Bitməz
gün
Atama ithaf edirəm...
Səhər
Sübhdü
- sənin yoxluğunun səhər çağıdı:
hələ tənbəl-tənbəl oyanırıq sənsizlikdən,
gözlərimizi ovuruq yoxluğunun əlləriylə,
sönmüş müharibənin tüstüsü çəkilməyib
ölkədən.
Sübhdü
- sənin yoxluğunun səhər çağıdı:
Yatağına
- anamın yanına su kimi dolmuşam,
o isə
gələcəyimizi düşünə-düşünə
alnımdakı ahdan öpür.
Dostlarının
etibarını qayğılarımızla
ölçürük,
hələ bizi sənə oxşadan adamların sayı çoxdu,
anamın
əlindən tutub gələcəyə keçirik.
Sübhdü - sənin yoxluğunun səhər
çağıdı:
arzularımızı mumyalamışıq,
ümidlərimizi soyuducu könlümüzdə dondurmuşuq.
Hələ
hər kəsin yaddaşı yerindədi, -
hamı
səni olduğun kimi xatırlayır.
Özümdən
böyük qablarla su daşıyıram,
bədənimin bütün xəritəsindən tər axır.
Sübhdü - sənin yoxluğunun səhər
çağıdı:
Hələ
kasıblıq təcrübəsi qazanıram, -
qarpızı kəsdirib alıram,
qələmi yoxlayıb alıram,
kaseti
oxudub alıram.
Qurban
bayramlarında ətlə,
Novruzda
sovqatla ürəyimiz açılır,
özgə evlərindən toplanır sevincimiz
və mən
hələ Allahı əliaçıqlığından
tanıyıram.
Sübhdü - sənin yoxluğunun səhər
çağıdı:
Nənəmin
dilindən ümid damcılayır könlümə:
sonra
damlalar toplanıb olur hikmətli bir dərya:
"Allah
kimi darda qoyub ki, bizi də darda qoya?!".
Sübhdü
- sənin yoxluğunun uşaq çağıdı:
imperiya
günəşi təzəcə sönüb ölkəmdə,
azadlıq lampasının başına
yığışmışıq,
üz-gözümüz kasıblıq hisindən qapqara,
əlimiz
nöyütlü,
yaş
odundu xəyallarımız, -
könül sobamızda asta-asta yanır,
amma
sümüyümüz qızmır ki qızmır.
Sübhdü
- sənin yoxluğunun uşaq çağıdı:
Hələ
ehtiyacdan bir hovur gizlənmək üçün
əl
damındakı dəmir-dümürünü,
ov alətlərini
satmamışıq,
hələ torpağın üzü soyumayıb,
hələ göz yaşımız sinəmizi yandırır,
nə
vaxt ağlasam, anam məni qucağına alır -
Allaha
sarı qaldırır...
Günorta
Günortadı
- sənin yoxluğun qızmar vaxtıdı:
artıq
haqqında çoxdanki adam kimi danışırıq,
yaşaya
bilmədiyin günləri bir-birimizə paylayırıq -
hər
övladına neçə arzu, neçə ümid
düşür,
anam
xörəklər kimi ömrünü də ədalətlə
bölüşür...
Günortadı
- sənin yoxluğunun oğlan çağıdı:
anam təmizkar
bir gəlinidir payızın,
sübhdən süpürür sənli günlərin xəzəllərini,
o, bir
yandan yığır, ömür bir yandan tökür,
sevincin
qanı qaçıb üzümüzdə, ata.
xoşbəxt şəkillərimizə qayğılar
çökür...
Günortadı
- sənin yoxluğunun qızmar vaxtıdı:
sevincimiz
idman sevincləritək tez ötür.
Allah bizi çiyinlərimizdən çəkib
böyüdür.
Günortadı
- sənin yoxluğunun qızmar vaxtıdı:
mən
"rəhmətliyin oğlu", bacım "rəhmətliyin
qızı"dır,
nənəmsə qocaman bir rəngsazdır -
könlümüzü ümidlərlə boyayır.
Günortadı
- sənin yoxluğunun oğlan çağıdı:
anam bir
almadı ki, bir üzü qız, bir üzü gəlin,
soyuq
günlərdə dolmuş buludları qovur göylərdən,
haqqın
dərgahına uzanan yorğun əlləri.
Axşam
Axşamdı
- sənin yoxluğunun zülmət çağıdı:
anam bir
zəhmət heykəlidi qayğı şəhərimizdə,
həyat
bir xəstədir ki, çətinliklərimizlə
ağırlaşır halı,
qayğılarımızla birgə böyüyür anamın
xəyalları.
Anam həm
də bir xəyal körpəsidir:
bizimlə gələcəyə "iməkləyir", sabaha
yüyürür...
Hər
müşkülümüz bir əcəl məqamıdır,
ehtiyaclar
"əzrail" kimi əliboş geri dönmür.
Axşamdı
- sənin yoxluğunun zülmət çağıdı:
çoxdan əzbərləmişəm kişi işləri
görən anamın kölgəsin,
buxar
istisiylə qarsıyıb üzümü həyatın nəfəsi.
Axşamdı
- sənin yoxluğunun zülmət çağıdı:
Bir xəstəxana
qapısında,
zindan
divarları arasında,
bir məhkəmə
salonunda,
dayanıb baxdım uzaqlardakı məzarına.
çarəsizlik əllərimi cibimə saldı,
çiyinlərimi çəkdi,
İkimiz
bir adam olduq onda - kölgən kölgəmə
bələndi.
Axşamdı
- sənin
yoxluğunun ahıl vaxtıdı:
fotoalbomuna baxıram,
əsgərsən, nişanlısan, evlisən,
zəhmətə öyrəşmiş ömrümün alın tərisən.
Axşamdı
- sənin yoxluğunun ahıl vaxtıdı:
qayğıların dumanından göz-gözü
görmür,
təkliyimin qoxusunu çəkirəm canıma,
ata, sənsizlik
dolub divar saatıma,
ömür saatıma,
qol
saatıma.
Axşamdı
- sənin
yoxluğunun zülmət vaxtıdı:
həyat
bizim üzümüzə qayğı
cığırları,
sənin
məzarına şaxta çatları salıb,
şükür, əllərimiz çörəyə çatıb
və
daha anamın ovcundakı zəhmət qırışları,
"Allah" sözünün altında qalıb.
Fərid Hüseyn
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 17.