B tutan "Təklif"...

 

Tamaşaya bir azca gecikmişəm. Əl havasına qaranlığı yarıb yerimi tapıb rahatlanıram. Qarşımda rus həyatının kiçik bir mənzərəsi açılıb. Yarı qaranlıq otaq, Belinskinin divardan asılan şəkli, yığcam dolabın üzərinə qoyulan qrafindəki araq, üskük qədər xırda qədəhlər, aktyorların geyimi tamaşaçını səhnədə yaradılan bir pyeslik həyatın içərisinə aparmağa nail our. Azərbaycanlı aktyorlar rus insanına xas koloritli danışıqları, hərəkətləri ilə yaxın planda var-gəl edirlər. Hərdən onların çəkmələrinin cırıltısını belə, sanki hansısa rus romanından eşitdiyimi düşünürəm.

Səhnədəki aktyorlar qədəhlərini toqquşdurub yüz-yüz vurana qədər Anton Pavloviç Çexovun dünyanın bir çox teatrlarında dəfələrlə və fərqli yozumlarda səhnələşdirilən "Təklif" pyesinin süjeti üzərində gəzişək.

Nataliya Stepanovna (Zümrüd Qasımova) atası Stepan Stepanoviçlə (Vidadi Həsənov) birgə yaşayır. Onların kiçik təsərrüfatı və özlərinə görə mütəvazi dolanışıqları var. Kəndin digər ərgən qızları kimi, Nataliyanın də ərlik vaxtı çoxdan çatmışdır. Günlərin birində qonşuluqda yaşayan bir az əsəbi, bir az da çürükçü gənc İvan Vasilyeviç (Elgün Həmidov) Stepan Stepanoviçin evinə elçiliyə gəlir. Gözlənilməz təklifdən çox razı və bəxtiyar olan ata qonağı otaqdaca qoyub qızının ardınca yollanır. Lakin bütün bunlardan xəbərsiz evə gələn Nataliya İvan Vasilyeviçi adi çəpər qonşusu kimi salamlayır, dağdan, dərədən söhbət salır. Lakin elə bu dağ-dərə məsələsində söhbət gedib küncə dirənir. Onların arasında yaxınlıqda yerləşən donuz bataqlığı üstündə mübahisə düşür. Mübahisənin düz üstünə gəlib çıxan ata, təbii ki, qızını dəstəkləyir və qızı ilə qoşalaşaraq gələcək bəyi qapıdan qovurlar. Lakin bir az keçməmiş qovulan, təhqir olunan bəyi geri çağırıb özləri ona elçi düşürlər. Təklif, daha doğrusu, elçilik baş tutur. Növbəti höcətləşmənin qızışmasına imkan verməyən ata onlara xeyir-dua verib yola salır.

Tamaşanın rejissoru Günay Səttarın rus ədəbiyyatına, xüsusən də Çexovun yaradıcılığına bələd olması tamaşanın quruluşundan tutmuş, səhnə tərtibatına, musiqi seçiminə qədər hiss olunur. "Təklif" tamaşası daha çox ənənəvi teatr prinsipləri ilə hazırlandığından tamaşaçı mesajları dərhal qəbul edərək arzuladığı reaksiyanı verir. Amma ənənəviliyin içərisində də psixosof metodikasının bəlirtilərini hiss etmək olur. Elə tamaşanın girişində aktyorların müxtəlif hərfləri səsləndirmələri, onların mizanlarındakı qəribəliklər izləyicilərə həmişəlik sirr olaraq qaldı.

Tamaşa zamanı aktyorların müəyyən mizanlarda ifa etdikləri roldan sıyrılaraq sükuta qərq olmaları, özlərini ifa etmələri cəlbedici, bəzən isə kədərli ab-hava yaradırdı.

Çexovun bir çox əsərlərində olduğu kimi, "Təklif" pyesinin alt qatında da insan həyatının, yaşantısının qədim, qədim olduğu qədər də xəfif kədərini sezməmək mümkün deyildi. Təzə bəyi qovduqdan sonra Stepan Stepanoviçin qızı ilə birgə baş-başa verib gitaranın müşayiəti ilə "İvolqa" rus musiqisini ifa etmələri ata və qızın talelərinin, gündəlik yaşantılarının alt qatını, dramatik məqamlarını bütün mahiyyəti ilə üzə çıxarır.

Bayaqdan komik ampluada çıxış edən aktyorlar Vidadi Həsənov və Zümrüd Qasımova baş-başa verərək qəfildən kədərlənib doluxsunurlar. Mahnını müşayiət edənlər obrazlar olsalar da, aktyorların yaşantılarının obraza nə qədər çox qarışmasını hiss edib duymaq o qədər də çətin olmur.

Vidadi Həsənovun komik, hərdən ironik ifası tamaşının oynaq ritminin qorunmasına xidmət etdiyi qədər Zümrüd Qasımovanın plastik və sərbəst ifası mükəmməl idi. Onun kobud, pinti kənd qızından işvəkar qadına çevrilməsi aktrisa kimi rolun tələblərinə cavab vermə bacarığı, təbii ki, illərin təcrübəsindən xəbər verir.

Elgün Həmidovu bir çox tamaşalardan izlədiyim üçün onun aktyor imkanlarının geniş olmasının dəfələrlə şahidi olmuşam. Dramatik, komik, faciəvi rolları məharətlə ifa etməyi bacaran Elgün bu dəfə də fərqli obrazda olsa da, məhz obrazın tələb etdiyi bütün tapşırıqların öhdəsindən gəlməyi bacarır, evlənmək vaxtı keçməyə başlayan kişi səbirsizliyini, vasvasılığını və dalaşqanlığını maraqlı ifadə tərzi ilə çatdırmağa nail olur. Bir saatlıq tamaşanın bütün təfərrüatlarına aldanan tamaşaçı yaxşı mənada Elgünün yaratdığı obrazın sol ayağının keyiməsinə, ürəyinin isə döyünməsinə asanlıqla inanır. Hətta az qala onun Nataliya kimi yaman bir qızın əlinə düşməsinə acıyır da.

Ümumilikdə, bir saat ərzində rus mühitini, Çexov yaradıcılığını istər ifa, istərsə də vizual baxımdan tamaşaçıya çatdırmağa nail olan Günay Səttarın bu qədər gənc yaşda belə hissiyyatlı tərtibatla, aktyor heyəti və baxımlı bir tamaşa ortaya qoyması təqdirəlayiqdir, alqışlanasıdır. "Yuğ" Teatrının yaradıcısı Vaqif İbrahimoğlu adını məhz işi və əməli ilə yaşadan, onun illərdən bəri yandırdığı işığı sönməyə qoymayan yaradıcı heyətə "Yuğ"un tavanından süzülən işığın həmişə parlaq olmasını arzulayıram.

 

Samirə Əşrəf

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.23.