Milli Kitabxanada “İlyas Əfəndiyev-105” adlı
elektron məlumat bazasının təqdimatı
olub
Mayın
23-də M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasında görkəmli
dramaturq, Xalq yazıçısı İlyas
Əfəndiyevin anadan
olmasının 105 illiyi
münasibətilə “İlyas
Əfəndiyev-105” adlı elektron məlumat bazasının təqdimatı
olub.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət
Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı
ilə reallaşan tədbirdə tanınmış
elm adamları, ziyalılar
və ictimaiyyət nümayəndələri iştirak
ediblər.
Milli Kitabxananın
direktoru Kərim Tahirov görkəmli yazıçının həyat
və yaradıcılığı
haqqında məlumat verib, onun Azərbaycan
ədəbiyyatının inkişafındakı
xidmətlərindən danışıb. Bildirilib ki,
İlyas Əfəndiyevin
1939-cu ildə nəşr
edilmiş “Kənddən
məktublar” kitabı
ədəbiyyatımızda sonralar məşhur
60-cı illər deyilən
ədəbiyyatın əsasını
qoyub. Yazıçı
“Söyüdlü arx”,
“Körpüsalanlar”, “Dağlar
arxasında üç
dost”, “Sarıköynəklə Valehin nağılı”, “Geriyə baxma, qoca”, “Üçatılan”
və digər roman və povestləri, eləcə də dram əsərləri ilə ədəbiyyata ilk dəfə
lirik-psixoloji üslub gətirib.
Sonra yazının
həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış
edərək tədbirin
əhəmiyyətindən söz açıb. Qeyd edib
ki, hər bir görkəmli şəxsiyyətin xatirəsinin
əziz tutulması, onun mütəmadi olaraq yad edilməsi
olduqca vacib hadisələrdəndir. Görkəmli yazıçının 105 illiyi
münasibətilə Milli
Kitabxana tərəfindən
elektron bazanın hazırlanmasını əlamətdar
hal kimi dəyərləndirən nazir,
bu işdə zəhməti olan hər kəsə təşəkkür edib.
İlyas
Əfəndiyevin yaradıcılığının
bütün dövrlərdə
gənc nəslin təlim-tərbiyəsində xüsusi
önəm kəsb etdiyini qeyd edən
Mədəniyyət naziri,
bildirib ki, unudulmaz yazıçının
əsərləri oxucuya
böyük estetik təsir bağışlayır.
Vurğulayıb ki, İlyas
Əfəndiyev haqqında
ulu öndər Heydər Əliyev də gözəl fikrilər söyləyib,
onun yaradıcılığını
yüksək qiymətləndirib.
“İlyas Əfəndiyevin
yaradıcılığı hər zaman müasir olaraq qalacaq. Onun Azərbaycan teatrının
inkişafında xidmətləri
böyük olub.
Onun bir əsəri Milli Dram Teatrında 500 dəfə səhnəyə
qoyulub. Teatrın inkişafına İlyas
Əfəndiyevin əsərləri
böyük təsir göstərib. O, böyük
yazıçı olmaqla
yanaşı, həm də böyük vətəndaş, vətənpərvər
insan olub. Qarabağ mövzusu onun üçün ağrılı
mövzulardan idi.
Hər il
Milli Dram Teatrı mövsümü onun “Hökmdar və qızı” əsasında
hazırlanan “Qarabağnamə”
tamaşası ilə
açıq elan edilir. Bu da bizim teatr ictimaiyyəti
tərəfindən onun
xatirəsinə göstərilən
böyük ehtiramın
bir nümunəsidir”,
- deyə Əbülfəs
Qarayev söyləyib.
Beş il əvvəl görkəmli yazıçının
100 illiyinin keçirməsi
haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq
Sərəncamı xatırladan
nazir, İlyas Əfəndiyevin adının
hər zaman - bu gün də,
sabah da çox böyük iftixar hissi ilə
yad ediləcəyini bildirib.
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı
Anar böyük ədibin yaradıcılığının
məziyyətlərindən
danışıb: “Sovet
dövründə təbii
ki, sovet ədəbiyyatı termini var
idi, ancaq müstəqillik dövründə
də bu termindən istifadə edilir. Düşünürəm ki, bu düzgün deyil. Çünki sovet dövründə
yaranan ədəbiyyat
da var, sovet
ədəbiyyatı da.
Sovet dövründə yaranan, amma sovet ədəbiyyatı
olmayan ədəbiyyatın
sıralarında İlyas
Əfəndiyevin də
adı var. İlyas müəllimin yazdığı
əsərlər həqiqi
ədəbiyyat nümunələri
idi. Onun sovetlər dönəmində
“Sən həmişə
mənimləsən” kimi
əsərinin Tofiq Kazımovun quruluşunda teatrlarda nümayiş edilməsi sənət ocaqlarında yeni bir ab-hava, yeni
estetik prinsip və üslub gətirdi. Onun həm nəsr,
həm də dramaturgiya sahəsindəki
yaradıcılığı müstəqillik illərində
daha da çiçəkləndi.
İlyas
Əfəndiyevin nəsr
əsərlərini ədəbiyyatımızın
şah əsərlərindən
hesab edirəm. Onun istər sovetlər dövründə, istərsə
də müasir dövrdə yazdığı
pyesləri ədəbiyyatımızın
qızıl fondunda qalacaq”.
Azərbaycanda Atatürk Mərkəzinin
direktoru, akademik Nizami Cəfərov yazıçının ədəbiyyata
gəlişi, yaradıcılığı
və ədəbi fəaliyyəti barədə
çıxış edib. İlyas Əfəndiyevin
ədəbiyyata “Kənddən
məktublar”la gəldiyini
qeyd edən akademik, sonrakı dövrlərdə yazdığı
əsərlərin xronologiyası
haqqında məlumat verib. Vurğulayıb
ki, İlyas Əfəndiyevin əsərləri
ifa tərzinin motivlərinə görə
də fərqlənir:
“Onun əsərlərində
“xalqdan gəlmədən
yazıb-yaratmaq mümkün
deyil” ifadəsini görürük. Bu, onun yaradıcılığı
ilə sübut olunan ifadədir. İlyas müəllimin yaradıcılığında
çox güclü kolorit var. Qarabağ mühitinin ifadə tərzi, tarixi, etnoqrafiyası tam bir sistemlə onun yaradıcılığında müşahidə edilir.
İlyas müəllimin
yaradıcılığı hər zaman yüksək qiymətləndirilib,
o, müstəqillik qazandıqdan
sonra 1994-cü ildə
“Şöhrət” ordeni
alan ilk yazıçımız
olub”.
Əməkdar elm xadimi, professor
Qəzənfər Paşayev
və digər çıxış edən
natiqlər İlyas Əfəndiyevin həyat və yaradıcılığından
söz açıb, onun əsərlərinin önəmini vurğulayıblar.
Sonda İlyas
Əfəndiyevin oğlu
Elçin atası ilə bağlı xatirələrini bölüşüb
və onun xatirəsinə göstərilən
ehtirama görə hər kəsə təşəkkür edib.
Ədəbiyyat qəzeti.- 2019.- 25
may.- S.5.