə
yaxşı ki, Şöhlət Əfşara da şeiri
yazdıran varmış!
Barat VÜSAL
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.27.