Müharibədən müharibəyə ədəbiyyat
Adətən Qərb və
digər hegemon dövlətlərin "podvallarında" əkilən
humanizm çiçəyi ürəyə fərəhlik gətirsə
də, sevgi deyil, xəyanət qoxusu verir.
Kütləyə təsir etmə
gücünə görə, daha çox ədəbiyyat, mədəniyyət
adamlarını əhatə edən, ən azından fərqli
yanaşmanın məşhurluq gətirəcəyi hərisliyi
satqın zehniyyət üçün heç də
vazkeçilməz deyil.
Müharibələr hər nə qədər faciələr
gətirsə də, mədəniyyət, incəsənət
abidələrini məhv etsə də kinonun, teatrın, ədəbiyyatın
ilham mənbəyi olaraq qalır. Bu sahələr bir
növ faciələrdən qidalanır. Amma
digər rakursdan bəhs edəcəyəm.
Hər bir dövlətin, millətin hər hansı
müharibəsi zamanı ədəbiyyat da hərəkətverici
qüvvəyə çevrilir. Bunsuz xalqı birləşdirmək,
qalib gəlmək çətin məsələdir. İstər müharibəyə səsləmək,
istərsə də qələbəni tərənnüm etməklə
millətin genetik yaddaşını ədəbiyyat öz əllərilə
qurur. Bəli, bu müharibə ədəbiyyatı
bəzən miflərdən, bəzənsə uydurulmuş qəhrəmanlıq
salnamələrindən ibarət olur. Tarix
başlanğıcını elə miflərdən
götürmürmü?
İstənilən halda millətin gələcək
uğurlarına, ərazi bütövlüyünə
hesablanmış bu mif ədəbiyyatların xidməti qiymətsiz
və dəyərsizdir. İstər Avropa, istər Asiya, istərsə
yaxın Şərqdəki prosesləri kənara qoyaraq bir qədər
lokallaşmağa ehtiyac var.
İkinci Dünya müharibəsi
zamanı elə Azərbaycanda Sovet rəhbərliyinin də
xüsusi nəzarəti ilə şair,
yazıçıların öz əsərlərində
xalqda ruh yüksəkliyi yaratması müharibədə
özünəməxsus yerini tutur. Böyük
Vətən müharibəsi qələbəsindən sonra isə
qələbə tərənnümləri, bir qədər
mifləşdirilmiş salnamələri bu gün də
genefondda oturuşub qalır. Halbuki, bu, Azərbaycanın
müharibəsi deyildi. Amma ədəbiyyat,
incəsənət burada mükəmməl işini görə
bilib.
Bəs müasir Azərbaycanda necə? Biz ədəbiyyatımız,
incəsənətimizlə Qarabağ həqiqətlərini nə
qədər işıqlandıra bilirik? Və
ya bu hadisələr nə qədər və hansı dərəcədə
bədiiləşə bilib?
Daha çox 90-ların yetirməsi olan gənclərdə
müasir dövrdə bu işartılar görünməyə
başlayıb. Sevindirici haldır. Baxmayaraq
ki, bu yeni gəncliyin ilham mənbəyi də 90-ların faciəsindən
qaynaqlanır. Amma fərdi faciələrin
yaratdığı ədəbiyyat gələcək
ümummilli faciələrin qarşısını kəsə
bilər.
Bəzi hallarda bizim "müasir" yenilikçi
yazarlarda qəribə "humanizm" azarı duyuruq.
Dünyada yeni müstəqillik qazanmış, daha
doğrusu, Soyuq müharibədən sonra doğulan ölkələrdə
incəsənət adamlarının bəzilərində bəşəri
bir çiçək çırtlayıb cücərməyə
başlayıb. O çiçəksə kosmopolit, vətənsiz,
yalnız maddi marağa, şöhrətə, mükafatlara
köklənmiş olur.
Adətən Qərb və digər hegemon dövlətlərin
"podvallarında" əkilən humanizm çiçəyi
ürəyə fərəhlik gətirsə də, sevgi deyil,
xəyanət qoxusu verir.
Kütləyə təsir etmə gücünə
görə, daha çox ədəbiyyat, mədəniyyət
adamlarını əhatə edən, ən azından fərqli
yanaşmanın məşhurluq gətirəcəyi hərisliyi
satqın zehniyyət üçün heç də
vazkeçilməz deyil. Özünün tarixi qanunauyğunluğunu keçən
dövlətlər üçün dünya bazarında
"istedadlı", ürəyi "bəşəri sevgiylə"
dolub-daşan yazar "kruq"larını, medialarını
yaratmaq dünya düzənində öz maraqlarını
yeritməkdə önəmli rol oynayır. O dövlətlər
ki, özləri həmin vəziyyətlə üzləşdikdə
terrorizmlə mübarizə, "haqq savaşı"
uğrunda ağlagəlməyən silahlardan istifadə etməyə
hazırdır və ya istifadə edir də.
Bu gün bir çox hallarda Qarabağ ətrafında
baş verən döyüşlərdə humanizm
bayrağı altında insan sevgisindən danışanlar Qərbin,
müstəmləkəçi dövlətlərin şair və
yazıçılarının, incəsənət adamlarının
diliylə danışırlar. Əvvəla, hətta
həqiqət olsa belə torpağı işğal altında
olmayan, müəyyən siyasi gücə sahib olduğu
ölkənin yazarı təbii ki, bəşəri ilkələrdən
danışacaq, dövlətinin qol qoymadığı
bütün müharibələri insanlıq düşməni
adlandıracaq. Amma öz durumlarında,
mövzu öz dövlətinin maraqları olduğu halda nə
edirdilər? Elə bizim "humanistlərin"
istinad etdiyi şəxslərdən başlayaq.
Okean balıqları heç də dəniz
balıqlarını sevgidən udmur.
Dünyaca orta məşhurluğu olanlardan deyil, dünya
ədəbiyyatına öncüllük edənlərdən
bir neçəsinə barmaq qatlayaq.
"Səfillər" kimi böyük əsərin
müəllifi Viktor Hüqo Fransa-Prussiya müharibəsi
zamanı etdiyi çağırışları sadə, vətənsevər
bir əsgərdən seçilmir. Prussiya işğalı zamanı o, az qala ev-ev gəzərək Fransa üçün
əsgər toplayırdı. Qoy, hər bir
fransız evini qurban versin, amma bu cür rəzalətdən
xilas olaq, torpaqlarımızı işğaldan azad edək
deyirdi. Bəli, bu rahat vəziyyətdə
evdə çay içə-içə sizə pafoslu
görünə bilər, amma Hüqo bu vətənsevərliyi
hansı durumda edirdi? Bir də ona baxaq.
1851-ci ildə
Fransada İkinci respublikanın süqutu, III Napoleonun
özünü imperator elan etdikdən sonra Hüqo
Belçikaya qaçdı, bir növ sürgün, indiki
anlamıyla mühacirət həyatı yaşadı. London və digər şəhərlərdə də
yaşayan yazıçı ən böyük və
dünyada sevilən əsərlərini həmin zaman
yazdı. Eləcə də "Səfillər"i.
Nəzərə alsaq ki, Fransa imperatoru fransız
xalqını almanlar qarşısında
rüsvayçılığa düçar etmiş,
fransız xalqının qürurunu qırmışdı.
Belə çıxır ki, siyasi münasibətlərə,
bəzi xəyanətlərə görə, istedadlı kəsimlər
də Fransaya xəyanət etməli idi?
Bu cür dühanın, 20 illik mühacirətin
acığına hakimiyyətlə münasibətlərə
görə Prussiya tərəfindən döyüşməsi
lazım idi? Yoxsa, sizlər kimi işğalçı Prussiya
ordusunun əsgərlərinin də anası, bacısı,
gözləyəni var deyə, güllə atmamağa
çağırış etməli idi?
Fransa mədəniyyəti, centlmenliyi deyib keçək. Sizə
xoş olmaya bilər bunlar. Qanında
müəyyən qədər Şərq qanı axan, sevimli
şairimiz Puşkin necə? Hər nə
qədər çarizmə qarşı xoş olmayan
münasibətinə baxmayaraq, Puşkin də öz daxilində
böyüklüyünü rus imperializminə borclu sanır.
Qafqazın nə qədər yüksəkliyindən,
ucalığından bəhs etsə də, özünün
ayaqları altında olduğunu bildirən Puşkin
imperiyanı həm də özününkü, öz mənliyi
sayırdı.
Və ya Dostoyevskinin türk millətinə necə yanaşmasını
anlatmağa ehtiyac yoxdur. Bəşəri sevgidə, humanizmdə bəs,
bütün millətlər bərabər idi? Humanizmdə kiminsə kimisə kiçik görməsi
deyilən bir şey yox idi?
Çünki imperiya, dövlətin başqasıyla
savaş ortamındadırsa, bir əsgər və ya bir vətəndaş,
lap olsun, bir yazar kimi sənin mövqeyin olmalıdır. O da eynilə bu mövqeyi sərgiləyir,
hətta haqsız olmasına baxmayaraq, yenə də
özünün imperiyası sayırdı.
Tamam, oturuşmuş, min illərin yerli dövlətlərindən,
vətən anlayışı qanlarına kimi hopmuş
dünya dahilərinin fəaliyyəti,
çağırışları sizi qane etməyə bilər. Onda yeni
dünyaya keçək.
Çoxlarının, eləcə də bizim kosmopolit,
digərlərinə lağlağı, geri qalmış kimi
yanaşdığı, sığındığı
Heminquey. Bir yazarı İspaniyadakı müharibə niyə
cəlb etsin? Bir yazarın daxili dünyasından
əlavə, bu, həm də ideyalar üzərindən
qloballaşmaq üzrə olan dünyanın savaşı idi.
Bəli, yazıçı vətən
uğrunda olmaya da bilər, amma ideyası uğrunda
savaşırdı. Məhz
savaşırdı. Əlində
gül-çiçək qadın kimi araya
yaylığını atmırdı. Əmin
olun ki, onun ideyaları, ideyasının qalib gəlmək istəyi
olmasaydı, o da bəşəri sevgidən dəm
vuracaqdı. Burada məqsəd heç də
Frankoya dəstək vermək deyil. Elə
Heminqueyin dəstəklədiyi qüvvələr də
Frankodan fərqli olmayaraq, 300-400 min aralığında
ispanı öldürmüşdü. Onlar
heç də hamısı döyüşçü deyil,
bir çoxu dinc sakinlər idi.
Dünya savaşında və digər önəmli
savaşlarda hər tərəfdən şair,
yazıçıların cəbhəyə cəlb edilməsi,
öndə və arxada ruh yüksəkliyi uğrunda
çalışması heç də hamısı məcburi
deyil. Şair, yazıçı əsərlərində ən
öndə məsələ kimi insanlığı və
humanizmi qoymalıdır. Amma bu, əməli
fəaliyyətdə, çağırışlarda xəyanət
rolunu oynamalı deyil. O, həm də vətəndaşdır!
Yalnız
bir neçə sərfedici misal göstərə bilərlər
ki, o da öz ölkəsindən minlərlə km uzaqda
bütün dünyanın qəbullandığı
işğala görə ola bilər. Məsələn,
Vyetnam, Əfqanıstan kimi.
Bütün bunları qeyd etməklə bərabər həddən
ziyadə pafoslu, qulaqbatırıcı bayağılıqdan
da uzaq durmalıyıq. Ötənlərdə tədbirlərdən birində gəncimiz
şeir oxuyurdu. Təxmini belə idi: Vətənin bir
qarışı getsə, özümü öldürərəm,
düşməni məhv edərəm və s.
Barmağımı dişlədim. Görəsən,
bu gənc Azərbaycan torpaqlarının 20%-nin
işğalından xəbərsizdi? Hansı
bir qarışdan danışır? Bəlkə
yuxudadır, ya da vətən deyərkən
çıxış etdiyi tribunanı nəzərdə tutur.
Sadəcə, bu şair, yazıçılar "tribuna
vətən"indən azad olmalıdır.
Fransız ədibi Mopassanın "Gombul" əsəri
hamımıza tanışdır. Əsərdə
Fransa-Prussiya müharibəsi zamanı alman əsgərlərinin
Fransada işğal zamanı əməllərindən bəhs
edir. Müəllif hər nə qədər
ölkəsindəki sosial problemləri, bəzi vətənsevərlərin
əslində bu şüarları qazanc mənbəyinə
çevirməsindən bəhs etsə də, daxilindəki
fransız qanı, Fransa torpağına olan sevgi onu dinc
buraxmır.
Fransız fahişəsi qəhrəmanlığın,
vətənsevərliyin zirvəsinə qaldırılır. Ölkədəki
bütün problemlərə, haqsızlığa baxmayaraq, əxlaqsız
fransız qadınının içində belə, vətəninə
sevgi var. Fransız qanına hörmət və sayqı duyur.
Dünya ədibləri öz əxlaqsız
qadınından belə vətənsevər, qəhrəman
düzəldərkən biz gerçək Qarabağ qəhrəmanlarımızdan
nə qədər ədəbiyyatımızda yararlana bilirik? Onları nə
qədər bədiiləşdirə bildik? Məsələ də bundadır.
Tək Aprel hadisələri bizim üçün ən
azından yeni salnamələrin
başlanğıcıdır.
Emin PİRİ
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.3.