Cümhuriyyətin qəmli hekayələri
Cümhuriyyətimiz 101 yaşında...
"Taxt-tac" oyunlarının son seriyasında
kral seçkisindəki
çıxışı xatırlayıram:
"İnsanları
nə birləşdirir? Ordular? Yoxsa altunlar? Bəlkə bayraqlar?
İnsanları hekayələri birləşdirir.
Yer üzündə hekayədən
güclü heç nə yoxdur. Onun qarşısını heç
nə ala bilməz.
Heç
bir düşmən ona qalib gələ
bilməz".
Və Cümhuriyyətimizin
qəmli hekayələri
var.
Məhz buna görə də Cümhuriyyət əbədi
olacaqdır.
Bu hekayələrin
ikisini danışmaq istəyirəm.
Rəhim bəy Vəkilov Səməd Vurğunun da daxil olduğu
məşhur Vəkilovlar
nəslinin nümayəndəsidir. Cümhuriyyət qurulanda Rəhim bəyin cəmi 20 yaşı vardı.
Rəhim bəyin böyük bacısının əri
məşhur yazıçımız
Abdulla bəy Divanbəyoğludur. Divanbəyoğlu onun təhsilinə ciddi əhəmiyyət verirdi. Bakıda Realnı Məktəbdə
Rəhim bəyi də o oxutdurmuşdu.
Rəhim
bəy nəinki gənclik, hətta yeniyetməlik illərindən
siyasi proseslərə
qoşulmuşdu. 1918-ci
ilin əvvəllərindən
Müsavat partiyasının
üzvü idi. Zaqafqaziya Seyminə də üzv seçilmişdi.
Seymin Azərbaycan fraksiyasına
Divan rəhbərlik edirdi.
Divanın rəhbəri Məhəmməd
Əmin, müavini Nəsib bəy Yusifbəyli, katibi isə Rəhim bəy Vəkilov idi.
Azərbaycan tariximizin ən şanlı sənədlərindən
biri olan İstiqlaliyyət Bəyannaməsini
də öz qələmi və öz əli ilə Rəhim bəy qələmə almışdı.
ADR elan olunduqdan sonra Rəhim bəy parlamentə üzv seçilir.
Yenə xatırladıram, 20 yaşı
vardı.
Qədim parlament ənənələrinə
görə, parlamentin
ən gənc üzvü ilk iclasda katib funksiyasını yerinə yetirmişdi. Onun qohumu
olan Mustafa bəy Vəkilov da 23 yaşında ADR-in Daxili işlər naziri təyin edilmişdi.
Rəhim bəyin gözəl qələmi də vardı. Tez-tez Üzeyir bəyin
rəhbərlik etdiyi
"Azərbaycan" qəzetinə
məqalələr yazırdı.
ADR-in süqutundan sonra da Rəhim
bəy mübarizədən
kənarlaşmadı. Müsavat partiyası gizli fəaliyyətə keçdikdə
onun liderlərindən
biri də Rəhim bəy idi. Məhəmməd Əminin Peterburqdan
qaçışını təmin edən üç nəfərlik
qrupun bir üzvü də Rəhim bəy oldu. Sovet hakimiyyəti Rəhim
bəyin gizli fəaliyyətindən şübhələnirdi.
Rəhim bəy BDU-ya daxil oldu, eyni
zamanda Bakı-Culfa dəmir yolunda məmur işləməyə
başladı. Amma əsl işi,
əlbəttə ki, Müsavatdakı fəaliyyəti
idi. Tezliklə işin üstü
açıldı. 1923-cü
ildə onu istintaqa cəlb etdilər.
Rəhim bəy istintaqda müsavat və gürcü menşevikləri
arasında aparılan
danışıqlarda iştirak
etdiyini etiraf etdi. Onu sürgünlə
cəzalandırdılar, iki
il sürgündə
oldu, sonra amnistiyaya düşdü.
Sürgündən qayıtdıqdan
bir az
sonra, 1926-cı ildə
yenidən həbs olundu. Səkkiz il Solovki
adasında sürgündə
qaldı. Sürgündə böyük gürcü
yazıçısı Qamsaxurdiya
ilə dostluq etdi. Cəza müddəti bitdikdən
sonra ona Bakıda yaşamağa icazə vermədilər.
Tiflisdə yaşamağa məcbur
oldu.
Və elə 1934-cü ildə...
İstiqlaliyyət Bəyannaməsini yazdığı Tiflisdə,
Kür çayının
körpüsündə intihar
etdi. Ölümündən qabaq əmisi
qızı Mədinə
xanım Qiyasbəyliyə
vida məktubu yazdı. Əmisi qızına çox
dərin və ülvi hisslərlə bağlandığı deyilir.
Bu sevgi daşa
dəymişdi (Mədinə
xanım da dörd il sonra,
1937-ci ildə həbs
olunaraq güllələndi).
Və Azərbaycanda
Sovet hakimiyyəti möhkəmləndikcə bir
çoxları kimi Rəhim bəyin də ümidləri tükənmişdi.
İntihar edəndə 36 yaşı
vardı və bu 36 ilin hər
bir günü Vətənə, xalqa xidmətlə keçmişdi.
***
Söhbət iki qardaşdan gedir.
Onlar təkcə
məslək yox, həm də qan qardaşı idilər.
Hadisə Məmmədbağır bəy
və qardaşı Nağı bəy Şeyxzamanlı arasında
baş verib.
Məmmədbağır bəy böyük qardaşdır.
1880-ci ildə Gəncə
şəhərində anadan
olub.
1919-cu ilin iyun ayında
Azərbaycan Demokratik Respublikasının milli hökuməti tərəfindən
təsis edilən xüsusi
xidmət orqanının
- "Əksinqilab ilə
mübarizə təşkilatı"nın
rəisi təyin olunub.
Bir müddət
bu vəzifədə işlədikdən sonra, Azərbaycan Demokratik Respublikasının ilk parlamentində
"Müsavat" fraksiyasının
üzvü kimi siyasi fəaliyyəti ilə əlaqədar
1919-cu ilin avqust ayında öz ərizəsi ilə tutduğu vəzifədən
azad edilib.
Vəzifəsini qardaşına həvalə
ediblər, Nağı
bəyə.
Məmmədbağır bəy isə deputat kimi fəaliyyət
göstərib.
Aradan ağır
aylar, illər keçib.
Müsavat hökuməti süqut edib.
Məmmədbağır bəy həbs edilib.
Azadlığa çıxması üçün
şərt qoyulub:
"Qardaşın gəlib
təslim olsun, səni azad edək".
Nağı bəy ADR-in xüsusi
xidmət orqanının
rəhbəri kimi bolşeviklərin heç
sevmədiyi bir adam idi.
Çünki bolşeviklərin gizli fəaliyyətini izlətdirirdi.
Onları daim nəzarət altda saxlayırdı.
Bu, əlbəttə ki,
onun vəzifə borcuydu.
Beriya da Nağı bəyin rəhbərliyi altında,
xüsusi xidmət orqanında şöbə
müdiri kimi çalışmışdı.
Bolşeviklərin Nağı bəyi axtardığı bir zamanda Nağı bəy də gizlənirdi.
Qardaşının başına gələnləri
öyrənir və təslim olmağa qərar verir.
Təki qardaşını buraxsınlar.
Özü öz ayağı ilə Çekaya gəlir.
Məmmədbağır bəy onu yuxarı
mərtəbədəki kamerasının
pəncərəsindən görür.
Pəncərəyə çıxıb
qışqırır: Qaç,
get burdan Nağı. Mənə heç nə edə bilməzlər.
Qaç, get Gəncəyə".
Nağı bəy qardaşının
səsini eşidir, amma qayıdıb getmək istəmir.
Bu anda bəlkə
heç filmlərdə
də görmədiyimiz
dramatik bir hadisə baş verir.
Məmmədbağır bəy deyir: "İçəri
girsən özümü
pəncərədən atacam.
Qaç,
get burdan".
Nağı bəy bu sözlərdən
sonra çıxıb
gedir.
Gizli yollarla Gəncəyə, ordan Tiflisə qaçır.
Türkiyədə, Amerikada yaşayır.
Çox keçmədən Məmmədbağır
bəyi bolşeviklər
güllələyirlər.
Belə
bir fəci həyat hekayəsi...
Azərbaycan Xalq Cümhuriyyəti bu cür hekayələr
sayəsində qurulmuş
və yaşamışdır.
Və bu hekayələri var olan Cümhuriyyət,
əlbəttə ki, əbədi olacaqdır...
Qan Turalı
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.2.