Onun tanrısı burdaymış
Hekayə
Gecənin öz yerini aydınlığa verməsinə az qalmışdı. Artıq üçüncü günüydü ki, eynən bu vaxtda Viktor Vladimiroviç Kuçinskinin illərdir tək yatdığı palatadan Şarl Qunonun "Faust" "operasının səsi gəlirdi. Əslində, musiqi başqalarını narahat edəcək qədər yüksək deyildi. Amma cüzamdan sir-sifəti eybəcərləşmiş Kuçinskinin üç gündür dalbadal opera musiqisi fonunda - "Mən səndən iyrənirəm, cüzam! Cüzaam!! Cüzaaam!!! Cüzaaaam!!!!" - deyə bağırtısı qonşu palatalardakı xəstələrin lənət və qarğışına səbəb olur, növbətçi həkim hər dəfə pilləkənləri yorğun addımlarla, əsnəyə-əsnəyə qalxıb, üçüncü mərtəbədəki səs-küyü sakitləşdirmək zorunda qalırdı.
- Siz onu daha yaxşı başa düşməlisiniz,
sakit olun! O sizin
hamınızdan çox sıxılır. Axı,
bilirsiniz ki, o qəribdir, Bakıda heç kimi yoxdur, mənim əzizlərim,
- deyə bu gün növbətçilik edən Kamilə
Sultanbəyova dəhlizin ortasında dayanıb, nəvazişkar
səslə ucadan deyirdi. Kuçinskinin bu
deyilənləri musiqinin yaratdığı səs-küy
içində eşitməsinə əmin olmayan növbətçi
sakitlik yaratmaq üçün onun otağına
yaxınlaşdı və qapını açıb içəri
girdi.
Üzü pəncərəyə sarı duran ucaboylu,
son dərəcə arıq, sarışın Kuçinski
sağ əlində tutduğu milçəkqıranı
ora-bura yellədib "Faust"a dirijorluq eləyirdi. Növbətçi səssiz
addımlarla masaya yaxınlaşıb, maqnitofonu söndürmək
istədi, amma bu kobud müdaxilənin xəstəyə pis təsir
edəcəyini düşündü və bir an
duruxub nə edəcəyini bilməsə də, nəhayət,
musiqinin səsini sadəcə azaltmaqla kifayətləndi.
- Yersiz hərəkətiydi!
- qollarını geniş açıb,
taxta döşəmə üstündə fırlanan və
növbətçiyə sarı dönən Kuçinski
yumşaq səslə dedi. Növbətçi onun ani
dönüşündən diksinib, iki addım geri çəkildi,
asta və ürkək səslə:
- Siz
artıq üç gündür xəstələri narahat
edirsiniz, Kuçinski - dedi.
- Mən
yata bilmirəm! Boynumun dalındakı yaralar
düz uzanmağıma - əliylə sifətinin hər iki tərəfindəki
yaralara işarə etdi - üzümdəki yaralar isə
böyrü üstə yatmağıma imkan vermir. Siz heç mənim necə yatdığımı
bilirdiniz? - inkaredici jest edən həkimin
ona cavab verməsinə imkan vermədi. - Susun, xahiş edirəm,
susun, icazə verin, mən deyim! Ağzı
üstə yatırdım, amma üç gündür burnum
çürüməyə başlayıb və artıq
ağzı üstə də yata bilmirəm.
- Siz
kürəyinizi yastığa söykəyib də yata bilərsiz.
- Yox! Yox!
Yata bilmərəm! - Kuçinski bezgin, amma yüksək səslə
dedi və xəstəliyinə uyğun gəlməyən
qıvraq addımlarla həkimə yaxınlaşıb onun əllərindən
tutdu, həkimin əllərini dərin qısqanclıq hissiylə
süzərək - "Ay səni zibilə qalasan, axı, bu xəstəlik
keçicidir! Hə, hə, keçicidir. Bəs, qarşımda dayanan, yanaqları, əlləri,
boyun-boğazı şümşad kimi parıldayan bu qadın
niyə salamatdır?!" - deyə
düşündü. O, yaralardan qartımış əlləri
arasında körpə pöhrələrə bənzəyən
barmaqların titrəyişini ürəyinin
döyüntüsü kimi hiss edirdi... Qan çanağına
dönmüş nüfuzedici gözlərini qadının
ürkək gözlərinə zilləyib, vahimə
saçan, damardakı qanı donduran
pıçıltıyla soruşdu:
-
Keçəcəyindən, bədəninizə
bulaşacağından qorxursunuz?
-
Unutmayın ki, sizin xəstəliyiniz sağlam adamların səhhəti
üçün daimi təhlükə mənbəyidir. Odur
ki, yaxın təmasda nə qədər az
olsaq, bir o qədər yaxşıdır - çox belə xəstələr
görmüş həkim təhər-tövrünü
pozmadan nəzakətlə dilləndi və əllərini xəstənin
qartımış ovuclarından eyni nəzakətlə
araladı.
- Mən
bunları lap əla bilirəm! - xəstə
sərt səslə dedi və arxaya çevrilib, havanın
bozardığını gördü, cəld addımlarla pəncərəyə
yaxınlaşdı.
- Bura gələ
bilərsiz? Gəlin, gəlin!
O, pəncərəni
açıb aşağı boylandı. Sultanbəyova
tərəddüdlə pəncərəyə
yaxınlaşdı.
- O iti
görürsünüz?
- Hə,
görürəm.
- O
çox geniş qəlbə sahibdir. Mən onu
günlərlə sığalladım, öpdüm, nahar
vaxtı payıma düşən mal ətindən bir tikə
yeyib, qalanını ona yedirtdim, qarpız payımın
yarısını ona verdim. Bu fədakarlığımdan
sonra heyvancığaz hər gün məni yalamağa
başladı. Budu, indi iyirmi gündür
ki, zavallı öz bədəninin yaralarıyla əlləşir.
Mən onun tüklərinin havada necə
uçuşduğunu görürəm. Tez-tez
qusur, boyun-boğazında göz boyda yaralar əmələ gəlib.
O... o çox eybəcərləşib, hahahahaaha... Amma, əslində, heç bir yaşı da yoxdur.
Əvvəllər yerə düşən
kölgəsiylə oynayırdı. Xəstəliyə
tutulduğu birinci gündən kölgəsindən bərk
qorxmağa başlayıb. Son neçə
gündə nə kölgəsiylə oynayır, nə də
ondan qorxur. Cüzam onun gözlərini kor
eləyib.
- Bu
heç yaxşı hərəkət olmadı, əziz
Kuçinski. Ən yaxşısı budur ki, siz
yatın. Gəlin rahat yatasınız deyə,
sizə kömək edim. - Sultanbəyova
soyuqqanlılıqla dedi və çarpayıya
yaxınlaşıb yastıqları dikəldə-dikəldə
- Mən sizin də, digər xəstələrin də
rifahının yaxşılaşmasına çalışıram,
ən əsası da vəzifə borcumu yerinə yetirirəm
- dedi.
- Rifah
dediniz? Siz nə danışırsız? Hər
beş-altı gündən bir bədəninin gah orası, gah
burası çürüyən adamın hansı rifahı ola bilər? Mən bu otaqda ən
xırda deşikdə gizlənən qarışqaya,
kefli-kefli uçan milçəyə belə paxıllıq
edirəm. Siz bir mənə baxın,
görün, mən insana oxşayıram?! Mən heç kəsin öz yanına
qoymayacağı bir mikrobam. Mən öz xəstəliyimi
qarışqaya, milçəyə, hamıya, hər şeyə
keçirmək istəyirəm. Özü də zorla!
Qoy bütün canlı varlıqlar mənə bənzəsin...
Bənzəsin ki, mən də heç kimin, heç nəyin
paxıllığını çəkməyim!
- Allaha
dua edin, Kuçinski! O sizi eşidib mütləq kömək
olacaq! - həkim riqqətlə dedi.
- Həyatı
alt-üst olmuş birinin Allaha dua edəcəyini gözləmək
ağılsızlıqdır! A-ğıl-sız-lıq!!! -
Kuçinski son sözü hecalara bölərək fövqəladə
qəzəblə qışqırdı.
- Siz
yorğunsuz. Yaxşısı budur yatmağa
çalışın!
- İmkan versəydi, ətəyindən tutub, bu xəstəliyi
ona da keçirərdim.
- Kimə?
- Allaha!!!
- Siz
başınızdan böyük danışırsız,
Kuçinski! Son sözünüzə görə elə bu dəqiqə
tövbə edin!! Eşidirsinizmi? Elə bu
dəqiqə!!!
Xəstə
qeyri-şüuri şəkildə çarpayının ayaq tərəfində
oturdu və gözlərini hardasa uzaqlardakı məchul bir
nöqtəyə zilləyərək, həkimə deməkdən
daha çox, sanki öz-özünə
pıçıldadı:
-
Xahiş edirəm, musiqini kəsin və məni tək
buraxın...
Həkim gedəndən sonra Kuçinski həmişə
təkrar elədiyi özünəməxsus məşğuliyyətinə
- çarpayının sağ tərəfindəki çəkməcənin
çətinliklə açılıb-bağlanan siyirməsinin
zəhləsini tökməyə başladı. O, pıçıltıyla
saydığı iyirmi saniyə ərzində siyirməni irəli-geri
eləmək istəyirdi. Amma siyirmə xəstənin
bu mənasız rəftarına sakitcə durub baxmır, bir dəfə
də olsun səs-küysüz açılmırdı.
Taxta parçasına yenildiyini heç cür qəbullanmayan
Kuçinski siyirməni yerindən çıxarıb, qəzəblə
döşəməyə fırlatdı. Yan otaqlardan
birində yatan hansısa xəstə, elə bil, buna bəndiymiş
kimi öz taledaşının ünvanına ucadan
söyüşlər yağdırmağa başladı:
- Ay şərəfsiz!
Ay əclaf! Ay cındırın balası! Ay sənin... Bəsdir
dəəəə!!! - son kəlməsini
xeyli uzadaraq bağırdı və fikrini ancaq jarqonlar
lüğətinə düşən, eşidəndə hər
iki qulağını tutub qaçmaq istədiyin rəngarəng
söyüşlərlə davam etdirdi. Qonşu
qışqırıb-bağırdıqca Kuçinski
otağın bir küncünə tulladığı siyirməni
yerdən qaldırıb, ehmalca çəkməcəyə
yerləşdirməklə məşğul idi.
İşini bitirib qonşunun söyüşlərinə
cavab olaraq etinasızcasına dedi:
- Ey mənim
eybəcər qonşum, özünü cırıb
dağıtma, mən o dediklərinin çoxunun mənasını
anlamıram. Vaxtın varsa, gəl, onları
öyrət mənə.
- Kəs
səsini, sən məndən də eybəcərsən -
qonşu otaqdan gücsüz və halsız səs gəldi.
Deyəsən, onun bütün taqəti beş
dəqiqə içindəcə tükənmişdi. Kuçinskidən daha səs
çıxmadığını görən qonşu
axır ki, sakitləşdi.
Nə baş vermiş, Kuçinskinin səsi niyə kəsilmişdi?
O,
yaralarını incitməyən dahiyanə yatış
pozası kəşf eləmişdi. Özü də bunun
üçün çox yox, bircə cəhd eləmiş və
heyrətamiz nəticəyə nail olmuşdu: yastıqları
çarpayıda üst-üstə yığıb, sinəni
onlara dayayırsan; sonra başını yaranmış hündürlükdən
aşağı sallayırsan. Vəssəlam! İndi havada
qalan üzündəki yarğanabənzər yaralar heç
yerə toxunmadığından yuxuya rahatca gedə bilərsən...
***
Həmin gün axşam düşənəcən
Kuçinski yerindən qalxmadı. Səhər yeməyi və nahar
vaxtının gəlib çatdığını hansı həkim
ona xatırlatdısa, yalnız bu sözləri eşitdi:
"- Zəhləmi tökməyin!",
yaxud da "Ay zəhlə tökənlər, mənim yemək
payımı xəstəxananın həyətindəki xəstə
itə verin". Gün batana yaxın Sultanbəyova
öz ərköyün xəstəsinin yatdığı
palatanın qapısını açıb içəri daxil
oldu.
-
Axşamınız xeyir, əziz Kuçinski - o,
çarpayıda əcaib tərzdə uzanmış
Kuçinskiyə təəccüblə baxıb nəzakətlə
dedi: - Dedilər ki, siz səhər və günorta yeməkxanaya
düşməmisiz. Mən yeməyi
otağınıza gətirmədiklərinə görə
işçiləri qınayanda öz payınızı xəstəxananın
həyətindəki itə verdiyinizi bildirdilər. Bu,
doğrudanmı, belədir?".
- Lap elə
belədir! Nədir ki? - deyə
Kuçinski özünün təzə kəşf elədiyi
yatış pozasına xələl yetirmədən
xırıltılı səslə dilləndi.
-
Heç, sadəcə olaraq, itin hədiyyənizi qəbul etməməsi
haqda xəstəxanada gizli şayiələr dolaşır, -
deyə həkim zarafatyana cavab verdi.
Üzüqoylu uzanan Küçinski bunu görməsə də,
həkimin səsindən özünün ələ
salındığını düşündü və qəzəbləndi:
- Yerinizə
olsaydım, xəstəlikdən əziyyət çəkən
birini ələ salmaq kimi ucuz, yersiz hərəkətə yol
verməzdim!
- Siz məni
yanlış anladınız, əslində, mən...
- Bəsdirin!!!
- həkimin sözünü
yarımçıq kəsən xəstə daha da qəzəbləndi,
hər iki əlini çarpayının kənarlarına
dayayıb çətiniklə yerindən qalxdı,
çarpayıda əyləşdi və əllərini
xalatının ciblərinə salan, sualedici nəzərlərlə
onun gözlərinin içinə baxan qadını təpədən-dırnağa
süzdü. Həkimin hər hansı
kişinin diqqətini cəlb edəcək gözəl
ayaqları dizlərinə qədər görünürdü
- dizdən yuxarısı xalatın altında qalmışdı.
Kuçinski onun ayaqlarını sözlə
ifadə olunmayacaq bir heyrətlə süzürdü. Xəstənin
baxışlarındakı acgözlük və
anlaşılmaz diqqəti hiss edən həkim pul kimi
qızardı.
Həkimin
yanaqlarındakı qızartıya, onun qəzəbli
baxışlarına məhəl qoymayan Kuçinski xəyalın
qanadlarında düz on doqquz il öncəyə, Rusiyanın
Perm şəhərindəki Mari Maqdalena kilsəsi
yaxınlığında yerləşən üçmərtəbəli
binanın ikinci mərtəbəsindəki otuz doqquz nömrəli
ikiotaqlı mənzilə, öz gözəlliyilə onun
başını döndərən Marina Viktorovnanın
yanına uçmuşdu. Dəlicəsinə vurulduğu
Marinaya dediyi sözlər indi qulaqlarında Faustun Qretxenə
müraciətlə oxuduğu ariya kimi səslənirdi: "Sənin
bu əllərin, saçların, gözlərin!.. Onları dünyada dünyada heç nəyə
dəyişmərəm!".
Marina zərif
barmaqlarını onun köz kimi alışıb-yanan
dodaqlarına toxundurub, "Sus!" işarəsi verdi. Kuçinski on doqquz il
öncə sevişdiyi qadının bu jestini qeyri-ixtiyari təkrar
elədi - barmağını eynən Marina kimi ehmalca öz
dodaqlarına toxundurdu. Və toxundurmağıyla da, xəyaldan
ayılmağı bir oldu! Barmağı ağzının
yan-yörəsini bürümüş irinli, qabıq
bağlamış yaralara toxunmuşdu:
- Ax
Marina, Marina, sən indiki halımı görsəydin, məndən
iyrənərdin! Amma madam, mən
öz-özümdən iyrənirəm, səni necə
qınayım? Hə, mən özümdən iyrənirəm!
İyrənirəm!! İyrənirəm!!!
Əgər Kuçinski dillənməsəydi, Sultanbəyovanın
içində tüğyan edən ifadəolunmaz
sıxıntı qəzəbli partlayışa səbəb
olacaqdı.
- Marina
kimdir? - deyə həkim qanıqara halda,
asta səslə soruşdu və sözünə əlavə
etdi: - Mən bayaqdan sizin nə etdiyinizi anlaya bilmirəm.
- Axı,
niyə də anlayasız? Olarmı sizə bir
sual verim?
- Buyurun.
-
Heç olub ki, kiməsə vurulanda bədəniniz sizi dilxor
etsin?
-
Anlamadım! - qıpqırmızı
qızarmış həkim boğuq səslə dilləndi.
- Yəni
əgər bədəniniz eybəcər hala düşsə,
sizi qadınlıq hisslərindən məhrum etsə,
özünüzü necə hiss edərdiz?
- Bu lap ağ oldu! - Sultanbəyova hiddətlə dedi. -
Mənimlə bu cür söhbətlər etməyi sizə qəti
qadağan edirəm! Anladınızmı?
Qəti qa-da-ğan!!! Başınıza hava gəlib
nədir?!
Kuçinski
ani sıçrayışla çarpayıdan qalxıb qəzəblə
bağırdı:
- Hə,
başıma hava gəlib, özü də bir neçə
gündür!!! Guya siz bunu bilmirsiz?! Mənim
kişiliyim yox olub! Heç bilirsiz, vəhşi
oranqutanın, itin, pişiyin bu barədə səndən
üstün olduğunu düşünmək adamı öz
gözündə nə qədər miskin göstərir?!
İçimdə qəribə vahimə baş
qaldırıb! Qəfil ayağa qalxıb, hara gəldi
qaçmaq istəyirəm! Hara gəldi!!.
Lap cəhənnəmə!!! Birdən
öz-özümə "Yox, yox, Kuçinski, sən düzələcəksən,
səbrli ol! - deyə
özümün də inanmadığım sözlər
çərənləyirəm. Tanrı gərək məni
bu günə salmayaydı!
Qəflətən yerindən qalxıb, masanın
üstündəki milçəkqıranı
götürdü və heyrətdən böyümüş
gözlərlə, uzun-uzadı, diqqətlə əlində
tutduğu qırmızı, plastmas əşyaya baxmağa
başladı.
Sonra, nədənsə, gözlərini yumub, sanki bütün
dünyanı içinə çəkəcəkmiş kimi
dərindən nəfəs aldı...
...Həmin
gün o, dirijor kimi səhnəyə ilk dəfə
çıxsa da, bir neçə saat çəkən
"Faust" tamaşasını ağlasığmaz
uğurla aparmışdı. Budur, tamaşa artıq bitib, hər
cür qorxu, həyəcan pərdənin o üzündə
qalıb! O, üzünü tamaşaçılara tərəf
çevirib, gurultulu alqışlar altında zala baş əyir.
Onlarla ağızdan qopan "Bravo! Bravo!
Bravossimo!" nidalarından qulaq tutulur! İlahi,
bu nədir?! Üz-gözünə toxunub, ayaqları
altına tökülən gül yağışından
qorunmaq üçün əllərini üzünə sipər
eləyir və şirin xəyallardan dəhşət
içində ayılıb qışqırır - əlləri
üzündəki irinləmiş yaralara toxunub!!!
- Sizcə,
bu nədir?! - sol əlini irəli
uzadıb, çaşqın nəzərlərlə ona baxan həkimin
dinməsinə imkan vermədi. - Bu sizin nəzərinizdə
yalnız milçəköldürəndir? - həkimin
onun sözünü başıyla təsdiqlədiyini görərək
davam etdi. - Aha, görürsüz, siz belə
düşünürsüz! Mənim nəzərimdəsə
bu, həddini aşan ağcaqanadların, milçəklərin
gilyotinidir! Bir neçə günüydü ki,
otağımda iki milçək sağa-sola uçurdu. Mən iyrəncə bu iyrənclərin
vızıltısı, nədənsə, yaxşı təsir
eləyirdi. Bir neçə gün
keçdi, gördüm ki, sevimli milçəklərimin
yan-yörəsində özlərinə oxşar balaca iyrənclər
də uçuşur. Böyük-kiçik demədən
hamısını qanına qəltan elədim! Bu, dəhşətiydi!!!
Hətta milçəklərin belə, öz
ehtiraslarını bölüşdüyünü görmək
məni hədsiz sarsıtmışdı!
Kuçinski, sanki nəyisə yadına
salırmış kimi ani olaraq duruxdu və qəfil susduğu
kimi, qəfildən də dilə gəldi. - Mənim də hamı kimi
rahat yatmaq, bəzənmək, güzgüdən qorxmamaq, bədənimin
hansısa hissəsindən göz qaçırmamaq...
haqqım var! Buna görə sağlam, gözəl,
ehtirasa malik bütün canlıların qatili olmaq istəyirəm.
Son cümləsini bitirdikdə ona elə gəldi ki,
fikirlərini, axır ki, tam ifadə edə bilib. Haldan
düşmüşdü. Məyusluqla
çarpayıya oturdu. Matı-mutu
qurumuş, heykəl kimi lal dayanmış həkim hədsiz
ağrı, iztirabla dolu gözlərini çarəsizcəsinə
Kuçinskiyə zilləmişdi. O öz xəstəsinin
dəhşətli mühakimələriylə bağlı nə
deyəcəyini bilmirdi. Nəhayət, özünə gəlib,
bu əzablı sükuta son qoymaq üçün ilk
ağlına gələnləri dedi:
- Səbrli
olun, Kuçinski. Mən indi getməliyəm,
bir azdan dərmanlarınızı gətirəcəm.
-
Xahiş edirəm, bu otağa cazibədar qadın obrazında
daxil olmayın! Mənə əskikliyimi
xatırladırsınız! - xəstə
məyus-məyus dedi.
-
Yaxşı, buna çalışaram... Amma itə etdiklərinizə
görə sizə haqq qazandırmaq olmaz!
- O,
şadlığından şitlik eləyən adamlar kimi gecə-gündüz
hürürdü. İtin bu həyasız
şadyanalığı məni bərk
qıcıqlandırırdı. Amma indi
onun da ağır dərdi var.
- Nə
deyə bilərəm? Tanrı sizə səbir versin!
- Səbr
yerinə ölüm versin, səbr nəyimə gərəkdir,
axı!?
-
Tanrının işlərinə qarışmaq olmaz,
Kuçinski, olmaz! Bunu başa düşün! - həkim israrla dedi.
-
Tanrı elə bir iş tutub ki, heç özü də o
işin içindən çıxa bilmir! Nə isə,
bitdi... - Kuçinski bezginliklə dedi və yenidən sinəsini
çarpayıda üst-üstə yığdığı
yastıqlara dayadı...
Bir neçə ay keçmiş, Kuçinskinin xəstəxanadakı
otağı boş qalmışdı. Onun
ölümündən sonra otaqda təmizlik işləri
aparan sanitar qadınlardan biri çəkməcənin boş
siyirməsində gördüklərinin təsirindən heyrətə
gəlib, o birinə, - "Sən demə, onun Tanrısı
burdaymış!!! - dedi, o isə siyirməyə sarı
boylanıb, içini çəkdi, əlindəki
süpürgəni yerə atıb, üzünü balaca
ovucları arasına aldı və yerindəcə donub
qaldı...
Boş
siyirmənin içinə kiril hərfləriylə sanitar
qadınları heyrətə salan bu sözlər
yazılmışdı: "Tanrım, sən illərlə mənimlə
bir otaqda qaldın, amma bu siyirmədən bir dəfə də
olsun, bayıra çıxmadın. Bağışla,
sənin qapını səssiz açmağı mən
heç vaxt bacarmadım. Hamı sənin
göylərdə olduğuna inanır. Mənə
elə gəlir, sən bu siyirmədəsən. Düzünü de, siyirmədən niyə
çıxmırdın? Xəstəliyimin
sənə keçəcəyindən qorxurdun?!
Bahəddin Salman
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.6-7.