Artıq neçə illərdir ki, Gənc Ədiblər Məktəbi (GƏM) üzvləri ilə görüşlərdə oluram və hər dəfə bir neçə imza kəşf edirəm. Bu dəfə GƏM-ə gələnlər arasında diqqətimi çəkən gənclərdən biri də hekayələrini oxuduğum Bahəddin Salman oldu.

Bahəddin teatr rejissorluğu fakültəsini bitirib, mühakimə qabiliyyəti, savadı ilə fərqlənir. O öz qəhrəmanlarının zahirində cərəyan edənlərlə daxilində gedənləri vəhdətdə qavrayır və paralel şəkildə izləyir. Bu onun hekayələrinə psixoloji məzmun, intellektual incəlik verir. Mövzu, məzmun, ideya, təhkiyə tərzi, dialoqlar - hər şey göstərir ki,  gənc dostum "yüksək materiya"nın ifadəçisi olmağa iddialıdır. 

Bahəddinin mövzu seçimi də özünəməxsusdur - o, daha çox həyatın dibindəkilərdən yazır, öz bədii fokusunu adi yox, "qeyri-adi" (qeyri-normativ!) adamların üstünə salır. Onun qəhrəmanları heç bir qəhrəmanlığıyla seçilməyən hansısa infant, bomj, yaxud cüzamlıdır. Gənc yazıçı sevginin, mərhəmətin gücüylə infantın gözünü açmaq, bomju oyatmaq, cüzamlını sağaltmaq, bir sözlə, diriltmək, yaşatmaq istəyir. Amma bu, möcüzə tələb edir və möcüzəni Allah törədə bilər. Yəqin, bu üzdən Bahəddinin hekayələrinin əsas ideya pafosu Tanrı axtarışıyla bağlıdır. Düzdür, onun Tanrıyla dialoq cəhdləri hələ ki neqativ, hətta üsyankar  səciyyəlidir. Amma bu, məntiqidir - işığa gedən yol zülmətdən, həqiqətə gedən yol şübhədən keçir.

Məncə, Bahəddin öz hekayələrində ilk öncə özünü yazır, öz içindəki zülmətə işıq salır, özünü profilaktika, özünümüalicə ilə məşğul olur. Çünki Tanrıya gedən yol insanın özündən keçir və yalnız özünü dərk edən haqqı dərk edə bilər.

Əgər GƏM-də Nitsşe ilə görüş keçirilsə, zəiflərə, xəstələrə mərhəmət göstərməyi kəskin tənqid edən filosof Bahəddinin hekayələrini, yəqin ki, bəyənməzdi. Nə olsun? Ona qalsa, Nitsşe heç korların gözünü açan, cahilləri oyadan, cüzamlıları sağaldan İsa əleyhissəlamı da bəyənmirdi. Amma mən bəyəndim, elə buna görə də, gənc yazıçının "Onun Tanrısı burdaymış" hekayəsini bu kiçik qeydlərimlə birgə sizə təqdim etmək qərarına gəldim. İnanıram ki, siz də bəyənəcəksiniz.

Dərin sayğılarla

 

Əsəd Cahangir

 

Ədəbiyyat qəzeti.- 2019.- 25 may.- S.6.