Fikrət Sadıq - işıqlı adam

"Köhnə kişilər" silsiləsindən

 

Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsində, otaqların birində saçına tez qırov düşmüş, bəmbəyazsaçlı, nəhəng cüssəli bir şair əyləşirdi. (Dostu Qabil onu Dədə Qorquda oxşatmışdı). Şeir gətirirdilər yanına, o da oxuyub tövsiyələrini çatdırır, məsləhətlərini verirdi. Şeirlər xoşuna gəlirdisə, müəllifin üzünə gülümsəyib, bir-iki kəlmə xoş söz deyirdi. Sonralar bəyəndiyi şeirlərin üstünü yazıb "Azərbaycan", "Ulduz" jurnallarına göndərirdi. Bəyənmədiyi şeirlərin müəlliflərinə gəlincə, şəxsən mənim bir neçə dəfə gördüyüm bu idi ki, Fikrət müəllim Mirzə Ələkbər Sabirdən iki misra söyləyirdi: "Şeir bir gövhəri ziqiymətdir, Salmaram vəsfi-druğ ilə onu qiymətdən". Sonra isə zarafatla deyirdi ki, sənin şeirlərin ağacdakı kal meyvə kimidir, qoy yetişsin, onda gətirərsən. Bu ağsaqqal şair günlərin birində yarızarafat, amma deyərdim ki, tam ciddi səslənən bir şeir yazdı:

 

Mən sayım, sən sadala,

 

Gör kimlər şeir yazır?

 

Mühəndislər, polislər,

 

Həkimlər şeir yazır.

 

Deputatlar, vəkillər,

 

Hakimlər şeir yazır.

 

Elmdən yorulanda

 

Şeir yazır hacılar,

 

Məşədilər, mollalar.

 

Evin tikilsin, millət,

 

Bu qədər şair olar?

 

Əlbəttə, istedadı varsa, həkim də, hakim də, elmi işçi də lap molla da şeir yaza bilər, amma ağsaqqal şairimiz şeirimizdə baş alıb gedən kütləvi qrafomaniyaya qarşı çıxırdı.

 

O, Şamaxıda doğulmuşdu. Amma Şamaxıda çox az yaşadı, orada ibtidai məktəbi bitirəndən sonra Kürdəmirdə orta təhsilini, Bakıda isə sənət məktəbini bitirdi. Montyor idi, evlərə işıq çəkirdi, altı-yeddi il, Naftalanda, Tərtərdə montyor işlədi, Sovet ordusunda xidməti borcunu yerinə yetirdi. Sonra ADU-nun filologiya fakültəsində təhsil aldı. Sonra isə bütün taleyini ədəbiyyata həsr elədi.

 

Bu şair Fikrət Sadıq idi.

 

O, ədəbiyyata "altmışıncılar" sırasında gəldi. Yaşca Anardan da, Elçindən də, Fikrət Qocadan da, İsi Məlikzadədən də böyük idi. Bu adları xatırlamağım əbəs deyil. "Altmışıncılar" ədəbiyyata təzə nəfəs gətirdilər, onların şeirləri, hekayələri, povestləri tənqid də olundu, tərifləndi də, amma əsas odur ki, tezliklə bu ədəbiyyatın xarakterini müəyyənləşdirən simalara çevrildilər. Lap əvvəldən Fikrət Sadıq da böyük şairimiz Rəsul Rzanın qələminə düşdü: "Fikrət Sadığın ən yaxşı şeirləri ruhən cavan, ehtiraslı, lakin saçına çox tez müdriklik ağı düşmüş adamı xatırladan şeirlərdir".

 

Ancaq mən bir az da geriyə qayıtmaq istəyirəm. Fikrət Sadığın şair ömrü özünün bir yazısında xatırlatdığı kimi, Həsənoğlunun məşhur qəzəlinə nəzirəylə başlanır. "O illərdə özüm də kiməsə oxşamaq istəyirdim. İlk şeirlərimin çoxu nəzirə idi. İşıqçı oldum, fəhlə oldum. Doğma Azərbaycanı qarış-qarış piyada gəzdim. Çox şey öyrəndim. Şeir yazırdım, amma çap eləməyə çalışmırdım, doğrusu ürək eləmirdim". Nəhayət, ilk şeirlər kitabı "Cığır"da (1963) Fikrət Sadıq kiçik də olsa, poeziyada öz cığırını açdı, sonra bu cığır böyüdü, yola çevrildi.

 

Fikrət Sadıq universal şair idi. Hecada da, sərbəstdə də, əruzda da gözəl şeirlər yazırdı. O, xalq şeirinə və ana vəznimiz olan hecaya möhkəm bağlı idi, qoşmaları, gəraylıları, bayatıları, hecanın müxtəlif bölgülərində yazdığı şeirlər dilinin sadəliyinə, fikrin, hissin obrazlılığına görə təmiz idi, saf idi və indinin özündə də bu saflığını, təmizliyini hifz edir. Azərbaycan xalçalarına həsr elədiyi bayatıları xalça muzeylərinin divarlarında niyə asılmasın?

 

Bu xalça "Quba"dımı?

 

Gülü el-obadımı?

 

Bir butası dünyaya

 

Tanıtdımı adımı?

 

Ömrünün lap ixtiyar çağlarında - yetmiş iki yaşında yazdığı bir gəraylı isə Fikrət Sadığın xalq şeirinin XXI əsrdəki poetik şedevrlərindəndir:

 

Döyüşdə ölmədim, deyəm,

 

Bayrağı örtün üstümə.

 

Üstündə son misram donmuş

 

Varağı örtün üstümə.

 

 

 

Dön bax, illərə, aylara,

 

Nəyim varsa para-para.

 

Qara günüm çoxdur, qara,

 

Torpağı örtün üstümə.

 

 

 

Ümidim - yaralı bir quş,

 

Qolum-qanadım qırılmış...

 

Üşüyürəm, xəzəl olmuş

 

Yarpağı örtün üstümə.

 

 

 

Günəşə baxdım bu səhər,

 

Bir teli mənə bəs elər.

 

Buluddan süzülən o zər

 

Saçağı örtün üstümə.

 

Göylər niyə zalım olsun,

 

Tale mənə zamin olsun.

 

Bir dərə məzarım olsun,

 

Bir dağı örtün üstümə.

 

Sərbəst şeirlərinə gəlincə, Rəsul Rza məktəbindən görüb-götürdüyü dərslər yetərincə bəs idi ki, bütün yaradıcılığı boyu o, ustadın bu yoldakı əməyini yerə vurmadı və Rəsul müəllimlə yanaşı, müasir sərbəst şeirin gözəl nümunələrini yaratdı, amma bu şeir bizim "Ədəbiyyat" dərsliklərində nümunə kimi göstərilməsin?

 

Bir ağız Osvensim fəryadı,

 

Bir tutam yaslı bulud.

 

Sonra günəşin addım səsləri,

 

Sonra tufan qabağı sükut.

 

Dalğaların parçalanması,

 

Qayaların ovulması,

 

Bir də Dədə Qorqud.

 

 

 

Sonra Kərəm yanğısı,

 

Sonra çilik-çilik sınan su.

 

Tanış çiçək qoxusu.

 

Doğma yurd.

 

 

 

Sonra da bir sual:

 

Saçları dağılmış dünyamızı,

 

Raket ucları darayacaqmı

 

Yoxsa kotan dişləri?

 

Sonra Rodenin fikirli insanı.

 

Nigarançılıq.

 

Sonra da sonuncu akkord -

 

Ümid.

 

Bu şeir dahi bəstəkar Qara Qarayevin musiqisindən alınan təəssüratın poetik təzahürü idi. O zaman, elə indi də tez-tez səslənən assosiativ şeirin ən parlaq nümunələrindəndi. Və burada bir məqamı qeyd edim ki, Fikrət Sadığı nə onda, nə də indi mütləq mənada heç bir "izm"ə bağlamaq doğru olmazdı. Axtarsan, onun poeziyasında realizm də, romantizm də, modernizm də, simvolizm də bir-birini təkzib etmir. Məsələn, müstəqillik illərində yazılmış "Kimindir" şeiri başdan-ayağa realizmdir, çağdaş dövrümüzdə baş verən bəzi neqativ halları əks etdirir.

 

Yol boyunca düzülən bu

 

Uca imarətlər kimindir?

 

Sizindir qardaş, sizin!

 

Bəs bu giley-güzarlar,

 

Bu dərdlər kimindir?

 

Bizimdir, qardaş, bizim!

 

 

 

Yetmiş yaşının ərəfəsində şair bir sıra silsilə şeirlərini "Çox aldadıb fələk məni" başlığı ilə "Azərbaycan" jurnalında çap etdirdi (1999). Doğrudan da, bu şeirlərdə doxsanıncı illərin təzadlı, mürəkkəb, dramatik hadisələrindən doğan bir əhval-ruhiyyə hakim idi, hətta təəssüf, hədsiz nigarançılıq, bədbinlik çalarları da gözdən qaçmır. Poeziyası əsasən nikbinliklə aşılanan Fikrət Sadıq yazırdı ki:

 

Çox aldadıb fələk məni,

 

Hələ gözümdə yaş qalıb.

 

Dərd məni çaşbaş eləyib,

 

Özü də lap çaşbaş qalıb.

 

 

 

Tək qalmışam bu dünyada,

 

Nə üz tutulası ada,

 

Nə söz deyiləsi adam,

 

Nə yaxşı bir sirdaş qalıb.

 

Fikrət Sadığın "Sevgi yağışı", "Balıqçı və su pərisi" poemalarında sevginin gözəlliyi və ölməzliyi ideyası romantik pafosla ifadə olunub və vaxtilə filosof-tənqidçi Asif Əfəndiyev bu haqda geniş söz açıb. Asif Əfəndiyev yazırdı ki: "Fikrət Sadığın "Sevgi yağışı" kimi orijinal və poetik əsərdə məhəbbətin  əbədiliyi ideyasının parlaq ifadəsi, təbii assosiasiyalar, məhəbbətin nağılvari, sirli poeziyası ifadə olunub".

 

Fikrət Sadığın şeirləri, poemaları öz fəlsəfi ahəngiylə də seçilir. Əgər şeirimizdə fəlsəfə ilə poeziyanın vəhdətindən, daha doğrusu, fəlsəfi yönümlü şeirdən söz açırıqsa, onun onlarca şeirləri, poemaları mütləq xatırlanmalıdı. O, ən sadə həqiqətləri poetik fikrin yüksəkliyinə qaldıra bilirdi. Bircə nümunə:

 

Sel deyir: - Gəlin gedək!

 

Torpaq dinmir.

 

Daş düşünür,

 

Çiçək başını bulayır.

 

 

 

Duman deyir: - Gəlin gedək!

 

Dərə dinmir.

 

Dağ düşünür,

 

Çəmən başını bulayır.

 

 

 

Tufan deyir: - Gəlin gedək!

 

Meşə dinmir.

 

Ağac düşünür,

 

Budaq başını bulayır.

 

 

 

Hicran deyir: - Gəlin gedək!

 

Ürək dinmir.

 

İnsan düşünür,

 

Məhəbbət başını bulayır.

 

Bu yazıda mən F.Sadıq yaradıcılığının (nəsrindən, kino ssenarilərindən, publisistik yazılarından) çox söz aça bilərəm. Amma onun şairliyi hər şeydən öncədir. Bu şair kimi istedadını onun Emil Verxarndan, Yanka Kupaladan, Yan Raynisdən, Lorkadan, Yevtuşenkodan etdiyi tərcümələrdə də gördüm. Ustad şair Məhəmmədhüseyn Şəhriyarın dillər əzbəri olan "Azərbaycan" şeirini isə inanmıram ki, ikinci bir tərcüməçi belə ilhamla dilimizə çevirsin:

 

Səndən uzaq düşsəm də mən, eşqin ilə yaşayıram,

 

Yaralanmış qəlbim kimi qəlbi viran, Azərbaycan!

 

Vətən eşqi məktəbində can verməyi öyrənmişik,

 

Ustadımız deyib heçdir vətənsiz can, Azərbaycan!

 

Ya rəbb, nədir bir bu qədər ürəkləri qan etməyin,

 

Qolubağlı qalacaqdır nə vaxtacan, Azərbaycan?

 

Övladların nə vaxtadək tərkivətən olacaqdır?

 

Əl-ələ ver, üsyan elə, oyan, oyan, Azərbaycan!

 

Fikrət Sadıq Azərbaycanın "köhnə kişilər"indən idi. O, klassik ədəbiyyatı - Nizamini, Nəsimini, Füzulini, Sabiri, Hadini, Səhhəti çox sevirdi. Bütün "köhnə kişilər"də olduğu kimi, keçmişiylə fəxr edirdi. O, müharibə illərinin uşağıydı: "Dava vaxtı - çörək qıt olanda başaq yığdığım yadıma düşdü" - o illərin mərd, el dərdiylə yaşayan, amma ümidini itirməyən kişilərindən, müharibədə həlak olan igidlərdən məhəbbətlə söz açırdı. Yazıçılar Birliyində hər hansı bir tədbirdə öz stulu olardı və gözəl şairimiz Abbas Abdulla ilə yanaşı oturardı. Deyərdi ki, Abbas Borçalı elinin qayım kişilərindəndir. Deyərdi ki, Rəsul Rza mənim ustadım olub, o, Azərbaycan şeirində modernist təmayülünün öndəri idi, buna görə bəziləri yazırdılar ki, Rəsul Rza öz keçmişinə xor baxır, guya ənənədən uzaqlaşır, amma onun kimi ənənəyə bağlı ikinci şair tanımıram, Nəsimini, Füzulini, Sabiri onun qədər sevən, təbliğ edən var idimi?

 

Fikrət Sadığa "öldü", "vəfat etdi", ya "dünyasını dəyişdi" sözlərini yaraşdırmıram. Çünki o, cismən torpaq altındadırsa, torpağın üstündə - bu dünyamızda mənən yaşayır, həmişə sevilən şeirlərilə və ruhca sələfi olduğu Orxan Fikrətoğlunda...

 

Vaqif YUSİFLİ

Ədəbiyyat qəzeti.- 2019.- 2 noyabr. S. 16-17.