Nəsimi irsi Molla Cümə
yaradıcılığında
Milli-mənəvi dəyərlərimiz haqqında
düşünəndə göz önünə ilk gələnlərdən
biri, bəlkə də birincisi qürur mənbəyimiz Nəsimi
olur. Şairin zəngin və rəngarəng
yaradıcılıq irsi tükənməz enerji mənbəyinə
çevrilmiş, özündən sonra gələn qüdrətli
sənətkarlarımızın, xüsusən də görkəmli
aşıqlarımızın yaradıcılığına
güclü təsir göstərmişdir.
Şair aşıq yaradıcılığına
qıfılbənd bağlama və əlif-lam kimi şeir
şəkilləri gətirmişdir. Bunlar milli
poeziyamızda yeniliklər idi.
Bu
yazımızda Nəsiminin "Əlif-lam" və "Tərs
əlifba"sının görkəmli el sənətkarı
aşıq-şair Molla Cümənin
yaradıcılığına təsirindən və daim
yaradıcılıq axtarışlarında olan
aşığın "Əlif-lam" şeir şəklini
inanılmaz dərəcədə inkişaf etdirməsindən
və zənginləşdirməsindən bəhs edəcəyik.
Yeri gəlmişkən qeyd edim ki, bu mövzu tədqiqata
ilk dəfədir cəlb olunur.
Etiraf etməliyik
ki, görkəmli Aşıq Molla Cümənin
yaratdığı "Əlif-lam" və "Tərs əlifba"
Nəsiminin ruhuna daha yaxındır. Aşığın
"Əlif-lam" və "Tərs əlifba"sını
fərqləndirən cəhət onların yalnız eşq,
məhəbbət, sevgi ilə bağlı olmasındadır.
Onu da deyək
ki, "Əlif-lam" və "Tərs əlifba"nın ən yaxşı nümunələrini
Molla Cümə yaratmışdır. Ümumiyyətlə,
Molla Cümə bu aşıq şeir şəklini hədsiz
inkişaf etdirmiş, aşıq
yaradıcılığını zənginləşdirmişdir.
Ənənəvi
"Əlif-lam"dan ixtisarla nümunə:
Qız
"Əlif"
- əlin ver əlimə
Gedək
bizim ellərə, qız!
"Bey"
- baxıb güvənirəm,
Üzündəki
tellərə qız!
"Cim"
- camalın oxşayır,
Tez
açılan güllərə, qız!
"Hey"
- hərəm sonasısan,
Uçub
qondun göllərə, qız!
"Lam"
- Leylidən dərs götürüb, -
Döndərdin
Məcnunə məni -
"Mim"
- mislin cəllad, məni
Qoymusan nə hallara, qız.
"Yey"
- yaxın çək özünə,
Molla Cümə vəfadarı.
Sarmaşsın
kəmər kimi,
İncə nazik bellərə, qız.
"Gəlsin"
adlı "Tərs əlifba"da yazdığı
şeirindən azca qısaltma ilə nümunə:
"Zad"
- zərrafım, dürri-gövhər,
Qiymət
verib alan gəlsin.
"Sad"
- sidqilə danışaram,
Simu-zəri olan gəlsin.
"Tey"
- dürüstün deyim sizə,
Dərya kimi dolan gəlsin.
"Sin"
- şeytana lənət edib,
Haqqı yada salan gəlsin.
" Zat"
- zəndini itirməyib,
Söyləməyib yalan gəlsin.
" Sin"
- sinədən qaynayıban,
Eşq əhlini bilən gəlsin.
"Əlif"
- Allah, nə səbəbdən
Şad
könlüm etdin şikəstə,
"Sad"
- sağsağan cəmdək yanında
Qızılquşla
durar qəsdə,
Molla
Cümə bir bülbüldü
Laçın olub çalan gəlsin.
Molla Cümənin tam fərqli
"Əlif-lam"ları da vardır. "Görüb"
belələrindəndir. Aşığın
ən mükəmməl tədqiqatçısı, görkəmli
folklorşünas alimimiz professor Paşa Əfəndiyev bu
şeiri divani adlandırmışdı. Əslində,
bu şeir "Əlif-lam"ın fərqli formasıdır.
Çox da böyük olmayan
"Görüb" "Əlif-lam"ını burada verib
fikrimizi aydınlaşdırmağa
çalışacağıq.
Bülbül
sayaq cuşə gəldim "yey"i "əlif",
"zey"in görüb,
Başladım göftar deməyə "yey"ü
"vav"ı "rey"in görüb.
Bədirlənmiş
camalına qalmışam mail olub,
Bildim candan xeyir yoxdur "mim"ü "əlif",
"zey"i görüb.
Bir
Alahım nə xoş səndə "qaf"ü,
"lam", "xey" yaradıb.
Bal
şərbəti sormaqlığa "lam" ilə
"bey" yaradıb.
Busə üçün aşiğinə "yey",
"nun"ü "xey" yaradıb.
Başım
versəm fədayə "kaf", "vav"ü
"zey"ni görüb,
Bismillahdan
Molla Cümə "dal"ü, "rey"i "sin"
oxuyub.
Bu sevdanı məşq eylədi "fey"i,
"rey"i, "sin" oxuyub.
Bir "mim" hərf dilə düşüb,
"tey"ü "rey"i, "sin" oxuyub.
Bəhəmdullah gəşt eylədim "dal"i
"vav"i, "zey"in görüb.
Maraqlıdır
ki, tədqiqatçı hər misra üzrə hərflərin
nə məna verdiyini misranın əvvəlindəki fikrə
əsasən aça bilmişdi: yaz, yüz (üz), naz,
qılıx, ləb, yanax, göz, dərs, fars,
tərs, düz. (Bax: Molla Cümə. Əsərləri.
Bakı, "Şərq-Qərb", 2006,
s.19-20).
Ənənəvi "Əlif-lam"da ərəbcə
hərf verilir və Molla Cümənin "Uğradı"
"Əlif-lam"ında olduğu kimi sonra mənası
açılır.
"Əlif"
- eylə bir mərhəmət,
Mətləbimə çatım, gedim.
"Bey"
- bağrıma basım səni,
Canım canə qatım, gedim.
"Tey"
- tədarük gör axşama,
Bircə çimir yatım, gedim.
Molla Cümənin bəzi "Əlif-lam"larında
misradan hasil olan fikrə əsasən hərflərin nə məna
verdiyi açıqlanır. Məsələn:
Bülbül sayaq cuşə gəldim "yey"ü
"əlif", "zey"in görüb.
Misranın əvvəlki hissəsi açıqca
göstərir ki, söhbət yazdan gedir. Ərəbcə
hərflər bunu təsdiqləyir.
Başqa
bir misal:
Bal
şərbəti sormaqlığa "la" ilə
"bey" yaradıb.
Göründüyü kimi, söhbət "ləb"dən
gedir.
Molla Cümənin "Görüb"
"Əlif-lam"ını fərqləndirən bir cəhət
də vardır. Misralar hansı hərflə
başlayırsa, həmin hərflə bitir.
Aşıq yaradıcılığında misranın
ilk və son hərfləri eyni hərflə başlayır və
bitirsə "əvvəl-axır" şeir forması hesab
olunur. Yəqin,
buna görədir ki, prof. Paşa Əfəndiyev
aşığın "Əlif-lam"ını "əvvəl-axır"
şeirlər sırasında vermişdir (bax: Molla Cümə.
Əsərləri. Bakı,
"Şərq-Qərb", 2006, s.401).
Halbuki,
"əvvəl-axır"ın Molla Cümənin
"Görüb" "Əlif-lam"ına
heç bir oxşarlığı yoxdur. Məsələn:
Nalə
çəkən bir bülbüləm, gül üstündə
sən dayan,
Nəcim
canın qurbanıyam, getməğinən sən dayan,
Nə
müddətdir mən yanıram, İsmi Pünhan, sən də
yan
Namərd olma, gəl yanıma, ay zalım minnətinən.
Molla
Cümənin tamamilə fərqlənən
"Artıq", "Olma", "Gözəl",
"Əlifə", "Ey qasid", "Şirindi
sevdiyim", "Əlif-dalinən" kimi çox maraqlı
şeirləri vardır. Demək olar ki,
onların hamısı eşq, məhəbbətdən bəhs
edir. Aşığın qoşma üstündə
yazılmış üçbəndlik "Şirindi
sevdiyim" "Əlif-lam"ı deyilənlərə dayaq
olur:
Dost da
öz dostundan olurmu bezar,
Yatmıram
gecələr, "fi ", " kaf
"i," rey"dən.
Sinəm
butasına sənsən kamandar,
Keçirdim
oxların "cim", " kaf"i,
"rey"dən.
Bağban
olan qulluq eylər bağa da,
Sonalar məşhurdu
teldə, cığada,
Xidmətkarın
gözü olar ağada,
Ağa nə istəyir "nun", "kaf"i,
"rey"dən.
Molla
Cümə oxur türkü, ərəbi,
Arzular
özünə xaki turabı,
İsmi-Pünhan,
ləblərinin şərabı,
Şirindi, sevdigim, "şin", "kaf"i,
"rey"dən.
(Hərflərin
mənası: fikir, cigər, nökər, şəkər.)
Aşığın "Əlif-lam"ları axıcılığı,
dilin şirinliyi, məna dərinliyi, xalq dilinin zənginliyi ilə
adamı heyrətə gətirir.
İsmi
Pünhan, gəl barışaq, indi rəqib yandadı,
Ayrılıq
da beş gün olar, qəm hicranın
candadı,
Yəqin
bildim, bu barədə külli təqsir məndədi,
A bivəfa, sən yanışma "yey"i "əlif"
"dal"inən.
(yadinən)
Bəxtiqara
Molla Cümə, çək sinənə saz, ağla,
Qələm
alıb bir dərdini min dəftərə yaz, ağla,
Həkim
gəlib desə sənə vecsiz yerə az
ağla,
Bu dünyada qəm çəkəsən "dal"i
"əlif" "dal"inən.
(dadinən)
Çəkinmədən deyə bilərik ki,
"Əlif-lam" aşıq şeir şəklinin ən
mükəmməl nümunələrini Molla Cümə
yaratmış və Aşıq poeziyasını xeyli dərəcədə
zənginləşdirmişdir.
Söhbət açdığımız
"Əlif-lam"dan, eləcə də şairin bağlama,
qoşma və başqa şeir şəkillərindən
görmək olur ki, dahi Nəsimi aşıq
yaradıcılığına necə qüvvətli təsir
etmişdir.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.22.