Qızılbaş duyğuları

 

Akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi: Hökmdar və döyüşçünün portreti" kitabı ətrafında düşüncələr

 "Təbii ki, Səfəvilərin qurduğu Azərbaycan imperiyasından söhbət düşəndə, göz önünə gələn ilk şəxs, görkəmli dövlət xadimi, sərkərdə və şair Şah İsmayıl Xətaidir... Cəmi 14 yaşında o dövrün ən qüdrətli dövlətlərindən birini və sözün tam mənasında Azərbaycan tarixinin ilk imperiyasını yaratmış İsmayılın şəxsiyyətinə bütün dövrlərdə böyük maraq olub".

R.Mehdiyev. "Şah İsmayıl Səfəvi: Hökmdar və döyüşçünün portreti"

 

***

Gəl ey Şah, gəl ey qut, cəng çalır zər təbil,

Bəybaxış boylanır şah doğan Ərdəbil

 

İllər öncə dostum Azər Turanla Şah İsmayılın və Səfəvilərin tariximizdəki yeri barədə söhbət edirdik. Azər onda "Yeni Azərbaycan" qəzetinin "Ədəbiyyat" əlavəsinin məsul redaktoru idi və mənə həmin mövzuda şeirlər yazmamı tövsiyə elədi. Necə deyərlər, ilham Allahdandır, mən də az bir zamanda "Qızılbaş havaları"nı yazdım və şeirlər "Yeni Azərbaycan"ın "Ədəbiyyat" əlavəsində çap olundu. Sonradan mən bu şeirlərin bir qismini "Anıt məzar" dastanına daxil elədim. İndi aradan çox illər keçəndən sonra hörmətli akademik Ramiz Mehdiyevin "Şah İsmayıl Səfəvi: Hökmdar və döyüşçünün portreti" kitabını oxuyub qurtarandan sonra yenə də həmin havaya kökləndim. Aradan keçən bu illər ərzində Şah İsmayıl barədə bəzi müəlliflərin qarayaxmaları dərc olundu, bu barədə internet məkanında müzakirələr getdi. Yəqin ki, tariximizə belə baxış hansısa qüvvələrə çox lazımdır. Həmin vaxt mən rusca "Kaspiy" qəzetində "Kızılbaşskie strasti" (Qızılbaş duyğuları) adlı məqalə dərc etdirdim. Lakin Azərbaycan ideyasının Şah İsmayıl Səfəvi kimi bir sütun şəxsiyyəti və gördüyü işlər barədə sistemli və ciddi məxəzlərə dayanan bir kitabın ortaya çıxmasına çox böyük ehtiyac var idi. Mən əvvəllər də Ramiz müəllimin bu mövzuda yazdığı məqalələrini oxumuşam, amma bu kitabda ilk dəfə rast gəldiyim xeyli yeni məlumatlar oxudum. Müəllif özü də kitaba yazdığı girişdə "kitabda ölkəmizin və xarici şərqşünasların tədqiqatlarında öz əksini tapmayan mənbələrdən istifadə olunduğunu" yazır. Həm də bu mənbələrdən və dünyanın görkəmli şərqşünaslarının əsərlərindən sitatlar verilir, yerləri göstərilir. Əlbəttə, böyük tarixi mirasa sahiblənmək istəyən həmişə çox olur, xüsusən də əsl mirasçılar miraslarına laqeyd olanda. Buna görə, akademik R.Mehdiyev kimi nüfuzlu bir alimin qələmindən çıxmış mötəbər bir kitaba böyük ehtiyac var idi. Şah İsmayılın mənşəyi barədə başqaları çox şey yazır, amma bu kitabdakı mətnlər dəqiq elmi dəlillərlə sübut edir ki, Şah İsmayılın da, onun ardıcılları olan qızılbaşların da mənşəyində türk etnosu dayanır. Məqalədə kitabdan gətirilən sitatlar kursivlə verilib.

 

***

Səfəviyyə güclü bir türk ordeni (qətiqəti) kimi Anadoluya böyük dini və siyasi təsir göstərib. Xəlvətiyyə (Bayramiyə və Cilvatiyə) kimi bir sıra Türkiyə təriqətləri də eyni ənənələrə söykənirdilər.

C.S.Trimingem

Qızılbaşlıq duyğusu bizim içimizdədir, qızılbaşlıq bizim genetik kodumuzdadır. Qızılbaşlıq türkün İslam sevdasıdır, qızılbaşlıq Azərbaycan duyğusudur. Bektaşilik və Ələviliyin ən böyük tədqiqatçılarından olan Azərbaycan kökənli fransız alimi İren Melikoff yazırdı ki, "qədimdə türklərin tapındığı Göy Tanrı obrazı türk-islam missionerləri tərəfindən Hz. Əliyə şamil edilmişdi". Buna görə köçəri türklər arasında Hz. Əliyə böyük sevgi vardı. Biz Radlovun nəşr etdirdiyi mətnlərdən də görürük ki, qədimdə, Orta Asiyada da (Türküstanda) bu sevgi çox böyük olub və əksər dini rəvayətlərin qəhrəmanı Hz. Əlidir.

XVI əsr Osmanlı sənədlərini araşdırarkən, Anadolunun çöl əhalisinin əksəriyyətinin şiə - Bektaşi xüsusiyyətli olduğu ortaya çıxır. İren Melikoff bu rəqəmin 70% olduğunu bildirir və qeyd edir ki, "Əli eşqi, türklərin, ümumən, Bektaşinin türk dilində yaydığı İslam təlimi, əsasən köçəri türkmənlər arasında aparılıb". Əhməd Yasəvi kimi, Hacı Bektaş kimi, Nəsimi kimi, Füzuli kimi, Xətai kimi türk-İslam ulularının yaradıcılığında da böyük Əli eşqi var. Əvvəllər ozan adlandırılan xalq ifaçıları sonradan Əli aşiqləri - aşıq adlandırılmağa başladılar.  Bu faktor sonradan Azərbaycanda və Anadoluda Qızılbaş hərəkatı yaradacaq, qızılbaşlıq bayrağı altında bir Səfəvi xanədanı qurulacaq və bu xanədan gələcək Azərbaycan ideyasının istinad nöqtəsi olacaq....

Şübhəsiz ki, qızılbaşlar türkmənlərdən törəyib... Onun (İsmayılın) Gilan feodalları nəslindən olması təsdiqini tapmır, türkmən mənşəyi isə isbat olunub".

Q.Römer

Mən on iki yaşlı İsmayılın on iki əshabəsi ilə birgə bir Novruz günü verdiyi qərarı xatırlayıram. Onlar cənabi Həzrəti Əlinin culus gününün ildönümündə bir tonqal başında gənəş quraraq Azərbaycan ideyasına can verirdilər. Peyğəmbər nəslindən olan, qanında şanlı Oğuz hökmdarlarının və Trabzon imperatorlarının qanı axan on iki yaşlı Heydər oğlu İsmayıl Allahın hökmü ilə öz ulusunu yaratmaq qərarı verir burada. Zaman gələcək və onun ulusuna Azərbaycan deyəcəklər, onun bu ulusa verdiyi qızılbaşlıq ideyası isə bu ulusdan kənarda da milyonlarla insanın qəlbinə sahib olacaq.

Və o zaman orda, Ərdəbildə yeni tarix başlamışdı. Həmin gün on iki yaşlı İsmayıl dağınıq və bir-biri ilə düşmənçilik edən türk tayfalarını Azərbaycan ideyası ətrafında birləşdirmək qərarı verdi. Şübhəsiz, bu ideya on iki yaşlı bir uşağın həyat təcrübəsinin verdiyi bir qərar deyildi, onun ətrafını təşkil edənlərin şüurunda artıq sistemləşmiş bir ideyanın nəticəsiydi. Amma tarix bu ideoloqların heç birinin adını saxlamayıb və Azərbaycan ideyası məhz Şah İsmayıl Səfəvinin adıyla təşəkkül tapdı.

Ramiz Mehdiyevin yazdığı kimi, Şah İsmayıl ata tərəfdən Cənubi Azərbaycanın Ərdəbil şəhərindən olan nüfuzlu Səfəvilər nəslinə mənsub idi. Bu nəslin banisi Şeyx Səfiəddin Ərdəbili XIII əsrdə "Səfəviyyə" sufi ordenini təsis etmiş, sonradan bu orden ciddi bir siyasi nüfuz qazanmışdı. Bu ordenin əvvəllər sünni olmuş nümayəndələri tədricən köçəri türkmənlər arasında geniş yayılmış mötədil şiəlik məzhəbinə etiqad etməyə başladılar. Sonrakı dövrdə, fasiləsiz siyasi mübarizələrin gedişində bu məzhəb xeyli dərəcədə fanatik bir cərəyana çevrildi. Səfəviyyə təriqəti yarandığı ilk vaxtlardan həmişə hakim yuxarı təbəqəyə münasibətdə müxalif mövqe tutmuşdu. Bu təriqəti Azərbaycan ərazisində hakim ideologiyaya çevirmiş Şah İsmayıl, ana tərəfdən Ağqoyunlu hökmdarı Uzun Həsənin nəvəsi - onun qızı Aləmşah bəyimin oğlu idi. Uzun Həsən özü Trabzon imperatoru yunan IV İohann Komninin qızı Teodora (Dəspinə) ilə evlənmişdi. Onun damarlarında böyük hökmdarların qanı axırdı, o, böyük ideallarla yaşayırdı. O, Azərbaycan ərazisində oturuşmuş dövlətin olmadığını görürdü.

 

***

"Bu Ərdəbil şeyxi, şübhəsiz ki,

fars yox, türk mənşəlidir".

V.V.Bartold

Səfəvilərin təbliğ etdiyi şiəlik də bugünkü ortodoksal şiəlikdən çox fərqlənirdi. Fəaliyyətinə sünni təriqəti kimi başlamış Səfəviyyə ordeni, Əhməd Yasəvi və Hacı Bektaş təliminin Azərbaycanda, Anadoluda türklər arasında geniş yayılmasından sonra ideoloji xəttində müəyyən dəyişikliklərə uğramışdı və Əli aşiqləri xəttini götürmüşdü. Türküstandan gələn türk-İslam missionerləri əski türk inanclarını Əli kultuna sintez edə bilmişdilər və İslamın bu şəkildə izahı sadə türk insanına daha yaxın idi, Səfəvilərin xalq arasındakı böyük populyarlığı da təlimlərini onların anladığı dildə, türk dilində təbliğ edirdilər.

Monqol basqısı zamanı Türküstandan Azərbaycana və Anadoluya böyük kütlələr şəklində köç etmiş insanların əksəriyyəti də əski türk inanc və ənənələrini yaşadırdı. Hələ Türküstanda olarkən, islamın Qaraxanilər və Səlcuqlar dönəmindəki qəbulundan sonra, Göy Tanrı inancının ruh adamları, qam-ozanlar, yeni dinin missionerlərinə çevrildilər. "Dədə Qorqud" dastanında biz bunu Oğuz tayfalarında ruhani missiya daşıyan Dədə Qorqudun timsalında görürük. Əski "qam-ozanlar" İslamın çöl əhli arasında yayılmasında böyük rol oynayırdılar. Səfəviyyə təliminin və Şah İsmayıl kultunun ən böyük təbliğatçıları da ozan - aşıqlar oldular.                    

 

***

Şah İsmayıl türk olmasaydı, sarayın rəsmi dilini türk dili elan etməz və bu dildə ədəbi nümunələr yaratmazdı...Yalnız Şah İsmayıl Xətai kimi təmiz qanlı türk türk dilini belə böyük qayğıyla əhatə eləyə bilərdi.

Ramiz Mehdiyev

Səfəvilər Azərbaycan ərazisində səltənət qurmuş Qaraqoyunlu və Ağqoyunlu sülalələrinin birbaşa varisləri idilər, onlarla çoxtərəfli qohumluq əlaqələri vardı. Səfəvi dövləti İranda Azərbaycan dövlətinin üçüncü mərhələsi idi. İlk iki mərhələ isə Qaraqoyunlu və Ağqoyunlu dövlətləri olublar, amma bu gün özünü azərbaycanlı adlandıran bir millət məhz Səfəvilər xanədanı zamanı formalaşıb.

Əlbəttə, bu bir türk xanədanıydı. Şah İsmayıl Xətainin şeirlərini oxumaq yetər ki, onun mənşəyi barədə heç danışmayasan. Ulu Şahın ilham mələyi türk dilində danışırdı. Akademik R.Mehdiyev öz kitabında Səfəvilərin mənşəyini ciddi araşdırmış və onların türk kökənli olduğunu ciddi tarixi mənbələrlə sübut etmişdir. Əsərdən göründüyü kimi, Səfəvilərin Qızılbaşlıq ideyasının kökündə şamlı, rumlu, ustaclı, təkəli, afşar, qacar, zülqədər kimi Oğuz tayfaları dayanırdı. Onların qurduğu dövlət ideoloji baxımdan bir sufi dövləti idi. Səfəvi dövlətinin başçısı eyni zamanda təriqət rəhbəri olduğundan adının əvvəlinə "Şah" epiteti əlavə olunurdu. Bu epitet Kərbəlada şəhid olmuş Hz. Hüseyndən başlayır və bu gün də Aşura mərasimlərində "Şah Hüseyn" ifadəsi işlənir. Hökmdarlıq sistemində bu cür müraciət yalnız Səfəvi xanədanının nümayəndələrinə şamil olunub. Onlardan sonrakılar Nadir şah, Nəsrəddin şah və s. adlanıblar. Qədim Persiya torpaqlarında səltənət quran Səfəvilər daha çox qızılbaşlar ümməsinin hökmdarları idilər və onların Osmanlılarla davaları da məzhəb davası yox, səltənət davasıydı. Çünki həm Səfəvilər, həm də Osmanlılar özlərinin Vizantiya inperatorları ilə qohumluqlarını əsas gətirərək keçmiş Bizans torpaqlarına iddia edirdilər. Osmanlı sultanın titulları arasında "Qeysəri Rum" epiteti də vardı, yəni Rum hökmdarı. Bundan əlavə, hər iki xanədan şəcərələrinin həm də peyğəmbər nəsli ilə bağlılığını iddia edərək bütün İslam dünyasında üstünlüklərini önə sürürdülər. Hər iki məsələdə Osmanlılar daha çevik çıxdılar və sultan I Səlim Misiri fəth etdikdən sonra Hülakü ordusunun çökdürdüyü xilafəti bərpa elədi və xəlifə elan olundu. Səfəvilər də eyni iddiada olduqlarından, hər iki xanədan arasında onilliklərlə uzanan taxt-tac davası başladı, bu da Orta əsrlər üçün adi hal idi. Təxminən buna oxşar səbəb üzündən İngiltərə və Fransa arasında "Yüzillik müharibə" baş verib. Səfəvilərdən sonra taxta çıxan Nadir şahın da, Qacarların da belə bir iddiası olmadığından, onlar da, Osmanlı dövləti də daha çox xristian dünyasının hücumlarını dəf etməklə məşğul oldular. Birinci Dünya savaşından sonra Osmanlı dövlətini çökdürən imperialist güclər, 1925-ci ildə türk sülaləsi olan Qacarları devirdi və indiki İran ərazisində minillik türk sülaləri hakimiyyətinə son verdi. Anadoluda Türkiyə adlı respublika yarandığından, Qacarlar səltənətini də İran, yəni arilərin ölkəsi adlandırdılar. Guya ki, Sasanilərdən öncə bu ərazilərdə dövlət qurmuş Parfiyalıların nəslindən olan Rza Pəhləvi şah elan olundu, səltənətin ərazisindəki bütün xalqların ari mənşəli olduğu iddia edildi, türk dili yasaq olundu. Azərbaycan əhalisinin Elxanilər tərəfindən türkləşdirildiyini "isbatlayan" əsərlər yazılmağa başladı. Guya ki, Azərbaycan türkləri mənşəcə fars imişlər. Kitabda bu cür iddialara çox tutarlı və elmi məxəzlərə dayanan cavablar var.

 

 

Elxan Zal Qaraxanlı

Ədəbiyyat qəzeti.- 2019.- 2 noyabr. S. 4-5.