"Pənbeyi-daği-cünun...", yoxsa?

 

Beş yüz ildir ki, dünya Füzuli sənəti qarşısında heyrətini gizlətmir. Qərinələr sonra da "Şərqin günəşi"nin (E.Gibb) ziyası türk şeirinin yolunu nura qərq edəcək. Füzuli sözünün ilahi qüdrəti barədə çox deyilmiş, çox yazılmışdır. Milli ədəbiyyatımızın iftixarının poetik dünyasının əsrarı bu gündüşündürür, sabah da düşündürəcək. Füzulinin "razi-nihanı" dönə-dönə ona qayıtmağımızı istəyir. Bu kiçik yazıda ölümsüz şairin məşhur bir qəzəli barədə qənaətimizi bölüşməyi lazım bildik.

Füzulinin "Türk Divanı"nın elm aləminə yüzə yaxın nüsxəsi məlumdur. Şairin İran alimi Əmin Sadiqi tərəfindən doqquz əlyazma (Bakı, Məşhəd, Tehranb.), bir qədim çapbir yeni nəşr əsasında tərtib və 1996-cı ildə Tehranda nüsxə fərqləri ilə nəşr edilmiş "Türkcə Divanı" kamil tənqidi mətn hesab edilir. Füzulinin bir neçə şeiri ilk dəfə olaraq bu nəşrdə verilmiş, "Divan"a 292 qəzəl, 3 tərcibənd, 1 tərkibbənd, 10 müsəmmət, 43 qitə, 42 qəsidə, "Bəngü-Badə" poeması və "Başqa şeirlər" başlığı altında 15 poetik nümunə daxil edilmişdir.

"Divan"da Füzulinin bir sıra beyt və misraları müəyyən dəyişikliklərlə təqdim olunur. Şairin "Pənbeyi-daği-cünun içrə nihandır bədənim" qəzəlinin də mətlə və məqta beytləri iki əlyazma istisna olmaqla fərqli variantda verilir. Həmin beytlər "Divan"da aşağıdakı kimidir:

 

Pənbeyi-mərhəmi-dağ içrə nihandır bədənim,

Diri olduqca libasım budur, ölsəm kəfənim...

 

Edəmən tərk, Füzuli, səri-kuyin yarın,

Nə qədər zülm yerisə, mənə xoşdur Vətənim!

 

Zənnimizcə, bu variant daha doğrudur. Füzuli mətlədəki izafət birləşməsindən qəlibləşmiş ifadə kimi bir neçə qəzəlində istifadə etmişdir. Misallara müraciət edək:

 

Ey Füzuli, zövqi-dərdi-eşqə nöqsan heyfdir,

Ehtiyat et, pənbeyi-dağında mərhəm olmasın.

 

Pənbeyi-dağım nihan etmiş sərasər cismimi,

Kim, məlamət qılmaya hər kim görüb üryan məni...

 

s.

 

Digər tərəfdən, Füzuli "dağ" sözünü heç vaxt, qəzəlin şərhlərində göstərildiyi kimi, "dağlamaq" (?!) anlamında işlətməmişdir. Ümumiyyətlə, şairin "dağlamaq" feilindən istifadə etdiyi bizə məlum deyil. "Mərhəm" (ərəbcədən dərman - bu söz "məlhəm" şəklində indi dilimizdə eyni məna kəsb edir) "dağ" (yara) kəlmələrinə isə şair qəzəllərində 30 dəfəyə yaxın müraciət etmişdir.

 

Mərhəm qoyub onarma sinəmdə qanlı dağı,

Söndürmə öz əlinlə yandırdığın çırağı...

 

Cigərim dağina mərhəm bulamadım səndən,

Necə ah eyləməyim, ah, yanıbdır cigərim...

 

s.

 

"Dağı-hicran", "daği-fəraq", "daği-eşq", "daği-dil", "mərhəmi-vəsl" s. kimi söz birləşmələrinə Füzulinin aşiqanə şeirlərində tez-tez rast gəlirik.

"Pənbeyi-daği-cünun" izafət birləşməsi şərhlərdə "dəlilik dağları pambığı" (?) kimi izah edilmişdir ki, bu da uyğunsuzluq anlaşılmazlıq yaradır. Hesab edirik ki, qəzəlin birinci misrası "Yaralarımın məlhəmli pambıqları içində bədənim gizlənib" kimi şərh edilməlidir.

Qəzəlin məqta beytinin son misrasının indiyədək geniş yayılmış "Vətənimdir, vətənimdir, vətənimdir, vətənim" şəklinə gəldikdə isə, sözdən möcüzələr yaradan Füzulinin belə bəsit təkrirə yol verməsi onun dahiyanə sənəti ilə heç cür uyuşmur. Füzuli bədii ifadə vasitələrinin, o cümlədən təkririn müxtəlif növlərinin əvəzolunmaz ustasıdır:

 

Canı kim cananı üçün sevsə cananın sevər,

Canı üçün kim ki, cananın sevər, canın sevər...

 

Səbr qıl, səbr ilə məqsudinə səbr əhli yetər

Səbr edən səbrilə sərrişteyi-məqsud tutar...

 

Heyrət, ey büt, surətin gördükdə lal eylər məni,

Surəti-halım görən surət xəyal eylər məni...

 

Füzuli klassik Şərq poetikasında geniş istifadə edilən touzi'in mükəmməl nümunələrini yaratmışdır. Touzi' ərəbcədən səpələmə, paylaşdırma mənasına gəlir. Touzi' misra ya beytdə eyni səsin təkrar edilməsidir. Təkrirdə sözlər, touzi'də isə səslər təkrarlanır:

 

Dəhənin dərdimə dərman dedilər cananın,

Bildilər dərdimi, yoxdur dedilər dərmanın...

 

Qədirü, müqtədirü, qadirü, müqəddərü vəhi,

Əlimü, alimü, əllamü, ə'lamü, ə'la...

 

Qəzəlin ümumi məzmunu da sübut edir ki, Tehran nəşrindəki sonluq Füzuli ruhuna, üslubuna, ifadə tərzinə daha yaxındır. Qəzəl Füzulinin irfani şeirlərindən hesab olunur. Məlumdur ki, Füzulinin aşiqanə lirikasında bəzən real, həyati eşq ilə İlahi Məşuqə olan sevgi elə çulğalaşır ki, onları bir-birindən ayırmaq çətin olur. Burada da şair deyir ki, yar ona sonsuz sayda yaralar vurub, ahlarından beytül-həzəni - qəm evi arı pətəyi kimi şan-şan olub. Eşqdən dəli olan Aşiqin bədəni (varlığı) elə zəifdir ki, boynundakı zəncirin halqası, sanki indi çıxacaq. Ancaq Aşiq bu dəlilik zəncirinin boynundan çıxmasını istəmir, onu səadət, xoşbəxtlik sanır. Çünki sufiləri görə, salik tariqi-eşqdə qədər çətinlik çəksə, əzab-əziyyətə qatlaşsa, İlahi Məşuqinə o qədər yaxın olar. Aşiq selə dönmüş göz yaşlarının içindədir, ruhu başdan-başa eşq havası ilə doludur, o, eşq aləminin Məcnunudur s. Amma Yar - Canan qədər zülm eləsə , Aşiq onun - İlahi Məşuqun mənzilindən ayrılmayacaq, ona görə ki, Aşiqin əbədi mənzili Allahın dərgahıdır.

 

Faiq Əliyev

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.25.