Şəcərə
Hekayə
Gecə
küləyi yağışın qəzəbini bir az da artırırdı. Yağış
küləyə müqavimət göstərdikcə külək
əsəbindən ağacları köklü-köməcli
yerindən qoparıb hirsini-hikkəsini soyutmaq istəyirdi.
Göy, sanki canındakı bütün
suları yerə töküb yüngülləşmək istəyirdi.
Adam bilmirdi özünü küləkdən
qorusun, yoxsa bir daldanacaq tapıb yağışdan xilas olsun.
Kirpiklərindən su damcılayırdı,
şəhərin kimsəsiz, qaranlıq küçələrində
addımladıqca neçə dəfə gölməçəyə
düşmüşdü. İndi yeridikcə
ayaqları yaş çəkmənin içində
fırçıldayırdı. Alt
paltarlarına qədər islanmışdı. Getdikcə yerimək çətinləşir, su
dizlərinə çatırdı. Soyuğa
birtəhər dözmək olardı, amma sel küləkqarışıq
sinəsindən basıb geri itələyirdi, külək
yağışı ovuclayıb üzünə
çırpırdı; bədəni suya müqavimət
göstərməkdə aciz idi.
Əvvəlcə yerişini itirdi, sonra huşunu. Ayılanda
gözünə qaranlıqdan başqa heç nə dəymədi.
Hövlnak yerindən qalxıb gözlərini
ovuşdurdu, mətbəxə keçib pəncərədən
şəhərə baxdı. Yağış hələ
də yağırdı...
Kamil qeyri-ixtiyari əlini üst-başına çəkdi,
gecə paltarında olduğunu, islanıb eləmədiyini
görüb toxtadı. Gecənin zülmətində leysana
düşmüş kimsəsiz adama yazığı gəldi.
***
Gölün
ətrafında ot adam boyu
qalxmışdı. Razyananın ətri-rayihəsi
aləmi başına götürmüşdü. Ətrafda ins-cins gözə dəymirdi. Nənəbaba gölün kənarında tək-tənha
oturub ayaqlarını uzatmışdı, əlindəki uzun
çubuğu gölün dibinə batırıb
çıxarırdı, çubuğun ucundakı gili yara
tökmüş ayaqlarına sürtürdü. Ala inəyi də ətrafda veyil-veyil dolaşır,
belinə qonan milçəkləri quyruğuyla qovurdu. Qonşu Ağoppanın sözü olmasın, Nənəbabaya
inək etibar eləmək olardı? Qarşısına
çıxana deyirdi ki, inəyimi satıram. Soruşanda ki, ay Neneboba, neçəyə diyirsən
bunu? Dişlərini ağardıb cavab verirdi: Onca manata. Bir dəfə kəmfürsətin biri Nənəbabanın
ağıldankəmliyindən istifadə edib on manatını
verib inəyin ağzını öz evlərinə tərəf
çöndərmişdi. Nənəsi bundan xəbər
tutunca tumanını başına atıb onca manata süd verən
inəyə sahib çıxan avaranın qapısının
ağzını kəsdirmişdi:
- Ay igid
ölmüş! Görmürsən bunun
başı xarabdır? Yetimdar arvadam, evi o
inəklə dolandırıram, uşağı hərifləyib
başını aldatmısan. Tez ol, qaytar inəyi!
- Ay
Bibixanım nənə, nolub, nöş əl qatmısan
özüvə? Əşi, nəvənlə
zarafat eləmişəm də. Mən bəgəm
bilmirəm ki, on manata inək olmaz? Götür apar, tövlənin
ağzına hörükləmişəm.
Bu da avaranın dediyi söz.
-
Gördü hənək, görmədi gerçək buna
deyiblər e. Cüvəllağı gör necə
özünü temizə çıxarır?
Nənə söylənə-söylənə tövləyə
tərəf götürüldü. Qıvraq nənəydi, çox vaxt
örüşə elə özü gedirdi, həyət-bacada
kişi işlərinin də
hamısını görürdü. Nənə-nəvə
kartof əkməklə, bir də inəyin südüylə
dolanırdılar. Arada olurdu ki, xörək
bişirəndə, yorğan sırıyanda, pal-paltar yuyanda
zavallı inəyi Nənəbabaya etibar edirdi. Nənəbaba bir gün evin çörək gətirəni
olan bu zəhmətkeş inəyi fələyin qəminə
verəcəkdi. Verdi də!
Nənəbaba başını qaldırıb ala inəyin
otladığı səmtə baxdı və ilan vurmuş
kimi dik atıldı; inək gözə
görünmürdü. Əlindəki çubuğu yerə
atıb gah o tərəfə, gah bu tərəfə
qaçdı. Gölün qulaq
güyüldədən dərin sükutu onu üşürgələndirdi.
Başmaqlarını da gölün kənarında
unudub evə sarı götürüldü. Bibixanım nənə nəvəsini inəksiz
görəndə düşündü ki, yəqin, bu ipləmə
yenə inəyi beş-on manata kiməsə satıb.
- A bala, bəs
inək hanı? - deyə soruşdu.
Nənəbaba ayağının
kirini-palçığını təmizləmədən
keçib peçin dibindəki döşəyin üstünə
sərələndi.
- Cəhənnəm
olsun e inək. Mən nə bilim hanı.
- Daş
sənin olan günüvə! Yenə kimə
satmısan inəyi? Sənün mənə
xeyrün deymədi, bala. Bütün
günü çooyursan çöllükdə.
Bibixanım nənə hələ çox
qarğış tökəcəkdi, birdən gözü nəvəsinin
ayaqlarına sataşdı, əvvəlcə duruxdu, sonra
yaxınlaşıb diqqətlə baxdı. Nənəbabanın
ayaqlarında yara-xoradan əsər-əlamət
qalmamışdı. Arvadın heyrətdən
gözləri alacalandı.
- Ay bala,
ayaqların tamam sağalıb ki?
Nənəbaba
key-key ayaqlarına baxdı, bilmədi nə desin. Qəfildən
hırıldamağa başladı:
- Nənə,
inək oralardadı e, qorxma. Özü gəlib
çıxacaq. Əyağlarım düzəldi
e, görürsən?
Bibixanım nənə əlini nəvəsinin
çubuq kimi nazik ayaqlarına sürtdükcə
gördüklərinə inanmaq istəyirdi. Möcüzə
baş vermişdi, uşağın yaralardan
düyün-düyün olmuş ayaqları şümal idi, əlini
sürtürdün, əlin sürüşürdü.
- Bu nə
möcüzədir, ya Pərvərdigara?! Sənə inanmayana
lənət!
- Nənə,
ayaqlarımı göl sağaltdı.
Bibixanım nənə bir şey anlamadı, nəvəsinin
dediklərini onun ağıldankəmliyinə yozdu. Amma Nənəbaba
deyəndə ki, göldən çıxan gili ayaqlarına
sürtüb, nənəni fikir götürdü. İnəyi büsbütün unutdu. Sən demə, göldən çıxan gildə
şəfa varmış. Başqa necə ola
bilərdi? Uşağın ayaqlarında
yaraların izi belə qalmamışdı.
Bibixanım nənənin bu əhvalatı çəpər
qonşusu Zibaya danışmağıyla xəbərin kəndə
yayılmağı bir oldu. Kənd camaatı
tökülüşüb gəldi. Bibixanım
nənənin həyəti adamla dolu idi, Nənəbabanın
ayaqlarına baxıb heyrətdən içlərini çəkirdilər.
İnanan da vardı, şəkk edən də.
Tezliklə inəyi unutdular. Göl şəfa
ocağına çevrildi. Qəsəbənin
icra nümayəndəliyi gölün ətrafını ot-ələfdən
təmizlədi. Gölə gedən yolda
maşınlar cığır saldı.
Danışırdılar ki, gölün sahilinə qoltuq
ağaclarıyla gələn adam elə
ordaca bu qoltuq ağaclarını ataraq öz ayaqlarıyla
gedib maşına oturmuşdu. Axın-axın
adamlar gəlib gölün dibindən çıxan gili bədənlərinə
sürtürdülər. Göl çəpərə
alınmış, ora nümayəndə təyin olunmuşdu,
ziyarətə gələnlər gölün kənarında
quraşdırılmış qutuya pul atırdılar.
Bir gecə Nənəbaba yatıb yuxusunda gördü
ki, itmiş inəyi göldə çapalayır, o da
heç cür inəyini xilas edə bilmir. Nə qədər
çığırıb köməyə adam
çağırsa da, hayına yetən yox idi. Səsi
batınca qışqırdı və hövlnak yuxudan
ayıldı. Bədəni
büsbütün tər içində idi. Səhər
nənəsinə dedi ki, inəyimiz göldə batıb.
Bibixanım nənə bu sözləri qulaqardına vurdu, həyətə
düşüb samovara od salmağa
başladı.
- Nənə,
inəyimiz göldə batıb! - Nənəbaba bu sözləri
o qədər hikkəylə dedi ki, boynunun yoğun
damarları çıxdı.
Bibixanım nənə köksünü
ötürüb yenə bir söz demədi.
- İnanmırsan, heç inanma, - nəvə səhər
yeməyini yemədən pencəyini çiyninə atıb həyətdən
çıxdı.
Nənə əllərini önlüyünə silib
pilləkənin başında oturdu. Nəvəsi
üçün Allaha dua elədi, içini çəkib
hıçqırdı. Uşaq ana
südüylə dil açar, ata çörəyilə
böyüyər, bu yetim nə ana südündən
daddı, nə ata çörəyi gördü. Valideynləri o doğulan ilin bir yay gecəsi
qonşu kənddəki toydan qayıdanda maşın qəzasında
ömürlərini dünyaya təzəcə gətirdikləri
bu körpəyə bağışladılar. Nənə fikirləşirdi ki, bu gün-sabah
qırağını qatlasa, bu gədə əllərdə
qalacaq. Zirək uşaq da döyül ki,
birtəhər başını girləyə bilsin. Dimdiyi suya çatandan nənəsinin səsini, nəfəsini
tutub iməkləyib. Nənəbaba
dünyanı nənəsinin səsindən tanıyıb.
Dünya onun gözündə nənəsinin səsinin
çatdığı yerə qədər idi. Nənəsi onu haylayanda inək də diksinib
qulağını şəkləyirdi.
Xoruz sübhün alatoranında boğazını irəli
uzadıb bir-iki ağız banlayandan sonra lovğalıqla
özünü silkələdi. Şamil kişi
tanış səsə yerində qımıldandı,
gözlərini açmazdan öncə gülümsünən
kimi oldu. Bilinmirdi xoruzdan razılıq edir, yoxsa
hələ yuxusunun məmnunluğu içindədi. Bu əhlikef
və məsuliyyətsiz xoruz haqqında Şamil kişi belə deyirdi: bu zaraza yazıq toyuqlara
gün verib işıq vermir, çox zalım xoruzdu, itdən
betərdi, bir adamı yaxınına buraxmaz. Amma
səhərlər bir saniyə o yan-bu yan eləməz, mənim
"budilnikim"di bu.
İndi
xoruz bir yerdə dayanıb eyvana boylanırdı ki,
görsün Şamil kişi oyandı, ya
yox, oyanmayıbsa, boğazının cır yerinə salıb
səsini zilə çəkəcəkdi. Qaranlığın
içindən sıyrılmaqda olan ağaclar gileylənə-gileylənə
yarpaqlarını tökürdü. Bilmək olmurdu
payızın əlindən gileyliydilər, yoxsa
yağışın aramsız damcılarından bezar
olmuşdular. Yağışın
damcıları ağaclara daş kimi dəyirdi, ağaclar
müdafiəsiz qalmışdı. Şamil kişi də yağışdan
çıxıb yağmura düşmüşdü. Çiskin də dünyanın pəncərəsindən
tül pərdə kimi asılmışdı. Xoruz bir ağız da banladı. Şamil kişi qeyzlə əlini yellədi: "day bəsdi
də, baş-beynimizi aparma, görürsən oyanmışam
da". Adətiydi, yuxudan oyanan kimi bir siqaret
odlamasa, su başına çıxmırdı. Bu dəfə də siqaretini damağında
tüstülədə-tüstülədə həyətin o
başına getdi. Xoruz bu dəfə
üzünü yatıb qalmış toyuqlara tərəf
tutub onları dimdikləməyə başladı. Qonşunun iti bir-iki ağız hürüb səsini
kəsdi. Bir azdan Zeybullanın traktorunun səsi
alaqaranlığı mişar kimi doğramağa
başladı. Zeybulla sübh tezdən
çörəyinin arxasınca çıxmışdı.
Şamil kişi getdiyi yerdən qayıdıb eyvana
çıxmazdan öncə dayandı, başını
göyə qaldırıb baxdı və əllərini
qaldırıb: "kərəminə şükür,
Xudaya!" - dedi. Neçə vaxt idi ki,
quraqlıq əkin-biçini yandırıb külə
döndərmişdi. Kənd camaatı hər gün dua
edirdi ki, bircə yağış yağsın, torpaq cana gəlsin.
Bir az əvvəl baş vermiş hadisənin
soyuğu hələ də canından çıxmaq bilmirdi. Bura, yəqin ki, cəhənnəmin hansısa bir
bucağı idi, deyilənə görə, ancaq cəhənnəmdə
belə yekə qır tiyanları olur. Şamil kişi qır tiyanının içində
üşüyürdü. Qonşular künc-bucaqdan
daşıyıb gətirdikləri odunu dayanmadan tiyanın altına atsalar
da, üşütməsi keçmək bilmirdi. Görünür, gəldiyi dünyada - yerdə
möhkəm soyuqlamışdı. Cəhənnəmin
alovu belə, onun canındakı soyuqdəyməni
çıxarmaqda aciz idi. Belə əzab
heç yerdə görünməmişdi.
Şamil
kişi eyvana qalxanda bədəni gizildədi, baxıb
gördü ki, soba gecədən sönüb. Bu
dəfə sırıqlısını çiyninə
atdı, təzədən həyətə düşdü
ki, tövlədən odun gətirsin. Zeybullanın
traktorunun səsi bu dəfə lap qapının ağzında
eşidildi. Şamil kişi təəccübləndi,
Zeybulla indiyə kəndin o başında olmalıydı. Dəmir darvazanın şiddətlə döyülməsindən
ürəyi sancdı. "Səhər tezdən kim olar, görəsən? Allah
xeyirə calasın!" -
deyə fikirləşdi. Heç
"kimsən" də soruşmadı, tələsik
özünü qapıya yetirdi. Zeybullanın
uzunboğaz çəkmələri palçığa
bulaşmışdı, pambazı köynəyi şalvardan
çıxmışdı, göbəyi çöldə
qalmışdı. Şamil kişi
qarşısındakı bu paltaraşalban adamın görkəmindən
vahimələndi.
- Zəbi,
səhərin gözü açılmamış nə xəbərdi?
- Şamil əmi, göl daşıb, yol
qırağındakı evləri su basıb, camaat evdən
çölə çıxa bilmir, - Zeybullanın səsi sinəsindən
əsə-əsə çıxdı, elə bil dili
ağzında köpmüşdü, sözlər köbəş
dodaqlarının arasından boğula-boğula
çıxırdı.
Şamil kişi bilmədi nə desin, üşütməsi
bir az da artdı, sırıqlısını çiynindən
götürüb əyninə geyindi. Bircə kəlmə
"gedək" - dedi və ikisi də traktorun kabinəsinə
qalxdılar.
***
Nənəbaba
ağzında küləyin şor dadını hiss edib
dodaqlarını yaladı, külək onu sinəsindən itələyib
yolunu kəsməyə çalışdı. Uşaq küləyin
üzünə qabardı, "çəkil yolumdan" - dedi,
"inəyimizi axtarmağa gedirəm". Külək,
sanki qulağına pıçıldadı ki, məsləhət
deyil, oralara üzükmə. Uşaq bilmədi
küləyə nə cavab versin. Bu vaxt
yaxınlıqda yeniyetmə bir oğlanın ala inəyi
qabağına qatıb apardığını gördü.
Küləyin əlindən çıxıb oğlanın üstünə
cumdu:
- Ey, mənim
inəyimi hara aparırsan?
Yeniyetmə
döyükdü, təəccüblə Nənəbabanı
süzüb yoluna davam etmək istədi. Nənəbaba lap
külək kimi onun yolunu kəsib sinəsindən itələdi:
- Bu bizim
inəyimizdir. Ver inəyimzi!
Oğlan əliylə
onu yolundan kənarlaşdırmaq istədi:
- Ay
uşaq, sənin başın xarabdı, deyəsən. Yeri
çıx get öz yolunnan, - dedi.
Nənəbaba:
- İnəyimi verməsən, heç yerə gedən deyiləm!
- deyib ayaqlarını yerə möhkəm
dirədi.
Əlbəyaxa oldular. Oğlan Nənəbabanı
sürütləyib gölün qırağınacan gətirdi.
İnək də öz sahibindən aralanmaq istəmirdi,
böyürə-böyürə onların ardınca gəlməkdəydi.
Nənəbaba qəfildən əlini inəyin
buynuzlarına atdı, oğlan ha illah elədi, onun əllərini
inəyin buynuzundan qopara bilmədi. Bibixanımın
nəvəsinə ilahidən güc gəlmişdi. Bu dəmdə necə oldusa, inəkmi onu
çaşdırdı, ya həyəcandanmı büdrədi,
gölün içinə yumalandı. Balacanın
inəyin buynuzlarını buraxmaq fikri yox idi. İnək yaş qumun içində
çapaladıqca işi daha da çətinləşirdi.
İnək oğrusu nahaq dünyada qaldı.
...İnək gölün dibinə Nənəbabadan tez
çatdı.
Uşağın ayaqları hələ yerə
dəyməmişdi. Burnuna qan qoxusu dəydi. Gölün dibində
adamlar ortalıqda qalmış kişi
meyitinin başına toplaşmışdılar. Nənəbabanın təəccübdən gözləri
böyüdü. Gölün dərinliyində
özünü quş kimi yüngül hiss edirdi, su
başından yuxarıda qalmışdı. Aşağıda
çox rahat nəfəs ala bilirdi. İnək ara vermədən böyürürdü. Nənəbaba adamlara yaxınlaşdı. Cod
saqqallı bir kişinin nimdaş pencəyinin ətəyini
dartıb: "əmi, burda adam
öldürüblər?" - deyə
soruşdu. Kişi uşağı görcək üstünə
çımxırdı: "Sən burda neynirsən, ay
uşaq? Qaç get nənənin yanına. Bura
uşaq-muşaq yeri deyil!". Nənəbaba
durduğu yerdən tərpənmədi: "Nənəm
yuxarıda qaldı, əmi" - deyə mızıldandı.
Yan-yörəsinə boylananda gördü ki,
çəpər qonşuları Ziba arvad da burdadı. Qaçıb Zibanın böyrünə
qısıldı. Ziba arvad təmasdan
diksinəntəhər oldu, Bibixanımın nəvəsinin
ona sığındığını görüb
başına sığal çəkdi. "O tərəfə
baxma, ay bala. Qorxarsan. Get nənənə
de ki, Kamil igidölmüş bu bir parça gölün
üstündə böyük qardaşını
bıçaqlayıb".
Nənəbaba evə qayıda bilmədi. Dünyanın
yolunu-yolağasını itirmişdi. Getdikcə
gedirdi, arxasınca gələn inəyin
böyürtüsü kəsilmək bilmirdi. İnək aramsız çaxan şimşəkdən
hürkmüşdü.
Nənəbaba yeridikcə ayaqları yaş çəkmənin
içində fırçıldayırdı. Alt
paltarlarına qədər islanmışdı. Getdikcə yerimək çətinləşir, su
dizlərinə çatırdı. Soyuğa
birtəhər dözmək olardı, amma sel küləkqarışıq
sinəsindən basıb geri itələyirdi, külək
yağışı ovuclayıb üzünə
çırpırdı; bədəni suya müqavimət
göstərməkdə aciz idi.
Əvvəlcə yerişini itirdi, sonra huşunu. Ayılanda
Günəşi başının üstündə
gördü. Hövlnak yerindən
qalxıb gözlərini ovuşdurdu, mətbəxə
keçib pəncərədən həyətə baxdı.
Pəyənin açıq qapısından nənəsini
gördü, inəyi sağırdı.
1-8 may,
2019-cu il
Kənan Hacı
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.26.