Olduğu
kimi görünən insan, yaxud mənim
tanıdığım Nizami müəllim
Həzrəti Mövlana deyib ki, "Ey insan oğlu, ya
olduğun kimi görün, ya da göründüyün kimi
ol!" Dünyada ən kamil insanlar olduğu kimi
görünən insanlardır desək, yanılmarıq.
Belə insanların bir amalı, bir məsləki və bir qayəsi
olur: bacardıqca hamıya yaxşılıq etmək,
bacarmayanda isə, heç olmazsa pislik etməmək!
Mənim 20 ilə yaxın tanıdığım, dostluq
və qardaşlıq etdiyim akademik Nizami Cəfərov məhz
belə insanlardandır, belə bir yolun yolçusudur. Bu yol, bu amal
onu cavankən ağsaqqal edib, sözün əsl mənasında
"sanballı kişi" edib. O özü söz
düşəndə xalq yazıçısı
İsmayıl Şıxlıya "sanballı kişi"
deyir, amma öz əməlləriylə, hadisələrə,
insanlara münasibətilə o da "sanballı kişi"
olub və özü də cavan yaşlarından!
Mənim,
əslində, hamımızın
tanıdığımız Nizami müəllim həm də
ziyalılıq mücəssəməsidir, onun hərəkətlərindən,
davranışından, ictimai həyatımızdakı
mövqeyindən ziyalılıq, kamillik və mükəmməllik
"tökülür" desək, yanılmarıq! Akademik Nizami Cəfərov təpədən-dırnağadək
ziyalıdır, kamil insandır. Bu
heç də "gəlişigözəl olan" söz,
yaxud təşbeh deyil. Atalar gözəl deyib ki,
"qardaşın necə adamdır?",
cavab bu olur ki, "yol yoldaşı olmamışam!". Amma
Nizami müəllimlə son 20 il ərzində dəfələrlə
yol yoldaşı olmuşuq, xarici səfərlərdə
olmuşuq və hər dəfə də o, mənim gözlərim
önündə, sanki getdikcə möhtəşəmləşib,
kamilləşib və daha da ucalıb; öz hərəkətləriylə,
davranışı, oturuşu-duruşu ilə, insanlara
münasibətilə! Bir dəfə onunla həmsöhbət
olan, yol yoldaşı olan, ona "vurulur", onun duzlu-məzəli
söhbətlərindən doya bilmir, ona valeh olur! Bir sözlə,
"Nizami müəllimdən doymaq olmur"!
Mədəniyyətimizdə, ədəbiyyatımızda
elə bir məqam, elə bir mütərəqqi addım olmur
ki, Nizami müəllimin gözündən, qələmindən
yayınsın. Nizami Cəfərov yeni nəşr olunan hər
bir kitabı, yeni bir uğuru, yeni bir cəhdi hadisəyə
çevirməyi bacaran cəsarətli bir alimdir və bununla
da o, gənc müəllifləri, sənətkarları ruhlandırır,
qanadlandırır və yeni-yeni uğurlara səsləyir.
Bu gün Nizami müəllim Azərbaycan ədəbi
prosesinin önündə gedir, onun aparıcı qüvvələrindən
biridir. Ədəbi prosesin fəal
iştirakçılarının dərc olunan hər
hansı əsərində xırda bir cücərti, müsbət
bir meyil, mütərəqqi bir düşüncə bəhrəsi
görürsə, dərhal ədəbi mətbuatda ona
müsbət reaksiya verir, onun müəllifini daha böyük
uğurlara ruhlandırır.
Mənə elə gəlir ki, Nizami müəllimin həm
dilçilk elminin, həm də ədəbiyyatşünaslığın
və ədəbi tənqidin sirlərinə yaxından bələd
olması onun ədəbi-tənqidi prosesdə hadisəyə
çevrilən sanballı çıxışlarının
təməlini təşkil edir. Görkəmli alimin məqalələri,
yazıları həmişə yersiz və şit təriflərdən,
hədsiz şişirtmələrdən və məddahlıqdan
uzaq olduğu üçün hamı tərəfindən rəğbətlə
qarşılanır, alqışlanır. Onun
neçə-neçə gənc müəlliflərin əsərləri
haqqında yazdığı ədəbi-tənqidi
yazıları onları daha sanballı əsərlər
yaratmağa sövq etmişdir.
Azərbaycan dilçilik elminin inkişafında da
akademik Nizami Cəfərovun xidmətləri danılmazdır. Onun Azərbaycan
dilçiliyinin müxtəlif məsələlərinə
dair çoxsaylı tədqiqatları dilçilik elmimizin ən
qiymətli qaynaqlarından hesab olunur. Nizami
müəllimin Azərbaycan televiziyasında uzun illərdən
bəri apardığı "Azərbaycan dili"
verilişi dilçiliyin müxtəlif problemlərinin
müzakirəsində və çözülməsində əhəmiyyətli
rol oynamışdır və oynamaqdadır. Bu verilişdə dilimizin lüğət tərkibinin
zənginləşməsi, orfoqrafiyası, fonetikası və
qrammatikası məsələlərinin görkəmli
dilçi və ədəbiyyatşünas alimlərlə
birgə müzakirəsi milyonlarla insanın mənən zənginləşməsinə
bu gün də böyük təkan verməkdədir.
Ortaq türk dilinin və ədəbiyyatının,
öyrənilməsi, tədqiqi və təbliği sahəsində
də Nizami müəllimin xidmətləri
böyükdür. 90-cı illərin əvvəllərində
türk dilində danışan xalqların ortaq əlifbasının
yaradılması ideyasının ilk müəlliflərindən
biri də akademik Nizami Cəfərovdur. Hətta
bu fikri reallaşdırmağa çalışan ilk beynəlxalq
yaradıcı qrupun fəal üzvlərindən biri kimi
90-cı illərin ortalarında türkdilli ölkələrin
dilçi alimlərinin sırasında ortaq bir əlifba layihəsini
də işləyib hazırlamışdılar. Təəssüf ki, sonralar bu layihəni
reallaşdırmaq mümkün olmamışdır. Böyük alim müasir türkologiyada sayılan,
seçilən söz sahiblərindən biridir və Türk
dünyasında onun fikirləri ilə hesablaşır,
böyük hörmətlə yanaşırlar.
Nizami müəllim xalqımızın ulu öndəri
Heydər Əliyevin xeyir-duası ilə Azərbaycanda
Atatürk Mərkəzini yaradan və uzun illərdən bəri
ona böyük müvəffəqiyyətlə rəhbərlik
edən görkəmli ictimai xadimdir, sözün əsl mənasında
əsl türkçü-turançıdır. Onun rəhbərliyi
ilə Azərbaycanda Atatürk Mərkəzi bir sıra
uğurlu layihələr həyata keçirmiş və
böyük uğurlara imza atmışdır. Bu Mərkəzin müvafiq mövzuya dair nəşr
etdirdiyi cild-cild kitablar və digər nəşrlər
müasir türkologiya elminin ən dəyərli və
sanballı mənbələri sırasında öz yerini
tutmuşdur və mütəxəssislər tərəfindən
rəğbətlə qarşılanır.
Nizami müəllim çox təvazökar insandır,
uşaqla uşaq kimi, böyüklə böyük kimi
danışmağı, davranmağı bacarır. O, heç vaxt öz
uğurları, nailiyyətləri ilə öyünməyi
sevmir, onlara adi fəaliyyətinin məhsulu, nəticəsi
kimi yanaşır. Bu 20 il ərzində heç bir vaxt onu
"mən, mən", "bunu mən eləmişəm",
"bunu mən ortaya qoymuşam", "bu fikir, bu ideya mənə
məxsusdur" deyən görməmişəm. O bu məsələlərdə
həmişə "bar verən ağac, başını
aşağı dikər" prinsipi ilə hərəkət
edib və bu cəhət də həmişə onu
insanların gözündə, elm aləmində, ictimaiyyət
arasında ucaldıb, dahiləşdirib! Öz
ustadlarına, müəllimlərinə, ağsaqqallarına
sayğı, hörmət də həmişə onu
hamımıza sevdirib, bütləşdirib, ləyaqət, qədirbilənlik
timsalına çevirib.
İnsanlara əl tutmaq, kömək etmək, gəncləri
irəli çəkmək Nizami müəllim
üçün həyat amalına çevrilib. Hələ gənc
yaşlarında Azərbaycan Dövlət Universitetinin
Filologiya fakültəsinin dekanı işlədiyi vaxtlardan o,
tələbələrin ən yaxın dostu olub, neçə-neçə
tanımadığı tələbəni universitetdən
"qovulmaqdan xilas edib", kasıb balalarına təqaüd
verilməsinə kömək edib. Neçə-neçə
gənc mütəxəssisin əlindən tutub elmin "hamar
yollarına çıxarıb". Ən
başlıcası isə elədiyi bu təmənnasız
yaxşılıqlardan özü də ləzzət alıb!
Nizami müəllim həmişə təmənnasız
insan olub, ona müraciət edən insanlara böyük
qayğı ilə yanaşıb, onlara kömək etməyə
çalışıb, hətta özünə aid olmayan
işlərdə belə, onların qabağına
düşüb gedib və çox qapılar açıb.
Nizami müəllim Azərbaycanın ictimai-siyasi həyatında
həmişə fəal rol oynayıb və bu fəaliyyətini
bu gün də böyük uğurla davam etdirir. Bir neçə
çağırış Milli Məclisin deputatı
seçilən, uzun müddət Parlamentdə Mədəniyyət
Komitəsinin sədri olan Nizami müəllim mədəniyyət
sahəsinin qanunvericilik bazasının formalaşmasında da
səmərəli fəaliyyət göstərib və mədəniyyət,
ədəbiyyat, incəsənət və digər
yaradıcılıq sahələrinin hüquqi-qanunvericilik
bazasını təşkil edən mühüm qanunların qəbul
olunmasında yorulmadan çalışıb və bu gün də
çalışmaqdadır. Milli Məclisin
deputatı kimi mütəmadi olaraq seçildiyi ərazinin
sakinləri ilə görüşən Nizami müəllim
ona müraciət edən seçicilərin problemlərinin həllində
də onlara yaxından köməklik göstərməyə
çalışır və bunun üçün müxtəlif
təşkilatlara gedərək onlara fəal yardım göstərir.
Nizami müəllim həm də sədaqətli bir
dostdur. O, dost
qazanmağı, dost olmağı və dostluğu qiymətləndirməyi,
həm də təmənnasız
dost olmağı sevir. Onun dostları onu qiymətləndirməyi
bacarır və onu sevirlər. Nizami müəllimin
dostları təkcə ölkəmizdə deyil, digər
ölkələrdə də, xüsusilə türkdilli
ölkələrdə də çoxdur. Mən
Türkiyədən, Qazaxıstandan, Tatarıstandan tutmuş
Çuvaşıstana, Xakasiyaya və Tuvayadək bütün
türk dünyasında onun necə sevildiyinin, necə hörmətlə
qarşılandığının şəxsən şahidi
olmuşam və belə bir dahi şəxsiyyətlə,
böyük insanla dost olmağımla həmişə fəxr
etmişəm!
Nizami müəllim hansı ölkədə olur-olsun,
hansı bir elmi konfransda, elmi simpoziumda iştirak edirsə-etsin,
həmişə xalqımıza, elmimizə, mədəniyyətimizə,
ədəbiyyatımıza başucalığı gətirib. Onu dinləyən hər bir
vətənpərvər azərbaycanlı onunla eyni soykökə
malik olduğu ilə fəxr edib!
Nizami
müəllim harada olur-olsun, heç vaxt hansı xalqın
övladı olduğunu unutmayıb, həmişə və hər
yerdə mənsub olduğu xalqa, millətə, dövlətə
başucalığı gətirməyə
çalışıb və həmişə də buna nail
olub - desək, məncə, yanılmarıq!
Nizami müəllim mənsub olduğu xalqın mədəniyyətinin
və milli-mənəvi dəyərlərinin,
xalqımızın mütəfəkkir oğullarının ədəbi
irsinin bütün dünya miqyasında təbliği istiqamətində
də böyük işlər görmüşdür və
görməkdədir. O, harada, hansı tədbirdə olur-olsun, minilliklər
boyu xalqımızın yaratdığı ədəbi
mirası, onu yaradan dahi simaları - böyük Nizamidən, Nəsimidən,
Füzulidən, Şah İsmayıldan tutmuş Axundzadəyə,
Sabirə, Səməd Vurğuna, Vaqifə, Bəxtiyar Vahabzadəyə,
İsmayıl Şıxlıya qədər olan dahi şəxsiyyətlərimizi
böyük şövqlə və məhəbbətlə təqdim
və təbliğ edir, onlardan böyük fəxarətlə
danışır. Bu da onun xalqını, millətini
və dövlətini böyük məhəbbətlə sevməsinə
dəlalət edir.
Nizami müəllim böyük ürəkli insanlardandır,
o, hansı bir işlə məşğul olur-olsun, ora öz
ürəyini qoyur və ürəyinin, qəlbinin səsi,
odu ilə həmin işlərə yanaşır ki, bu cəhət
də onu daha böyük uğurlara gətirib
çıxarır. Nizami müəllim nə yazırsa və
nədən yazırsa, onu ürəkdən yazır, yanaraq
yazır. Bu insan üçün "boğazdan
yuxarı, yarımçıq, yaxud alayarımçıq
iş" yoxdur. Bu xüsusiyyət də
yalnız kamil insanlara məxsus olur. Bu da
Nizami müəllimin kamil bir şəxsiyyət olmasından xəbər
verir.
Mən
yazımın əvvəlində dedim ki, Nizami müəllim
"olduğu kimi görünən insandır". Çünki o, konyunkturaya uyub yarımçıq
söz danışan alim deyil. O, bir mövzu, məsələ
haqqında ya böyük ürəklə yazır, ya da
heç yazmır! Onun üçün
yarımçıq bir şey yoxdur, "yazmaq xatirinə nə
isə yazmaq" onun üçün yaddır, qəbulolunmazdır.
Bu da şəxsiyyətin
bütövlüyünə, şəxsiyyət olmasına dəlalət
edir.
Nizami müəllim hələ gəncdir, 60 yaş nədir
ki, onun ömrünün məhsuldar, yazıb-yaradan
çağlarıdır. Amma onun bu
biblioqrafiyasını tərtib etdikcə
düşünürsən ki, 1300 məxəz-kitab və məqalə
bu yaş üçün çox deyilmi? Ancaq
onda təskinlik tapırsan ki, bunlar hamısı geriyə
baxmadan yazıb-yaradan barlı-bəhrəli bir ömrün
naxışlarıdır, palitrasıdır. Nizami müəllimin alim, ziyalı ömrünün
bar-bəhər gətirən çağları, illəri hələ
irəlidədir. Biz onun yaxın dostu olduğu Milli
Kitabxananın kollektivi Nizami müəllimi bu yubileyi münasibətilə
ürəkdən təbrik edirik, uzun ömür,
cansağlığı və yeni-yeni uğurlar
arzulayırıq!
Yorulmaq
bilmədən yazıb-yaradan, xalqını, vətənini,
elini, obasıni böyük məhəbbətlə sevən
ürəyin, qəlbin var olsun! Yüz yaşa,
qardaşım!
Kərim Tahirov
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 9.