Bağışla...
Anacan...
Mən çoxdan mum qanadlarımı
İkar kimi günəş önündə əritmişəm.
Lal yaranmış xəstəliklər
kimi
Pandora sandığından
Ürəyinin başına sancılmışam,
bağışla...
Bilmirəm, nədəndirsə
Dördbucaq içində beşinci küncü axtarmışam,
daima.
Yol iki olub. Heç birini seçməmişəm.
O yerdə ki, için-için ağlamalıydım
gülmüşəm
Bağışla...
Mən hər şeyin möcüzə olduğuna
inanırdım,
axmaq kimi
İnanırdım ki, taleyi yazan
insanın özüdür.
İnanırdım ki, Prometey əzabı çəksəm
belə
Azadlıq üçün kimsə tapılacaq.
Belə deyilmiş, bağışla.
Demə,
külüngü Fərhad
kimi yerə çırpıb
"Heyif zəhmətimdən"
acısını yaşamaq
var həyatda.
Demə,
son anda, ölümü
düşündüyün anda
Külüngünün nar ağacı kimi çiçəkləməsi
var.
Demə,
yaşamalı həyat
var, həyatda...
Bağışla.
İndi
bir Şəbdiz lazımdır ki,
Oturasan Şirin kimi üzərinə
çapasan-çapasan dünyanın
qurtaracağına.
İndi
bir güc lazımdır ki, bir həvəs
Çırpasan qəzəblə qılıncını
qaya parçasına
Dirilik suyu içib Xızır olasan
Əbədiyaşar olasan.
Bağışla.
Mənim
Tanrım İbrahimin Tanrısı qədər
mərhəmətli olmadı,
ana.
Mənim
Tanrım bitirmədi əbədi alovu
Soyuq etmədi atəşini
Bağışla...
Yəqin
ki, günlərin birində
Bir heykəl ucalacaq
Hə...
hə, belə
olacaq.
Bir qadın
heykəli ucalacaq. Məğrur
baxışlı
Ətəyinə gül düzən
adamlara baxacaq
daş soyuqluğuyla
Sıxacaq övladını sinəsinə
Ömürlük abidə olacaq yaddaşlarda
bağışla...
Anacan...
Mən çoxdan mum qanadlarımı
İkar kimi günəş önündə əritmişəm.
Lal yaranmış xəstəliklər
kimi
Pandora sandığından
Ürəyinin başına sancılmışam,
bağışla...
Günel Eyvazlı
Ədəbiyyat qəzeti.- 2019.-
25 may.- S.9.