Xanəmirin "Amerika türkləri" kitabına

 

Esse

 

Kitab dərinliyi, hərtərəfliliyilə məni çəkdi. Burada səni maraqlandıran nə varsa, onu taparsan. Bəlkə, artığını da. Çünki kitabda tək sənin, mənim yox, minlərin, on minlərin götürəcəyi pay var. On minlər, yüz minlər üçün yazılıb, düşünülüb-daşınılıb, ərsəyə çatıb bu kitab. Nə qədər götürsən də, heç nə götürməmiş kimi o qədər də yerinə dolur, üstünə gəlir, əzəlki həcminə qayıdır, kiçilməkdənsə, öz-özündən törəyib artır, əvvəlki həcmini də vurub aşır elə bil. Ona görə onu dönə-dönə, ən azı bir də, bir də oxumaq, götürəmmədiyinə, anlayammadığına, gözündən qaçana bir də qayıtmaq, bir də nəsə götürmək, çinədanını doldurmaq, müəllifin səxavət boğçasından bolluca barınmaq, necə deyərlər, acgöz zehniyyətinlə nəsə dadıb-tamsınıb, gözünün qurdunu öldürmək gərəkdir. Özü də İsgəndərin zülmət dünyadan götürdüyü torpaq kimi çox da götürən peşman olur burada, az da, heç götürməyən də, əslində, heç nə götürməyən yoxdu. Çünki onda "heç", "yox" sözü özü kimi yoxdu, özü kimi insanların gələcək taleyinə bir intihar damğasıtək basılmayıb, çox gendə gəzib dolanır, ondan, özü taleyi damğalı, yoxluqdan varlıq yaranır elə bil, heç nədən, yoxluq gözün önündəcə dönüb şəkil-forma, ölçü-biçi alıb, özü boyda varlıq olur. Surətlənib bütün maddiliklər kimi yükə-çəkiyə-həcmə yiyələnir.

Heç götürməyən də nahaq yerə özünü aldatmasın. Nəsə mütləq götürmüş olur ondan, nəsə barınır, qazanır. Bu ona gec də, hansı təsadüfləsəmi, yuxuylamı, ayıqlıqda fəhmləmi, əyan olur, tez də, oxuduğu məqamda da, ani fanilikdən beyninə ötürülən sürətli aramasız siqnallarla, "mesajlarla da".

Çox götürən ona görə peşman olur, yükü götürə biləcəyindən qat-qat artıq olduğundan onu özüylə çəkib aparammır. Az götürən ona görə peşman olur, gərək dostundan iki qat çox götürəydi, lap gücü çatmasa da, yıxılıb yolda qalsa da. Canı çıxsa da. Heç götürməyən ona görə peşman olur, gör nə qədər küt, pampaq olmuşam, deyir; - öz-özünə gözüm tutulub, bu qədər ləl-cəvahirin içində Allahın quru çöpünü də götürməyə qeyrətim çatmayıb. Hansı ki, onların ikisinin götürdüyündən iki qat artığını da götürməyə mənim gücüm, haqqım, iradəm çatardı. Atamın oğlu deyilənm, bir kəlmə o yan, buy yan deyirəmsə.

Kitabda real həyat hadisələri; ibtidai insanlardan tutmuş, tayfa, qəbilə, icma, xalq, millətlərin keçib gəldiyi dünyanın özü boyda uzun, özü qədər qədim, yorucu, keşməkeşli yollar, bir-birindən vurub keçən, birbirinə qovuşub, bir-birində əriyib itən, çarpazlaşan, qovuşub ayrılan, qırılıb-üzülüb, yenidən qovuşub bir-birinə dayaq olan, simsarcasına, iki sevgilitək qoşalaşıb yanaşı, çiyin-çiyinə gedən, biri o birini zəbt edib, özünə qatıb, ona hakim kəsilib gücləndikcə, qüdrətləndikcə haçalanıb, ağac kimi qol-budaq atıb yeni şivlər, pöhrələr buraxan, cığırlara-qanırmalara ayrılan, özü boyda yollar yaradan qosqocaman yolçuluq, dünyanın əvvəlindən bitib-tükənmədən əbədiyyətə yol alan, bir-birindən ötə, bir-birilə öcəşən-dirəşən, mövcudluğu bu öcəşmədən-dirəşmədən var olub, bu günə qədər yaşayan cavan-cayıl, ahıldan ahıl tarixi, mədəniyyəti, inancı, dünyagörüşü, təbiətlə əkiz, iç-içə, təbiətin özündən yoğrulmuş-yapılmış, özü qədər, təbiətin özü qədər, özüymüş kimi zəngin, min bir ahəngli-çalarlı, dipdiri-canlı həyat tərzi, fərdi, oxşar, eyni, əks qütblər sayağı bir-birindən sonsuzluq qədər uzaq olsalar da, bir-birilə çəpər-çəpərə gor qonşuluğunda yaşayan ədəbi, coğrafi, fiziki-mənəvi imperial əraziləri, olduqca doğma, özününkü qədər yaxın, ürəksızladan saf, kövrək hiss, duyğuları, okean dibinə quylanmış kimi bu gün də açılmayan, okean dərinlikli, doluluqlu, qapalı, sirli, hikmətli, fırtınalı, qasırğalı, neçə qat kodlaşmış, qıfıllanmış ehkamlarıyla yanaşı, yer insanlarının bacarmadığı, müəllifin Amerika ingilisləri haqqında dedikləri kimi yalnız göy, Yerdən kənar, başqa dünyaya xas fikir, düşüncələr, ruhi görüntülər, gizlinclər, ürəyə dammalar da sızıb. Damla-damla, misqal-misqal axıb böyük zaman dəryasına qovuşur.

Uzaq ulduz zərrəcikləritək ani fanilikdən işararaq yanıb, sönərək uzaq dünyalarından bu dünyaya göz qırpır, mixi xəttinə oxşar siqnallarla işarə, mesaj göndərir. Milyon illik zaman-məkan kəsiyi məsafəsindən könül oxşarcasına gizli-aşkar özün də hiss etdiyin, sanki gözünlə görüb, qulağınla eşitdiyin dərəcədə qayıbdan birbaşa beyninə, şüuruna diktə edilir. Bir mənbə kimi o aləmlərə qoşulub indiyəcən görüb, duyub dərk edəmmədiyin, bu haqda təsəvvürünün belə olmadığı, haradasa insan ağlından, şüurundan kənar, insan ağlının, şüurunun acizliyini hiss etdiyin, İlahi görüntülərin, o biri yandan tanış bir duyğu kimi az qala sənə əyan olan, onu yenidən yaşayacağın fəhmilə çox dərin, güclü, qaranlıq nəsnələrin açarını bu kitabda tapacağına inanır, ən azı buna ümid bəsləyib inamla-inadla dabanbasma müəllifin ardınca irəliləyirsən.

Bu yolda indiyəcən vərdiş edəmmədiyin birdən-birə ətə-qana dolaraq ayrı-ayrı dona-qiyafəyə girən, ölçü-biçi alan, pərdə-pərdə açıldıqca, ani mübarək üzünü oğruncasına göstərib, sanki özünü aldadıcı şəkildə faş edib, həmin andaca inadla daha qatı bulud arxasına keçərək, daha sıx sirr-müəmma dumanına bürünən, dönə-dönə örtüklənib haldan-hala düşən (yerin ilkin halı kimi) insanmı, mələkmi, ruhmu, ya bunların birlikdə donundamı peyda olan qeyri-təbii, müdhiş bir varlıq bütün ruhuna-canına hakim kəsilir. Sanki səninlə üz-üzə, nəfəs-nəfəsə yaşayır. Yaşadığı üçün də daim hərəkətdə, yetkinləşməkdə, yaşlanıb müdrikləşməkdə olan nəhəng, qorxunc bir axınla sonu bitməyən, yerlə-göylə əlləşən okean dalğasıyla bütün gücü, vəhşətilə üstünə yüyürür, dəli nərəsi oralı-buralı, mövcud olan-olmayan dünyaları qaxıb, silkələdikcə, bir uşaq oyuncağı kimi atıb-tutduqca o qeyri-müəyyən varlığın, aləmlər aləminin vahiməsindən öz tənhalığına, faniliyinə çəkilirsən. Bu nəhəng gücün qarşısında özünü bir heçlik qədər cılız, miskin, yox sayırsan. Ancaq bundan ruhdan düşmək yerinə, daha da inadkarlaşıb intihar edircəsinə ağır, siqlətli, eyni zamanda coşqun, çəkici fikirmi-xəyal, görüntümü donunda şəkillənən o qulaqbatırıcı ilğımın qoynuna atılırsan. Ancaq o qorxunc, zəhmli qüvvə, vəhşətli ilğım səni gözlədiyin kimi altına alıb öz zülmət sularında qəddarcasına qəhr etmək, özündə əridib itirmək, yox etmək yerinə, Tanrıdan olan kimi sənə səxavət göstərib, özü boyda güc, eşq, həyat enerjisi, bilgisi verir. Bu enerjiylə quş kimi asanca ulduzdan-ulduza, kainatdan-kainata uçar, lap istəsən bütöv kainatın özündən də çıxıb harasa gedə bilərsən. Ancaq sənə yiyələndikcə, siləbəsilə doldurub, özünə çevirdikcə, özü etdikcə, öz çəkindən qat-qat ağırlaşıb, o nəhəng qüvvənin gücünü, çəkisini alır, özün o olurmuş kimi, öz ruhuna çevrilirmiş kimi bu simsar, kökün kökündən su içən doğma, eyni zamanda yad, gözünə qeyri-adi fəhm, yanlışlıq qarabasma kimi görünən o nəhəng gücün qarmasına-cazibəsinə sarı dartılırsan, simsarlığına-güvəninə sığınırsan. Ayağının qərar tutduğu torpaq parçası bu ağırlığa dözməyib çökür. Çökdükcə səni də özünə gömüldüb, etibarlı bir əmanət kimi yad gözdən, bədnəzərdən öz qaranlıq, torpaq-su hənirli bətnində qoruyub, saxlayıb, sənə boylu olub, səni doğub, dərin qatlarında indi də yaşayan, arı pətəyi kimi dopdolu, əzəlki dolğun, mənalı, şəhdli-şirəli, möhtəşəm dövranını sürən ulu (babalarının ulu minilliklərinə səyahətə çıxarır, bir sınaq meydanı kimi bəlkə ana bətnində olandan can atdığın, qopduğun, sənə yuxuyla, fəhmlə əyan olan əzəldən əzəli o aləmlər aləminin qoynuna atır. Gözündə surətlənən, surətdən-surətə girib canına qorxu, vəlvələ salan, axın, qara sel, qasırğa, çalxantı, ani ilğım, yuxu, qarabasma sən demə, bu imiş, (indi başqa qatda mövcud olan o aləmlər aləminin) özündən qabaq gələn xofu, havası, ani yanıb-sönən dumanlı silueti, necə deyərlər, seldən qabaq gələn şəlpəsi kimi bir şeyimiş.

O minilliklərdən dönüb yorğun-arğın, qan-tər içində yenidən kitaba qayıdınca bəlkə aradan milyon illər, sənələr keçir. Milyon illər-sənələrcə ahıllaşıb yaşa dolursan. Nə özün indiki özünü tanıyır, qəbul edirsən, nə bu günün adamları, nə bugünkü zaman. Çünki sən milyon sənəlik yolçuluqdan sağ-salamat, burnun da qanamadan qayıdıb bu günə gəlsən də, artıq bu günün adamı deyilsən, heç o günün adamı da deyilsən. Hansı yolçuluqdan qırılıb qalmısan, özün də bilmirsən. Bircə onu bilirsən, min illərdi div yuxusuna gedibsənmiş, karvan çoxdan keçib-gedib artıq. Ancaq o div yuxusu hələ ayıqlığında da davam edir.

Əbədiyyətdən başlayıb əbədiyyətə yol alan gur zaman çaylarının axarı tutmadığı, həniri-nəfəsi çatmadığı zülmət, küncə sıxışdırılmış bir vaxtsızlıqda, ərazisizlikdəsən artıq, səssizliyi qulaq batıran keçilməz zülmət bir cəngəllikdə, vaxtın çaşıb düyün düşdüyü, dibsiz uçuruma yuvarlandığı zamansız-məkansız bir mətədə. Nə zamanın yolu düşəcək sənə, nə hansısa məkan götürəcək, səni üzərinə bundan sonra; hərəkətlərindən, davranışından, həyat tərzindən, fikir-düşüncə axınından özünə zaman yaratsın. Sən zamanı, zaman səni yaratsın. Hər yan tənhalıq, fanilik, hüzr, zülmət, qaranlıq saçan kosmik boşluq. Bu, karvanın keçib-getdiyi yolun boşluğudur. Bir də ona yetişmək ümidin həmin boşluğa-sıfra bərabərdi. Bu "O" - yoxluq elə sən özünsən, yenicə qopduğun varlığın yoxluğu. Bir pərgartək öz ayağınla cızdığın "O" - yoxluq adlı ucları dartılmış qapalı bir dairənin içində. Bu dairə açılıb düz xəttə, ya sehrkar ilan siluetləri kimi qıvrılıb-açılan, qovuşub çarpışan xətlər burulğanına çevrilə bilərmi? Bunun sənə heç bir aidiyyəti yoxdu. Çünki sən o dairəylə birgə itib, indi də o dairənin yoxluğuna çevriləcəksən. Bu, sonsuzluğa qədər təkrar olacaq. Deməli, vaxtsızlığın özündə də bu təkrardan tamam ayrı bir vaxt sıyrılıb çıxıb mövcud olacaq. Sənin əzəlki yoxluğuna dairənin içindəki mətəyə qovub aparacaq o vaxt.

 

Əli Həsənli

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.19.