Şəxsiyyəti
örnək olan
İlyas Əfəndiyev-105
1970-73-cü
illərdə Dəməşqdə hərbi dilmanc işləyərkən
Suriya romanı mövzusunda elmi işimlə bağlı
ölkənin mədəniyyət mərkəzinin müdiri,
yazıçı, "Torpağın duzu"
romanının müəllifi Saleh Dəhni ilə
görüşəndə, o, xalq yazıçısı
İlyas Əfəndiyevin yaradıcılığı ilə
maraqlanmışdı. Onun sevimli yazıçım
olduğunu demişdim, əsərləri haqqında gərəkən
məlumatları vermişdim, Azərbaycan
yazıçısını hardan
tanıdığını soruşmuşdum. Saleh Dəhni
ölkənin nüfuzlu qəzetində ərəbcə dərc
olunmuş "Qırçı və qırmızı
çiçək" hekayəsini mənə uzadıb
demişdi:
"Çox
gözəl hekayədir, ustalıqla yazılmışdır.
Elə bu hekayədən görünür ki, nəsrdə
bizdən xeyli qabaqdasınız"...
Həmin
qəzeti Bakıya göndərməsəydim, bəlkə də,
müəllifin bundan xəbəri olmayacaqdı... Onun əsərləri
özünün xəbəri olmadan, beləcə xarici
ölkələrdə nəşr olunurdu.
İllər
sonra ikinci müsahibəni götürərkən bir daha yəqin
oldum ki, xalq yazıçımızın əsərləri
xarici oxucular tərəfindən də sevilir; istər ərəb,
çex, bolqar, ingilis, istərsə də rus, Ukrayna, eston, Litva
oxucusu olsun... Orta Asiyadan, Baltik sahillərindən, Uzaq Şərqdən
və başqa yerlərdən gəlmiş yüzlərlə
məktubda oxucular yazıçının
yaradıcılıq laboratoriyası ilə maraqlanır, onun qəhrəmanları
ilə mübahisəyə girişir, kimisi də sadəcə,
öz ürək sözlərini, sevincini, kədərini
yazıçı ilə bölüşürdü.
Mən
böyük yazıçımızı 14 yaşımda -
ötən əsrdə, 50-ci illərin sonlarında "kəşf"
etmişəm. Bu "kəşf" onun yenicə çapdan
çıxmış "Söyüdlü arx" romanı
ilə olmuşdu. Bizim kənd kitabxanasında bu romana həsr
olunmuş oxucular konfransında əsas məruzə mənə
tapşırılmışdı.
Tarix
müəllimi olan atam kiçik yaşlarımdan məni bədii
ədəbiyyat oxumağa alışdırmışdı. Kənd
kitabxanalarında olan bütün kitabları -
yazıçılarımızın əsərlərini,
dünya ədəbiyyatından dilimizə çevrilmiş bədii
əsər nümunələrini hələ uşaq vaxtı
oxumuşdum. O sürələrdə kəndlərimizdə
televizor nədir, heç radio da yox idi, dünyaya ancaq bədii
ədəbiyyat vasitəsilə baxırdıq. Viktor
Hüqonun "Səfillər"ini beşinci sinifdə
oxumuşdum. Amma öz oxucularını hadisələrin, macəraların,
fantastik və detektiv olayların arxasınca aparan əsərlərin
heç birindən "Söyüdlü arx"ın mənə
verdiyini almamışdım.
"Söyüdlü arx"da dopdolu, qaynar yaşam vardı.
Qəhrəmanlar, digər surətlər mənə doğma
idi, sətirlərdən, sanki bir enerji qalxıb mənə
sirayət edirdi. O zamanlar bunun nə olduğunu
qavramırdım, "xoşuma gəlir" kimi
anlayırdım, "niyə?, nə üçün?"
suallarını da özümə vermirdim. Sonralar İlyas
müəllimlə görüşüb müsahibə
götürəndə "yazıçı səmimi
olmalıdır" sözləri açıq qalmış
sualların cavabını verdi.
Bizim nəslin
oxucuları yalançı sovet "gerçəkliklər"ini
mənsəb üçün, bəzi hallarda Hüseyn Cavid,
Mikayıl Müşfiq aqibətini yaşamamaq
üçün tərənnüm edən
yazarlarımızın əsərlərində yuxarıda
işarə olunan "yazıçı səmimiyyəti"ni
tapa bilmirdilər... Ona görə təlqin etdiklərini yeni nəsil
oxucularına yedizdirə bilmirdilər... Necə ki, kimyəvi
maddələrlə yetişdirilmiş buğdaya göyərçinlər,
almaya siçanlar yaxın durmurlar.
İlyas Əfəndiyev
sovet realizmini, "ədəbiyyat partiyalı
olmalıdır" prinsiplərini qəbul etmirdi. Amma o,
realist novator yazıçı idi. Buna görə də, ilk
tamaşaçılarından olduğum "Sən həmişə
mənimləsən" dram əsəri dövrün ədəbi
hadisəsi olaraq tək Azərbaycanda deyil, Sovetlər Birliyi
ölkələrinin ictimaiyyəti arasında da geniş
müzakirələrə səbəb oldu. O dönəmlərdə
Moskvada çıxan "Radio və televiziya" jurnalında
verilmiş maraqlı yazıda göstərilirdi ki, paytaxt
teatrında səhnəyə qoyulmuş "Sən həmişə
mənimləsən" Moskva radiosu ilə translyasiya edildikdən
sonra redaksiya 200-dən çox məktub alıbdır.
Bunlardan xeylisi xarici ölkələrdən gəlibmiş.
Buna görə də jurnal bu məktubların təhlilinə
ayrıca məqalə həsr edərək, əsərin belə
təsir gücünə malik olmasının səbəblərini
göstərirdi. Yazıçı bu əsəri ilə Sovet
ideoloqlarının ədəbiyyat üçün,
yaradıcı adamlar üçün cızdığı dairədən
qırağa çıxmışdı, o dövr
üçün cəsarətli fikirlər səsləndirmişdi.
Ona görə də bütün İttifaq
ziyalılarının ürəyindən xəbər
vermişdi.
Universitet
tələbəsi olarkən, nəşr olunan bütün bədii
əsərləri oxuyardım, həvəskar kimi kiçik
hekayələr yazardım. Ancaq o dönəmlərdə
İlyas Əfəndiyevi kumirim hesab etmirdim, özümü
ona bənzətmək ağlıma da gəlmirdi. Ən
azından ona görə ki, heç "kumir" terminini əməlli-başlı
bilmirdim, filoloq kimi yox, şərqşünas kimi
yetişirdim. İllər keçdikdən sonra anladım ki,
bu böyük yazıçının əsərləri və
şəxsiyyəti, özüm də bilmədən, mənim
kumirimə çevrilibmiş. İlyas Əfəndiyev nadir
şəxsiyyətlərdən idi, ona edilən basqılara
baxmayaraq nə kommunist olmuşdu, nə də əsərlərində
kommunist ideologiyasını yerli-yersiz, şit-şit təbliğ
edirdi. Əksinə, "Xan qızı Natəvan" təki
əsərlər yazırdı, ictimaiyyətin diqqətini
xalqımızın tarixinə, Qarabağa yönəldirdi.
Böyük
yazıçımızdan ilk müsahibəmi 1964-cü ilin
dekabrında, Yeni il münasibətilə tələbəykən
işlədiyim universitet qəzeti üçün
götürmüşdüm. O, universiteti
"yazıçı üçün böyük
auditoriya" adlandırmışdı. İkinci müsahibəni
isə 1982-ci ildə "Bakı" qəzeti
üçün götürmüşdüm. Müsahibədəki
bəzi cavablar indiki dönəmdə də
aktuallığını itirmədiyi üçün onu
olduğu kimi vermək istəyirəm.
-
İlyas müəllim, sizin əsərlərinizin oxunaqlı
olmasının, yaş fərqindən asılı olmayaraq,
geniş tamaşaçı, oxucu kütləsi tərəfindən
sevilməsinin sirrini nə ilə izah etmək olar? - deyə
soruşuram.
Yazıçı
bir az duruxub deyir:
- Çətin
sualdır. Ancaq onu deyə bilərəm ki, hər nə
yazıramsa, səmimi yazmağa çalışıram.
Mütəəssir olduğum hadisələri qələmə
alıram. Duyduğum və duyaraq təsəvvür etdiyim həyati
təsvirə cəhd edirəm. Yazıçının
birinci meyarı səmimiyyətidir, yazıçının
ürəyidir! Yazıçı ürəyi,
yazıçı səmimiyyəti onun istedadıdır. Əgər
əsərdə səmimiyyət, təbiilik yoxdursa, demək,
istedad da yoxdur və yazılmış əsər heç bir
təsir gücünə malik ola bilməz.
Növbəti
sualımı məni həmişə düşündürən
bir məsələ ilə bağlayıram:
-
Müasir Azərbaycan ədəbi, yazı və
danışıq dilinin bəzi məsələləri haqda
son zamanlar çox mübahisə gedir. Bu barədə sizin
fikriniz necədir?
- Dilin
inkişafı xalqın inkişafı ilə
bağlıdır. Bizim qədim tarixə malik ədəbi
dilimiz inqilabdan sonra çox saflaşmış,
cilalanmış və zənginləşmişdir. Lakin bu sahədə
hələ bəzi qüsurlar vardır. Xüsusən, bəzi
gənc yazıçılarımızın dilində məhəlliçilik
hallarına rast gəlirik ki, bu, çox ciddi nöqsan kimi pislənilməli,
rədd edilməlidir.
Bəzən
görürsən ki, yalnız obrazlar deyil, müəllif
özü də müəyyən bir rayonun, ya mahalın yerli
şivəsində yazır və çox zaman da digər
rayonlardan olan adamların başa düşmədikləri
sözlər, ifadələr işlədir. Belə vəziyyətlə
mübarizə lazımdır!
Mirzə
Fətəlidən bəri bizim istedadlı
yazıçılarımız vahid Azərbaycan ədəbi
dilinin əsl yaradıcıları olmuşlar. Dildə məhəlliçilik
heç də xalq dilinə yaxınlıq demək deyil, əksinə,
vahid ədəbi dilimizi parçalamaq,
saxtalaşdırmaqdır. Xalq danışığında
olan gözəl sözləri, ifadələri ədəbi dilə
gətirmək, əlbəttə ki, lazımdır, lakin
yazıçı bunları həm yerində və həm də
elə məharətlə işlətməlidir ki, hami tərəfindən
başa düşülsün, hamı üçün
maraqlı görünsün. Xalq dilindən lazımınca bəhrələnmək
ədəbi dilin daha zəngin, daha poetik olmasına xidmət
edər.
Bir zaman gənc
nasirlər arasına dəb düşmüşdü:
heç dəxli olmadığı halda, yerli-yersiz
bütün mübtədalar axıra keçirilirdi. Niyə?!
Hətta müəllifin dilində də məsələn,
"bunlar" əvəzinə "munlar", "səndən"
əvəzinə "sənnən", "işləyirəm"
əvəzinə "işdəyirəm"
yazılırdı və s. Bu, novatorluğun nə demək
olduğunu anlamamağın nəticəsidir. Dərin və sərrast
ifadə qüdrətinə, poetik gözəlliyə malik bədii
dil yazıçı istedadının əsas
meyarlarındandır. Dilimizin saflığını qorumaq,
onun zənginliyinə çalışmaq qəzet, jurnal
redaksiyasının, hər bir qələm sahibinin borcudur. Bu cəhətdən
"Ozan"ın fəaliyyəti təqdirəlayiqdir.
"Ozan" xalqımızın zəngin folklorundan məharətlə
istifadə edir, əsl ümumxalq dilində danışır.
Mən istərdim ki, televiziyanın digər redaksiyaları da,
qəzetçilərimiz də dil məsələsinə diqqəti
daha da artırsınlar.
- Sizin bir
fikrinizi də bilmək istərdik. Son zamanlar tarixi romanlar
yazmağa meylin güclənməsi barədə nə deyə
bilərsiniz?
- Tarixi
roman yazmaq müsbət hadisədir, həm də çox
lazımlıdır. Təəssüf ki, tariximiz ədəbiyyatda
öz əksini zəif tapmışdır. Tarixi roman
yazmağın məsuliyyəti böyükdür. Həm də
bu, zəhmətli işdir. Zəhmətlidir, ona görə
ki, gərək yazdığın dövrün tarixini dərindən,
özü də bütün incəliklərinə qədər
öyrənəsən, hətta mən deyərdim ki,
tarixçilərdən də artıq biləsən. Eyni
zamanda yazıçı gərək tarixi yalnız öyrənməklə
kifayətlənməsin, onu duymağı, ona müasir
gözlə baxmağı da bacarsın. Demək istəyirəm
ki, yazıçı tarixi əsər yazanda da bir an belə
müasir olduğunu unutmamalıdır! Təsadüfi deyil
ki, Sov. İKP MK Siyasi Bürosu
üzvlüyünə namizəd, Azərbaycan KP MK-nın
birinci katibi H.Ə.Əliyev yoldaş öz
çıxışlarında
yazıçılarımıza xalqımızın
keçmişini layiqincə
işıqlandırmağı
tövsiyə edir.
- Sonuncu, ənənəvi
sual: nə üzərində işləyirsiniz? Qoca yenə
geriyə baxacaqmı, Muradın sonrakı həyatını
danışacaqmı? - deyə
onun oxucular tərəfindən rəğbətlə qarşılanmış,
yüksək sənətkarlıq və səmimiyyətlə
qələmə alınmış "Geriyə baxma,
qoca!" romanına işarə vururam.
Xalq
yazıçısı gülümsəyib:
- Murad
kimi qocalar hələ çox olacaq və onlar tez-tez geriyə
boylanacaqlar. Bu bir. Sualınızın ikinci hissəsini isə
sirr saxlayıram. Çünki yazıçı
laboratoriyası sirli-soraqlıdır. Hər halda
oxucularımı intizarda saxlamaram. Sağlıq olsun.
Xalq
yazıçımızın əsərləri, şəxsiyyəti
haqqında düşündüklərim, demək istədiklərim
belə kiçik yazılara sığmaz. Onun çox qələm
sahiblərinə örnək olmuş əyilməz şəxsiyyəti
ayrıca araşdırma mövzusudur. Bir faktı təkrarlayım
ki, İlyas müəllim sona qədər məğrurluğunu
saxlamışdır, nəyə görəsə heç
vaxt heç kimin qarşısında əyilməmişdir.
Onunla həmsöhbət olan, ata yurdunda doğulmuş həkim,
şair və yazıçı Yusif Əhmədov
danışırdı ki, bir gün İlyas müəllimlə
görüşəndə bərk əsəbiləşmişdi.
Səbəbi bu imiş ki, Əbdürrəhman Vəzirov
hakimiyyətə gətiriləndən sonra
yazıçıdan onu dəstəkləməyi, Heydər Əliyevin
əleyhinə bir dram əsəri yazmağı, ona
qarşı yaratdığı dəstəyə qoşulmağı
təklif edir. İlyas müəllim bu təklifdən qəti
şəkildə imtina edib, Vəzirovun ünvanına söylədiyi
sərt sözləri də ona çatdırmağı tələb
edir: "Sən kimsən ki, mən və oğlanlarım sənin
arxanca gedək!..".
İlyas Əfəndiyev
bəy nəslindən idi və o ağır illərdə də
bəyliyini saxladı, onun əsil-kökünü sinfi
düşmən sayan, ata-baba evlərini yağmalayıb əllərindən
almış kommunistlərin partiyasına girməmişdi. Millətinin
vurğunu idi, əsərlərində gəncləri doğru
yola yönləndirmək üçün həm də Sovetlər
dönəmində açıq deyilməsi olumsuz olan sətiraltı
mənalar çoxdur. Ondan müsahibə alarkən işlətdiyim
"ağsaqqal" sözünə kəskin etiraz etdi və
dedi ki, rus və ermənilər bu sözü təkəsaqqal
fotolar verərək, bizim və Orta Asiya xalqlarının
ünvanına istehza ilə işlədirlər.
Moskvadan ona
yüksək mükafat verilmək ərəfəsində
baxıb görürlər ki,
Sovetlər birliyinin məşhur yazıçısı
partiyaçı deyil. O zamankı Azərbaycan rəhbərliyi
- ulu öndər Heydər Əliyev Kremlə belə cavab
vermişdi: "O, bitərəf
yazıçıdır".
Mən təsəvvür
edirəm, böyük yazıçı tərəfsizliyini, əqidəsini,
xalq arasında deyildiyi təki, kişiliyini saxlamaq
üçün hansı basqılara məruz
qalmışdı, nələrə dözmüşdü...
Sovet dönəmində işlədiyim mətbuat orqanında
məni istəməyənlər iclaslarda barmaq uzadıb
deyirdilər: "Bu, partiya mətbuatıdır, niyə
kommunist olmaq istəmirsən?".
Ötən
əsrin 50-60-cı illərində bədii nəsrimizə
yeni nəfəs gətirmiş novator yazıçı
ölməz əsərləri ilə yanaşı,
özündən sonra ədəbiyyatımıza dəyərli
qələm sahibləri ilə də öz töhfəsini
qoyub getmişdir: çağdaş bədii nəsrimizdə
tam fərqli cığır açmış xalq
yazıçısı Elçin, görkəmli şairimiz
Çingiz Əlioğlu, dramaturgiya tariximizə aid sanballı
əsərlərin müəllifi, teatr kadrlarının
yetişdirilməsində dəyərli xidmətləri olan
Timuçin Əfəndiyev...
Fazil Güney
Ədəbiyyat qəzeti.- 2019.- 25
may.- S.4-5.