Devid Herbert Lourensin üç adası və
ya necə adaya
çevrilmək mümkündür...
1885-ci ildə
İngiltərədə doğulub, 44 yaşında Fransada
ölən, "Oğullar və sevgililər",
"Göy qurşağı", "Aşiq
qadınlar", "Con Tomas və Ledi Ceyn" və s. kimi məşhur
əsərlərin yaradıcısı, ingilis ədəbiyyatının XX əsrin əvvəllərindəki
əsas adlarından (şair, yazıçı və
dramaturqdu) sayılan Devid Herbert Lourensin "Adaları sevən
adam" povesti, müasir sivilizasiyadan bezib, dinclik və ürək
rahatlığı gəzən, axtardığını təklikdə,
tənhalıqda tapacağına ümid bəsləyən
birinin yorğun həyat hekayətidir.
Lourensin qəhrəmanı özü də adada
doğulmuşdu, lakin doğma vətəninin
qarışıqlığı ucbatından, o, bu
torpaqları heç bəyənmirdi. Arzulayırdı ki, gələcəkdə,
yalnız özünəməxsus bir adada yaşasın, əlbəttə
ki, orada digərlərinin də mövcudluğu
mümkündü, bir şərtlə ki, bu ada hər mənada
onunku olmalıydı. Perspektivdəki
adasının sahəsinin balacalığı əsasdı,
bu, həm o ərazini öz yurdu kimi sevməkdən
ötrü vacibdi, həm də ada xırda olmalıdır ki,
insanın varlığı ora sığışsın.
İllər ötdü, adalımız axır ki, 35
yaşında arzusuna çatdı. Doğrudur, ada üzərində
mülkiyyət hüququ yoxdu, 99 illiyə icarələmişdi,
lakin mövzumuz insan ömrü olduğundan, deməli, burada
ölənəcən yaşaya biləcəkdi. Əlbəttə ki, kimsə Həzrət İbrahim
kimi, öz nəslinin dəniz sahilindəki qumlartək
artması xəyalındadırsa, heç də bir adada
gün keçirmək fikrinə düşməz. Çünki çox keçməz ki, məskunların
sayından ada gecəqonduya dönər.
Qəhrəmanımız
bir müddətdən sonra qəflətən hiss elədi ki,
nə zamansa, bu adada yaşayıb ölmüş
insanların (hətta qalliyalıların belə) ruhları
canlanıb onu qorxutmaqdadır. (Bəlkə də,
bu bəhanəydi).
Adalımız,
sözsüz ki, belə sərsəm duyğulara
qapılmamaqdan ötrü, öz torpaqlarında Xoşbəxtlik
Adası yaratmağa hədəfləndi, axı, nədən
Hesperidlərin (Hesperidlər-yunan mifologiyasında -
"Axşam qızları", "Qərb nimfaları"
idilər, başqa ifadəylə, bu, "Günəşin
qızılı şəfəqləri"
anlamındadır) sonuncu bağçasına dönməsin
buralar?!
Cənnəti
təzədən qurmağa can atırsansa, durmadan pul xərcləməlisən.
O da adi
qaydada başladı işə, ilk öncə, adadakı
fermasına bir eşikağası, iki nəfər də muzdlu
işçi dəvət elədi. Digər bir
daxmadasa, hədsiz bacarıqlı, çalışqan ahıl
bir dülgərlə qarısı yerləşdi.
Hər kəsin arıtək vurnuxduğu, vətəndaşların
özünü asayişdə saydığı sülhsevər
bir krallıqdı adamız nəhayətdə. Amma bilirik ki,
hər necə olsa da, qəhrəmanımızındı bu
aləm sizin-bizim deyil. "Sahib"di O.
Hamı anlayırdı ki, nə cür gözəl bir ölkədə
yaşayır, nə cür xoşbəxtdir.
"Sahib"ə
məxsusi hörmət qoyulur, o, ali, eyni
zamanda sadə varlıqtək xoş sifətlə
qarşılanır, onunla mehribanlıq, hətta yaltaqlıqla
davranırdılar. Ancaq yanlarından
çıxıb getdiyində, nədənsə, arxasınca
hiyləgərlik və lağla gülümsəyirdilər.
"Sahib"ə bircə yaşlı dülgər
qaba münasibət göstərdiyindən, o da qocaya qətiyyən
üz vermirdi.
Bircə şey dəqiqdi ki, adasında onu ürəkdən
sevən heç kəs yoxdu, elə özünün də
kiməsə ürəkdən bağlılığı
inandırıcı deyildi.
"Sahib"in özünəməxsus məşğuliyyətləri
vardı.
Saatlarla kitabxanadan çıxmır, yunan və latın müəlliflərinin əsərlərində
adıkeçən çiçəklərə dair nəsə
yazırdı.
İki il ötdü. Bir gün
adalımız oturub bu cırtdan dövlətin gəlir-çıxarını
hesabladığında, var-yoxunun havaya sovrulduğunu
gördü. Adaya külli miqdarda sərmayə
qoymuşdusa da, müflisləşməsinin səbəbini
heç cür anlaya bilmirdi.
Sakinlər də razı görünmürdü. Uşaqlılar
"uşaqlarımız əziyyət çəkir",
uşaqsızlarsa, "özümüz əziyyət çəkirik"
deyirdilər açıq-aşkar. Hamı
bir-birinə nifrət edirdi.
"Sahib" də öz adasından hürkür,
çox yaxşı dərk edirdi ki, bu adamların ondan zəhləsi
gedir və ümumiyyətlə, onu heç vaxt sevməyiblər,
ona ürəkdən nifrət bəsləyir, onu
aşırmağa fürsət gəzirlər.
İkinci
il yekunlaşdığında, adadan
köç başladı. İlk növbədə,
xidmətçi qadın aradan çıxdı, hansı ki,
"Sahib"in zəngin olduğu vaxtlarda, ona, sanki göydən
zənbillə düşmüş biri kimi
yaltaqlanırdı. Ardından, bənnamız
da günlərini yelə vermək istəmədiyini deyərək,
ailəsiylə köçüb getdi. Muzdlu
işçilər və qeyriləri də qaçdılar.
Üçüncü il gəldi, bu il
işçilərin ixtisarı, ödənişlərin
azaldılması, səltənətin süqutuyla yadda
qaldı.
Qəhrəmanımız adanı başından rədd
etmək üçün dördüncü ilin ikinci
yarısını materikdə çarpışdı. Və bunun necə
müşkül olduğunu görüncə,
çaşqınlığa qapıldı. Axır ki, beşinci ilin ortasında, adanı bir otel
şəbəkəsinə dəyər-dəyməzinə
satmağı bacardı.
Materikə dönmək istəmədiyindən, o, daha
xırda bir adaya köçdü. Bu günədək
uzaq dolandığı yaşlı dülgər və
qarısını da özüylə apardı, dul adamla
qızı da onunlaydı.
Hər necə olsa da, yenə də dənizdə bir qaya
çıxıntısına qovuşmuşdu. Şükür
ki, indi gəlib-keçmiş insan nəslinin ruhları onu
incitmirdi, dənizin özü və səsiydi bircə
görüb-duyduğu.
Burada
"Sahib" deyildi o, adalıydı...
Dul adamla, onun otuz üç yaşındakı
fağır və gözəl qızı da adalımıza
qulluqdan məmnundular, yəqin ki, sayəsində
qovuşduqları həyat vəsiləydi bu minnətdarlığa.
Ona "Sahib" yox, hörmət dolu səslə,
adıyla xitab edirdilər.
İndiki adası da "dünya" deyil,
sığınacaqdı.
Adalımız indi xoşbəxtlik uğrunda mübarizə
aparmır, buna ehtiyac belə duymurdu.
O və
ona sadiq insanlar, yorulub bir qaya parçasına qonmuş
kiçik dəniz quşu qatarıydı, sanki.
Qəhrəmanımız, dulun qızıyla sevgiliydi,
lakin bu eşq onun qıza bəslədiyi rəhmdən
doğmuşdu. Əslində isə, qızın onun
üzərindəki təsir gücünün hədsizliyini
boynuna almaq istəmirdi. Qızdan zəhləsi getsə də,
nifrətdən doğan hikkə onu qızın ağuşuna
atdı, o özünü bu günəcən
dadmadığı coşqun hisslərin ixtiyarına verdi. Qızğın
eşqbazlıqdan yeni adadakı hər kəs məlumatlı
olsa da, bu, vecinə də deyildi.
Sonrasa, qəlbində zərrəcə istək belə
qalmadı, içi darmadağındı. Özünü
günahkar sayırdı. Adası
çirklənmiş və məhvərindən qopmuşdu.
Əvvəllər Zamanda arzulardan təmizlənmiş
hansısa bir qata çatdığına inanırdı, indisə
əski, "Sahib" dövründəki durumuna
düşmüşdü.
Qızın aramsız sızlamalarına baxmayaraq, evdən
uzaqlaşdı, nəfəs ala biləcəyi bir yer
soraqlaşıb materikdə dolaşdı.
Səyahəti əsnasında Floradan (qızın
adı Floraydı) məktub aldı; Flora, "Qorxuram,
uşağımız olacaq" yazırdı. Oxuduğunda,
sanki güllə yarası alsa da, dişini dişinə
sıxıb qızın məktubunu "Bundan qorxmalı yox,
sevinməliyik" - deyə cavablandırdı.
Bu zamanlarda eşitdi ki, bir neçə ada satışa
çıxarılıb, xəritələri incələyib,
cüzi məbləğə növbəti bir ada satın
aldı. Alverini bitirib Floranın yanına gəldi, qız
günah dolu qorxuyla baxdı ona, bu nəzərlərdən
adalı təzədən yumşaldı, gələcək
uşaqlarını bəhanə gətirib materikdə Florayla
evləndi. Yenə də zindandaydı ancaq
elə bil. Doğuşacan dözəcəkdi,
qaçmaq fikrindəysə qərarlıydı. Flora duyuq düşməmişdi.
Nəhayət, bir qızı anadan oldu, uşağa
baxanda sonsuz acılar doldu qəlbinə.
Boynundan asılmış daşdan qurtulması gərəkdi.
Adalımız, sanballı bir məbləğin
yazıldığı çeki Floraya uzatdı. Bu, deyəsən,
qadını sakitləşdirdi. Ayrılarkən
Flora onu kədərli gözlərlə yola salsa da, heç
ağlamadı.
Keçmiş ər, indi də üçüncü
adasını sahmana salmaqdan ötrü şimala üz tutdu.
Yeni adada yoldaşları, bir sürü qoyun və
ayaqlarına dolaşan bir pişikdi.
O, hər
gün bu pişiyi yanında görüb əsəbiləşir,
pişik də bunu başa düşüb vəhşiləşirdi.
Daha zəhlətökənsə, qoyunların
boğuq-boğuq mələşmələriydi. Bu
dilsiz-ağızsız heyvanlar gözünə girirdi, elə
adalımız özü də yavaş-yavaş qəribə
bir heyvana çevrilməyinin fərqindəydi.
Mübahisəsizdi ki, insanlarla qarşılaşmaq fikri
qədər heç nədən üşənmirdi.
Yeganə dincliyini təklikdə, tam mənasıyla
yalqızlıqda tapırdı. Ətrafındakı
boşluğu burulğan kimi içinə çəkən
yalnızlıqdan. Bu rahatlığın mənbəyisə
dəniz və duzlu suların yuduğu adasıydı. Ayrı heç bir əlaqəsi, təması yoxdu.
Yalnız hüdudsuz göy, uzaq üfüqlərdə dənizlə
birləşib qovuşan səma! Ruhunun qidasıydı bu!
Təkcə, dənizin harayına və bir də
qağayıların, sanki qeybdən duyulan
qışqırıqlarına qulaq kəsilmişdi.
Dənizdə
fırtınaların çoşub, dalğaların at kimi
şahə qalxıb kişnəməsindən xoş nə ola bilərdi ki?! Zamanın
axışını izləməyə həvəsi
qalmamışdı, buna vaxt sərfi belə
ağılsızlıqdı.
...Zaman
durmuşdu...
Fasiləsiz
qar yağırdı və adalımz, təbiətin bir
parçasına dönüşməkdəydi...
Mətləb Ağa
Ədəbiyyat qəzeti.- 2019.- 25
may.- S.24.