Günəş məktəbə gəlir

 

Rüstəm müəllim məktəbin darvazasına çatanda dayandı. Heç vaxt bağlanmayan bu ağır, dəmir darvazaların kilid yeri çoxdan pas atmışdı. Hərdən yaz səhərlərində bu kilidin üstündə kimsə tulça çiçəkləri taxırdı... Rüstəm müəllim bu çiçəkləri görəndə çox kövrəlirdi... Ümumiyyətlə, o, kövrək adam idi. Gözünün ağı-qarası bircə oğlunu - Zöhrabını da özü kimi müəllim görmək istəyirdi. Onun oxuması üçün çalışırdı. İnsafən, hələ dördüncü sinifdə oxumasına baxmayaraq, Zöhrab da sinif əlaçısı idi.

Rüstəm müəllimin sinfində yaxşı oxumayan uşaq az idi. Onlardan biri də toppuş yanaqlı, həmişə gülümsər, alagözlü, sarı hörüklü Hicran idi. Olduqca sakit uşaq idi, amma oxumağı heç xoşlamırdı. Sinifdə hamıdan səliqəli kitablar, ən təmiz dəftərlər də onunku olardı. Dediyinə görə, ev tapşırıqlarını birinci qaralamaya yazır, sonra ağartmaya köçürürdü. Və bu ev tapşırıqlarını eləyəndə anası həmişə ona kömək edirdi. Odur ki, təkbaşına misal-məsələ həll etməkdə çətinlik çəkməyini anlamaq olurdu.

Yenə də Rüstəm müəllim Hicranın xətrini çox istəyirdi. Nizam-intizama ciddi riayət edən, paltarı daim təmiz, səliqəli, bantları yerində, çantasında heç nəyi əskik olmayan bir şagirdin əlaçı olmamasını dərd eləmək istəmirdi. Hamı mütləq yaxşı oxuya bilməzdi ki?! Keçən dəfə əmək təlimi müəllimi Zəkiyyə müəllim Hicranın yaxşı tikiş qabiliyyəti olduğunu deyəndən bəri Rüstəm müəllimin bu sevimli şagirdi ilə bağlı təskinliyi artmışdı. Eybi yox, heç olmasa böyüyəndə dərzi olacaq, bir tikə çörəyini qazana biləcəkdi. Necə deyərlər, "sənətkar günortaya qədər ac qalar"...

Rüstəm müəllimi məktəb darvazasının qabağında ayaq saxlamağa məcbur edən, ona Hicranı xatırladan isə yerdəki tək bant idi. Əmin idi ki, bu tək bant Hicranındı. Amma onu da bilirdi ki, Hicran heç vaxt bantının birini yolda salmaz... Yox, burda nəsə bir iş var...

Fikirli-fikirli bantı götürüb cibinə qoydu. Müəllimlər otağına keçib həmkarlarıyla salamlaşdı. Sinif jurnalını qovluğuna sığışdırıb əllərini kömür peçinə tərəf tutdu. Peç hələ isinməmişdi. "Yəqin, Narıngül xala bu gün peçləri gec qalayıb", - deyə fikrindən keçirdi. Saatına baxdı. Zəngin vurulmasına iki dəqiqə vardı. Asta-asta sinfə tərəf addımladı...

O, sinfin qapısına çatanda zəng içəri vuruldu. Açıq qapıdan içəri keçib qovluğunu masasına qoydu. Uşaqlar hamısı ayaqüstə idi. Gülümsəyərək üzünü sinfə tutdu:

 

- Salam, uşaqlar!

- Salam, müəllim!

 

Elə bil qulağına daha incə bir səs dəydi. Anşırdammadı. Stulunu çəkib oturdu, jurnalı açıb davamiyyəti yoxlamağa başladı:

 

- Abdullayeva Gülanə!

- Burda.

- Alıyev Rasif!

- Burda!

- Namazov Emin!

- Burda!

- Məmmədov Zöhrab!

- Burda.

 

Ona həmişə elə gəlirdi ki, Zöhrabın səsi o biri uşaqlara nisbətən daha ürəkli gəlir. Həmin anlarda sanki gözəgörünməz bir əl qüruruna tumar çəkirdi... Təmkinini qoruyub davamiyyəti yoxlamağa davam etdi:

 

- Vəliyev Səxavət!

- Burda.

 

- Vəliyeva Hicran!

- Hici həstələnib. Yeyinə mən cəlmisəm, ay Yüstəm məllim.

 

Başını jurnaldan qaldırdı. Hicranın partasının arxasından balaca, yumru, elə Hicrana oxşayan bir üz görünürdü. Ayağa qalxıb yavaş-yavaş ona yaxınlaşdı. Bapbalaca, qalxıb partada otura bilməyən, əynində bənövşəyi sviter olan qızcığaz bir əlində Hicranın bantının tayını, o biri əlində də yaşıl üzlü nazik dəftər tutmuşdu.  Üzündəki təbəssüm, yanağındakı batıq Hicranınkı ilə eyni idi. Təkcə gözləri ala deyildi; qəhvəyi idi.

 

- Sən kimsən? - deyə maraqla soruşdu Rüstəm müəllim.

- Mən Hicinin bacısıyam.

- Neçə yaşın var?

- Üç.

- Adın nədi?

- Cünəs.

Təxmin elədi ki, qızcığazın adı Günəşdi.

- Günəş... Nə gözəl addı... - deyə o da gülümsədi.

- Safa qoyub.

- Kim?

- Safa... O da mənim bacımdı.

- Hə... Şəfa... Tanıyıram, üçüncü sinifdə oxuyur. Deməli, sən də onların bacısısan.

- Qaydasım da vay. Muyad.

- Bəs o, məktəbə gəlmir?

- Yox. Bayacadı axı.

- Sən də balacasan. Amma məktəbə gəlmisən.

- Mən Hicinin yeyinə cəlmisəm. Hici həstələnib.

- Hə... Yaxşı eləmisən... Bəs dərsi də oxumusanmı?

 

Rüstəm müəllim özünü gülməkdən güclə saxlayırdı. Amma bu balaca qızcığazın böyük bacısının əvəzinə məktəbə gəlməsini, özü də onun məktəb bantlarını əlinə götürüb gəlməsini möcüzə kimi qarşılayırdı. Neçə illik müəllim fəaliyyətində ilk dəfə idi ki, belə şeylə rastlaşırdı.

 

- Mən "Hoyuz" seyiyini biliyəm, ay Yüstəm məllim.

- Nə şeirini?

- "Xoruz" şeirini deyir, ay müəllim! - artıq bu məzəli söhbətə uşaqlar da qoşulmuşdular.

- Hə... Çıx lövhənin qabağına, şeiri de görüm.

 

Qızcığaz əlindəki bantı və dəftəri partanın üstünə qoydu. Asta-asta lövhəyə tərəf getməyə başladı. Rüstəm müəllim arxadan ona baxır, özünü gülməkdən güclə saxlayırdı. Ayağındakı çəhrayı rezin çəkməsi, üstündə ayı şəkli olan şalvarı, sviterinin qoluna sancaqla bərkidilmiş əl dəsmalı ilə bu balaca qızcığaz əsl cizgi filmi qəhrəmanına oxşayırdı.

 

Qızcığaz lövhənin qabağına çatıb dayandı. Üzünə sinfə çevirdi və incə səsiylə şeir deməyə başladı:

 

- Ay pipiyi qan hoyuz,

Cözləyi məycan hoyuz.

Sən nə tezdən duyuysan,

Qısqıyıb bannıyıysan.

Heç qoymuysan yatmaya,

Ay canı məstan hoyuz...

 

Rüstəm müəllim astaca əl çaldı. Uşaqlar da ona qoşulub əl çalmağa başladılar. Günəş lövhənin qabağında elə məğrur-məğrur dayanmışdı ki... Ona elə gəlirdi ki, dünyanın ən hünərli, ən yaxşı işini görüb.

Uşaqlar əl çalmağı dayandırdı. Günəş hələ də lövhənin qabağında dayanmışdı. Birdən qaça-qaça partaya tərəf gəldi. Hicranın bantını əlinə götürüb müəllimə tərəf uzatdı:

- Ay Yüstəm məllim, bantlayını da cətiymisəm Hicinin. Amma mənim saçlayım balacadı, bantla bağlayammıy anam.

Rüstəm müəllim cibindən bantın o biri tayını çıxardıb Günəşə verdi.

- Bunu da məktəbin darvazasının yanında salmısan - dedi.

Qızcığaz tələsik onu da alıb əlində bərk-bərk tutdu. Sevinclə dilləndi:

- Anam deyiy, Hiciyə deyiy, bantlayı saçına bağlayım, məytəbə cet.

- Hə... Düz deyir. Sən də yekəl, saçların da uzansın, bu bantları saçına bağlayıb gələrsən. Yaxşımı?

- Yahsı...

- İndi evinizə getməlisən.

- Hiciyə bes veydiniz? - bunu deyib qızcığaz iki bantı da sağ əliylə bərk-bərk tutdu, sol əlinin beş barmağını yuxarı qaldırdı.

Rüstəm müəllim daha gülməyini saxlaya bilmirdi, ucadan qəhqəhə çəkdi. Sinfin bütün uşaqları müəllimlərinə qoşulub gülürdü. Günəşin gülümsəyən çöhrəsi bu gün sinfə bir ayrı şənlik gətirmişdi. Handan-hana toxtayan Rüstəm müəllim aşağı əyilib düz qzcığazın gözlərinin içinə baxdı və dedi:

- Mən bu gün Hicrana bütün dərslərdən "beş" yazacağam. Axı onun belə göyçək və ağıllı bacısı var. İndi isə, əmin oğlu Səxavətlə birgə evinizə get. Hicrana da de ki, haçan xəstələnsə, narahat olmasın. Evdə qalıb sağalsın. Sənə də söz verirəm, heç vaxt Hicrana "iki" yazmayacağam. Sən də söz ver ki, bir də evdə heç kimə deməmiş qaçıb məktəbə gəlməyəcəksən. Yaxşımı?

- Yahsı.

Rüstəm müəllim yaşıl üzlü dəftəri partanın üstündən götürüb Səxavətə uzatdı. Səxavət də dəftəri ehmalca çantasına qoydu və qapıya tərəf yönəldi. Qızcığaz əlində bantlar Səxavətin ardınca qapıdan çıxanda dönüb hamıya əl elədi, üzündəki təbəssümlə dedi:

- Acmısam ey... Cediyəm yeməy yeməyə...

Rüstəm müəllim yenə güldü, uşaqlar yenə ona qoşuldu...

 

***

İlin sonunadək uşaqlar bu hadisəni heç unutmadılar. Dördüncü sinfin sonunda Rüstəm müəllimin yolu bu siniflə də ayrıldı. Növbəti dörd ili o, yeni şagirdlərinə bu əhvalatı dönə-dönə danışdı, onlarla birlikdə xeyli güldü. Sonra onlarla da sağollaşdı... Daha bir sentyabrda - yeni dərs ilinin ilk günündə elə Hicranın oturduğu partada başında bantları, əynində qara ətəyi, ağ köynəyi olan bir qız əyləşmişdi. Qızın çöhrəsindən sinif otağına işıq saçılırdı, Hicran kimi onun da gülümsəyəndə yanaqları batırdı, çantası nizamla yığılmışdı, kitabları təzə, dəftərləri yerində idi. Rüstəm müəllim onu görəndə adətinə xilaf çıxdı, davamiyyəti yoxlamağa "V" hərfindən başladı:

 

- Vəliyeva Günəş!

- Burda.

 

Şəfa Vəli

Ədəbiyyat qəzeti.- 2019.- 2 noyabr. S. 15.