Bax, böyüdüm, ata, 3 yaşlı qıza aldığın

qırmızı don 33 yaşlı Xanıma gəlməz daha.

 

İtirmişəm

 

Gülüşümü hansısa döngədə, hansısa yolda,

Bəlkə, yeraltı, bəlkə, yerüstü,

Hansısa keçiddə salıb itirmişəm?..

Harda? Necə? Kimlə?

Mən bilmirəm...

Bir uşaq taparaq qaçıb arxamca

"Bağışlayın, xanım, gülüşünüz düşüb.

Buyurun götürün!" - deməyib mənə.

Başqa gülüşlərsə gəlmir üzümə...

Qara gözə mavi linzalar kimi

Süni təbəssüm taxıram dodaqlarıma

Taxıram... Süzülür

Kirpiklərimdən...

 

Yerlə göy arasında

 

Yerlə göy arasında

Buludların yaxasında

Allaha bir az da yaxın

Yerdən - günahlardan uzaq.

Göz gözü görmür dumandı,

Bəlkə, ölüm belə bir andı...

Can ruhdan ayrı havada

Ya yuxuda, ya əyanda

Çəkisizlik kimi duyğu

sevinc, kədər, qorxu...

 

Duy

 

Bircə dəfə köynəyimi gey,

Ürəyimin ağrısını duy...

Tab gətirməsən

Əynindən soy,

Soğan qabığıtək...

Soğan da acıdır, taleyim kimi...

 

Gərək

 

Tut yarpağından İPƏK,

Qamış çubuğundan TÜTƏK

Alınırsa...

DEMƏK

Hər  əşyaya,

hər insana

Bir az sevgi, bir az da nəvaziş

GƏRƏK...

 

Gedərəm

 

Barmaqlarının arasından

yaz çiçəkləri kimi rüzgara havalanıb gedərəm,

Qəlbim qırılsa.

Gözlərim dolsa,

bir sabah eşqdən yox,

kədərdən dolsa.

Gedərəm, vallah, gedərəm...

Mən müdrik qadınam - duyğumdan müdrik.

Bir kəlmə demərəm

yüz sözüm olsa...

 

Atama

 

Ölüm mənimçüm bir Moskva uzaqlığı qədər məsafəydi.

Bir qırmızı don alıb qayıdacaq qədər fasiləydi.

30 il oldu sən ölümə  gedəli.

Uzun oldu. Gec oldu. Çox darıxdım.

Bax, böyüdüm, ata.

3 yaşlı qıza aldığın qırmızı don

33 yaşlı Xanıma gəlməz daha.

Böyüdüm...

Ayaqlarımı yerə çırpıb "atamı istiyirəm"

deyəcək çocuq boyda oldum.

Ondan böyük ola bilmədim. 

Qayıt daha ölümdən - o uzaqlardan, qayıt.

Tut əlimdən,

böyümək istiyirəm.

Səni istiyirəm,

Ata...

 

Tanrıya məktub

 

Çərpələng uçurmaq istəyirəm -

Göy qurşağı kimi gülər...

Uçsun taa səmaya çatsın

Tanrı üstü markasız, rəngsiz zərfimi açsın,

Qalanını özü bilər...

 

Adamam

 

Bağlı qapılar, kip örtülmüş pərdələr arxasında,

Sönmüş çilçıraqlı otaqda

kirpiklərimi bir-birinə sıx toxuyub ağlayanam.

Dırnaqlarımla divar kağızına naxışlar salanam.

Sinəmdəki hönkürtü qulaqlarımı batırandan sonra

Həyatdan aldığım şillələrin səsinə ayılanam.

Yenidən qapıları açıb, pərdələri çəkib

pəncərədən günəşə boylanan adamam.

adamam, adam kimi adamam.

Ürəyimdəki səsi dinləyə bilən adamam...

 

Sevdim səni

 

Ömrünü birnəfəsə yaşamış qocanın

Yeniyetməyə vurulduğutək

Ümidsizcə sevdim səni...

Ovucdan kəpənəklənib uzaqlaşan səadəttək

Böyük dənizdə islanmış kağız qayıqtək

Hüznlü sevdim səni...

Üfüqdə səmanın ümmanla birləşdiyi xəttək

Düz dürüst sevdim səni...

Mən sevdim, sevdim səni...

 

Beşinci simfoniya

 

Bir addım sən, bir addım mən

İti addımlarla üz-üzə, göz-gözə gəlməyə tələsincə.

Ürəyim orkestr, hisslərim dirijor

"Rast" simfonik muğamı ruhumun divarlarından

birbaş yuxarı ucalır.

Son addım sən, son addım mən

Barmaqlarımızın uc nöqtəsi bir-birinə toxununca,

Donumun çiçəkli ətəyi yel vurub ayaqlarına,

Qolların tənək budaqlarıtək ruhuma sarmaşınca,

Gah "Şur", gah "Şüştər", gah "Hümayun",

Gah da "Qırxıncı simfoniya"

İfa edir ürək orkestrim.

Bir addım sən sağa, bir addım mən sağa

Adlayıb ayrılınca,

Donumun çiçəkləri ətəyimdə solunca,

Gah "Segah", gah "Bayatı-Şiraz"

Gözümdən gilələnir yanağıma az-az.

gecə...

Gecə yarısı Bethovenin notları

qanımla dövr edir vücudumda - "Beşinci simfoniya"!

"Tale qapımı döyür" ya "Əzrayıl"...

 

Xanım AYDIN

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.21.