Çəkib evin küncünə
ağlarsan təkliyini…
Və birdən anlarsan
ki
Yavaş-yavaş anlarsan,
anlarsan təkliyini.
Çəkib evin küncünə
ağlarsan təkliyini.
Hamıdan damla-damla,
gün-gün, il-il çıxarsan.
Heç
nə yerinə dönməz,
Heç
kim qayıdıb
gəlməz -
yollarına baxarsan.
Və birdən anlarsan ki,
heç nə...
quruca adsan.
Və dəli gülmək tutar -
iki dayanacaq o yana
uçuruma uzadıbmış
qollarını
çatmadığın o qatar...
...Və birdən yaddaşını
dayanmış saat kimi
silkələyib oyatsan.
Və birdən görərsən
ki,
daha hamıya yadsan.
Uzaq da qaçar səndən,
yaxın da qaçar səndən.
Dərmanlar ovuc-ovuc, -
yuxun da qaçar səndən.
Tutub güzgü önündə
danlarsan təkliyini.
Divarlar soyuduqca
anlarsan təkliyini.
Nə sevib sarılmağa,
nə qulunc sındırmağa -
o bədbəxt də yığışıb
gedər gedər-gəlməzə,
sənsə şam yandırmağa...
Qapımı aç, soyuqdu
Nə əlimdə daş-kəsək,
nə hürən o itlər var.
Nə arx boyunca keçən
sınıq-salxaq qatarlar.
Yenə
bir səs-səmir yox,
yenə sakitçilikdi.
Üstündən illər keçən
ömrüm çilik-çilikdi.
Qapım-bacam bağlıdı,
köhnə divar yerində.
Bəlkə çıxıb gələsən
batan günün birində?..
Heç
kim düşmür
yadıma, -
axı, yenə niyə sən?!
Qapımı aç, soyuqdu
-
qəlbim sınıb
deyəsən...
Ümid
Pəncərənin iç üzündə
don vurub alın yazısın.
Uzaqlarda
qar örtübdü
ömrün cavanlıq
yarısın.
Baxışlarının altından
saçlarınla külək
silir
qar üstündə
sərçələrin
vergülünü, nöqtəsini.
...Səsə dönürsən,
qapıdan
ömrü boyu ürəyini
açmadığın adam baxır:
- Ordan o açarları ver,
işə gecikirəm
axı...
Gülüşüm qaldı şəhərdə
Bəxtim
çəkdi, ya...
hər nəysə,
ilişib qaldım
şəhərdə.
Bircə
ömrü dörd divarla
bölüşüb qaldım
şəhərdə.
Hər bərkin, boşun sınadım,
sındı cavanlıq
inadım,
ütüldü min yol qanadım, -
alışıb qaldım
şəhərdə.
Ölüncən mənim bildiyim,
ölümə qənim
bildiyim,
kənddən götürüb
gəldiyim
gülüşüm qaldı
şəhərdə...
Birdən...
Birdən
heç nə olmur,
heç nə olmur birdən,
heç sərçə
balası da...
Birdən
heç kim
dəli olmur,
heç kim ölmür birdən,
nə kəpənək,
nə vicdan...
Birdən
atmır özünü
adam,
qalxıb beşdən,
ondan atılır
ölümün sıfır
nöqtəsinə...
Birdən
başlamır
hamı birnən bitir.
Birdən-birə
göynən getdiyi yerdə
Yernən
bitir...
Töküldü ömrün günləri
Əlimə baxma, qaraçı,
əlimdə nəyə
baxırsan?
Dəyişmək sənlik deyilsə,
falıma niyə
baxırsan?..
Allah qismətimdən qabaq
boyumdan kəsib, bilirəm.
Dörd
il qabaq
itirdiyim
Anam da yuxuma gəlmir
-
getmirəm...
küsüb,
bilirəm!
Töküldü ömrün günləri,
baxdım...
Bəxtim...
güzgü bilir,
daraq bilir,
mən bilirəm.
Suda kimin şəkli qalıb -
bulaq bilir, mən bilirəm.
O ağacın gövdəsinə
kimin adını yazmışdım? -
Yarpaq bilər,
mən bilərəm.
Tapşırın məni torpağa
-
torpaq bilər, mən bilərəm...
Əlimə baxma qaraçı...
Şər vaxtı
Mənimçün hər şey bitib,
mənimçün heç
nə yoxdu.
İnanmırsan?!
And içim:
canımçün, heç
nə yoxdu.
Ömrün çat yerlərində
mamırlı xatirələr.
Üstünü örtüb yatır
abırlı xatirələr.
Qan qaynadan heç nə yox,
heç nə düşmür yadıma.
Hayıf
uçduğum göyə,
açdığım qanadıma.
Əzrailin gülləsi
heçdən dəyər
ovçuna.
Bir gun torpaq əl açar,
sonuncu qazancımtək
atılaram ovcuna.
Nağıldı nağıl
Bir gün bu dənizə
qoşulub getsəm,
Bir gün çəkib məni aparsa dəniz,
Cəhənnəm,
lap belə ətdən dırnağtək,
Yaxından, uzaqdan qoparsa dəniz...
Gedərəm,
dost-qardaş ipimi kəsib
Atdığı quyudan dönmərəm bir də.
Nə ağ-qara qoça, nə o ağ
ata,
Nə də ki Qırata minmərəm bir də.
Gedib özümə dost bir div
taparam,
Ordakı o divnən bir dil taparam.
Saçından asılan o qızdan
bəlkə
Hələ ağarmayan saçları
qalıb.
Hələ divin canı o şüşə qabda,
O qabın dibində,
divin cibində
Qırxıncı otağın açarı
qalıb...
Qaranquşlar köçdü, qayıtdı
Çoxu
məni çıxartmışdı
yadından,
Mən ağlına
hardan düşdüm,
qaranquş?!
Hardan bildin gözüm üstdə yerin var,
Qapım
üstdə yuvasını
quran quş!
Batıb
gedir hamı eyni axında,
Yuvamızı qoruyan da, yıxan
da.
Mən görəni necə gördün yuxunda,
Yuvasından məndən qabaq duran quş?!
Sənə tay yox - nə bir
kitab, nə bir din,
Daşa sarı bilə-bilə gəlirdin?
Olacağı hardan belə bilirdin,
Dünyamızın bir tərəfi viran quş?
Yolsuzluğa hansı yoldan başladıq,
Niyə səni daşa tutub daşladıq?!
Nişan
alıb düz sinəni tuşladıq,
Heç
bilmədik ağrıyacaq
haran quş.
Günümüz yox -
nə çərşənbə,
nə cümə,
Dən deyil ki, sözdü verdim, incimə.
Yum gözünü, keçim
dərdin küncünə,
Ay qolumu, qanadımı qıran quş.
...Düş yuvandan günümüzə, düş
ağla,
Mən bir deyim,
quş dilində beş ağla.
Barış getsin o daş atan uşaqla,
Hər necədi
Allahıynan aran, quş?!
Mənim
yaram sağalmaqdan keçibdi,
Sən sağal
e, qoy sağalsın yaran, quş.
Hər keçənə açılmaz
ki hər ürək,
Hər qapıda yuva qurmaz qaranquş!..
R.Rövşənə
Ürəyimə sıxdıqlarım
uzağa atdılar
məni.
Tələdən çıxartdıqlarım
tuzağa atdılar
məni.
Dedilər qol-budağın var,
hamıya inanmağın
var,
hərdən yaxşı
yanmağin var...
Ocağa atdılar məni.
Gördülər odda yanmıram,
gördülər suda batmıram.
Əzizləyib həb yerinə
oyunda uddular məni...
***
Ağaclar küləyin saçını
yolur,
Çırpır sinəsini daşlara dəniz.
Mənim
ğözlərimlə Bakı
ağlayır,
İstanbul ağlayır -
Sən ağlamırsan...
Yaşamaq gözəlmiş, ölmək
var ikən,
Ölürəm xəzəlin qar sevincinə.
Əriyir
gözümdə buz tutan yollar,
Yol çəkən
gözümüz açılmır
yenə.
Çıxan gün boğulur,
doğan Ay batır,
Açan gül ağlayır, sən ağlamırsan.
Mənim
qucağımda boynunu
burub
Haçan gül ağlayır - sən ağlamırsan.
Bakının qucağı qarsız
da soyuq,
İstanbul ağlayır çölün
düzündə.
Sən gülüb çəkdiyin
şəkil oğlana,
Bir heykəl
ağlayır əli dizində.
Hamıya
gün yazdın, mənə çatanda,
Dərdimə gülürsən, gün
ağlamırsan.
Sağımda, solumda hamı ağlayır,
Gözlərin dolsa da, sən ağlamırsan!..
Sabir Yusifoğlu
Ədəbiyyat qəzeti.- 2019.-
25 may.- S.18.