Füzuli
səsləyir...
(esse)
Füzuli başdan-başa Səsdir. Başdan-başa köks
dolusu nəfəs və bu nəfəsin son iqamətgahı
olan səs!.. Nəfəsin səsə
çevrilməsi, yaxud səsin arxasındakı nəfəs
Füzuli sənətinin canı, mayası, hətta bəlkə
də iddiasıdır.
Füzuli ahənrüba kimi səni özünə
çəkir.
Sözlərindən əlavə bunu səsi ilə
edir. Öz səsilə yox,
sözünün səsilə edir. Onun
sözünün səsi qədər cazibədar, bu səs qədər
eyni zamanda mülayim və müqtədir bir səs yoxdur.
Başqaları
çağırır, Füzuli səsləyir.
***
Bu səsin rəngi var. Bu səs səni rəngli bir
dünyaya aparır, sən o səsin arxasındakı məqamı,
mənzərəni rəngli televizorda olan kimi görürsən. Bu səsin nəvazişi
dözülməzdir, məsumluğu inanılmaz, sadəliyi
aldadıcı, mürəkkəbliyi nümayişkəranədir.
Başqaları bu səslə min oyun qurardı, Füzuli bu səslə
səsləyir.
... Leyli ölüm yatağındadır. Belə bir məqamda onun üçün ən
böyük məşəqqət sevgilisi ilə
görüşüb demək istədiyini, son arzusunu ona
çatdıra bilməməsidir. Amma Leyli
usanmır. O bilir: o biri, sevgi dolu aləm var. Heç
olmazsa bu aləmdə könül sirdaşı ilə bir yerdə
olmaq ümidi Leylinin Məcnuna göndərdiyi son vida sözlərində
öz əksini tapır. Anası vasitəsilə o Məcnuna
belə bir xəbərmi, xəbər deyil, arzumu, arzu deyil,
xahişmi, xahiş deyil, bəs o zaman Leylinin ölüm
qabağı Məcnuna göndərdiyi dəvət nədir?! Bu, əhli-kamildən
əhli qafilə ünvanlanan bir səsləyiş deyilmi?!
Odur. Füzuli səsləyir:
Sən həm
gələ gör, təəllül etmə
Mən müntəzirəm, təğafül etmə.
Gər
sadiq isən bu yolda sən həm
Səbr eyləmə, eylə tərki-aləm.
Başqaları bəlkə də hiylə qurub dəvət
edərdi. Füzuli açıq-aşkar səsləyir.
Leyli
uzaqdan-uzağa anası vasitəsilə Məcnuna xitabən
belə deyir:
... Ey vəfalı
dildar!
Can verdi yolunda Leyliyi-zar.
... Key
eşqdə laf edən vəfadən!
Xəlvətgəhi ünsə məhrəm oldum.
Azadəvü şadü xürrəm oldum.
Öz
ölümünü özü görmüş kimi qələmə
alan, ölümün "şad və
xürrəm olanların" məskəninə çevrilməsini
duyan Leyli əhli-kamil mərtəbəsinə ucalır. Amma bu, artıq gənc və eşq alovunun
yandırıb-yaxdığı Leyli deyil, bu, dünyanın
möhnətindən əzab çəkən və eyni
zamanda bundan sonsuz dərəcədə yorulmuş, "qəm
oduna tutuşmuş" könlünə heç bir əlac
tapa bilməyən Füzulinin özüdür. Və Füzuli artıq bu dünyada yox, "şad
və xürrəmlər" dünyasındadır və
özü qədər yorğun Məcnunu da öz yanına səsləyir.
"Sən həm gələ gör", deyir.
"Mən müntəzirəm", deyir.
Və bir də deyir ki, əgər sən mənə sadiqsənsə,
bir an belə səbr eyləmə, dərhal
tərki-aləm eylə.
Füzuli öz fikrində qətidir. Amma bu qətilik
nəcib və nazik qətilikdir, Leyli zərifliyindən
keçirilmiş qətilikdir.
Başqaları tələb edərdi, Füzuli səsləyir.
Beləliklə,
Füzuli (Leyli yox, Füzuli) Məcnunu - yəni
özünü dünyanı tərk etməyə sövq
edir. Bir tərəfdən, Məcnunun sadiqliyini
son dəfə imtahan edir, digər tərəfdən,
özünün öz xatirələrinə sədaqətini
yoxlamadan keçirir. Özü
özünə səbr etməməyi, tərki-aləm etməyi
tövsiyə edir. Çöllü-biyabanın
məlum əfsanəsi əgər Leylini bu dünyada Məcnunsuz
qoya bilmişdisə, İntibah dövrünün Füzulisi
Leylini o biri dünyada Məcnunsuz qoymaq istəmir. Bəs Məcnundan gözlənti nədir, onu hara səsləyirlər?!
Onu harada gözləməkdədirlər?!
Və Məcnunun bu dəvətə cavabı nə
olacaqdır?!
Gəl
kami-dil ilə olalım yar
Bir yerdə
ki, yoxdur onda əğyar...
Daim
olalım bir evdə həmraz
Kim, çıxmaya dışra ondan avaz.
Bir səsi (avazı) belə kənara çıxmayan
"ev" haradadır? Cavab bəllidir. Bu ev
ancaq və ancaq "könül" adlı məkan ola bilər.
Zamanında "şad və azad görünən"
könül eşq "macəra"sına yoluxub onu
yaşadıqdan sonra axırda yenə öz əvvəlinə
- "şadü xürrəm", "azad" məqamına,
"əğyar"ların olmadığı cağına
qayıdır, məhz belə bir aləmdə "azadəvü
şadü xürrəm" olduğunu bəyan edir. Və Füzuli özününküləri
rahatlığa, sakitliyə səsləyir. Füzuli Leylini və Məcnunu hüzura layiq bilir.
Neçə əsr sonra Bulqakov öz Sənətkarını
hüzura layiq bildiyi kimi. Və ona hüzur
bəxş etdiyi kimi.
Füzuli də Məcnunu hüzur dolu bir məkana tərəf,
elə bil, ona "səsimdən yapış" deyə-deyə
arxasınca aparır. Amma bu
artıq Füzuli deyil. Bu, Leylidir. Məcnunu arxasınca aparan Leyli. Flober
madam Bovari olduğu kimi, Füzuli də Leyliyə
çevrilmişdir. Və bir azdan o, yenidən Məcnun
olub Leylinin arxasınca haman şad və
xürrəmlər məskəninə yol alacaqdır. Onun bunu etməyə Allahın rizası ilə
"iradəti" vardır.
Məndən
səni eyləmək xəbərdar,
Bismillah, əgər iradətin var.
Leyli öz sevgisinə cavab gözləyir. Başqaları
tələb və təzyiq edərdi. Füzuli
səsləyir.
Füzuli bəzən sözün arxasında gizlənir,
bu zaman səsləniş sözün arxasından yüksəlir,
söz artıq deyilmişdir, səsləniş isə əks-səda
kimidir. Bu səsləniş özünü göstərmir,
amma o vardır.
Ey
Füzuli, şamü qəm ənzamına yoxdur ümid
Bir təsəllidir sənə ol söz ki, derlər var
sübh.
Füzuli misra xaricində, sanki gizlənib təsəlli
verir, ümid verir, sübhün gələcəyinə
inanmağa təşviq edir. Füzulinin
bütün aşiqanə qəzəlləri Leyliyə və
Məcnuna xitabən deyilir. Onun
bütün yaradıcılığı muğam tarla
kamançanın sevgisi və mübahisəsi üzərində
qurulduğu kimi, Leyli ilə Məcnun üzərində
qurulur. O, kimə üzünü tutub bunu edir? Leyliyə və Məcnuna. Başqaları
usanardı. Füzuli yenə də səsləyir.
***
Füzuli
öz-özünə pıçıldayır:
Ver
sözə ehya ki, tutduqca səni xabi-əcəl,
Edə hər
saət səni ol uyqudan bidar söz...
Yaxud
eşq əlindən zülümlər çəkdiyini, əqilli
vaxtını cani-dildən xatırladığını,
eşqini pünhan tutub
dərdinə dərman etmək üçün təbiblərə
uğramamasını yenə də pıçıltı ilə
yalnız özü özünə (bəlkə də Leyliyə
və Məcnuna) deyir:
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?!
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?!
Əqldən yar olmamasını Allah bəndəsi olan kəs
özü-özündən başqa bir kimsəyə əmanət
edib deyərmi?
Əgər deyərsə, divanə
olmağı dünyada hər şeydən üstün
saymazmı?
Rüsvalərindən
ol məh saymaz məni, Füzuli
Divanə olmayımmı dünyadə, yoxmu arım?!
Yenə ayrılma. Yenə Füzuli şairdən
aralanır. Kim kimdən şikayətçidir - bilinməz!
Şair Füzulini səsləyir. "Mən neçin divanə olmadım?" sorur.
Amma ona cavab verən varmı? Həmən gecə - yox, yoxdur. Cavab
o biri gecələrin birindən gəlir. Bu
dəfə Füzuli şairi səsləyir. Deyir:
Məndə
Məcnundan füsun aşiqlik istedadı var
Aşiqi-sadiq mənəm, Məcnunun ancaq adı var.
Füzulinin
Məcnunu, yəni şairi ona deyilən bu sözləri qəbul
edir. Qəbul edir ki, Füzuli yenə də onu səsləyir.
Və dediklərini ona söyləyir.
"Ey Məcnun! Ey şair!" - deyə qəlbində özü-özü ilə
danışır. Başqaları rişxənd
edərdi. Füzuli səsləyir.
***
Füzulinin sözü o sözdən əvvəl səslənir. Onun qəlbində,
beynində səslənir. Səslənən
sözün, adətən, gözəgörünməz və
eşidilməz "giriş" hissəsi olur. Bu hissə sualdan ibarətdir. Füzulinin
özünün özünə verdiyi sualdan. Sözün başlanğıcı isə o
sualın cavabıdır.
Ol səbəbdən
farsi ləfzilə çoxdur nəzm kim
Nəzmi-nazik türk ləfzilə ikən düşvar
olur.
Cavab kimi
səslənən bu başlanğıcın beyindəki
sualı isə budur:
"Farsi ləfzilə nəzmin çox olmasının
səbəbi nədir?" Və: "Nəzmi-nazik nə
üçün türk ləfzilə çətin olur?".
Qitənin başlanğıc beytində məhz bu
suallara cavab verilir.
Sonra bir səsləniş
daha:
Ləhceyi-türki
qəbuli-nəzmi tərkib etməyib
Əksərən əlfazi namərbutü-nahəmvar
olur.
Yenə mətn
arxası suallar...
Nə üçün bu belədir? Nə
üçün əksər sözlər, ifadələr -
"ləfzi-türk" belə bir nahamvar müstəvidədir?
Nə etmək lazımdır?
Görkəmli Azərbaycan alimi Məmməd Cəfər
Cəfərovun bir tələbəsinə dediyi sözləri
xatırlayıram, çünki o tələbə, mənəm. O sözlər də budur:
"Səbr və mətanət!". Səbr və mətanət tövfiqə gətirən
yollardır. "Tövfiq olar ikən isə"
düşvar dağılır, növbaharda tikan içindən
güllər çıxır. Və
Füzuli vəd verir. Yəni səsləyir:
Məndə
tövfiq olsa bu düşvarı asan eylərəm
Növbahar olğac tikəndən bərgi-gül izhar
olur.
Kimə verilir bu vəd? Kimi arxayın etmək
istəyir Füzuli?! Füzuli narahat bir
şairi arxayın etmək istəyir. Şairə
vəd verir və şairə üz tutur. Füzuli
inanır. Onun tövfiqinə inanır, nə
zamansa gələcək növbahara inanır ("Bir təsəllidir
sənə ol söz ki, derlər var sübh"). Bu gün biz deyə bilərik ki, həqiqətən
də belə olmuşdur. Sübh
açılmış, növbahar gəlmiş, Füzulinin
bir şair kimi tövfiqi tikəndən solmaz güllər
çıxarmışdır. Füzuli
şair Füzulini aldatmamışdır. Şair
Füzuli də Füzuliyə inamında
aldanmamışdır. Füzuli onu
tövfiqə səsləmiş və bu tövfiqi onda
görmüş idi. Füzuli
pıçıltısında şəlalə nəfəsi
var.
Başqaları guruldayardı. Füzuli səsləyir.
Kamal Abdulla
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 6.