Türk dünyasında Nazım Hikmət
Kitabxanamda çoxdandır Handan Askeran
Tonun verdiyi bir kitab vardı...
Oxudum... Azərbaycanda
yaşayan yazıçı
Anar tərəfindən
qələmə alınan
kitabın adı
"Nazım Hikmət,
Kərəm Kimi"...
(Anar ilə
Handan Askeran eyni ailədən gəlirlər,
qardaş nəvələridir.)
Hər kəsin bildiyi kimi, Nazım
Hikmət Türkiyədə
mühakimə olunurdu. Səbahəddin Əlinin
öldürülməsindən sonra xaricə, SSRİ-yə getdi...
Və Türkiyədə illərcə yasaq olunmuş qaldı; kommunist şair - deyə bəzi yerlərdə lənətləndi,
yox sayıldı. Ancaq bu kitabı oxuduqca tam fərqli bir şey çıxdı qarşıma...
Nazım Hikmət, SSRİ coğrafiyasında
yaşayan türklər
üçün türkcənin
bayrağı idi...
Anar, həyatdaykən Nazım Hikmət ilə tanış olma və görüşmə
imkanı tapan, hələ də həyatda olan nadir fikir və ədəbiyyat
insanlarından biridir.
Azərbaycan Yazıçılar Birliyinin sədridir. Anar şəxsən, ya da birinci dərəcə
yaxınlarından əldə
etdiyi məlumat və şahidliklərlə
Nazımın şeir
və ədəbiyyatda
olduğu qədər
Sovetlərdəki həyatına
da işıq tutur. Bu baxımdan Kərəm Kimi xüsusi bir işdir...
Anarın yazmış olduğu kitab o illərdə Türkiyə ilə Sovet coğrafiyasında yaşayan türklərin zehinlərindəki fərqli
Nazım hisslərini ortaya qoyur... Birində vətən xaini, digərində isə türkcəni yaşadan, türkcə oxuduğu şeirlərlə ana dili və türklüyü
unutdurmayan adam...
Kitabı oxuduqca Nazım Hikmətin Sovetlər və Dəmir pərdə arxasındakı ölkələrin
Türk birlikləri arasında türkcənin
bir körpü olduğunu da görürük.
Dialektikanın
universal ziddiyyəti tam da
belə bir şey olsa gərək!
Anar Nazım Hikməti ilk dəfə Bakı Universitetində görür. Daha sonra öz evlərində,
yəni atası Rəsul Rzanın evində dəfələrlə
qarşılaşır. Nazım Hikmət Bakıya hər gələndə Rəsulgildə olur.
Anar və ailəsi də hər Moskvaya getdiklərində Nazım
Hikmətin Moskvadakı
evində, ya bağ evində, ya da qaldıqları
oteldə mütləq
görüşürlər.
Nazım Hikməti yaxından tanıyan Anar, kitabda Nazım
Hikmətin Moskvada da təqibə məruz qaldığını
diqqətə çəkir.
Kitabda bu ifadələr yer alır:
"Azərbaycanda
isə Nazıma göstərilən marağın
səbəbləri çox
fərqli idi. Türkiyədə əsərlərinin yasaq edildiyi illərdə ona Azərbaycan sahib çıxdı,
əsərləri Türkiyə
türkcəsinin əkiz
qardaşı olan Azərbaycan türkcəsində
nəşr olundu, pyesləri səhnəyə
qoyuldu. "O vaxtlar
Azərbaycan Sovet İttifaqının bir hissəsi idi və ona görə
də Nazımı Azərbaycanda ümumi məqsədlər üçün
qəbul edirdilər -
deyilə bilər. Bu, doğrudur, amma
bu, həqiqətin bir hissəsidir, hamısı deyil".
Və həqiqətin digər hissəsi üçün
isə Anar kitabında bunları yazır:
"Həqiqətin başqa və daha əhəmiyyətli tərəfi isə odur ki: O illərdə
Nazım Türkiyədə
bir çoxları üçün "Moskvanın
adamı", "Türk
düşməni" idisə,
azərbaycanlılar üçün
Türkiyənin, türklüyün,
türk dilinin simvolu idi. Nazımı
bitib-tükənməyən alqışlara qərq edən Bakı salonlarındakı dinləyicilər,
onun şəxsində
bir kommunizm təbliğatçısını deyil, bizə uzun illər həsrətini çəkdiyimiz
Türkiyənin qoxusunu,
ruhunu gətirən, canımız qədər
doğma olan türk dilində danışan, ölümsüz
şeirlərini türkcə
oxuyan, həm də möhtəşəm
oxuyan bir türk şairini alqışlayırdılar. O illərdə
Sovet İttifaqının
türk bölgələrində,
xüsusilə Azərbaycanda
heç kim
türklük ruhunu, türklük şüurunu
Nazım Hikmət qədər yüksəldə
bilməmişdi. "Türk"
sözü Azərbaycanda
xalqımızın, dilimizin
adı kimi yasaq olduğu, Türkiyə ilə tarix, ədəbiyyat, folklor, soy və ənənə birliyimiz haqqında hər hansı bir fikrin günah sayıldığı, bizi
bir-birimizə bağlayan
bütün iplərin
qoparıldığı, Türkiyə
sevgisindən ötrü,
ya da Türkiyədəki
qohumlarına görə
insanların təqib edildiyi illərdə, Nazım Hikmət kütləvi yığıncaqlarda,
ən yüksək kürsülərdə: "Mən
türkəm, siz də türksünüz,
ruhumuz, ənənələrimiz
bir, xalqlarımız,
dillərimiz qardaşdır"
- deyirdi.
Anar kitabında bunları yazır:
"Sovet İttifaqının başqa
Türk Cümhuriyyətlərində
də bir çox insan üçün, xüsusilə
də şairlər üçün Nazımın
varlığı Türkiyə
həsrətini, türk
dili özləmini aradan qaldıran, türkləri ovudan bir qaynaq idi".
Anar kitabı yazarkən Nazım ilə öz qarşılaşmalarıyla
bərabər, atası
Rəsul Rzanın, anası Nigar Rəfibəylinin, Ənvər
Məmmədxanlının, Zəkəriyyə Sərtəlin,
Əkbər Babayevin,
Vera Tulyakovanın, tərcüməçisi
Muza Pavlovanın və Nazımı Türkiyədən tanıyan
bir çox insanın anlatdıqlarından
da bəhrələnib.
Nazım Hikmət üçün
"Onun mirası əvvəl bütün Türk dünyasınındır,
sonra da bütün insanlığın..."
- deyən Anar, kitabda bunları yazır:
"Türk dünyası ifadəsinə
əminəm ki, bəzi solçular ürkərək, şübhə
və narahatlıqla yaxınlaşacaqlar. Bəzi sağçılar isə Nazım Hikməti bu dünyaya qəbul etmək belə istəməzlər. Əbəs
cəhdlərdir bunlar.
Dədə Qorqudsuz, Yunus Əmrəsiz, Nəvaisiz, Füzulisiz bir Türk dünyası
olmadığı kimi,
Nazım Hikmətsiz də bir Türk
dünyası yoxdur".
Anar Nazım Hikmətin
1914-cü ildə yazdığı
bir şeirinə yer verir:
Yenə böyük türk adı
Dağlar, daşlar aşacaq
Yenə türkün bayrağı
Qalaları yıxacaq
Yenə türkün gəmisi
Dənizləri aşacaq
Yenə türkün sənəti
Avropaya daşacaq
Yenə türkün sinəsi
Vətən eşqiylə dolacaq
İştə bundan əmin ol
Əmin ol ki, olacaq
Yenə türkün tarixi
Ulduzlu səhifələr yazacaq...
Dərhal ardından da "45 il sonra isə
belə demişdi"
- yazaraq, Nazım Hikmətin bu şeirinə yer verir:
Məmləkətimi sevirəm
Çinarlarında kolan vurdum,
həbsxanalarında yatdım
Heç bir şey ovutmaz
bu sıxıntımı
Məmləkətimin şarkıları və tütünü kimi.
Məmləkətim:
Bədrəddin, Sinan, Yunus Əmrə və Sakarya,
qurşun qübbələr və
fabrika bacaları...
Heyran bir çocuq sevinciylə qəbula hazır
çalışqan, namuslu, igid insanlarım -
yarıac, yarıtox
yarı əsir...
Kitabda Nazım Hikmətin özünün sənəti
və şeirləri haqqındakı düşüncələri;
Azərbaycan ilə bağlı məqalələri;
Azərbaycan şairlərinin
Nazım Hikmətə
ithaf edilmiş şeirləri, şeirlərinin
analizləri də var...
Kim nə dersə desin... Su axır, yolunu tapır...
"Yeni Dönem"
20 oktyabr 2019
H.Gül
Kolaylı
Türk dilindən çevirən:
Aytən Heydərova
Ədəbiyyat qəzeti.- 2019.- 2 noyabr. S. 2.