Türkçülüyün,
Azərbaycançılığın yeni paradiqmaları
“İdrakın üfüqləri”ndə...
İnsanı
"Allah əmanəti olan Ruhun
daşıyıcısı" hesab edən filosof-tənqidçi,
nəzəriyyəçi, ədəbiyyatşünas,
Dövlət mükafatı laureatı, professor Nizaməddin
Şəmsizadənin "İdrakın üfüqləri"
adlı ("Şərq-Qərq" nəşriyyatı. Bakı. 2019) ədəbi-tarixi
mövqeyimizi, türkçülük, azərbaycançılıq,
ana dili, şəxsiyyət, müstəqillik dövrü ədəbi
proseslərin tədqiqini əks etdirən kitabı ərsəyə
gəlmişdir. Əsasən novatorluq
cizgiləri ilə bədrlənmiş bədii əsərlərin,
ədəbi olayların araşdırmaları çərçivəsində
və son zamanlar ədəbi-fəlsəfi narrativlərdə
öz ərazisini genişləndirən müəllif qələmə
aldığı yazılarının kökündə milli mənlik
məfkurəsini modern fikir və düşüncə paralelləri
boyu təhlil edib oxucunun diqqət mərkəzinə gətirir.
Tənqidçi alim Nərgiz Cabbarlının
elmi redaktorluğu ilə nəşr olunan bu kitabın ədəbi-bədii
və elmi-fəlsəfi tərəflərində bir müddət
gəzib, dolanıb, düşüncələr aləmində,
müəllifin bəlirtisi ilə yaxın-uzaq yollara
çıxdım. Gördüm ki, ədəbi-bədii
elmi-fəlsəfi hadisələrin analogiyasını
araşdıran Nizaməddin Şəmsizadə bu kitabda
dörd aktual mövzunu: Türkçülük,
İdrakın üfüqləri, Tənqiddə
meyarsızlıq sindromu və Ədəbi-fəlsəfi
mülahizələr - başlıqlı, müasir ədəbi
tənqidin estetik, üzə çıxarılası problemlərini
özünəməxsus, yeni düşüncənin
çalarları, öz orijinal parametrləri ilə simvolizə
edir. Deterministik ilgilərdə yozuma gələn, geniş
diapozona bağlı, diqqətli və həssas
yanaşmaların semiotik çözümündən
damcı-damcı süzülüb (bir bərni şəffaf təmiz
su qismində!) kitab halına düşən bu elmi, fəlsəfi,
ədəbi, həm də bədii düşüncələr
toplusu artıq qanadlanıb yeni, dəyərli əsərlər
düzümünə, uzaqlara istiqamət götürən
durna qatarlarının cərgəsinə qoşulmuşdur.
Biz ən çox birinci hissədə,
"Türkçülük" adlanan fəsildə daha
obrazlı məna və dərin ekzistensial fəlsəfi dəyərlərlə
oxucunu öz arxasınca apara bilən həmin yazı üzərində
dayanacağıq. Adını çəkdiyimiz həmin hissənin
"qanın"dakı, "canın"dakı yetkin, ucaman
bir türk sevdası, açıq, tendensiyalı, həm də
çoxqatlı düşüncə konuları ilə səsləşən
maraqlı və fəlsəfi interpretasiyalar üçün,
xırman yeri kimi dolu, urvatlı münbit mənbə
olduğunu desək, güman ki, yanılmarıq. Həmin bu kontekstdən yanaşsaq, "Azərbaycançılıq
türkçülüyün vətən əxlaqı
müstəvisində dərkidir" deyən filosof-tənqidçinin
"Dünya ona görə gözəldir ki, orada türklər
yaşayır" deyimi ilə üz-üzə, nəfəs-nəfəsə
dayanır. Hər iki deyimin ilıq, isti hənirtilərində
başqa bir möhtəşəm, poetik bir deyim də boy
göstərir: "Mən türkəm!" - demək and
içməkdir!".
Nizaməddin
Şəmsizadə indi bəzi mətbuat səhifələrində
hər yerə basqı edən, ölçülü-biçili,
ütülənmiş fikir və düşüncələr
cəngəlliyindən qaçaraq konkret yeni söz söyləmləri
ilə öz fərqliliyini göstərir,
dünyayabaxış fonunda türk eposuna zaman kontekstindən,
həm tarixi-fəlsəfi, həm də bədii forma
kamilliyinin yüksəkliklərindən, intuitivlik bir pillələrinin
ideallığından baxaraq yazır: "Türk demokratizmi
bütün dünyaya nümunədir. Onun əsasında
azadlıq təşnəsi olan könüllərin arzusu
dayanır. "Türklərdə "Ana haqqı -
Tanrı haqqı" deyimi vardır. "Xanımların
ətrafında namusdan çəpər çəkilmişdi,
türk qızı öz ruhunda və vücudunda zərifliklə
qəhrəmanlığı birləşdirdi", - deyə
sözünü davam etdirir.
Müəllifin fikrincə, "İnsan yerlə
göyün - səmanın sərhədində
yaşayır, insan göylərə - Allahın bərqərar
olduğu yeddinci qata sitayiş etməsə, yaşaya bilməz".
Yeni bədii
- fəlsəfi-estetik çalarlarla sürəkli yola
çıxan, həm açıq, həm də
üstüörtülü təhkiyə predmetləri əsərdə
turançılıq ideologiyası ilə bütövləşir,
dərin bir profil üzərində bərqərar olaraq
sualtı gəmilər kimi gah dərinliklərdə qərq
olur, gah da öz üslub dərinliyi və önəmli məntiq
çevrəsi ilə təzədən üzə
çıxır. Bu çarpazlaşmaların
incə, zəngin konstruksiyasında Nizaməddin Şəmsizadə
söz xiridarı kimi özünü incələyərək
ruhunun atası yenə də, bir daha yenə də söz
olduğu şövqlə təsdiqləyir.
Tanınmış, görkəmli alim Nizaməddin Şəmsizadə
maraqsız, bozumtul adamlara üz çevirərək deyir ki,
türkün gözü qıyıq olsa da, gözü dar,
qıpıq (!) deyil, türklər heç bir
çağlarda gözükölgəli,
gözüqıpıq olmamışlar, çünki türk
igidləri, ərdəmləri at üstündə, yəhərdə
doğulmuşlar!
"Vətən əxlaqı"ndan (Z.Göyalp) bəhrələnib
torpağını qoruyan, sevən, əkib-becərən
insanlar - türklər həqdən qopub gələn bu nur
parçaları olmuşlar. Kitabda toplanmış dörd fəslin
hamısına nəzər salanda həmin
araşdırmaların ictimai-siyasi və milli məna çiləsindəki
əsas mahiyyət - elmi-konseptual düşüncə tərzində
beləcə bütövləşir: "Bəli, türklər
tarixin izi ilə getmədilər, öz tarixlərini - türk
tarixini yaratdılar, türkün ruhu tarixə, sümükləri
Yer kürəsinə dayaqdır!".
Əslində, təkcə elmi-nəzəri səpkidə deyil,
həm də poetik çalarlarla, duyğusal və şeirsal
ruhda qələmə alınmış əsərin
"Türkçülük" hissəsində
bütün türk dünyasının mücahidi olan Əli
bəy Hüseynzadə ilə bağlı üçlü
düsturunun qədirbilən, alizövqlü insanlar
üçün yeni üfüqlər
açdığını, həmin düsturun şərhində
özünü göstərir: "Türkləşmək,
islamlaşmaq, avropalaşmaq!".
XX əsrin əvvəllərində türkçülər
Əli bəyi peyğəmbər səviyyəsində qəbul
etdilər, - deyə müəllif fikrini davam etdirir, yazır
ki, o zaman Məhəmməd Hadi, Hüseyn Cavid isə
turançılığın ideoloqları idi. Hər üç mütəfəkkirin
- Əli bəy Hüseynzadənin, Hüseyn Cavidin, Məhəmməd
Hadinin türkçülük məfkurəsi ilə
bağlı yazıb yaratdıqlarının ərazisi,
miqyası tarixi-milli dəyərlər baxımından indi də
qürur mənbəyimizdir.
Kitabın yeni elmi və təzə estetik bir profil
yanaşmaları ilə yazılması, alliterasiya, məna,
söz sıxlığı baxımından
araşdırılan mövzulara yeni sferalar üzərindəki
obyektiv təhlil diqqət cəkir. Filologiya üzrə fəlsəfə
doktoru Azər Turanın "Azərbaycan bədii
düşüncəsində modernizm dalğası ilk dəfə
Əli bəy Hüseynzadənin yazılarında
qabarmışdır" deyiminə qarşılıq,
professor Nizaməddin Şəmsizadə turançılıq
ideologiyasının banisinin - Əli bəyin modernizmlə
bağlı bir xatırlatmasını da önə cəkir:
"Nə qədər ki, biz Avropanı beynimizdə həzm
eləməmişik, o çağadək avropalıların mədəsində
həzm olunmaq zorunda qalacağıq". Hər
iki alimin həm Nizaməddin Şəmsizadənin, həm də
Azər Turanın bir-birilə baxışan, düşüncə
və məna baxımından bir-birinə isinişən bu
saf-qatqısız fikirlərinin mənəvi müvazinətləri
biri digərinə dayaq durur. Azərbaycançılıq
ölkəmizdə millətlərin və etnik qrupların
qardaşlığı, qarşılıqlı əlaqəsi
müstəqil Azərbaycanın bütövlüyü
uğrunda birgə mübarizəsinin tarixi təcrübəsi
kimi təqdim olunur. Göstərilir ki, Azərbaycançılıq
türk əsil Azərbaycan xalqının milli
ideologiyasıdır. "Yeri gəlmişkən,
bu mənada Anarın da Azərbaycançılıq
düşüncəsi türk tarixinin ən dərin
qatlarına və türk coğrafiyasının ən ucqar
guşələrinə qədər saxələnir və
yayılır" (Azər Turan. "XX əsr
- Fəryadın metafizikası". "Elm
və təhsil" Bakı. 2017. )
Haqqında bəhs etdiyimiz kitabda türk epos mədəniyyətinin
dünya tərəfindən hələ də kifayət qədər
öyrənilməməsi ilə bağlı ədəbi
qınaq vurğusu yapan müəllif, bu eposun həm tarixi-fəlsəfi,
həm də bədii forma kamilliyi, zənginliyi
baxımından tükənməz, bitməz bir xəzinə
olduğu da göstərilir. Türkün düşmənlərinə,
türkləri köçəri adlandıranlara cavab olaraq əsərin
ümumi ruhundan bir sual şölələri tez-tez yanıb
sönərək diqqət işarələri ilə
soruşur: - Köçərilər tarixdə on yeddi imperiya
yarada bilərdimi? Bu bir. İkinci: dörd
min ildən artıq sürəkli tarix boyunca türklər
öz vətənlərinin o başından, bu başına -
Sibirdən, Orta Asiyadan, Ural - Altaydan, İtil boyunca keçə-keçə
Mancuriyadan, Macarıstana kimi böyük səfərlər
etmiş bir xalq köçəri ola bilərdimi?!
Türk yürüşləri, səfərləri,
torpaq genişləndirmək, (N.Şəmsizadə onu da qeyd
edir ki, torpaq (!) qədim türklərin simvolu olmuşdur) yer, ərazi
artırmaqla bağlı deyildi, onun mahiyyətində, əsas
cövhərində möhtəşəm bir çöl mədəniyyətinin
özəllikləri, şaxələri dururdu. Nizaməddin Şəmsizadə
tarixi gerçəkliklərə bel bağlayaraq yazır:
"Türklər torpaqlarını artırmaq
üçün yürüş - köç etmirdilər,
daha çox mədəniyyətlərinin, idraklarının
üfüqlərini, modernizm estetikası ilə dolu
düşüncələrini yaymaq üçün
köç edirdilər. Türk
yürüşlərinin tarixi və təcrübəsi
göstərir ki, onlar Avropanı fəth etməyə getmir,
Avropaya mədəniyyət aparırdılar".
Attilanın saraylarında isə əcnəbi
qonaqları, hətta onların gəlişinin məqsəd və
məramını bilməmiş onların duz-çörəklə,
balla, hətta ansamblla qarşılanması da tarixi
reallıqlar sırasındadır. "İdrakın üfüqləri"ində
üzə çıxan, oxucuya təqdim edilən maraqlı
bilgilərdən biri də "Türkün silahı və sərvəti
- türkün dilidir" kimi şərəfli, müqəddəs
mehraba üz tutmaq, baş qoymaq düşüncəsi, haqqında
danışdığımız mətləbin, söhbətin
mərkəzinə gətirilir: Ana dili... Azəri türkcəsi...
"Harda türkcə danışan səs eşidirəm,
dönüb ora salavat çevirirəm, türkün səsi gələn
səmt mənim qibləmdir", yazır kitabın müəllifi. Yada doktor Nərimanovun XX əsrin
əvvəllərində böyük bir eşqlə
yazdığı bü sözlər düşür: "-
Ana dili! Nə qədər rəfiq, nə qədər ali hissiyyət, qəlbi oyandıran bir kəlmə!
Nə qədər möhtəşəm nə qədər əzəmətli
bir qüvvə! Ana dili!" - amacıyla türk dilini o dünyanın ən
şirin və zəngin bir dil olduğunu tarixin səhifələrinə,
yaddaşına nəqş etdirmişdir. Türk
təfəkkürünə rəğmən Göylə
Yerin əbədi vəhdətini dərin duyum, fikir övkəsi
ilə ilahiləşdirən Çingiz Aytmatov isə bu dili -
türk dilini, sülh dili adlandırmışdır.
Yeri gəlmişkən:
Bir halda ki, söz sözü çəkdi, onu da deyək ki,
qədrini hələ indi az bildiyimiz doktor
Nərimanov hələ 1922-ci ildə Bakıda "Latın əlifbasına
keçid" komitəsinə sədrlik etmişdir. Ondan iki il sonra isə Moskvada türk yazısı
üçün latın şriftləri assosiasiyası
yaradılmışdı. 1921-ci ilin son günlərində
- dekabrın 30-da Darülmüəllimin salonunda şura
ziyalılarının ümumi iclasında türk əlifbası
ilə əlaqədar keçirilən iclası da Nərimanov
özü açmışdı və həmin toplantıya
sədrlik etməyi Hüseyn Cavidə taşırmışdı
(Azər Turan. "XX əsr - Fəryadın
metafizikası". "Elm və təhsil".
Bakı. 2017.).
Artıq
neçə illərdi ki, biz latın
qrafikasının içindəyik, Allah hər ikisinə - N.Nərimanova
da, H.Cavidə də rəhmət eləsin.
Nizaməddin
Şəmsizadə həmin kitabında bütün türk dünyasının
böyük aydını Mehmet Fuad Köprülüdən bir
ixtibas gətirmişdir: "Türk ədəbiyyatlarının
bütün əsərləri tərəzinin bir gözünə,
"Kitabi-Dədə Qorqud" digər gözünə
qoyulsa, "Kitabi-Dədə Qorqud" tərəfi
ağır gələr". Beləliklə, Azərbaycan
eposunun zirvəsi, əslində, şah əsəri - ana
kitabı "Kitabi-Dədə Qorqud" dastanıdır.
"İdrakın üfüqləri" əsərinin
müəllifi yazır ki, Moskva yaxınlığında,
Ximki şəhərinin arxivində saxlanılıb qorunan bir
arxiv mənbəsində göstərilir ki, eramızın II əsrində
Bizansdan türklərə bir nümayəndə gəlmiş
özləri ilə yazılı müqavilənamə də
gətirmişdir. Türklər də buna
cavab olaraq Bizansa başqa bir müqavilə göndəriblər.
Bu sənəd Oğuz türkcəsi ilə
yazılıbmış. Deməli, II əsrdə
türk dili rəsmi dövlət dili idi. "Kitabi-Dədə
Qorqud" eposunun əsas ideyası isə türk
tayfalarını - 24 Oğuz tayfasını vahid xalq,
bütöv dövlət halında birləşdirməkdən
ibarət olmuşdur. Həmin fəslin əsas
qayəsində "Kitabi-Dədə Qorqud" eposunda türk
dövlətçiliyi möhkəm ideologiyaya -
türkçülüyə əsaslanan hərbi güc
üzərində qurulan monolit sistemin haqqında dəyərli
mülahizələrdir.
Müəllif qeydlərini nikbin notlarla
yekunlaşdırıb yazır ki, "Türkün tarixi zəngin,
bu günü şərəfli, gələcəyi
parlaqdır. Bu gün dünyanın ən böyük milləti
olan türk törədən Turana gedir".
"İdrakın üfüqləri"
kitabının müəllifi "
Türkçülük" hissəsindəki mövzu ilə
bağlı geniş informativliyi kontekstində qədim
türk eposu ilə "Kitabi-Dədə Qorqud"dakı
müdriklik bilinci ilə zirehlənmiş Dədə Qorqudun
özünü, Qazan, Beyrək, Basat, Qanturalı kimi qorxmaz
oğullarımızı, Qaraca Çobanı - el igidini, Burla xatun, Banıçiçək
timsallı namus çəpərinin içində zərifliyi
və qəhrəmanlığı birləşdirən
xanımı, igidlər igidi Dəli Domrulu İstanbul ərdəmləri
ilə identifikasiya edərək ruhən bir daha
yaxınlaşdıraraq, eyniləşdirərək ideal bir
istinaq mərkəzində tərənnüm etmək istəyinə
nail olmuşdur. Onsuz da tarixi köklər baxımından
bütün parametrləri ilə indi "bir millət - iki
dövlət" - (ümummilli lider Heydər Əliyev) olan
Türkiyə və Azərbaycan tarix üzərində yenə
də qələbəyə doğru birgə irəliləyir.
Tahir TAİSOĞLU
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr.- S.12-13.