Qərib
diyarlarda tənha bir ocaq
Xəbər
verdiyimiz kimi, Fransanın "l'Harmattan" nəşriyyatı
Məmməd İsmayılın növbəti şeirlər
kitabını çap etmişdir. Kitabı
fransız dilinə Dmitro Çistyak və Nicolae laurent-Catrice
tərcümə etmişlər. Avropa Elm, Sənət və
Ədəbiyyat Akademiyasının icraçı katibi,
şair, tərcüməçi Dmitro Çistyakın kitaba
yazdığı ön sözü oxucularımızla
paylaşmağı uyğun gördük.
Məmnuniyyətlə
oxuculara təqdim etmək istədiyim böyük Azərbaycan
şairi, Avropa Elm, Sənət və Ədəbiyyat
Akademiyasının üzvü, bu akademiyanın keçirdiyi
"Azadlıq sevgisi" Beynəlxalq ədəbiyyat
müsabiqəsinin qalibi Məmməd İsmayıl 2019-cu ilin
noyabr ayında özünün 80 illiyini qeyd edəcək.
Məmməd
İsmayıl Bakıda Azərbaycan Dövlət Universitetində
ali təhsil aldıqdan sonra, təhsilini
Moskvada İkiillik Ali Ədəbiyyat kurslarında davam
etdirmiş və Azərbaycanda bir çox önəmli vəzifələrdə
çalışmışdır. "Ədəbiyyat və
incəsənət" qəzetinin müxbiri, "Azərbaycanfilm"
Kinostudiyasının sənədli filmlər birliyinin baş
redaktoru, "İşıq" nəşriyyatının
direktoru vəzifələrində çalışan şair,
sonralar Azərbaycan və rus dillərində 300.000-dən
çox abunəçiyə xitab edən və Azərbaycan
xalqının müstəqillik mücadiləsində önəmli
rol oynayan, Azərbaycan demokratik mətbuatının ilk təmsilçisi
kimi bir çox ilklərə imza atan, qadağan olunmuş
mövzulara səhifələrində yer verən "Gənclik"-"Molodost"
jurnallarının qurucusu və baş redaktoru olmuşdur. Vətəninin müstəqilliyi yolundakı
mübarizəsini Azərbaycan Demokratik Qüvvələr
Birliyinin həmsədri və Azərbaycan Dövlət
Televiziya və Radio Verilişləri Şirkətinin sədri
olarkən də davam etdirmişdir. Vəzifəsindən
ayrıldıqdan sonra Türkiyəyə köç edən
şair bir müddət Türkiyə Dil Qurumunda uzman vəzifəsində
çalışmış və 1996-cı ildən bu günə
qədər Türkiyənin Çanaqqala 18 Mart Universitetində
professor kimi fəaliyyət göstərməkdədir.
Məmməd İsmayılın poetik macərası
yarım əsrdən çoxdur ki, davam etməkdədir. İlk
kitabı "Ana əlləri" 1966-cı ildə nəşr
olunmuşdur. O vaxtdan bəri Azərbaycan dilində təxminən
20 kitab, eyni zamanda digər dünya dillərində 20-də
çox kitabı nəşr edilmişdir. Nikolay Ostrovskiy
mükafatı, Türk Dünyasına xidmət
ödülü, Rusya Yazıçılar Birliyinin Sergey
Yesenin, İ.F.Annenski, Belçikada Peter Boqdani, Kosovada Azem
Şkreli mükafatları, Beynəlxalq Eminesku Akademiyası
(Rumıniya) və Ukraynanın Ali Təhsil Akademiyası
medalları və s. aldığı mükafatlar
arasındadır. Ukrayna Ali Təhsil
Akademiyası ona fəxri doktor adı vermişdir.
Əsərləri 50-dən çox dilə tərcümə
edilən Məmməd İsmayıl, həm də
tanınmış tərcüməçidir və o, irəliləyən
yaşına baxmayaraq, dünya şeir festivallarında tez-tez
iştirak edir və türkdilli dünyanın müxtəlif
problemlərinə həsr olunan tutarlı məqalələrlə
də dünya mətbuatında boy göstərir. Türkiyədə
ildə bir şairə təqdim olunan "Məmməd
İsmayıl ədəbi mükafatı" da şairin
sevilməyinin və tanınmasının başqa bir təsdiqidir.
Bu rəsmi təqdimin arxasından indi haqqında söz
açacağım şairin çıxması, hətta ən
hazırlıqlı oxucunu belə çaşdıra bilər. Onun
poeziyası uydurma, başdöndürücü fərziyyə
və məcazlardan azaddır. Bu poeziyada
ruhun dili ilə həqiqi duyğuların ifadəsi ortaya
çıxır və oxucu özü üçün
başqa bir zamanın etibarına inana biləcəyi yeni bir
dünya kəşf edir. Şübhəsiz,
onun poeziyasındakı çağın gözlə
görülüb əllə tutula bilinməyən bu yeniliklər
xalq ənənəsinə arxalanmadan ortaya çıxa bilməzdi.
Məmməd İsmayılın şeir dünyasında
biz ilahi yaradılışın sirrini, sehrini ortaya qoyan bir
çox işarət və inam simvolları ilə
qarşı-qarşıya gəlirik. Onun poetikası müqəddəs
ənənənin üfüqlərini genişləndirir.
Müəllifin şeirlərində aşkar
etdiyi, qınadığı və cəzalandırdığı
günah anlayışı ilə bizə şərə
qarşı əbədi və ədəbi harmoniyanı bərpa
etmək üçün mübarizə aparmalı
olduğumuzu xatırladır.
Bu baxış bucağında şairin ən görkəmli
personajları, məsələn, "Ata şəkli"
(Böyük Vətən müharibəsi cəbhələrində
şəhid olan) və "Gözəlliyin gəlini ana"
(Sehrli şəfaverici gücə sahib)... fonunu
görürük. Əlbəttə, bu personajlarla birlikdə enerjili və
emosional tellərdən güc alan şair
ruhuyla İslam mistisizminin, xalq simvolizminin birliyini zamanın
metamorfozları (qocalıq, yaz olmadan qış) və kosmosun
kaprizləri poza bilməz.
Lakin bu istinadlar təbii görünür. Çünki
Şərq, eləcə də Qərb mətnlərində
tez-tez belə poetik düsturlara rast gəlmək
mümkündür. Elə isə Məmməd
İsmayılın şeirlərini təkrardan qoruyan nədir?
Fikrimizcə, bu əsərləri əlaqəli
görünüşlərdən qoruyan şey müqəddəslik,
yaradıcılığa xas olan üstün bir məna
daşıyıcılarıdır.
Şair təkcə passiv düşünən
intellektual və ya fikir mücadiləsi verən bir rahib deyil,
o, eyni zamanda öz həqiqətini, yaradanın iradəsini
elan etmək mövqeyinə qoyan, poetik bir hərəkətlə
yaxşılığın yamanlıq üzərində qələbəsini
yerinə yetirəcək kəhanətinin xəbərçisidir.
Məmməd
İsmayılın inamı qarışıqlıq zamanlarında
belə, sarsılmaz olaraq qalır, ilahi yaradılış
metamorfozlarında ölümsüzləşir, bunlar bizi, həyatda
olduğumuz müddətdə ölümdən sonra da
davamımızı görməyə təşviq edir:
"qamış tütəyə dönür", "evin
ruhu yeni sahibi ilə danışır", "ölüm mələyini
aldatmaq üçün ruh insan varlığından ağac
varlığına keçir" və Çanaqqala sahilində
"tənha bir ocaq boğazda yolunu azan gəmilərə bələdçilik
edir","durna dimdiyinin ucunda bir dən" taleyin
çizdiyi bilinməzliklə gələcəyə yol gedir.
Şair üçün, ilahi yaradıcılıq hər an canlı varlıqlarla yaşamını
sürdürməkdə, davamını gətirməkdədir.
Xeyr, sevgili dostum Məmməd İsmayıl, əsl ocaq
heç zaman tək və yalnız olmaz. Ümid edirik
ki, bu kitab fransız dilli oxucuların gözündə o tənha
ocağın sönməz işığı kimi parlayacaq və
sizin də dilə gətirdiyiniz kimi, "durna dimdiyinin ucunda
yalnız bir dən kimi" ümidsiz, alatoran
dünyamızı işıqlandıracaq. Bunlar, sabah üçün dəmir
dövrünün sonuna, Dolça bürcünün
doğuşuna qədər ən yaxşı düsturdur!
Dmitro Çistyak
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 11.