Sirlərin sərgüzəşti
Romandan parçalar
"Qış" fəsli -
Dördümüncü sirr
Risalə
davam edirdi:
Məmləkət
şəhərlərindən birinin yaxınlığında
xalq arasında adına Oğuz düzəngahı
deyilən bir düzəngah vardı. Bu düzəngaha
burulan yolun sağ tərəfində (şəhərə
doğru gedərkən) bir təpə vardı. Bu təpənin varlığı və yoxluğu
tam bir müəmma idi. Deyilənlərə
görə, o, bəzən ona baxan adama görünür, bəzən
də görünmürdü. Bunun
üçün də adı Görükməz təpə
idi. Çox az adam var idi ki, bu təpənin
varlığına inansın. Elə bilirdilər
ki, təpə, əslində, yoxdur. Ancaq təpəyə
qalxan olardısa (bu isə "qurd ürəyi" yemiş
birisi ola bilərdi) yalnız o zaman
boşluqda hava ilə göyə doğru addımlayan
adamı görmək olardı. Ayaqlarının altında
daş-torpaq olsa da, kənardan baxana boşluqda yuxarı yeriyən
kimi görükən bu adam özü də
ayağını basdığı torpağı
görmürdü. Təpənin başına
qalxdığı zaman aşağıdan ona baxanlar bu
adamın boşluqda, hava ilə yuxarı qalxmasını
görür və Allahın qüdrətinə
şükürlər edirdilər.
Görükməz təpənin qarşı tərəfindən
- (yolun o biri tərəfindən) bir dərə
açılırdı. Dərənin sehri var idi. Yaz-qış, payız-yay bu dərə
yaşıllıq içində idi. Havası
mülayim, xoş, ağaclarının üstü cürbəcür
meyvələrlə dolu olardı. Daim
yaşıl ağaclar, kollar, suyu çağlayan bulaqlar,
oxuyan quşlar bu dərəni valehedici, füsunkar bir məkana
çevirmişdi. Dərədə
yaşayan adamlar var idi. Bu adamlar sehrbaz idilər.
Onlar dərə boyu ora-bura səpələnmiş
mağaralarda (hücrələrdə) yaşayırdılar.
Dərənin adı ətrafa elə belə də
yayılmışdı: Sehrbazlar dərəsi. Şəhər
əhli və hətta uzaq-uzaq şəhərlərdən
ehtiyacı olanlar bu dərəyə gələr, orada hər
hansı sehrbazla razılaşıb dərdini söylər,
çarəsini gözlərdi.
Sehrbazlar hər gün iki-iki, üç-üç dərənin
dibində gəzişər, bir-birilə söhbət edər,
oxuduqları kitab və risalələri müzakirə edərdilər. Müştəri gəldiyində
hər sehrbaz qazandığı pul-paranı dərədə
yaşayanların gün-güzəranı üçün xərclərdi,
heç kim özünə bir mənfəət
gözləyib qəbul eləməzdi.
Qəribə idi, sehrbazlar bu məkana gələnlərdən
yox, özləri özlərindən dünyada baş verənləri
öyrənir və bir-birini ən uzaq məmləkətlərdə
baş verən hadisələr barədə xəbərdar edərdilər. Onlar bunu hardan, necə
öyrənirdilər - bunu bilmək asan iş deyildi. Bəlkə də onlar təkcənəlik vaxtı
deyilən bir zaman göz qırpımında dünyayı-aləmi
gəzib yenə bura, bu möcüzəli, həmişəyaşıl
məkana qayıdırdılar. Ola da bilərdi,
olmaya da bilərdi. Sirr idimi, sirr idi və
bu sirr qonşu həzrətqulunun sirri deyildi.
Sehrbazların
bir yerdə gün keçirmələrindən əlavə,
həm də bir-birindən ayrıca, tək-tənha
keçirdikləri vaxtın adına
"təkcənəlik vaxtı" deyilirdi. Təkcənəlik
vaxtı bir qəribə zaman kəsiyi idi. "Təkcənəlik vaxtı" hamı sehrbazlar
bir-birindən gizlənər və ayrı-ayrılıqda hərəsi
bir tərəfə çəkilib huşa gedər, sanki
buralardan aralanardı. Bu vaxtın içinə
girənlər özlərini, ətrafındakıları
unutmuş bir halətə girərdilər, heç nəyə
diqqət edə bilməzdilər. Məhz
bu vaxt onlar gedib uzaq-uzaq ölkələri gəzir və
öz sehrləri üçün güc
yığırdılar və sonra da bu gücü lazım
olan istiqamətə yönəldirdilər.
Görükməz təpə deyilən təpənin
yaxınlığında bir şəhər var idi. Bu şəhərdə
bir tacir yaşayırdı. Onun
üçün dünyada alış-verişdən daha
sevimli bir məşğuliyyət yox idi. Bu
sevgisi ona rəhmətlik atasından miras qalmışdı.
Atası uzaq-uzaq ölkələrlə ticarət
edər, özü də tez-tez səfərə
çıxar, nəfis mal yükü ilə dolu karvanları
məmləkətə gətirərdi. Şəhər
bazarında Əhmədəli tacirin xüsusi hörməti
var idi. İşini sevər,
alış-veriş olmayan gününü ömürdən
saymazdı.
Hətta bir hadisə olmuşdu ki, oğlu tacir Məhəmmədəlinin
hafizəsindən bu gün də silinmirdi. O uzaq dəhşətli gecəni
tacir Məhəmmədəli bu gün də qanı
donmuş, ürəyi bərkdən ata-ata xatırlayır,
heç cür unuda bilmirdi.
Bir dəfə səfərə
çıxdıqları ölkələrin birində ata və
oğul dəniz sahilində bir gəmini mal ilə doldurub dəniz
yolu ilə yollarına davam edirlər. O biri sahildə onları artıq
böyük bir dəvə karvanı gözləyirdi. Məmləkətə yol alacaqdılar. Gecə vaxtı qəfildən tufan qopur, dalğalar
gəmini qoz qabığı kimi belədən-belə, elədən-elə
atmağa başlayır. Hamı gəmidəkilər
kəlmeyi-şəhadətləri dillərində ümidlərini
ancaq və ancaq o bir olan Allaha bağlayır. Getdikcə gəmiyə su dolur, gəmi
yavaş-yavaş sağ böyrü üstə əyilir və
batmağa başlayır. Özünü şahə
qalxmış qorxulu dalğaların qucağına atan kim, gəminin sol küncünə
sığınıb əlləri göydə dualar edən
kim... Qərəz, gəmi yavaş-yavaş sulara qərq olur,
Əhmədəli tacirin bütün malı
rəhmsiz dalğaların yeminə çevrilir. Ata və bala özlərini bir qayığa zorla sala
bilirlər və atılıb-düşən bu qayıqda
batmaqda olan gəmini məyus-məyus seyr edirlər. Tacir
Məhəmmədəli atasına deyir:
- Ata, bu nə
işdi gəldi başımıza? Nə pis bir gün oldu bu
gün...
Atası
qəm içində cavab verir:
- Elədi,
oğul, elədi. Amma bundan daha pis ola bilərdi!
- Ay ata, sən
nə danışırsan? Biz hələ də
ölümün cəngindəyik. Hələ
də tam qurtulmamışıq. Bundan daha pis nə ola bilər ki?
- Ola bilər,
oğul, ola bilər. Bundan daha pis kasad bazar
ola bilər.
Allahın möcüzəsi ilə ölümün
caynağından qurtulan ata və bala o gündən etibarən
bir daha dəniz səyahətinə çıxmır. "Kasad
bazar" söhbətini isə tacir Məhəmmədəli
bu günə qədər xatırlayır.
Məhəmmədəlinin tacirliyi dillər əzbəri
idi. Deyirdilər ki, o, daşdan da pul çıxarır.
Bəziləri isə onun "əl kimya"
elminə vaqif olmasından danışır və misi
qızıla çevirə bilmək qabiliyyətini tərif
edirdi. Tacir Məhəmmədəli
dövlətli olduğu qədər də xəsis və
pulgir birisi idi. Onun xəsisliyi dillər əzbəri
idi. Özgə malına göz dikməyi də
var idi. Ucuzuna mal-mülk alıb
varidatına əlavə edərdi. Qızıl dolu kisələrini
harda gizlədirdi - bunu heç kim bilmirdi,
hətta evdə arvadı və uşaqlarının da bundan xəbəri
yox idi. Kisələr isə evinin dal həyətindəki
bağçada onlarla ağacın arasındakı baharda gəlin
kimi ağappaq qol-budaq atan armud ağacının
altında səliqə ilə torpağa
basdırılmışdı.
Tacir Məhəmmədəlinin iki oğlu var idi. Böyük
oğlu Nəzərəli atasının işinə kömək
edirdi. O, bazardakı dükanlarında
çalışır, satmağa mal gətirmək
üçün səyahətə çıxır,
sifarişlə gedib yaxın-uzaq ölkələrdən mal gətirirdi.
Novruzəli isə yaşı iyirmiyə
çatsa da, bir işin sahibi deyildi.
Bir
gün kiçik oğlu Novruzəli atasına xitabən deyir:
-
Atayi-mehriban!
- Bəli,
oğul. - Tacir Məhəmmədəli cavab
verir.
Novruzəli
deyir:
- Mən
səyahətə çıxmaq, dünyanı görmək
istirəm. Çərxi-fələk deyilən
bir ölkə var, orda adamlar, hər bir işlərini
fırlana-fırlana görürlər. Hara
gedirlərsə fırlana-fırlana gedirlər. Mən Çərxi-fələk ölkəsinə
səyahət etmək istirəm.
Atası
bərk hirslənir:
- Çərxi-fələkdə
elə bircə sənin kimi ağıldankəm, tüfeyli əskik
idi, sən də ora getsən, onların işi tamamən
düzələr. Çərxi-fələyə
getmək istəyir bu. Heç bilirsən bu səyahətin xərci
nə qədərdi?! Sən
yaxşısı budu, qardaşına kömək elə.
Boş-boşuna ortada gəzirsən. Bu səfərin heç kimə faydası yoxdur.
İşlə, çalış. Əlbəttə, gün gələr, Çərxi-fələyə
də gedib çıxarsan. Fırlana-fırlana
qalarsan və geri dönməzsən, inşallah.
Böyük qardaş Nəzərəli atasının
bu sözlərinə ürəyində gizli-gizli
gülürdü. Onun kiçik qardaşı Novruzəlidən
zəhləsi gedirdi, Novruzəlinin bundan xəbəri yox.
Novruzəlinin hər gün şəhərin
yaxınlığındakı Görükməz təpəyə
tərəf getdiyini bunlar bilmirdilər. Görükməz
təpə bir sirli təpə idi. Baxana
görükmürdü, amma var idi. Addım-addım
yeriyib başına çıxmaq olardı. Kənardan
baxan elə bilərdi ki, adam hava ilə
addım-addım üzü yuxarı qalxır.
Təpənin bu kəramətini onunla
bağlayırdılar ki, qarşısındakı düzəngah
yolundan o tərəfə böyük bir dərə
açılırdı. Dərədə sehrbazlar
yaşayırdı. Bəlkə də izi
azdırmaq üçün bu təpəni elə
sehrbazların özü görükməz etmişdi.
Novruzəli demək olar ki, hər gün gedib təpəyə
dırmaşar, yolun qarşı tərəfindəki sehrbazlar
dərəsini oradan seyr edərdi. Elə bil, dərədə
nəyi isə, kimi isə arayırdı. Xeyli müddət
əvvəl o, burada yaşayan bir sehrbazla tanış
olmuşdu. Sehrbazlar şəhərə tez-tez gəlirdilər.
Novruzəli şəhər bazarında ondan sehr
barədə bəzi şeylər öyrənmək istəmişdi.
Sehrbaz demişdi:
-
Görükməz təpənin altındakı dərəyə
gəl, məni soruş, orda görüşüb
danışaq.
- Bə sənin
adın nədi? Mən orada kimi soruşum?
- Mənim
adım dərviş Hüsnükərəmdi.
Atası, qardaşı heç bir vəchlə onu bu əməlindən
(Çərxi-fələyə getmək həvəsindən)
çöndərə bilmədi. Əksinə, qardaşı Nəzərəli
gizlində onu hətta təşviq edib deyirdi: "Sehrbaz
olsan, sən də könlün istədiyi kimi yaşayacaqsan,
ürəyindən keçəni edə biləcəksən".
İstəyirdi ki, Novruzəlinin ürəyini
ticarət işlərindən soyutsun. Novruzəli
artıq qarşısına məqsəd qoymuşdu: o, sehrbaz
olacaqdı. Ətrafda yaşayan fəqir-füqəranın həyatına
bir uğur, fayda gətirəcəkdi, işlərinə
yarayacaq, həyatlarını daha gözəl edəcəkdi.
-
Bunları etmək üçün sehrbaz olmağın
lazımdır, - dərviş Hüsnükərəm deyirdi.
- Sən gərəkdir Çərxi-fələk ölkəsinə
gedəsən. Sən əsl
sehrbazlığı o ölkədə müdriklər
müdriki Ağ dərvişdən öyrənəcəksən.
O mənim ustadımdır. Amma bir məsələ
var. Sən Çərxi-fələk ölkəsinə elə-belə
gedəmməssən. Əvvəlcə əməlisaleh
birisi olmalısan. Əməlisaleh olmasan o
şəhərə yol tapa bilməyəcəksən.
- Niyə?
Bu şəhərin yolu-izi yoxdur? - Novruzəli
soruşdu.
- Var. - Dərviş
Hüsnükərəm cavab verdi. -
Olmamış olarmı? Amma əməlisaleh
deyilsənsə, sən o şəhərin ətrafında
fırlana-fırlana qalacaqsan. Şəhər
özünü sənə göstərməyəcək.
Dərviş Hüsnükərəm əməlisaleh
olmağın şərtlərini də Novruzəliyə
demişdi. Bunun düz üç şərti var idi.
Ən əsas
biriminci şərt bu idi ki, insanın gərək dünya malında gözü olmaya.
İkiminci
şərt - adam gərək ona
yaxşılıq eləyən birisinə minnətdar
olmağı bacara.
Üçümüncü
şərt bu idi: səndən imdad istəməyənə qədər
gərək ehtiyacı olanın imdadına yetişəsən
və əvəzində heç nə tələb etməyəsən.
Hər adam bu üç şərtin
üçünə də eyni zamanda talib ola bilmir, - dərviş
Hüsnükərəm davam edirdi, - amma ən azından ikisinə
riayət etməyin vacibdir. Ağ dərviş ən
azından iki şərti yerinə yetirməyəni şəyirdliyə
qəbul eləmir.
Atası Novruzəlinin arzusundan xəbər tutduqda xeyli pərişan
olmuşdu.
-
Oğul, - dedi. - Mən sənə böyük ümidlər
bəslədim. Mənim malım-mülküm məndən
sonra kimə qalacaqdır?! Əlbəttə
ki, sənə və qardaşına qalacaqdır. Sən böyük tacir və mal-dövlət sahibi
olacaqsan. O yaxşılıqlarını da bunları əldə
etdikdən sonra həyata keçirmək olmazmı?
- Xeyr, əziz
ata, bu mümkün olmaz. Çünki mən o
var-dövləti doğru-düzgün yolla qazanmış
olmayacağam. Onlar sən
qazandıqlarındır. Mənə sənin
dövlətindən heç zad lazım deyildir. Mən Çərxi-fələk ölkəsinə,
Ağ dərvişin yanına getmək istirəm.
Ata çarəsiz qalıb böyük oğlu Nəzərəlini
yanına çağırır. Ona belə deyir:
-
Oğul, Nəzərəli. Sənin
qardaşın buraları buraxıb Çərxi-fələk
vilayətinə getmək istir. Ağ dərviş
adlı bir cadugərə şəyirdlik eləmək arzusundadır.
Mən dedim, əsər eləmədi. Sən onunla danış. Başa
sal. Mənim axı
malımın-mülkümün sahibləri səninlə
odur. Getməsin. Burda
qalsın.
Nəzərəlinin kefi durulur. O, çoxdan idi ki, Novruzəlinin
dalından dəyib onun payına sahib çıxmağı
düşünürdü. Ya onu aldadıb bunu
edəcəkdi, ya da onu öldürüb bunu edə biləcəkdi.
İndi isə hər şey öz-özünə
əmələ gəlirdi. Novruzəli
özü gedər-gəlməz bir yola düşmək istəyir
idi. Hələ burdan qalxıb Çərxi-fələk
ölkəsinə gedib-qayıdan bir adam
olmamışdı. Gedən bəlkə də
olmuşdu, qayıdan olmamışdı. O ölkədə
ki, bütün yollar bir-birinin başına
fırlanırdı, o yolun birinə düşdünmü,
geri qayıtmağı daha ağlından çıxara bilərdin.
Fırlana-fırlana qalacaqdın, hara getsə
idin, yenə gəlib hərəkətə
başladığın yerə çıxacaqdın.
Novruzəlinin ola ki, bundan xəbəri
yoxdur. Nə olur-olsun, onu tətviq edib bu gedər-gəlməz
yola salmaq lazımdır. Nəzərəli
belə düşündü, amma fikrini atasına başqa
cür bildirdi. Özünü elə apardı ki, guya
atası ilə razılaşır:
- Ata,
Novruzəlini o məmləkətə getməyə qoymaq olmaz.
Gedərsə, bir daha qayıtmaz. Hamı deyir ki, ora gedən qayıtmır. Mən bu işə bir əncam
çalışıb çəkərəm.
Nəzərəli çox gözüac və xəsis
birisi idi. Qardaşı Novruzəli nə qədər əliaçıq
və rəhmdil biri idisə, bunun özü heç kimə
acımaz, gözü elə onun-bunun cibində, qazancında
olardı.
Atasına
dediyinin tam əksi olaraq Nəzərəli qardaşını
bu səfərə getməsi üçün daha da həvəsləndirməyə,
qulağını doldurmağa başladı:
- Deyirlər,
Çərxi-fələk bir ölkədi, bir ölkədi
ki, tayı-bərabəri yoxdur. Dünyanın
bütün məşhur sövdəgər və səyyahları
orada məskən salmışlar. Hətta
belə deyirlər ki, səyyah Sindbad bu günün
özündə də orada yaşayır. Hər şəhərə gələn şəxslə
şəhər bazarında şətrənc oynayır.
Təsəvvür edirsən? Uduzsa, o adamı evində mehman saxlayır, udsa,
özü ona sehrbazlığın sirrini öyrədir.
İstər uduz, istər ud - hər ikisinin mənfəəti
var. Nə deyirsən, gedirsən?
- Gedəcəyəm.
Orda Ağ dərviş deyilən bir sehrbaz var.
Gedib ona şəyirdlik edəcəm.
- Ay bərəkallah.
Getsən o ölkə ilə
alış-verişə də başlaya bilərik. Amma bəs indi biz atamıza nə deyək?
-
Alış-veriş, sövdəgərlik mənim işim
deyildir, sənin işindir. Mən gedib elmlər
öyrənmək və qayıdıb burada mədrəsə
açmaq, adamlara elm, mərifət öyrətmək istirəm.
Üzdə
bir söz deməsə də, Nəzərəli qəlbində
belə dedi: "Sən get elmlə, irfanla məşğul
ol, mən də burda dəridən-qabıqdan
çıxım, sənin üçün pul-para qazanım.
Atam öləndən sonra da ortalıqda nə
qalacaqsa, səninlə bölüşüm, eləmi?!
Bunu görməyəcəksən!".
Novruzəli qardaşının dediklərindən ona
sidq-ürəklə kömək etmək istədiyini görüb
sevinirdi.
- O zaman sən
də çalış, atamızla danış, onu razı
sal, - deyə Novruzəli qardaşından təvəqqe elədi.
- Xətircəm
ol, mən sən deyəni edərəm. Atamızla
danışaram.
Nəzərəli
Novruzəlini bu cür arxayın etdikdən sonra gedib
atasına belə dedi:
- Ata, mən
Novruzəli ilə danışdım. Deyir, mənim
heç kimin sözünə qulaq asmaq niyyətim yoxdur.
Gedəcəyəm ki, gedəcəyəm.
Heç kim də mənə mane ola bilməz.
Hələ atam heç mane ola bilməz.
- Niyə
hələ mən heç mane ola bilməzmişəm?
- Tacir Məhəmmədəli səmimi-qəlbdən
təəccüb edir.
- Deyir,
atam qocalıbdır, bu gün sabah, dilim də
gəlmir deməyə, öləcəkdir. Mən
də onun pullarını aparıb Çərxi-fələkdə
küləklərə verəcəm. Onun bu sözlərinə
mat və məəttəl qaldım.
- Deməli,
bu mənim ölməyimi gözləyir?! - Tacir
Məhəmmədəli sövdəgər yana-yana deyir.
- Yaxşı, görərik.
Həqiqətən, axır vaxtlar tacir Məhəmmədəli
tez-tez xəstələnirdi, yaşı keçmişdi, daha
cavanlığından əsər-əlamət
qalmamışdı. Oğlunun sözləri onu xeyli pərişan edir:
- Ax,
nacins övlad, ax, etibarsız övlad... - deyə-deyə
çox düşünüb-daşınır, nəhayət,
bir gün axşamüstü vəkil Məşdəlinin evinə
gedir.
- Məşdəli
dadaş. Sənin evinə gəlməyimin bir səbəbi
var. Mən vəsiyyətnaməmi dəyişmək istirəm, - deyir.
Vəkil Məşdəli Məhəmmədəlinin
hüquq işlərinə baxırdı, o cümlədən,
vasiyyətnaməsini də o tərtib eləmişdi. Bütün əmlakını
tacir Məhəmmədəli iki oğlu arasında zərgər
dəqiqliyilə bölüb kağıza
yazdırmışdı. İndi isə vəkil
Məşdəli gördü ki, müştərisinin fikri dəyişib.
- Yaz, vəkil.
Yaz ki, məndən sonra bütün əmlakım
son qəpiyinədək böyük oğlum Nəzərəliyə
çatacaq.
Vəkil Məşdəli qaşlarını
çatıb bir kəlmə demədən bunları
qarşısındakı vəsiyyətnaməyə əlavə
elədi.
Sonra:
- Bura imza
atmağın lazımdır, - deyib kağızı tacir Məhəmmədəliyə
tərəf uzatdı. Tacir Məhəmmədəli
qətiyyətli bir hərəkətlə oxumadan
kağızda yazılanların altından öz
imzasını qoydu (vəkil Məşdəliyə etibarı
böyük idi), sonra yanıqlı-yanıqlı bir ah çəkdi.
Ortalığa namünasib bir sükut
çökdü.
- Bir
şey soruşa bilərəm, tacir ağa? - vəkil
Məşdəli, nəhayət, sükutu pozdu.
Tacir Məhəmmədəli ki, öz aləmində
idi, onun sualını eşitmədi.
- Nə dedin?
- Bir
şey, dedim, soruşa bilərəm?
***
- Sabah nə
bişirim sizə? Könlünüz nə istəyir?
- Həlimə kabinetə keçib atasından soruşdu.
Başını
qarşısındakı kağızdan zorla ayıran Həsən
müəllim sualı eşitmədi:
- Nə dedin? - deyə soruşdu.
Həsən müəllimin gözləri kağızda
olsa da, əslində, o, başqa şeylər barədə
düşünürdü. Həlimə
sualını verən zaman onun yadına uzaq illər bundan əvvəlki
bir əhvalat düşmüşdü. Həsən
müəllim orta məktəbdə birinci sinfə getməyini
və elə birinci gün qonşu partada əyləşən
göygöz qıza vurulmağını (əslində,
onunla ilk gün öcəşdiyini)
xatırlamışdı.
- Nə dedin? - deyə Həsən
müəllim dübarə Həlimədən soruşdu, amma əslində,
Həlimədən yox, göygöz Gülzardan soruşurdu.
Göygöz Gülzar illərin o tərəfindən bu
günə tərəf əyilib (əslində, qonşu
partadan onun partasına) ona sual vermişdi:
- Sənin
adın Həsəndi? Eviniz də dərənin
lap yanındadı, eləmi?
Həsənin diqqəti çox-çox uzaqlarda idi. Qızın səsini
eşitdi, amma nə dediyini anlamadı.
- Nə dedin? - deyə soruşdu.
Bu göygöz qızın bütün sinifdə dərs
gedə-gedə nə üçün məhz ona müraciət
etməsi Həsəni çox da düşündürmədi. O, bunu unutdu. Qız
isə elə bil, zəli kimi ona yapışmışdı,
dediyini unutmaq istəmirdi. Tənəffüs zamanı
Gülzar yenə ona yaxınlaşdı:
- Sənin
adın Həsəndi. Mən səni
tanıyıram. Sən məni
tanımadın?
Həsən ətrafına göz gəzdirib
yaxasını bu göygöz qızdan qurtarmaqçün tez
bir yalan uydurdu.
Əlbəttə ki, o siniflərindəki
oğlanların diqqətini cəlb etməkdən utanır və
göygöz Gülzardan aralanmaq üçün bəhanələr
axtarırdı. Bəhanə
tapılmadı və Həsən, Gülzara heç bir cavab
vermədən, nə sənə, nə mənə,
dalını qıza çevirib məktəb həyətindəki
tut ağacının altında bi-birilə söhbət edən
oğlan uşaqlarının yanına qaçdı.
Uşaqlarla
ağacdan tut dərib şirin-şirin yediyi zaman qəflətən
hiss elədi ki, arxasında kimsə durub. Çönüb
gördü, bu yenə də göygöz Gülzardı.
Qız eləcə səssiz-səmirsiz nə
vaxt idi ki, gəlib bunun arxasında dayanıb durmuşdu.
Yavaşca Həsənin qolundan çəkdi.
- Sən
məni tanımadın?
Uşaqlar tutu buraxıb maraqla onlara tamaşa edirdi. Həsən az
qala qulaqlarının dibinəcən qızarmışdı.
Yalandan
gülə-gülə bərkdən dedi:
-
Tanıdım, göygöz Gülzarsan. Sənin
adın göygözdü, göygöz. - Həsənin
kallaşmış səsində kinayə var idi.
Qız susdu. Başını yerə dikdi, elə bil,
gözlərini o biri uşaqlardan gizlətmək istədi.
Bir söz demədən pərt halda geri
dönüb sinfə getdi. Oğlan
uşaqları yüngülvari gülüşüb heç
nə olmamış kimi yenə də tuta daraşdılar.
Həsən özünü itirmişdi. Əvvəlki
namünasiblik oğlanların yanında bu balaca qızın
onunla köhnə tanışlar kimi
danışığına görə idisə (bundan isə
o özü də bilmədi ki, niyə utanmışdı),
indiki namünasiblik qızın özünə görə
idi. O, başa düşürdü ki, qızı
xınc eləyib. Həsən başını
aşağı dikmiş halda sinfə getdi. Məktəbin gözətçisi (həm də
xidmətçisi) Ələmdar əmi əlindəki dinyə
ilə eyvanda divardan asılmış dəmir lövhəni
döyəcləməyə başladı. Bu o demək idi ki, dərs başlayır və həyətdəki
uşaqlar sinif otağına keçməlidirlər. Həsən
dərs boyu çalışdı ki, göygöz Gülzara
sarı baxmasın və buna nail ola bildi. Amma nəydisə, Həsənin ürəyi bərk
sıxılırdı və özü də bilmirdi ki, bu niyə
belədi. Gülzarın da ürəyi
sıxılırdı, amma o bilirdi, bu niyə belədir -
Gülzar özünü dünyanın ən bədbəxt
adamı sayırdı.
O biri
günlər Həsən bu qızdan qaçdıqca
qaçdı. Gülzar bir də
gözünü açıb gördü ki, yeddinci sinfə
gəlib çatıblar və ürəyində Həsən
adlı bu qaraqaş, uzun boylu oğlandan başqa heç kimə
və heç nəyə yer yoxdur. Səhər
yuxudan duranda hələ gözlərini açmamış Həsənin
surəti gəlib dururdu gözünün qabağında.
Gecə yuxuya gedərkən gözlərini yuman
kimi yenə də haman çatmaqaş Həsən gəlib
girirdi beyninə. Gündüzlər də ki,
öz yerində. Həsəni hər
gün məktəbdə görürdü, amma nə
özü ona bir söz deyirdi, nə də ondan bir söz
eşidirdi. Birinci sinifdəki "göygöz"
gəlməsi onun ürəyini yüz yerdən
yaralamışdı.
Günlərin
bir günü (bu hadisə onlar yeddinci sinifdə oxuduqları
zaman baş verdi) elə oldu ki, bu ikisi məktəbə
hamıdan tez gələsi oldular. Həsən
sinif otağına gircək gördü ki, Gülzar artıq
öz yerində oturub. Dərsin
başlanmasına yarım saat qalırdı. Gülzarla ondan başqa otaqda heç kəs yox idi.
Bir istədi, dönüb sinifdən
çıxsın getsin məktəb həyətinə və
Gülzarla tək qalmaq məşəqqətindən
canını qurtarsın - amma, nədənsə, bunu etmədi.
O da keçib öz yerində oturdu və dodaqaltı salama bənzər
bir şey mızıldadı.
Qız gözünü yazı taxtasına dikib
maddım-maddım baxmağında idi. Güya ki,
yazı taxtasında həyatı vacib məsələləri
yığıb yazmışdılar, bu da onları
oxumasaydı, dünya-aləm bir-birinə
qarışacaqdı. Amma əsas məsələ
yazı taxtasında deyildi.
Həsənin gəlişi onun qəlbini
yerindən oynatmışdı. Gözü
yazı taxtasında idi, bütün fikri-zikri Həsənin
yanında.
Həsən özü də bilmədi, necə oldu ki,
çevrilib ondan iki parta arxada oturan Gülzara sarı
baxdı. Gülzar əynində çil-çil paltar,
başında güllü yaylıq gözlərini yazı
taxtasından ayırıb o da səssiz və məlul halda
sual və təəccüb dolu baxışını Həsənin
üzünə dikdi (yəni, "nədi, nə olub?").
Bir müddət Gülzar susdu, Həsən
susdu, eləcə baxışlar baxışa calandı.
Handan-hana Həsəndən zəif bir səs
çıxdı:
-
Gülzar... - deyə Həsən qızın adını
çəkdi. Bu, müraciət deyildi, eləcə,
Həsən, sanki qızın adını səsləndirib
eşitmək istəyirdi.
- Həsən...
- Gülzarın da səsində eyni istək var idi.
Hər ikisi, elə bil, yuxuda idi, bir-birlərini həm görürdülər,
həm də görmürdülər. Gözlərinin
qarşısından kino lenti kimi illər uzunu məktəbdə,
küçədə bütün
qarşılaşdıqları səhnələr gəlib
keçdi. Bir-birindən
qaçdıqları, bir-birinin üzünə baxmaq istəmədikləri
anlar canlandı. İndi isə bir-birilə,
sanki ilk dəfə idi baxışırdılar. Həsən bu yeniyetmə yaşına qədər
hələ bu gözəlliyində qız görməmişdi.
Yəni bu haman göygöz Gülzar idi?! Buna inana bilmirdi. Axı bu qız gecələr
yuxularına girən haman qız idi, yəni
o qız Gülzar idi?! Şübhə
qalmamışdı - bəli, o qız Gülzar idi.
Özü
də böyümüş, ətə-cana gəlmiş
Gülzar! Qız kimi qız, qadınlığın
astanasına yaxınlaşmış, gözlərinin dibində
sirr (sirr içində sirr), yanaqları allanmış, sinəsi
qabarmış, ay üzündə zənəxdanı olan
Gülzar! Gözlərini qaçırmağa
çalışan, amma bacarmayan Gülzar! Min ilin həsrətlisi
Gülzar! Bu tərəfdən Gülzar da
deyilmiş halda Həsənə baxır, baxır, doymurdu.
Gözlərinin dibi yaşlanmadımı,
yaşlandı. Bir anın içində
Gülzar bütün umu-küsüsünü Həsənə
bağışlamadımı, bağışladı. Gülzarın üzünü təbəssüm
bürüdü. Beləcə, bu ikisi
qarşı-qarşıya, nəfəs-nəfəsə,
göz-gözə durub dayandılar. Həsən
titrək əlini qıza uzatdı və Gülzarın titrək
(və tərli) əlindən tutdu. Gülzar
əlini qaçırmadı.
-
Gülzar... - Həsənin təkrar
pıçıltısı bütün bu illər ərzində
dilinə gətirmədiyi "Gülzar"ları öz
içinə yığıb gizlətdı.
- Həsən...
- Gülzarın pıçıltısı bütün bu
illərin qəlb döyüntülərini öz içinə
yığdı.
Hər şey belə başladı. Buna biz ilk məhəbbət
də deyə bilərik. Və indi Həsən müəllim
o uzaq zamanda sinif otağında baş vermiş haman
unudulmaz üzbəüz görüşü
xatırladıqca hiss etdi ki, gözləri yaşla dolur,
boğazına qəhər gəlir.
Davamı
gələn sayımızda
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.-S.16-17.