Şair, şeir və dostluq barədə
saqa
Vaqif Səmədoğlu-80
Sovetlər Birliyi dağılana yaxın, 1980-ci illərin
sonlarında "Azərbaycanda dissident ədəbiyyatı,
qadağan olunmuş əsərlər olubmu" mövzusunda
geniş müzakirələr gedirdi. Qəribədir ki, heç kim Bəxtiyar Vahabzadənin "İki
sahil" poemasından başqa, tutarlı bir əsər
adı çəkə bilmədi. Bir az
sonralar, artıq müstəqillik dövründə Vaqif Səmədoğlunun
"Mən burdayam, İlahi" kitabı çıxdı və
məlum oldu, var imiş belə bir bəndə və bu adam
şeirləri dillər əzbəri olan böyük Səməd
Vurğunun oğlu imiş. Beləcənə,
ortaya qoyulan ilk ciddi kitabı (1968-ci ildə "Yoldan
teleqramlar" bir kiçik kitabı da çıxıb) ilə
Vaqif Səmədoğlu müstəqilliyin ilk böyük
şairi oldu və özündən sonra məktəb qoyub
getdi. Mən bu şeirləri dəfələrlə
oxumuşam, ilk baxışda bunlarda heç bir siyasi
çalar yoxdur, sadəcə, onlar qeyri-adi düşüncə
tərzinə malik bir insanın duyğularıdır.
"O, nə qram-qram azadlıq istəyir", nə də
qolundakı zəncirləri qırmaq istəyir. Onun baxışı fərqlidir, o, "sən mənim
doğma anamsan, Azadlıq" deyir. Amma
tükü-tükdən ayıran lupa gözlü Sovet
senzurasını zəncir qırmaq istəkləri elə də
qorxutmurdu, onları qorxudan sözün enerjisi idi, ilahi sevgiyə
bürünmüş sözün enerjisi. Onları Anna Axmatova, Boris Pasternak,
İosif Brodski sözü nə qədər qorxudurdusa, Vaqif Səmədoğlu
sözü də o qədər qorxuzurdu. Müqəddəs
kitablarda sözün Allahdan gəldiyi və sözün Allah
olduğu deyilir, peşəkar senzorlarımız isə
hansı sözün "Allah olduğunu" yaxşı
bilirdilər. Onlar yaxşı bilirdilər
ki, söz var gəlir, həzz verir gedir, söz də var ki, gəlir
yoluxdurur və dəyişdirir. Sirli virus
kimi mutasiya yaradır, insanın qafasını,
duyğularını, təhtəlşüurunu dəyişdirir.
Bax Vaqif Səmədoğlunun çap
olunmamasının əsas səbəbini mən bunda
görürəm. Belə baxanda onun nə problemi ola bilərdi ki? Atası Sovet Azərbaycanının
simvollarından biri sayılırdı, onu hamı
tanıyırdı, nüfuzlu qardaşı vardı,
nüfuzlu dostları vardı, amma şeirlərinin çoxuna
yasaq da vardı. Və tək senzura tərəfindən yox. Onun şeirləri nə atasının şeirlərinə
bənzəyirdi, nə atasından sonra gələnlərin.
Onlarda heç bir pafos yox idi, onlar çox sadəydi,
amma onların bu sadəliyində bir mürəkkəblik də
vardı. Mən bilmirəm, bu cür
yazmağa o özü qərar verib, ya bu bir ilahi missiyadı,
fərqi yoxdur, o, boynuna düşənlərin öhdəsindən
ustalıqla gəldi. O, yaxşı bilirdi ki, Səməd
Vurğunun oğlu olub şeir yazmaq çox çətin və
məsuliyyətli işdir. Çünki onilliklər
boyu Səməd Vurğun yaradıcılığı, Səməd
Vurğun şəxsiyyəti Azərbaycan xalqının təsəvvüründə
poeziya etalonuna çevrilmişdi. Hətta bu gün yeni nəsildən
olan şairlərimizin böyük hissəsində haradasa bir
az Səməd Vurğunluq var. Belə deyərdim ki, uzun
müddət Səməd Vurğun şeirinin
ağırlığı altında məsuliyyət duyan Azərbaycan
poeziyası, bu günə kimi qəddini tam dikəldə bilməyib.
Deyim tərzi, obrazlar sistemi elə də dəyişməyib.
Böyüklük qarşısında məsuliyyət hissi insan təhtəlşüurunda
qorxu toxumları cücərdir.
Bu qorxu hissi Vaqif Səmədoğlundan da yan ötməyib. Amma başqalarından fərqli olaraq,
qorxu onun əsərlərinin keyfiyyətinə yox, kəmiyyətinə
təsir edib. O, məhsuldar şair deyil, amma hamıdan fərqli
bir şairdi. Onun şeir auditoriyası da bir az
fərqli adamlardı. O, Səməd Vurğunun oğlu yox,
Vaqif Səmədoğlu olmaq üçün hamıdan fərqlənməliydi.
Fərqləndi də. O bunu bacardı. Atasının cazibəsindən
çıxmaq üçün Tanrıya doğru getdi və
özünün fərqli adamlar auditoriyasına dualar
pıçıldamağa başladı.
"Ümidlər bənzəməz biri-birinə.
Biri Tanrıya asılmış, biri insan əlinə".
Ümidlər həmişə Tanrıyla insan
arasında qərarlaşır. Tanrıya xitab edənin
cavabı Tanrıdan gəlir, insana xitab edənin cavabı
insandan. Allahsız insanlar cəmiyyətində
yaşayan Vaqif Səmədoğlu daima Tanrı zikriylə
yaşadı, gecələr xəlvətə çəkilib
dualar pıçıldadı, sonra bu
pıçıltıları xəlvəti bir yerdə
yaxın dostlarına oxudu.
Tanrıya
inanan gecəmdir yenə,
Şeir oxuyuram dua yerinə.
Tale ona böyük adamın oğlu olmaq şansı
verməklə bərabər, böyük dostlar da verib. Mən Vaqif Səmədoğlunun
şeirini ilk dəfə Anarın əsərində
oxumuşam, məncə "Gürcü
familiyasında"ydı, - "İçərişəhərim,
biçarə şəhərim". Daha sonra
birini də Elçinin povestində oxudum. Biz Vaqif Səmədoğlunun
yaradıcılığı ilə dostlarının əsərlərində
zərrə-zərrə, qram-qram tanış
olurduq. Çap
qadağası olmayan bu insanlar qadağalı dostlarını
müəyyən riski gözləri önünə alaraq təbliğ
edirdilər. Həm də bu əsərlər
dünyanın müxtəlif dillərində çap olunurda
və Vaqif Səmədoğlunun müxtəlif dillərdə
oxunmaq şansı yaranırdı. 1980-ci
illərin əvvəllərində onun bəzi şeirləri
Polşada çap olundu və həmin dövrdə Polşada
böyük nüfuza malik "Solidarnost" təşkilatı
bu şeirləri elitar ədəbiyyat kimi dəyərləndirərək
mükafatlandırdı. O bunu çox sonralar bildi, əlbəttə,
qürurverici hadisəydi, o elitarlığı çox
sevirdi. Həyatda da elitar davranmağı
xoşlayırdı, şeirdə də. Məncə,
polyaklar onun şeirlərinin üslübunu çox dədqiq
dəyərləndiriblər - elitar poeziya. Bir zaman Sovet senzurasını qorxudan da bu elitarlıq
idi. Həm də bu elitarlıq ilahi bir
sevgi ilə yoğrulmuşdu. Mən həmişə
düşünmüşəm ki, Vaqif Səmədoğlu
poeziyasında dərin Hüseyn Cavid qatları var. Onlarda
zamanın pafosu yox, dua misalı var. Bir az
Sovetləşən, bir az Qərbləşən yeni
insanın dualarıydı Vaqif Səmədoğlu şeirləri.
Elə mən də onun "Mən burdayam,
İlahi" kitabındakı şeirləri dua yerinə
oxuyuram. Dua nədir? Dua
insanın öz Tanrısıyla söhbətləşmək
cəhdidir, dua insanın içindən Tanrıya doğru
yönələn bir yoldur. İnsan
simasını nə qədər itirsə də, yolunu nə
qədər azsa da, onun içində Allaha doğru
tuşlanan nəsə qalır. Həmin o
"nəsə"dir insan cəmiyyətini yaşadan. Çünki Tanrının səbri
böyükdür və insanlığın tövbə
qapısı həmişə açıqdır. Vaqif Səmədoğlunun şerləri insanı tövbə
qapısına doğru aparan bir yoldur, Tanrıyla şeytan
arasında girinc qalan insanın yoludur. Şeytanlıq
həmişə insanlıq üçün cəlbedici olub,
amma çətinə düşəndə, qaranlığa
dirənəndə, insan, nədənsə,
Tanrısını düşünməyə başlayır.
"Vətən
sözünü pıçıltıyla söyləyirəm,
Tanrıya inanıram qaranlıq düşəndən
sonra".
...O, sona
qədər içindəki Tanrı tərəzisini itirmədi.
Nə elədisə, həmişə içindəki
Allah sevgisi ilə elədi. Heç zaman
böyük para sahibi olmadı, amma həmişə səxavətli
olmağa çalışdı. Xüsusən
gənclər üçün imkanları daxilində nəsə
eləməyə çalışırdı.
Belə bir əhvalat düşdü yadıma. Bir dəfə
Elçin Hüseynbəyli ilə AYB-nin qarşısında
dayanmışdıq. Gözəl bir
gün idi, əsl şeir havası. Könlümüz
dolu, cibimiz boş. Necə deyərlər,
getməyə yer olmayanda şəhər də çox kiçik
gəlir adama. Birdən qağamız
qapıdan çıxdı. (Biz ona adətən
qağa deyə müraciət edirdik). Burda niyə dayanıbsınız -
dedi. Elçin də söylədi ki,
"qağa, fikirləşirik". Oturun maşına - dedi
qağamız, - yüz fikir bir borcu ödəməz. Həddimiz nə idi sözündən çıxaq,
AYB-nin Ağsaqqallar Şurasının sədri deyir, demək
söhbət tamam. Gəldik bir restorana,
ispanvari adı vardı, indi yadımdan çıxıb, amma
nəsə öküzlə bağlı idi. Hər ikimizin çox xoşumuza gəldi, Elçin
də, mən də öküz ilində doğulmuşuq.
Burada səslənən musiqi də qəribəydi,
bir korrida əhvalı köç salmışdı
çanımıza. Bir az oturandan
sonra söhbət poeziyadan düşdü, daha doğrusu, mənim
şeirlərimdən. O, adətən kiminsə
yaradıcılığından danışmağı sevməzdi,
onun öz poetik dünyası və bu dünyayla bağlı
sistemləşmiş düşüncələri vardı. Özünün dediyinə görə, barəsində
yazı yazdığı yeganə şairəm. Mənim yaradıcılığımı o,
özünə yaxın sayırdı, xüsusən
"Polonez" poemasını. Bizim poetik
ruhumuz yaxın olmaqla bərabər, bizi birləşdirən
bir Polşa xətti də vardı. O, Polşanı
çox sevirdi, hətta gəncliyində Yana adlı bir polon
sevgilisi olduğunu deyirdi. Yəni bir növ
bacanaq düşürdük. Bizim
dostluğumuz da "Polonez"in "Ulduz" jurnalında dərcindən
sonra başlamışdı. O, poemanı oxuyandan sonra zəng
etdi, əsər barədə fikirlərini bildirdi, sonra
haqqında yazı da yazdı. Və bunu pıcıltıyla
yox, cəmiyyətdəki mərtəbəsinə uyğun
gurultuyla dedi. Ondan sonra mənim
yaradıcılığımdan yazan ədəbiyyatşünasların
əksəriyyəti Vaqif Səmədoğlu yazısından
geniş sitatlar verirlər. Poeziya barədə Vaqif Səmədoğludan
yaxşı nə demək olar ki?..
Poeziya
söhbətləri bir az
qızışandan sonra qağam dedi ki, bu məclisdə daha
iki şairi görmək istərdim, onları
çağıra bilərsinizmi? Dedik kimlər?
Dedi, Həmid Herisçi və Muarad Köhnəqala. Zəng etdik, onlar da gəldilər. Ruhu
coşmuşdu qağamın, o, həmin anda üsyankar ruhuna yaxın
olanları görmək istəyirdi.
- Elxan
Zal, Murad Köhnəqala, Həmid Herisçi, hər birinizin
yazılarınızın altından məmnuniyyətlə
imza qoyaram - dedi. Məncə, bu bizim
yaradıcılığımıza verilən ən
böyük dəyərdir. Həmin məclisdə
o, Səlim Babullaoğlunu da görmək istəyirdi, amma Səlimin
içki içməməsi variantı dəyişdirdi.
Belə bir adam idi, Vaqif Səmədoğlu,
poetik simpatiyasını özünəməxsus bir şəkildə
ifadə edə bilirdi. Ədəbi məktəblər bax belə
yaranır bizim zəmanəmizdə...
İndi
bu yazını yazarkən düşünürəm ki, Vaqif
Səmədoğlu həmişə şanslı adam olub. Allah ona məşhur bir
şairin oğlu olmaq şansı verib, ədəbiyyat, musiqi,
insanlarla ünsiyyət sahəsində geniş diapazonlu istedad
verib, yaxşı dostlar verib. Həyat
yoldaşı Nüşabə xanımın onun həyat və
yaradıcılığındaki rolu ayrıca bir yazı
mövzusudur. Dostları barədə bir qədər
də söz açmaq istərdim. Bir dəfə Vaqif
qağa dedi ki, Elxan, inan, Anar olmasaydı, şeirlərimin
90 faizi itib-batacaqdı. Demək, o hər şeir yazanda onu oxumaq
üçün Anar müəllimə verirmiş, o da
bunları səliqə ilə yığıb
saxlayırmış. Şeirlər
yığılıb, yığılıb və sonda
yaxşı günlər gəlib, bu şeirlər kitab şəklində
nəşr olunub. Vaqif Səmədoğlunun
çap edilməyən şeirlərinin Anarın povestlərində
getməsi barədə yuxarıda demişəm. Amma Anar müəllimin çəkdiyi və ya əsərləri
əsasında çəkilən filmlərdə də
mahnı kimi səslənib onun şeirləri, özü də
onların musiqisini digər dostları Emin Sabitoğlu
yazıb. Onlar məşhurların
övladlarıydı və bu hər bir insanın
üstünə ağır məsuliyyət yükü qoyur.
Şərəflə daşıdılar bu məşhurların
övladları, işlərilə, əsərlərilə,
dostluqlarıyla. Onlardan öyrəniləsi
çox şey var. Vaqif Səmədoğlu da onlardan biriydi.
Böyük insan, böyük şair, böyük dost. Bu şeir də onların dostluğuna bir ərməğandır.
Bu
daşlar ölür,
Bu ağaclar ölür.
İlk
görüşə çıxdığımız bu
küçələr,
Kirayədə qaldığımız bu evlər
ölür.
Daha bizim
Bakımız yoxdur,
Abşeronda yetim qaldı Xəzər.
Nə
yaxşı ki vərəqlər üstündə qalan şəhər
var,
Nə yaxşı ki Vaqif Səmədoğlu var.
Anarın
yazısında qaldı Bakı,
Elçinin yazısında qaldı.
Daha
heç bir Baladadaş toy günü
Bəylik hamamına getməyəcək...
Elxan Zal
Qaraxanlı
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.20.