Azərbaycan tarixində
xəzərlər haqqında dəyərli
əsər
Əsrlərlə
göy Xəzərin sahilində yaşayan, onun qucağına
sığınan, havasını udan Azərbaycan xalqı
20-ci yüzillikdə özünün möhtəşəm
poeziyasında bu dənizin çılğın təbiətinə,
şıltaq xasiyyətinə, eyni zamanda ana vətənlə,
Azərbaycanla bütövləşmiş doğma ruhuna
yüzlərlə lirik şeir həsr etmişdir. Lakin eyni dövrdə alimlərimiz tərəfindən
bu dənizə öz adını vermiş xəzərlərin
tarixinə dair bir elmi monoqrafiyanın belə yazılmaması
həm anlaşılmaz, həm də bağışlanmaz bir
hadisədir. Necə olub ki, Süleyman Rüstəmin
"İlhamıma qanad verən Xəzər kimi dənizim
var" dediyi, Məmməd Arazın "Bu nəğməkar
göy Xəzərim ömrüm boyu bir sazımdır"
söylədiyi, bir çox digər şairlərimizin Xəzəri
incə poetik duyum və təfəkkürlə vəsf etdiyi
bir dövrdə tarixçilərimiz bu məsələyə
az qala göz yumub, Xəzər və xəzərlər məsələsinin
Azərbaycanın taleyindəki rolunu dərk etməyə və
elmi şəkildə araşdırmağa o qədər də
meyil göstərməyiblər? Bu, yalnız XX əsr tarix elmimizin deyil, ümumiyyətlə,
Sovet dövründə ictimai və milli şüurumuzun təkamül
yollarının çoxsaylı sirlərindən biri olaraq
qalmaqdadır.
Yuxarıdakı ifadədə "Xəzər"lə
"xəzərlər"in eyniləşdirilməsi oxucunu
çaşdırmasın. Söhbət həm
möhtəşəm su hövzəsindən - dənizdən,
həm də vaxtilə onun şimal və qərb sahillərində
məskun olan xalqdan gedir. Amma onların
adında eyniliyin olması təsadüfi deyil. Xəzərlərin tarixində günümüzədək
bəzi müəmmalı və qaranlıq səhifələr
qalsa da, Xəzər dənizinin bu xalqın adıyla
bağlı olması tamamilə qanunauyğundur.
Çünki məhz xəzərlər özlərinin
cahanşümul dövlətlərini bu dənizin sahillərində
qurmaqla, VII-X yüzilliklərdə İtil (İdil, Volqa)
çayı və Xəzər dənizi üzərində
beynəlxalq ticarət yollarını açıb inkişaf
etdirməklə bəşər tarixində ilk dəfə
olaraq bu dənizi dövrün "geosiyasi" mərkəzinə
çevirməyə müvəffəq olmuşdular.
Məhz bu dövrdən etibarən Xəzər dənizinin
həm adı, həm də taleyi xəzərlərin tarixi ilə
ayrılmaz şəkildə bir-birinə bağlanmış
oldu. Sonradan
tarixin hökmü ilə dəyişən reallıqlar bir
çox yer və məkan adlarına yenilik gətirdiyi kimi,
dünya xəritələrində də "Edil"
çayı yerinə "Volqa", "Xəzər" dənizi
əvəzinə "Kaspi" dənizi və s. kimi
adların üstünlük qazanmasına yol
açmışdı. Ancaq Azərbaycan xalqı min il əvvəl
olduğu kimi, taleyi ilə doğmalaşmış bu dənizi
"Kaspi dənizi", "Xarəzm dənizi",
"Gürgan dənizi", "Mazandaran dənizi",
"Quzğun dənizi" deyil, məhz "Xəzər dənizi"
olaraq adlandırmağa davam edir və bununla xəzər
türklərinin Azərbaycan tarixində oynadığı
mühüm rol və qoyduğu dərin izin, sanki
yaddaşlarda əbədi həkk olunduğunu
vurğulayır.
Yuxarıda Azərbaycan tarixşünaslığında
xəzərlər məsələsinə kifayət qədər
diqqət yetirilməməsi qeyd olunsa da, bu problem, təbii ki,
tamamilə işıqlandırılmamış
qalmamışdır. Akademik Ziya Bünyadovun əsərlərində,
onun hələ 1965-ci ildə nəşr olunmuş "Azərbaycan
VII-IX əsrlərdə" monoqrafiyası və bir sıra məqalələrində,
akademik Nailə Vəlixanlının və digər
tarixçilərin elmi yazılarında xəzərlərlə
bağlı bəzi mühüm məqamlar ortaya
qoyulmuşdur. Xüsusilə incə tarixçi duyumu və
erudisiyasına sahib olan, Orta əsrlər tariximizin bir çox
önəmli məsələlərini ilk dəfə elmi
gündəmə gətirən Ziya Bünyadov xəzərlərin
Azərbaycan xalqının həm siyasi, həm də etnomədəni
tarixində oynadığı rolu vurğulamaqla və bu barədə
elmi ədəbiyyatda öz mövqeyini bildirməklə bu
problemi tarixşünaslığımıza gətirən və
onu müzakirəyə açan ilk böyük alim
olmuşdur.
Bununla belə,
Sovet dövründə xəzər məsələsinə, xəzərlərin
Azərbaycan tarixində oynadıqları rola bu və ya digər
dərəcədə toxunan yazıların qələmə
alınmasına baxmayaraq, onlar nə say, nə də mahiyyət
baxımından bu önəmli elmi problemi bütövlükdə
əhatə etməyə kifayət deyildilər. Və Orta əsrlər tariximizdə həllini
gözləyən bir sıra digər problemlər kimi xəzər
məsələsi də uzaq rəfə qoyulmuşdur, sanki.
Çünki bu mövzunun araşdırılması tarixi səthi
bir fənn kimi qəbul edən, elmə həqiqət
axtarışı üçün deyil, şəxsi
ambisiyalarını təmin etmək naminə gələn,
xarici dil bilməyən və ilk mənbələrlə
işləmək qabiliyyətinə malik olmayan "saxta"
mediyevistlərin işi ola bilməzdi. Xəzərlər məsələsi
ilə ciddi şəkildə məşğul olan mütəxəssis
geniş elmi erudisiyaya malik olmalı, bir sıra dillərə,
xüsusilə ərəb dilinə mükəmməl şəkildə
vaqif olmalı, dövrün ilk mənbələrini bilməli,
bu mövzuda günümüzə qədər dünya
tarixşünaslığında ingilis, rus, alman dillərində
yazılmış yüzlərlə tədqiqat əsərini
diqqətlə öyrənməli və nəhayət,
güclü analitik düşüncəyə sahib
olmalıdır. Təsadüfi deyil ki, bu məsələnin
həllini akademik Ziya Bünyadov məktəbinin layiqli
nümayəndəsi Fərda Əsədov öz üzərinə
götürdü. Öz ustadının Azərbaycan
mediyevistikasında qoyduğu ən ciddi və əhatəli
problemlərdən birinin araşdıırılması ona
müyəssər oldu.
Xəzərlər məsələsi bizim Orta əsrlər
tariximiz baxımından nə üçün bu qədər
mühüm əhəmiyyət kəsb edir? Bu sualın bir
neçə cavabı var və onları qısa tezis şəklində
sırasıyla qeyd etmək düzgün olardı. Və bir önəmli məqama da toxunmaq gərəkdir
ki, bu problemi bir neçə nöqteyi-nəzərdən -
dünya tarixi, ümumi türk tarixi və lokal Azərbaycan
tarixi baxımından dəyərləndirmək doğru
olardı.
İlk
növbədə vurğulamaq gərəkdir ki, xəzərlərin
qurduğu və müasir tarixşünaslıqda "Xəzər
xaqanlığı" adı ilə bilinən dövlət,
islamdan öncəki qədim cahanşümul türk dövlətçilik
ənənəsini qoruyub saxlamaqla Avrasiyanın əngin
çöllərini birləşdirmiş və bununla da
tarixdə özündən əvvəlki Türk
xaqanlıqlarının sonuncu və təbii varisi olmuşdur.
Təsadüfi deyil ki, 551-ci ildə indiki Monqolustanın ərazisində
Orxon çayı sahilində ilk "Türk xaqanı"
adını qazanmış Bumın xaqan Aşina nəslinə
mənsub olduğu halda, bu sülalənin tarixdə sonuncu
hökmdar nümayəndələri də məhz Xəzər
xaqanları olmuşdular. Xəzər
xaqanlığının X yüzillikdə süqutu ilə
Aşina sülaləsi də tarix səhnəsindən
silinmişdir. Məhz bu səbəbdən xəzərlərdən
sonra yaranmış digər böyük türk imperiyaları
- Qaraxanilər, Səlcuqilər, Qəznəvilər və digərlərinin
hökmdarları ali Aşina sülaləsinə
aid olmadıqları üçün heç bir zaman legitim
şəkildə "xaqan" titulunu özlərinə
götürməyə cəsarət göstərməmişdilər.
Belə ki, X yüzillikdə Sırdərya Oğuz dövlətinin
başçıları "yabqu", XI yüzillikdə
onların müsəlman varisləri olan Səlcuqilər ərəb
dilindən gələn "sultan", Qaraxanilər "ilək
xan" adları ilə kifayətlənməli olmuşdular.
Xəzər
xaqanlarından sonra ilk dəfə "xaqan"
("kaan", "kağan") titulunu qəbul etməyə
özlərini layiq bilən dövlət
başçıları Monqol imperiyasını quran
Çingizxan və onun varisləri olmuşdur. Şübhəsiz,
onlar bu addımı atmağa özlərinin tam haqqı
olduğuna əmin idilər. Çünki
Aşina nəslinə mənsub olmasalar da, Türk
xaqanlığından sonra ilk dəfə olaraq məhz onlar bütün
Avrasiya xalqlarını və Çindən Şərqi
Avropaya qədər uzanan əraziləri öz hakimiyyətləri
altında birləşdirməklə bəşər tarixində
ən geniş və möhtəşəm imperiya yaratmağa
müvəffəq olmuşdular. Amma
heç şübhəsiz, qədim çöl dövlətçilik
təfəkküründən qaynaqlanan bu ənənənin
Türk xaqanlığından Monqol imperiyasına
ötürülməsində, aradakı bir neçə əsr
vaxt fərqinə baxmayaraq, Xəzər dövlətinin
mühüm vasitəçi rolu olmuşdur. Bu fakt xəzərlərin ümumi türk tarixindəki
özünəməxsus və olduqca önəmli yer
tutduğunun göstəricilərindən biridir.
Erkən Orta əsrlər adlandırılan dövr, məlum
olduğu kimi, Avropa tarixində "qaranlıq əsrlər"
adı ilə tanınır. Çünki Qədim
Roma imperiyasının çökməsi ilə antik mədəniyyətin
izləri də silinmiş, Avropada "barbar"
krallıqlarının dövrü başlamış və
xristian təəssübünün təzyiqi ilə ictimai
fikirdə azad düşüncə ənənəsi əsrlərlə
boğulmağa məhkum edilmişdir. Bu
dövrdə Asiya sivilizasiyalarının isə
inkişafı və çiçəklənməsi davam
edirdi. Bu çiçəklənməyə
təkan verən ən ciddi amillərdən biri Asiya qitəsində
müxtəlif xalqlar arasında geniş ticari və mədəni
mübadilənin mövcudluğu və buna təkan verən
Böyük İpək Yolunun fəaliyyətdə olması
faktıdır. Ancaq VII-X yüzilliklərdə İpək
Yolu ilə bağlı fikirlər söyləndikdə, adətən
Çində Tan imperiyasının mədəni intibahı,
Şərqi Asiyada isə daha çox Ərəb xilafəti və
Bizans imperiyasının önəmindən bəhs edilir. Halbuki, bu dövrdə İpək Yolunun
inkişafına və dolayısı ilə bəşər
tarixinin gedişatına ən ciddi şəkildə təsir
edən böyük imperiyaların arasında Xəzər
xaqanlığı da mövcud idi. Avrasiyanın mərkəzində
qüdrətli və möhtəşəm dövlət kimi
meydana çıxan, sözün əsl mənasında Qərbi
Türk xaqanlığının siyası varisliyi
missiyasını üzərinə götürən Xəzər
xaqanlığı uzun müddət Bizansla və xilafətlə
"geosiyasi" rəqabət aparmış, müharibələr
etmiş, ittifaqlar qurmuş və beləliklə, bir çox
xalqların tarixi taleyinə ciddi təsir göstərmişdir.
Azərbaycan da bunların arasında istisna deyildir. O cümlədən,
Şimali Azərbaycan ərazisi xəzər türklərilə
ərəblərin çoxsaylı qanlı
toqquşmalarına meydan olmuşdur. Lakin bu münaqişənin
hər iki imperiyaya nə qədər ziyan gətirdiyini dərk
edən Abbasi xəlifələri və Xəzər
xaqanları təqribən IX əsrin
başlanğıcından, xəlifə Harun ər-Rəşidin
dövründən etibarən xristian Bizansa qarşı ittifaq
yaratmağın və qarşılıqlı ticari əlaqələrin
daha səmərəli və faydalı olacağı fikrinə
gəlmişdilər. Bu dönəmdən
başlayaraq formalaşan ərəb-xəzər ticari
ittifaqı İpək Yolunun marşrutlarının ciddi şəkildə
dəyişməsinə, İtil çayı və Xəzər
dənizi üzərindən beynəlxalq ticarətin, yəni
Şimal-Cənub marşrutlarının sürətlə
inkişafına rəvac vermişdir. Bu proses Azərbaycanın
tarixi müqəddəratına, ölkənin Araz
çayından cənubda və şimalda yerləşən
iki hissəsi arasında əlaqələrin genişlənməsi
ilə bütövləşməsinə olduqca güclü təkan
vermişdi. Belə ki, xəzərlərdən əvvəl
biz Azərbaycanın tarixinə nəzər salanda daha
çox iki bir-birindən müstəqil Atropatena və Albaniya
dövlətləri barədə söz ediriksə, xəzər
dövründən sonra həm iqtisadi, həm siyasi, həm
ideoloji baxımdan xeyli dərəcədə bütövləşmiş
Azərbaycan ölkəsi haqqında danışa bilərik. Xəzərlər dövründə başlayan bu
bütövləşmə prosesi sonrakı mərhələlərdə,
Səlcuq, monqol, Qaraqoyunlu və Ağqoyunlu, Səfəvi
dönəmlərində daha da möhkəmlənərək
davam etmişdir. Ancaq bunun
başlanğıcına ərəb-xəzər
ittifaqının rəvac verməsi unudulmamalıdır ki,
tariximizin bu taleyüklü məsələsi F.Əsədovun
monoqrafiyasında kifayət qədər açıqlanıb.
1038-ci ildə Böyük Səlcuq imperiyasının
yaranması istər Orta Asiya və Yaxın Şərq, istərsə
Azərbaycan tarixində bir dönüş nöqtəsi
olmuşdur. İslam tarixinə yeni düzən verən, xilafətin
həm dini-ideoloji, həm sosial-iqtisadi həyatına
mühüm yeniliklər gətirən Səlcuq dövrü
Azərbaycanın etnomədəni simasının
formalaşmasında da ən önəmli mərhələ
olmuşdur. Ancaq Səlcuqilərin, daha doğrusu,
onların sələfi olan Sırdərya
oğuzlarının tarixinə diqqət yetirəndə
onların xəzər dövləti ilə sıx
bağlılığını görürük. Bəzi mənbələrdə X yüzillikdə
Orta Asiyada Aral dənizinin ətrafı və Xəzər dənizinin
şərq sahillərində məskun olan bu oğuzların Xəzər
xaqanlığının siyasi təsiri altında olmaları
barədə məlumatlar mövcuddur. Oğuzların
bu torpaqlar uğrunda digər türk xalqı olan peçeneqlərlə
qanlı müharibələr apardıqları, onları Orta
Asiyadan sıxıb İtil çayı hövzəsinə
çıxardıqları məlumdur. Ancaq
bundan sonra da oğuzlar xəzərlərlə birləşərək
peçeneqləri daha da qərbə, Qara dəniz sahillərinə
və sonradan Balkan yarımadasına köç etməyə
məcbur etmişdilər ki, Bizans qaynaqları bu
savaşları və onların nəticələrini geniş
işıqlandırmışdılar. Beləliklə,
Azərbaycan tarixində son dərəcə önəmli rol
oynamış oğuzların və onların varisi olan səlcuq
türklərinin tarixinin araşdırılması xəzərlərin
tarixinə müraciət etmədən mümkün deyildir.
Xəzər tarixinin olduqca cazibəli və eyni zamanda
müəmmalı tərəfi təqribən VIII əsrin əvvəllərində
xəzər elitasının yəhudi dinini qəbul etməsi
faktıdır. Qədim Roma sərkərdəsi Tit
eramızın 70-ci ilində Qüds şəhərini tutub yəhudilərin
məşhur Yerusəlim (Qüds) məbədini oda verib
dağıtdıqdan sonra tarixdə ilk dəfə idi ki, yəhudilik
dövlət dini səviyyəsinə yüksəlmişdi.
Maraqlı cəhət də məhz ondan ibarətdir
ki, bu hadisə Yaxın Şərqdə, Fələstin ərazisində
deyil, Avrasiya çöllərinin ortasında baş vermiş
və yəhudilərin özləri deyil, bir türk
xalqının hökmdarı tərəfindən həyata
keçirilmişdir. Tarixdə misli az
görünən belə hadisənin səbəblərini
araşdırmaq və açıqlamaq o qədər də
asan məsələ deyil. Və təsadüfi
deyil ki, dünyada bir çox tarixçi, xüsusilə yəhudi
əsilli mütəxəssislər bu problemə yüzlərlə
əsər həsr ediblər. Etiraf etmək
gərəkdir ki, yazılan bu əsərlərin hamısı
sırf akademik xarakter daşımır, çünki məlum
səbəblərdən bu məsələnin müəyyən
siyasi çəkisi də var. Bütün bu geniş elmi ədəbiyyatı
gözdən keçirib təhlil etmək problemə
müraciət edən tarixçidən xeyli zaman və zəhmət
tələb edir.
Təbii ki, xəzərlərin o dövrdə böyük dünya dinləri olan xristianlıq və ya islamı deyil, məhz yəhudiliyi seçmələrinin arxasında ciddi "geosiyasi" səbəblər dayanırdı. Və şübhəsiz, onun nəticələri də istər xəzər xalqının, istərsə də bütün regionun tarixində birmənalı nəticələr verməmişdir. Məlum olduğu kimi, bir türk xalqı olaraq xəzərlərin əksəriyyəti öz qədim dinləri olan Tanrıçılığa ibadət edirdilər ki, bu barədə alban tarixçisi Musa Kalankatuklu öz əsərində məlumat verir. Hərçənd, onların arasında xeyli sayda müsəlman və xristianlığa səcdə edən insanların da olduğu bilinir. Musa Kalankatuklunun yazdığına görə, Alban çarı Varaz-Tiridat yepiskop İsraili xəzərlərin ölkəsinə sülh bağlamaq məqsədi ilə göndərdikdə, bu xristian rahibi orada onların həm həyat tərzi, həm də dini görüş və ayinləri barədə məlumat əldə edə bilmişdir. Müəllifin xəzərlərin dini etiqadlarına bir xaçpərəst təəssübü ilə yanaşmasına, onları "mənfur bütpərəst" kimi dəyərləndirməsinə baxmayaraq, bizim üçün önəmli olan fakt ondan ibarətdir ki, yepiskop İsrail xəzərlərin "Tanrı-xan" adlı Allaha səcdə etdiklərinə, ona qurbanlar kəsdiklərinə və müvafiq ayinləri həyata keçirdiklərinə şahidlik etmişdir.
Bununla belə, artıq tarixi şəraitin tələbləri ilə böyük imperiyalar yaradan bir çox xalqların monoteist dünyagörüşünə üstünlük verdiyi, təkallahlı dinlərdən birini qəbul etdiyi bir dövrdə xəzərlər də bu ehtiyacı hiss etməyə bilməzdilər. Çünki bir çox xalqları özündə birləşdirən Xəzər xaqanlığının ayaqda qalması üçün, onun monolit bir vahidə çevrilməsi üçün daha universal və ümumbəşəri ideologiyaya ehtiyacı var idi. Şübhəsiz, bu məsələdə xəzər elitası olduqca ciddi bir dilemmanın qarşısında durmuşdur. Çünki bu funksiyaları yerinə yetirə biləcək iki dindən - xristianlıq və islamdan - hər biri Xəzər xaqanlığı ilə "geosiyasi" rəqabət aparan imperiyaların - Bizansın və xilafətin - rəsmi dinləri idi. Və onlardan birini qəbul etmək xəzərlər üçün ideoloji baxımdan öz rəqiblərindən birinin təsirinə düşmək, onun kölgəsinə çevrilmək mənasına gəlirdi. Belə bir şəraitdə xəzərlər həddindən artıq gözlənilməz bir addım ataraq yəhudiliyi dövlət dini elan etdilər və beləliklə həm bizanslı xristianlardan, həm də müsəlman aləmindən fərqli bir yol tutdular.
Bir daha qeyd etmək gərəkdir ki, tarixçinin vəzifəsi bu hadisəyə "siyasi" qiymət vermək deyil, onun tarixi nəticələrini dəyərləndirməkdən ibarətdir. F.Əsədovun bu məsələnin təhlilində nümayiş etdirdiyi ciddi elmi və etik münasibət, elmi obyektivlik təqdirəlayiqdir. Çünki qeyd olunduğu kimi, müxtəlif tarixi cərəyanlar və milli tarixi məktəblər tərəfindən bu problemə verilən qiymət birmənalı deyil. Hətta xəzərləri Qərbi Avropada aşkenazi yəhudi icmalarının formalaşmasında əsas etnomədəni ünsür kimi qəbul edən görüşlər də mövcuddur və bu barədə geniş elmi ədəbiyyat var.
Eyni zamanda, etiraf etmək lazımdır ki, əgər xəzərlər yəhudiliyi öz dövlətləri və cəmiyyətlərinin birlik və bütövlüyünün möhkəmləndirilməsi naminə qəbul etmişdilərsə, tarixi baxımdan onlar öz seçimlərində yanılmış oldular. F.Əsədovun doğru olaraq qeyd etdiyi kimi, Avrasiyanın türk mühiti ilə heç bir coğrafi və mənəvi əlaqəsi olmayan yəhudilik, xüsusilə bu dövrdə onun daxilində yayılmış rəbbanilik cərəyanı, nəticə olaraq xəzər cəmiyyətinin bütövləşməsinə deyil, əksinə, parçalanmasına, xəzər türk etnomədəni kimliyinin tədricən zəifləməsinə və eroziyaya uğramasına gətirib çıxardı. Bununla belə, bu gün yəhudiliyə etiqat edən kəraim və qırımçaqlar kimi Qərbi Avropanın bəzi türkdilli xalqları və ya Qafqazda dağ yəhudilərinin vəziyyətini öyrəndikdə istər-istəməz bir daha xəzərlərin dini tarixinə mütləq diqqət yetirməli oluruq.
Son dövr Qafqaz Albaniyasının, sonralar isə Aran və Şirvanın tarixinin, xüsusilə xilafət dövründə Azərbaycanın etnomədəni mühitində türk amilinin güclənməsi məsələsinin tədqiqi də xəzərlərin tarixinə müraciət etmədən qətiyyən mümkün deyil. Yuxarıda da qeyd olunduğu kimi, akademik Ziya Bünyadov bu problemləri öz monoqrafiyasında diqqətlə araşdırmışdır. Xəzərlərin Qafqaz Albaniyasının taleyində oynadıqları önəmli rol danılmazdır. Xəzərlər islamın Qafqazda yayılmasının qarşısında uzun müddət güclü sədd çəkən dövlət olmuş, Alban çarı Cavanşir və onun varisləri ilə sıx siyasi əlaqələr yaratmış, xilafət dövründə Azərbaycanda cərəyan edən önəmli siyasi hadisələr və sarsıntılardan kənarda qalmamışdılar.
Belə ki, VII yüzilliyin ortalarında Cənubi Qafqazda, xüsusilə Albaniyada onların təsiri o qədər artmışdı ki, Alban çarı Cavanşir öz şimal qonşularıyla sülh münasibətləri yaratmaq üçün hətta Xəzər xaqanının qızı ilə evlənməyi və beləliklə, xəzər türklərilə qohum olmağı məqsədəuyğun hesab etmişdir. Musa Kalankatuklunun yazdığına görə, öz ordusu ilə Albaniyaya hücum etmiş Xəzər xaqanı bir çox əraziləri zəbt və talan elədikdən sonra "Cavanşiri görmək istədi və Cavanşirin yanına öz qardaşlarını göndərərək onların vasitəsilə görüş istədi ki, aralarında qardaş məhəbbəti yaransın". Müəllifin qeyd etdiyi kimi, heç İran Sasani hökmdarının qüdrətli "Türküstan çarı", yəni Xəzər xaqanı ilə "üzbəüz çıxmağa cəsarət" etmədiyi bir zamanda, "igid və mərd Cavanşir" özünün on yeddi döyüşçüsü ilə hökmdarın düşərgəsinə gedib onunla görüşdü, xaqanın qızı ilə izdivac qurdu və xəzərlərin əlindəki bütün əsirləri azad edərək "evinə şad ürəklə qayıdıb göz yaşlarını tökdü". Təsadüfi deyil ki, 669-cu ildə Cavanşirin müəmmalı şəkildə öldürülməsindən sonra Xəzər hökmdarı Alp İlitver Alban çarının qisasını almaq üçün çoxsaylı və qüdrətli ordu ilə ölkəyə hücum etmişdir. Təbii ki, bu hadisələrin arxasında yenə də Cənubi Qafqazda Ərəb xilafəti, Bizans imperiyası və Xəzər xaqanlığı kimi böyük güclərin maraqlarının toqquşması və Albaniya kimi nisbətən kiçik dövlətin onların arasında ayaqda qalmaq səyləri dururdu. Ancaq dövrün alban tarixçisi Musa Kalankatuklunun bu olayları Cavanşirin xəzərlərlə qohumluğu nöqteyi-nəzərindən dəyərləndirməsi diqqətə dəyər faktdır və o dövrün ictimai fikrində belə matrimonial münasibətlərə nə dərəcədə yüksək qiymət verildiyini nümayiş etdirir.
Yuxarıda da qeyd edildiyi kimi, xəzərlərin Şimali Azərbaycanın etnik simasının formalaşmasında, burada türk etnomədəni ünsürünün güclənməsindəki rolu tarixşünaslığımızda nisbətən az öyrənilmiş bir problem olaraq qalır. Monoqrafiyada vaxtı ilə akademik Z.Bünyadovla xəzər probleminin tanınmış tədqiqatçısı M.İ.Artamonov arasında xəzərlərin nə qədər zaman kəsiyində Şimali Azərbaycan ərazisində yerləşib burada hakimiyyətdə qalmaları məsələsilə bağlı ciddi diskussiyaların baş verməsi barədə məlumat verilir. Əslində, Sovet dönəmində gedən bu elmi mübahisələrin əsasında olduqca ciddi, müəyyən mənada həm də siyasi bir motiv dururdu. Çünki söhbət Azərbaycan xalqının etnik köklərindən və bu prosesdə türk elementinin rolundan gedirdi. Akademik Ziya Bünyadov öz rusiyalı opponentlərindən fərqli olaraq, xəzərlərin təqribən 150 illik bir dövrdə Şimali Azərbaycanda hakim olduqları tezisini irəli sürməklə, dolayı yolla bu dövrdə türk ünsürünün də cəmiyyətin etnik bünövrəsində ciddi mövqe tutduğu ideyasını müdafiə edirdi. Həqiqətən, xəzərlərin xüsusilə Qafqaz Albaniyasının uzun müddət paytaxtı olmuş Qəbələ şəhəri və ətrafında yerləşdikləri, buradan öz siyasi təsirlərini bütün Cənubi Qafqaza yaydıqları məlumdur. Təsadüfi deyil ki, bu gün Azərbaycan ərazisində xəzərlərlə bağlı bir çox toponimlər mövcuddur - məsələn, Lerik rayonunda Xəzəryaylaq, Ordubad rayonunda Xəzəryurd, Füzuli rayonunda Xəzərdağ, Laçın rayonunda Xəzəllər və s.
Yeri gəlmişkən, eyni problem Şimali Qafqazın türk xalqları, xüsusilə kumık və balkarlar üçün də aktual olaraq qalmaqdadır. Bugünkü Dağıstan və digər Şimali Qafqaz respublikaları ərazisində bir çox türkdilli toponimlərin, o cümlədən Dağıstanın paytaxtı Mahaçqalanın qədim adı olan Tarki (Tarku) şəhərinin və bu toponimin xəzərlərlə bağlı olması diqqətə dəyər məsələdir.
Beləliklə, oxuculara təqdim edilən bu monoqrafiya Azərbaycan şərqşünaslığında və mediyevistikasında vaxtı ilə akademik Z.Bünyadov tərəfindən qoyulmuş aktual bir elmi problemin həllinə həsr edilmişdir. Bu sahədə öz araşdırmalarını uğurla davam etdirən müəllif, heç şübhəsiz, gələcəkdə daha geniş və əhatəli tədqiqat işlərində bütün Avrasiya regionunun, bir çox türk xalqlarının və o cümlədən Azərbaycan xalqının tarixi müqəddəratında son dərəcə önəmli rol oynamış və əfsuslar olsun, günümüzə qədər layiq olduğundan qat-qat az diqqət görmüş Xəzər xaqanlığının tarixinin bir çox digər qaranlıqda qalan məqamlarını işıqlandıracaq.
Şahin MUSTAFAYEV
Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.10-11.