Kəpənək
bayramı
...Dağkeçisi,
ayı, donuz, canavar, tülkü bir yana, bu
gün Yorinin qabağına bir dovşan da
çıxmadı. "Heç olmasa gedim
çaşırımı yığım"
düşündü. Hər il yaz bayramı ərəfəsində
türk kəndlərinin ərazisi olan Şişdağın
lap yuxarısındakı çılpaq qayalıqların
arasından o, bir kisə ağzı dirəmə
çaşır yığmış, qayanın arxasından
gizlicə baxıb aşağılarda
çoban-çoluğun, odunçuların, ondan
aşağı zəmilərdə cüt əkənlərin
əl-ayağı çəkilib gözdən itənəcən,
bəzən qaranlıq düşənəcən gözləmiş,
kimsənin görməyəcəyinə arxayın olandan sonra
kisəni dalına alaraq tələsik dağın dirsəyini
aşıb özünü meşəliyə vermişdi. Bu yerləri özlərinə doğma bilən
türklərin bəziləri bütün günü
dağı-daşı ələk-vələk eləsə də,
bəzən evlərinə əli ətəyindən uzun
qayıdırdılar. Yori türklərdən
qorxduğuna görə gizlənmirdi, sadəcə, on il bundan öncə qayalıqların
arasında kəşf elədiyi və hər il gəlib maral
buynuzlarıtək şaxəli, iki-üç barmaq enində
kövrək, ağ gövdəli çaşırlardan bircə
saatın içində yığıb kisəsini
doldurduğu o yeri kiminsə görüb bilməsini istəmirdi.
Ancaq bu gün Yorinin bəxti burda da gətirmədi.
Vur-tut ikicə dəstə çaşır
yığa bildiyinə dilxor oldu, "canavar törəmələri...
gəlib yığıblar..." türklərin qarasınca
deyindi. Ancaq hər qarışına bələd
olduğu bu əziz yeri diqqətlə gözdən keçirəndə,
adam ləpiri, torpağın oyulub eşilmədiyini
görəndə çox sevindi, "yerin canı hələ
qızmayıb. Bir həftədən sonra gələrəm"
düşündü. Dalında dolu kisə
olmadığından bu dəfə əyilib gizlənmədən,
kiminsə görəcəyindən ehtiyat etmədən oradan
ovçu kimi uzaqlaşdı.
Qaranlıqlı yuxudan qalxıb nahar eləmədən
evdən çıxmış, günortayacan neçə
dağ aşıb, neçə dərə adlamış,
meşələrin tala yerlərindən keçmiş, bərələrdə
pusub dağkeçisi, donuz sürülərinin suya gəlməsini
gözləmişdi. Aclıqdan çox susuzluq onu
qarıxdırmışdı. Ancaq o,
qarşısına çıxan hər dərənin, hər
bulağın suyundan yox, onun hesabına görə
dayandığı yerdən yarım saatlıq, uzaq
başı qırx dəqiqəlik məsafə olan, türklərin
adlandırdığı "Kəsbər çeşməsi"nın suyundan içmək istəyirdi. Saatına baxdı, "dözərəm" deyib
üzüaşağı qolaylandı.
"Kəsbər çeşməsi" çılpaq
dağın döşündə ən ucaboy adama boy verməyən
baş-başa söykənmiş iki nəhəng
mamırlı qayanın arasından paqqıldayıb
axırdı.
Yayın ortasında hər tərəf od tutub yananda, yaz
otları saralıb qarsıyanda, sanki öz möcüzəsini,
hikmətini ətrafa, aləmə göstərirmış
kimi bulaqdan bir-iki addım
aşağıda mal-heyvanın içməsi
üçün çobanların düzəltdiyi
nohur-gölməçədə dumduru su, gündüzlər
Günəşi, göy üzünün maviliyini, gecələr
Ayı, ulduzları güzgü kimi göstərirdi. Ondan azca aşağı eniş boyu suyun qıjov
axdığı yerdə, bir qarış boy vermiş
yam-yaşıl yarpızlar titrəyir, incəbel qızlar kimi
yorulmadan rəqs edirdi. Beş-altı addım
aşağıda bir-biriylə yarışıb bəhsləşirmiş
kimi həvəslə göylərə can atan, bir üzü
yaşıl, bir üzü gümüşə çalan,
azacıq mehdən yarpaqları pırıl-pırıl
qaynaşan bəyaz gövdəli qoşa qələməydi.
Qələmələrdən xeyli aşağılara qədər
uzanaraq sıx çeşnəli xalıtəkin sərilmiş
yamyaşıl otlar, bir-birini mehriban-doğma, gülümsər
və ürkək baxışlarla süzən danaqıran,
novruzgülü, çobanyastığı, pişik
dırnağı, nərgiz, göyün dərin qatında
güclə sezilən bapbalaca ulduza bənzər mavi zənci
çicəyi... elə bil Günəşdən
şaxıyan, ətrafdakı bomboz torpaqdan, mis rəngli
qayalardan qaynayıb qalxan qəhərin, ilğımın
qorxusundan qaçaraq gəlib burda doğma bacı-qardaş
kimi, simsar yavuqlartəkin bu balaca ərazidə bir-birinə
sığınmışdılar. Şəklini əks edən
gölməçədəki göz yaşı kimi dumduru sudan Yori içmədi, dizlərini yerə
qoyub qoşa qayanın arasına qurşağacan girərək
ağzını bulağın gözünə dayayıb bir
neçə qurtum içdi, geri çəkilib ayağa
qalxdı, gölməçədən qoşa ovcuyla iki dəfə
götürdüyü suyu üzünə
çırpdı. Sıçrayan
damcılardan suyun aynası sınıb çilikləndi,
Günəş əyiş-üyüş oldu. Suyun üzündəki
qırış-qırçınlar ütülənib
şüşə kimi dümdüz olanacan Yori
gözünü gölməçədən çəkmədi.
Birdən başı gicəlləndi, ona elə gəldi suya
düşərsə, göy üzünün dərinliyindəki
Günəşin yanınacan batıb gedəcək, bir an canından qorxu keçdi. Özünə
gəlib gölməçənin dayaz olduğunu dərk edəndə
əlini suya salıb Günəşə toxunmaq istədi,
suyun güzgüsü sındığından
qırçınların arasında Günəş oxlov
üstündəki yuxanın xamırı kimi əyilib axaraq
formasını, gözəlliyini itirdi. Ələ
gəlmədiyini görəndə Yori köynəyini
yuxarı çırmalayıb qolunu dirsəyinəcən suya
soxdu, Günəşin dayandığı yerə əli
toxunanda hirslənərək torpağı barmaqlarıyla
dırmıq kimi eşərək suyu lillədib ayağa
qalxdı. Aralanıb bulağın
yaxınlığında quruca torpağın üstündə
oturub kisəsindən çıxartdığı
sarımtıraq kağıza bükülünü açıb
dilim-dilim doğranmış pendir, çörəyi
iştahla yeyə-yeyə uzaqlarda təndir badı kimi
yanmış mis rənginə çalan çılpaq
İran dağlarını gözdən keçirdi. Qoşa qələmədən azca aşağı
yaşıllığın üstündə havada qanad
çalıb qaynaşan bir topa kəpənək elə bil bu
yaz günü sevincdən havalanıb göyə
qalxmış o çəmənliyin al-əlvan
gül-çiçəyi idı. Rəngbərəng
xallı kəpənək topasını, sanki görünməz
iplə kimsə tələsmədən gah aşağı,
gah yuxarı, gah sağa, gah sola dartırdı. Hər dəfə yan-yörəsindən tapıb
Yorinin o topaya atdığı daşdan bəzən bir, bəzənsə
iki-üç kəpənək yerə düşəndə,
həyəcan, çaşqınlıq
bürüdüyündən nizamı, forması pozulmuş
topanı o görünməz sap indi əsəbiliklə
dartaraq tez-tez yerini dəyişirdi. Yori
ayağa qalxaraq gedib bulağın gözündən yenə
içdi. Dincəlmədən yeddi, səkkiz
saat dağı-daşı dolandığından, dağ
havası vurduğundanmı, yeməyin üstünnən
doyunca su içib ağırlaşdığındanmı,
yaz günəşi qanını
qaynatdığındanmı, onu yuxu qarıxdırdı.
Yamyaşıl zolağın qırağıyla
aşağı düşüb bulaq suyunun batıb yox
olduğu yerdən altı, yeddi addım da aşağıda,
enişin düzənliyə çevrildiyi sahədə
kökləri nəmişliyə güclə yetdiyindən
törə qalmış gül-çiçəkli
yaşıllığa ayağını basanda doqquz il bundan
qabaq türk kəndi Maralzəmidən su qiymətinə
aldığı, evinin bir divarını boyhaboy
örtmüş xovlu xalçanı xatırladı. Bürmələdiyi
kisəni başının altına qoydu, yanına
uzatdığı beşaçılanın
qayışını qoluna keçirdi, kepkasıyla
üzünü örtüb yuxuya getdi...
Sərçə
cikkiltisinə qarışmış nazik fit səsini fasilələrlə
bir neçə dəfə yuxudamı, ayıq olduğu
vaxtdamı eşitdiyini Yori anışdıra bilmirdi. Sonuncu dəfə fısıltı,
xışıltı qarışmış bu səsin lap
yaxınlaşdığını duyanda Yorinin
gözünü açmasıyla qəfildən dikəlməsi,
bir anda oldu, çaşqınlıqla sağını-solunu
gözdən keçirdi. Geriyə
qanrılanda qoşa qələmədən azca
aşağı dizəcən qalxmış otluqda nəyinsə
süpürləşdiyini gördü. Zambaq,
lalə qarışıq yamyaşıl otlar sağa-sola əyilib
düzəlir nəsə yavaş-yavaş
üzüaşağı Yoriyə sarı
yaxınlaşırdı. "Siçanlardı...Yox,
siçanın belə... Siçovul olar..."
- ağlına gəldi. Otların tərpənib
əzildiyi yeri gözdən qoymadan yan-yörəsinə
baxıb daş axtaranda yuxarı qalxdıqca seyrələn
otların arasından dıkəlib qalxmış, dayanmadan dil
çalan, yamyaşıl otluğun al-əlvan
gül-çiçəyindən, xallı kəpənəklərdən
boyalı naxışlar almış başı enli, nazik
boynundan aşağı getdikcə yoğunlaşan gürzəni
gördü. "Sərçə,
siçan udub" düşündü Yori. İlan otluğa yatanda əyilib
beşaçılanı götürdü, qalxıb düzələndə
eyni rəngdə, eyni formada bir cüt ilan dikəlib
qarşı-qarşıya dayandı, dil çaldı,
bir-birinə sarmaşaraq başlarını bir-birinə sürtdü.
Yorinin sağındakı gürzə
solundakından daha iri, daha canlıydı.
"Bunların sevişməyinə bax... Məni də
saymırlar... Qoşalülə, bir dənə də
qırmalı patron olsaydı, ikisini bir gülləyə sərərdim...". Birini vura biləcəyinə
əmin idi. Onun göydə göyərçini,
tay-tuşuyla yarışarkən quş tüfəngiylə
on metrlikdən kibrit çöpünü vurduğunu
görmüşdülər. "Ayı
gülləsini hayıf eləyirəmsə, heç olmasa
yoğunu-erkəyi vurum" düşündü. Ancaq hələ tüfəngi qaldırmamış
qabaqca erkək, onun ardınca incə, zərif, həm də
gözəl ilan otluğa yatdılar. Əyilib qalxan, əzilən
otların xışıltısına yenə civilti, fit səsləri
qarışdı. İlanların qorxudan yox,
öz xoşlarına, mazaqlaşıb kef çəkmək
üçün otluğa yatmalarına, onu
saymadıqlarına Yorinin acığı tutdu. Bu dəfə
otları yatırda-yatırda onların bir az
da ona yaxınlaşdığını görəndə
canından üşütmə keçdi. Bir
qabıqdan çıxanda, bir də cütləşmə
zamanı ilanların adama hücum elədiyini bilirdi. İkisi də birdən üstümə
şığıyar, ağlına gəldiyindən
dayandığı yerdən aralanaraq gedib otsuz quru
torpağın üstündə gözlədi. Bu dəfə bir-birinə sarmaşmış
ilanların dikəlib yenidən otluğa sərilməsi bir
anın içində oldu, bu fürsəti
buraxdığına Yori hayıfsılandı, barmağı
tətikdə tüfəngi döşünə sıxaraq
hazır vəziyyətdə quruyub heykələ döndü.
İlanların
getdikcə yaxınlaşdığını görəndə
"ordaca işlərini bitirərəm"
düşündü, qıvrılıb açılan
yaralı ilanların qanı kisəsinə bulaşmasın
deyə, tüfəngin lüləsini hədəfdən
ayırmadan pəncələri üstə gəlib kisənin
yanına çatdı, əyilib götürərkən yenə
də fürsəti əldən verəcəyindən ehtiyat
elədiyindən ayağıyla bükülü kisəni
otsuz yerə atmaq istəyəndə bir-birinə
çataşıb sarmaşmış gürzələr qəfil
dikəldilər, birinin başı o birisinin boynuna
sıxılmış halda saat kəfkiri kimi aramla iki yol
sağa-sola yelləndilər. Yorinin əsəbilikdənmi,
qorxudanmı, ilanların açıqlığa,
özünün dayandığı yerə gəlməsini
gözləməyə səbri çatmadı. Bir-birinə çataşmış gürzələrin
boyunlarından aşağı getdikcə yoğunlaşan bədənlərinə
atəş açdı. Otların
başları, gövdələri dalğavari tərpənişdi.
Tərpənən otların dibinə ikinci atəşi
açmaq üçün çaxmağı geri çəkmək
istəyəndə hədəfin solundan bir addım aralıda
dikəlib nifrət və qəzəblə ona baxan
bayaqkılardan da böyük, bədheybət bir gürzənin
başını görəndə Yori ürəyinin
qırılıb içinə düşdüyünü
hiss elədi. Çaxmağın şaqqıltıyla geri
çəkilməyi ilə gürzənin yox olması, ona
sarı çəpinə düz xətt boyunca otların tərpənməsi
bir göz qırpımında baş verdi.
Tərpənən otların dibinə atəş
açsa da, ildırım sürətilə yaxınlaşan
xışıltı, ovxarlı qılınctəkin elə
bil Yorinin ürəyini iki yerə böldü. Haqlamaqda olan vahiməli ölümün
qarşısını ala bilməyəcəyini fəhmən
duyaraq yerindən götürülüb qabaqca sağ səmt
üzrə dolayı qaçdı, sonra dikinə
dırmaşdı. Beş-altı addım
özündən aralı qayanın dalından qəfil
çıxan öküz boyda ayıyla üzləşəndə
də, çənəsinin hər iki böyründən
ağaran ərəb qəməsi kimi əyrimçə
dişli bədheybət qara qaban qalın meşədə
yamacaşağı onu qabağına qatıb qovanda da Yori bu
qədər sarsıntı keçirməmişdi.
Şiddətlə
döyünən ürəyi az
qalırdı ağzından çıxsın. Devikib çaşqınlıqla ətrafını
gözdən keçirdi. Susuzluqdan
yanır, heç olmasa bircə qurtum içmək istəsə
də, bulağın yanına getməyə ürək eləmədi.
Birinci dəfə atəş
açdığı yerdə otlar hələ də əyilib
düzəlirdi. Atəşin birinəmi,
ikisinəmi dəydiyini bilmək istəsə də, otluğa
girməyə cəsarəti çatmadı. Güman elədiyinə görə gülləsi
cütləşənlərin ikisini də tutmuşdu. Sevişən gürzələr onun yadında
mehriban, mülayim xasiyyətli, həm də çox gözəl
görkəmdə qalmışdı, ona elə gəlirdi bu zəriflikdə,
bu gözəllikdə ilanın zəhəri də olmaz.
Ancaq ona sarı şığıyan gürzə
bam-başqaydı, bir-birinə sarmaşanların ikisindən
də böyük, həm də qəzəbliydi, zəhmli
baxışından zəqqum yağsa da, görkəmində
bir məğrurluq, əzəmət vardı.
Yori yerindən götürüləndə
ildırım gurultusuna bənzər
xışıltının onu haqlayıb
haqlamadığını bilmək üçün
başını döndərib gözucu geriyə baxanda
ayağına ilişib bükülüyünü
açdığı kisəyə doğru yoğun,
güllü ipə bənzər bir şeyin batan ulduz kimi
axıb uzandığını gördü. Qucağına
yığdığı daşların ikisini otların tərpəndiyi
yerə atdı. Bir az da
aşağı enib uzaqdan kisəni daşa basdı. Tərpəniş, qımıltı olmasa da təşviş,
nigarançılıq içində yan-yörəsinə
baxa-baxa kisəyə yaxınlaşdı. Beşaçılanın
nişangahıyla kisəni özünə sarı çəkərkən,
aralarındakı məsafə çox yaxın olduğu
üçün üşəndi, tüfəngin
süngüsünü açıb evdə qoyduğuna təəssüfləndi.
(Bir dəfə payızın son günü
cöngə boyda dağ kəlini ovlayıb qırx beş-əlli
kiloya qədər ətini gilləyib kisəsinə
doldurmuş, yolun yarısında heydən
düşdüyündən bıçağının,
papağının, toqqasının, tüfənginin
süngüsünün ona ağırlıq elədiyini
duymuşdu. Elə o vaxtdan
süngünü açıb evdə qoymuşdu. Apara bilmədiyini tülkü, çaqqal, canavara yem
olmasın deyə, ağacın budağından
asmışdı. Sabah günortaya
yaxın qayıdıb həmin yerə çatanda budaqdan
sallanan ağappaq sümükləri görmüşdü.)
Kisənin yüngüllüyünü hiss etsə də,
cürət edib içinə baxammadı, tələsik
ağzını bürmələyib bağladı, bədəni
ürpəşə-ürpəşə sol əlini kisənin
üstündə gəzdirdi. İki dəstə
çaşırdan başqa bir şey
olmadığını bilsə də, yenə
nigarançılıqla kisəni dalına atdı.
Yori yubanmadan burdan uzaqlaşmaq istəyirdi. Dağın
döşüylə aşağı enməliydi. Ancaq o bədheybət varlıqla
qarşılaşmamaq, həm də hər ehtimala
qarşı onu azdırmaq məqsədilə bulaqdan xeyli yuxarı
qalxdı, sağa dönüb dərəyə yollandı,
qonşu dağın dirsəyini aşaraq yamacaşağı
götürüldü. Dağın
çılpaq yerindən sonra başlanan ardıclıqdan,
ondan sonrasa başlanan sıx yemişan, qaratikan kolluğunun
arasından qan-tər içində keçib dizəcən
qalxmış yamyaşıl arpa zəmisinə çatdı.
Tələssə də, qalın olduğundan dibi
görünməyən, ensiz zəmini yarıb keçmədi,
qırağıyla hərlənib zəminin başına
çatanda tüfəngi söküb kisəyə
yığmadığı yadına düşcək ayaq
saxladı, bu qədər yolu kürəyində boş kisə
deyil, sanki çılpaq belini dalayan uzun, qara gövdəli,
enli yarpaqlı, ağır gicitkan dərzi gətirmişdi. Kisənin qayışlarını çiynindən
aşırıb dərindən nəfəs aldı, şəhadət
barmağıyla alnının tərini sildı, qorxa-qorxa kisənin
ağzını açaraq içinə baxdı. "Tüfəng olmasaydı, yandırıb rahat olardım"
düşündü.
Çılpaq
maşın yoluna çatanda azca yüngülləşdiyini
hiss elədi. Yolun qırağında yastı daşın
üstündə oturub qarşı dağın
döşünə səpələnib
yaşıllığa bürünmüş ağ
evləri seyr elədi, evi kəndin lap aşağısında
kolxozun üzüm bağına söykənmişdi. Payızda
üzüm, şəftəli, armud dəyəndə gecələr
yuxunun şirin vaxtı özünü bağlara verdiyi məqamı
xatırlayıb evinin əlverişli yerdə olduğuna
sevindi, ancaq bir dəfə az qala ayı tələsinə
düşəcəyini xatırlayanda o qorxulu anları yenidən
yaşadı. Kölgənin qarşıdakı
dağın yarısına qalxdığını görəndə
ayağa durub aşağıdan gurhagur axan çayın
qırağına endi. Çiyinlərindən
qayışı siyirib kisəni ehmalca qumun üstünə
qoydu. Çayın lap qırağına
yaxınlaşıb türk çobanı Halaya tikdirdiyi donuz
gönündən (aşılanmış gönü
özü vermişdi) olan qalın, yumşaq, qızqaytaran
çarıqlarını çıxarıb (ova gedəndə
çarıq geyirdi) tələsmədən qabaqca
ayaqlarını, sonra çırmaladığı
qollarını, üzünü yudu.
Çarıqlarını geyib ayağa qalxanda, azca aralıda,
körpünün yanında qalaqlanmış daşların
üstündə qıvrılıb başını dik
tutaraq məğrur duruşlu, şimşək çaxan
gözlərini ona zilləmiş gürzəyə və ondan
bir qarıc aralı bomboz daşların rəngindən
güclə seçilən başqa bir ilana gözü
sataşanda elə bil Yorinin təpəsinə ildırım
çaxdı, bütün bədəni əsməyə
başladı, kösövdən partlayıb sıçrayan
saysız çınqılara bənzər ulduzcuqlar gözlərinin
önündə sayrışdı. Başının,
bədəninin tükləri qabardı, "İşim
bitdi". Dişlərinin bir-birinə dəyib
şaqqıldadığını duyanda çənəsini
sıxaraq pıçıltıyla "Əcəl
haqladı..." - dedi. Özündən asılı olmayaraq
dal-dalı çəkildi, yan-yörəsinə baxıb iri
qayaların arasından götürüb atdığı
daş az qala gürzənin boynunu yalayaraq
ötdü, körpünün divarına dəyib daş
qalağın üstünə düşdü. Ağlagəlməz
cəldliyi, güclü reaksiyası hesabına vaxtında
başını əyib atılan daşdan yayınması,
qısa müddətdə özünə arxa-kömək,
etibarlı dost tapmış bu məğrur və mənəm-mənəm
deyən gürzənin görkəmi Yorini daha da heyrətləndirib
sarsıtdı. (Hekayətin bu yerində
Azadın fikri on illər qabaq yaylaq yerində daşlayarkən
qayanın başında saymazyana dayanmış
qartımış kərtənkələnin başını
sağa-sola əyib daşlardan yayındığı
anları, uzun zaman həsrətini çəkdiyi sarı donlu
Donaranı xatırladı). Atılan
gülləni ilanların sıçrayıb havada qapa bilməsinə
o, indi inandı. Tüfəngi yadına
düşdü, gözünü gürzədən çəkmədən
kisəyə yaxınlaşdı, əlləri əsə-əsə
beşaçılanın hissələrini
çıxarıb yığmağa başlayanda, yan-yana
dayanmış gürzəylə boz ilan sözləşibmiş
kimi eyni vaxtda başlarını daş kələyin
ayrı-ayrı yerlərinə soxaraq bədənlərini
sakitcə çəkib apardı.
Qaş qaralırdı. Qaranlıq düşməmiş
Yori çayın qırağından uzaqlaşmaq istəyirdi.
Ona elə gəlirdi hava bir az da qaralsa, çaylaq
daşlarının arasındakı narın qumların
üstüylə axan səssiz su kimi sürünərək
yaxınlaşıb burdaca, burda olmasa da körpüdən
keçərkən, o bədheybət varlıq onun
qıçına sarmaşıb qarmağa bənzər əyri
dişlərini baldırına batıracaq, bircə anın
içində onun gözlərinə qaranlıq çökəcək,
boğazı qovuşub səsi batdığından kimisə
köməyə çağıra bilməyəcək,
ayaqları, bədəni şişib
üfürülmüş tuluğa dönəcək,
qısa bir müddətdə çürümüş əti
sümüyündən qopub tikə-tikə töküləcək.
Uşaq yaşlarında oxuduğu nağıllardan,
yaşlı türk çobanlarından ilanlar barəsində
eşitdikləri, növündən asılı olaraq ilan
vuran adamın, yaxud atın, öküzün, ayının, dəvənin
bir gün, bir saat, beş dəqiqənin içində
canını tapşırdığı nağıla, əfsanəyə
bənzər söhbətlər indi Yorinin təsəvvüründə
reallaşıb həqiqətə çevrilmışdi. Bir
vaxtlar ona nağıl, əfsanə kimi
göründüyündən türkləri lağa qoyan Yori,
Lök kəndinin Nəcəfxan dərəsindəki
yaşı iki yüzdən çox olub böyürtkən
kolluğunda yatan başı tüklü, nəfəsiylə
bir metr məsafədən istənilən məxluğu gəbərdə
bilən o ilan, o əjdahayla onu dabanbasdı, qarabaqara izləmiş
bu gürzənin də o növdən, o soydan olduğuna
inanırdı. Yoriyə görə, "Kəsbər
çeşməsi"ndəki qoşa qələmələrdən
azca aşağıdakı otluqda dikəlmiş yekə
başlı gürzə, elə ordaca vahiməli
baxışlarıyla öz zəhərini tullamış, sadəcə,
məsafə uzaq olduğundan o, zəif dozada zəhərlənmişdi.
Dayanmadan neçə dərədən adlayıb
dağların döşündən yellənə-yellənə
aşağılara düşərkən qarşısına
çıxan yaz yağışının
açdığı ensiz, dayaz arxlar, torpağı
yuyulduğundan ardıcın uzanaqlı qalmış sarı
kökü, palıd pöhrəsinin altından qəfil qalxan
kəklik dəstəsinin pırıltısından doğan səksənmə,
qorxu, vahimə Yorinin bədəninə, qəlbinin, beyninin dərinliyinə
zəhər kimi yavaş-yavaş yerimişdi. Kəndin
ətəyi, çaylaq yeri artıq alatoran idi, ancaq Yori elə
bilirdi ki, bədəni yavaş-yavaş zəhərləndiyindən
gözləri tor görür. Divarboyu tələsik
addımlayıb maşın yoluna çıxdı, "nə
qədər ki, gözüm yolu seçir, ayağımın
altını görürəm, körpünü keçsəydim..."
düşünərək yoldan, ayağını
basdığı yerdən bir an gözünü cəkmədən
körpüdən keçdi, əllərindəki
daşları yerə atdı, sürətini bir az da artırdı. Alaqapıdan
bağçalarına girəndə ayaq saxladı, həyətlərinə
girdiyinə peşman oldu. "Gərək yol
maşınlarının birinə minib rayona gedəydim, evimi
onlara tanıtmayaydım... Gecdi artıq...".
Yori qorxduğunu gizlətməyə calışsa da,
qapını açıb evlərinə girəndə
arvadının böyümüş gözləri ona dikilərək
- Ay mart hinça yeğel, es hinç quyna? Vontsvor xextelen kez?.. (ay kişi, nə olub, rəngin-rufun
niyə belədi? Elə bil boğublar səni?)
- həyəcanla soruşdu. Yori
başına gələn əhvalatın: gürzənin
otluqaşağı göy gurultusuna bənzər
xışıltıyla onun üstünə
şığıdığı məqamı deyəndə
gözü bərəlmiş arvadının "Vay astvats...
sa şışmaneluya! - (ay Allah... bu dəli
olacaq) - söyləyib ayağa qalxaraq tələsik masaya
sarı cumdu, qrafindən stəkana tökdüyü suyu gətirib
ərinə içirtdi. Əri həmin ilanı bir az qabaq çayın qırağında,
körpünün yanında gördüyünü deyəndə
arvadı ümidsiz və tərəddüdlə
başını bulayaraq - Day sənnən adam olmaz - söylədi.
Tüfəngin hissələrini masanın üstünə
yığan ərinin başını
sığallaya-sığallaya - sakit ol canım, sabah
Vartanizora (Lök kəndinin erməniləşmiş adı)
gedərəm, deyirlər orda bir türk var, bir cür deyirlər
ona sofya... deyilənə görə, heç bir ilan ona dəymir,
xahiş eliyərəm gəlib tutar... - deyəndə Yori
çaxmağı masanın üstünə atdı, bərəlmiş
gözlərini arvadına tuşlayaraq havalı-havalı
qışqırdı: - Hentses imanum na uşa?.. badkeratsumes, na tyunin herruyits şpırtuma... (Elə
bilirsən o, koramalıydı... Təsəvvür
eliyirsən o, zəhərini uzaqdan tullayır).
Adi bir sözünə, sualına ərinin hirslənib
özündən çıxdığını görəndə
arvadı daha ondan heç nə soruşmadı. Onun
tapşırığıyla yubanmadan gedib kəndin lap yuxarı
başında evləri olan qardaşıgildən
qoşalüləni, bir də iki ədəd qırmalı
patron alıb gətirdi. Yori
arvadının bu gecəliyə gedib qardaşıgildə
qalmasını deyəndə arvadı - Səni burda tək
qoyammaram - deyib qəti etirazını bildirdi. Ancaq əri acı-acı gülümsünərək
- Hərdən gözümə o gürzə kimi
görünürsən... çaşıb birdən səni
vuraram... - deyəndə ərinin ciddimi söylədiyini,
zarafatmı elədiyini kəsdirə bilmədi.
Həmin axşam Yorinin arvadı qoşalüləni gətirib
ərinə verəndən sonra başılovlu qayıdıb
qardaşıyla Lök kəndinə getdi. Soraqlaşıb
kəndin ayağında gövşənə söykəli
evini tapdılar. Atdan düşüb
çəpərsiz, hasarsız həyətə girdilər,
qardaşı atın yüyənini ağacın
budağına bənd elədi. Ay işığında
hər iki yanı dizəcən qalxmış, əyilib
baş-başa gəlmiş otlu cığırla bədənləri
ürpəşə-ürpəşə irəlilədilər.
Açıq qapıdan içəri boylanarkən
qarşıdakı suvaqsız divarın taxçasında nəlbəki
boyda qırıq saxsının ortasında qoz boyda
çaydaşına söykəli eşmə
pambığın ucundakı titrəyən balaca alov dilimi
gözə dəydi. Toranlıq evin, elə
taxçanın altında qalın keçə sərilmış
taxta çarpayının üstündə bardaş qurub
gözüyumulu oturmuş, əlindəki təsbehi
çevirdikcə dodaqları tərpənən saçı-saqqalı bəmbəyaz,
üzündən, alnından başqa, burnunun
üstünü də qırışlar basmış çəlimsiz,
qocanın sofu (bəlkə sufi?) olduğuna və onun çox
şeyə qadir olduğuna inandılar. Qadın
qardaşına sarı çevrilib şəhadət
barmağını dodaqlarına söykəyib "sus"
işarəsi verdi. Qapının
ağzında xeyli gözlədilər. Dua, zikr mərasimin
çox uzandığını görən qardaşı qəsdən
öskürsə də, qoca nə gözünü açdı,
nə də zikrinə ara verdi. Bir az da keçəndən sonra hələ
gözünü açmamış:
- Gələcəyinizi
bilirdim... Ancaq nahaq yerə... - deyib yaşına uymayan
çevikliklə çarpayıdan düşərək
öz yerini göstərib - Gəlin əyləşin - dedi.
Qadın çaşqınlıqla qardaşına baxaraq:
- Vay aman!
Bizim kənddə hələ heç kim
bilmir, xəbəri kim çatdırdı? - deyib
həyəcanla qocanı süzdü. Günorta
vaxtı bağçalarının qırağındakı
qocaman qarağaca kürəyini söykəyib mürgülədiyi
vaxt qoca yuxusunda bu xəbərdən agah olduğunu demədi.
Başını qaldırmadan qısaca -
günortadan bilirəm... - söyləyib yenə susdu. Qadın yalvarmağa başlayaraq ilanı tutub
öldürərsə, evlərindəki bir divarboyu olan dəyərli,
gözəl xalçalarını ona
bağışlayacağını vəd elədi, qocanın
susduğunu görəndə
razılaşmadığını güman edərək
üstündə istədiyi qədər pul da verəcəyini
söylədi. Qoca, sanki onu eşitmir, öz-özüylə
danışırmış kimi kədərlə:
- Bir az qabaq canını tapşırdı, - dedi,
birdən gözünü açıb xəbərdarlıq
edirmiş kimi tez sözünə əlavə elədi:
- Bu dəyqə
o biri tayı bağçanızdadı, qisasını
almıyınca çəkilib gedən deyil...
Qadın qorxu içində yalvardı, qərib
olduqlarını, təkcə kəndlərində deyil,
dünyada bircə oğlundan, ərindən, yanındakı
qardaşından başqa bir kimsəsi
olmadığını ağlamsınaraq söylədi. Günorta
vaxtı qarağaca söykənib mürgüləyəndə,
qoca yuxuda ona çatdırılan xəbəri "ötən
yüzilliyin əvvəllərində ərinin babası həmin
tüfənglə Urmiyada silahsız səkkiz türk
kişisini öldürdüyünü, bir boylu qadının
qarnını o tüfəngin süngüsüylə
cırdığını" deyəndə qadın, bu
vaxtacan qardaşının da bilmədiyi, ancaq əriylə
öz aralarında olan bu sirri qocanın hardan, kimdən,
haçan xəbər tutmasına donub qaldı. Bayaqdan
istidənmi, həyəcandanmı qadının dayanmadan
yaylığıyla üzünün, alnının,
boyun-boğazının tərini sildiyini görən qoca cəld
çevrilərək, örtüksüz, boyasız balaca
masaya yaxınlaşıb üstündən şirli
parçı götürdü, evin sol küncünə
yaxınlaşıb yerlə bərabər dairəvi
taxtanı qaldıraraq suvaqsız divara dayadı,
qurşağınacan aşağı əyilib quyudan
çıxardığı iri saxsı kuzəni pəncəsinə
söykəyib əydi, parçı yaxalayıb suyunu torpaq fərşə
atdı. Qurtultuyla parça tökülən suyun səsini
eşidəndə qadının dili açıldı, ucadan:
-
Əmican, qurban olaram sənə! Ərim də
qardaşım da mənim özüm də nökərin
olarıq, qurtar bizi bu bəladan. Nə istəsən verərik...
Bircə onu tutub öldürsəydin...
-
Öldürsəydm?.. - deyib
qoca narazılıqla başını bulasa da, ağzınacan
suyla dolu parçı gətirib ona sarı uzatdı, qadın
sevincək ikicə qurtum içib:
- Uxaaay,
necə sərin, necə dadlıdı - deyib parçı
qardaşına verdi. Onları suya qonaq eləməsini
qocanın yumşalıb yola gəlməsi kimi anlayan qadın
qardaşına gizlincə göz vuraraq:
- Minib gəldiyimiz
ceyran yerişli atımızı da sənə peşkəş
edərik. Sabah qardaşım gəlib evinə işıq da
çəkər - dedi. Qoca əvvəlcə
gülümsündü, sonra ciddiləşərək:
-
Bacarsaydım gəlib heç nəsiz tutardım. Sizinki
başqa işdi... Mənə,
ayağını ora qoyma, deyiblər. Eşitməsəm,
məni də gəbərdər...
Bu xəbər
ildırım sürətiylə təkcə öz kəndlərinə
deyil, rayona, rayonun bütün kəndlərinə
yayıldı...
***
Yori arvadını alaqapıdan ötürüb əlində
qoşalülə tələsik geri qayıtdı. Evin yan divarına söykəli
uzunsaplı beli götürüb evlərinə girdi,
qapını örtcək bir an dayanmadan döşəmədəki
döşəkçələri, palazı, stulları, evin
baş tərəfində masanın üstünə səliqəylə
çinlənmiş yorğan-döşəyi, pəncərələrdəki
dibcəkləri, bir sözlə, hələ də
söküb götürmədikləri dəmir sobadan, onun
yanında içərisi buğdayla dolu yeşikdən
başqa, gözə dəyən nə vardısa,
hamısını daşıyıb yan otağa apardı. Əl-ayağa dolaşan bir şeyin, ilanın gizlənəcəyi
bir yerin olmadığına arxayınlıqla otağı
yenidən gözdən keçirdi, yaxınlaşıb
qapını çəkib azca araladı, gəlib pəncərənin
yanındakı dəmir çarpayının üstünə
qalxaraq baş tərəfdə yastığın
üstündə oturdu. Uzunsaplı beli
yanına uzatdı, kürəyini çarpayının dəmirinə
söykəyib əlində qoşalülə bir saatacan gah
azca aralı qoyduğu qapıya, gah da pəncərədən
çölə baxdı. Bayırda
yüzlük elektrik lampası yansa da, ləklər boyu
sıralanıb uzanan yenicə yarpaqlamış tənəklərin
əyri-üyrü gövdələrinə, onların dibindəki
ala-bula kölgələrə gözü sataşanda onu yenə
vahimə basdı. Bəlkə hardansa
baxır, oyaq olduğumu görüb yaxınlaşmır.
Qalxıb çarpayını pəncərənin
qabağından divara sarı çəkmək istədi,
"çölə baxarkən divarın dibiylə
sürünüb kravatımın altına girmiş olar"
ağlına gəldiyindən ayaqlarını yerə
sallamamış əyilib çarpayının altını
gözdən keçirdi.
Yorğun olduğundan, gözünü ancaq bir yerə -
azca aralı qalmış qapının ağzına zillədiyindən
hərdən onu yuxu basır, başıaşağı əyiləndə
səksənib oyanır, səs salmadan əyilib üstündə
oturduğu çarpayının altını gözdən
keçirir, "bəlkə mürgüləyəndə
sivişib buğda olan yeşiyin dalında gizlənib... gərək
onu da sürüyüb o biri evə aparaydım"
düşündü. Yuxulayıb başı sallanmasın deyə,
pencəyinin yaxasını qaldıraraq peysərini
çarpayının dəmirinə söykədi. Bir azdan sonra yenə onu yuxu tutdu. Yuxuda
gürzənin qapısı açıq
alaqapılarının başına sarılıb
sallandığını, Kiyevdə universitetin ikinci kursunda
oxuyan oğlunun gülə-gülə qaçaraq ilanı
görmədən qapıya
yaxınlaşdığını görəndə Yori nə
qədər qışqırıb oğlunu dayandırmaq istəsə
də, səsi çıxmadı. Oğlunun başı
ilana toxunanda diksinib ayıldı, həmin an dəmir
sobanın üstünə torpaq, qum dənəsinin
düşdüyünü gördü, gözü baca yerinə
sataşanda sobanın borusu boyu bir qarıc aşağı
sallamış gürzənin başını, ona zillənmiş
gözünü, oyur-oyur oynayan qapqara haça dilini
gördü. Yuxumu gördüyünü,
ayıqmı olduğunu bir an anışdıra bilmədi.
Qucağındakı qoşalüləni qaldırıb tətiyi
çəkdi, ancaq yenə də gecikdi...
Bu xəbər ildırım sürətiylə təkcə
öz kəndlərinə deyil, rayona, rayonun bütün kəndlərinə
yayıldı.
On günüydü Yorigilin qapıları
bağlıydı. Evini satmaq istədiyini eşidən kəndçiləri
onun qarasınca deyinirdilər:
-
Dağda, meşədə ana-bala heyvan qalmamışdı
ovlamasın...
- Mələr
qalmış ceyran balasının ahı tutdu onu...
- Kəndə
qada-bəla gətirib özü aradan çıxdı...
- Gürzənin
dərisindən arvadına toqqa düzəltmək
istiyirmiş...
-
Tamahının güdazına gəldi...
Yori arvadıyla rayon mərkəzində qohumugilin evində
onlara ayrılmış bir otaqda qalır, gecələr bir
çarpayıda yatırdılar. Bu günlər ərzində
o, bir dəfə də olsun gənc, gözəl
arvadının işvə-nazına cavab verə bilmədi.
Yuxuda sayaqlayır, yerində çapalayır, gecə yuxunun
şirin vaxtı dəfələrlə qan-tər içində
bağıraraq qonşu otaqda ev sahiblərini
oyadırdı. İlanlarla bağlı
başına gələnləri və başqalarından
eşitdiyi ağlasığmaz qorxulu əhvalatları dönə-dönə
arvadına danışırdı. Hər səhər
tezdən yuxudan ayılıb yatağından yerə
düşmək istəyəndə əyilib
çarpayının altına baxır, paltarlarını,
papağını ehtiyatla bir-bir yoxlayandan sonra geyinir,
axşamlar yatağına girəndə balıncını,
yorğan-döşəyi qaldırıb altını gözdən
keçirir, bağçanın o başında olan tualetə
gedərkən atdığı hər addımın altına
diqqətlə baxır, tualetdən çıxana qədər
qorxu içində tualetin deşiyinə, bacasına baxa-baxa
qalırdı.
Onuncu gecə yuxuda özünü qıvrılaraq
başlarını dik tutmuş, buz kimi soyuq gözlərini
ona zilləmiş cürbəcür ilanların əhatəsində
gördü.
Qarşısında məğrur dayanmış
ilansa qoşa qələmədən aşağıda ona qəzəblə
baxan həmin gürzə idi. Gürzə, mitinqdə
çıxış edən orator kimi başını gah
sağa, gah sola döndərib hər an
sıçrayışa hazır vəziyyətdə
dayanmış həmcinslərinə - havalansa da, kişiliyini
itirsə də, bu adamın yaşamağa haqqı yoxdu... -
deyəndə bayaqdan quruyub qalmış ilanlar hərəkətə
gəlib ağızlarını açdılar. Gürzə,
tər içində yerində donub qalmış Yoridən
gözünü çəkmədən - Dayanın! - desə də, ağızları geniş
açılaraq qarmağa bənzər əyri dişləri
qalxmış ilanların ağzından bir damcı
işım-işım işıldayan yamyaşıl zəhərin
qopub yerə düşdüyünü Yori gözünün
qırağıyla görəndə bədəni ürpəşdi.
Gürzə yenə sağına, soluna baxıb sözünə
davam elədi, - Gölməçəni lillədib Günəşi
bulaşdırmaq istiyəndə, əlindəki çubuqla məsum
yarpızları şiləyib şil-küt edəndə
bunnan zəhləm getdi. Vur-tut üçcə
gün ömürləri olan al-əlvan kəpənək
topası yamyaşıl çəmənin üstündə
sevinc, şadyanalıqla bayram etdikləri yerdə onları
daşa basıb öldürəndə bunu çalıb gəbərtmək
istədim. Rəng verib rəng alan o
gözəlliyi gözünmü götürmədi? Onlar
suyuna, havana, yeməyinəmi şərik
çıxmışdı, ay xain, yaramaz?!.
Səni çörək yeyəndə,
yatdığın yerdə vurmaq istiyirdim, sevgilim qoymadı,
ancaq sən, ay namərd, bizim ən xoşbəxt
anlarımızda ona atəş açdın, bütün
günü əzab içində qıvrıldı, qovruldu,
ulduzlar çıxanda canını tapşırıb rahat
oldu. Mən onun əzab içində
öldüyünü yatanda da, ayıq olanda da görürəm,
- acıqlı-acıqlı dedi gürzə, başını
yenə sağa, sola döndərdi - Bunu çalsaq bircə
anın içində gəbərəcək. Ancaq
yaramazın tez ölməyini istəmirəm. Bu da uzun müddət ağrı-əzablar
içində, səksəkə, qorxu içində can verməlidi.
Zəhərinizi korlamayın, bunu elə o otluqda bir
baxışımla zəhərləmişəm... İndi
sancmadan, hamınız onun çılpaq ayaqlarının
üstünnən sürünüb keçin...
Sel-su götürmüş Yorinin bədəni yenicə
kəsilmiş heyvan cəmdəyi kimi tir-tir əsirdi. Dərisinin
yarısı soyulmuş qoca ilan qabığından tam
çıxmaq üçün Yorinin qıçına
sarmaşanda onun bağırtısına arvadı da, qonşu
otaqlardakı arvad-uşaqlar da diksinib ayıldı. Arvadı qalxıb işığı yandıranda ərinin
bərəlmiş gözlərini, uçuxlayıb tuluğa
dönmüş dodaqlarını gördü. Yori hannan-hana özünə gəldi,
dodaqlarının ağrımasına məhəl qoymadan
asta-asta yuxusunu danışdı. Canını,
ruhunu bürümüş qara-qorxunu, vahiməni arvadına da
ötürdü, onu inandıra bildi ki, innən belə
qayıdıb kənddə yaşasaq, o gürzə mütləq
ya məni, ya səni, ya da bircə əziz balamızı
vuracaq. Ona görə ki, indiyənəcən
mənim gülləm bir dəfə də boşa
çıxmayıb. Ancaq o kafir
üç dəfə gülləmnən yayındı.
Yerevana da getsək gəlib tapacaq. Bunu
yuxuda mənə anladıblar...
Arvadı tərəddüd edəndə Yori oyur-oyur
oynayan bərəlmiş dəlisoy gözlərini
arvadının gözünə tuşlayaraq - Sənin
üçün evin əzizdir, yoxsa oğlun? -soruşanda
arvadı - Yüz elənçi evi oğlumun
dırnağına dəyişmərəm. Yori
gözünü arvadının gözündən çəkmədən
- Bəs məni necə? - deyəndə
arvadı fikirləşmədən - Elə səni də -
cavab verdi.
***
...On
iliydi Yorinin qapısı bağlıydı. Evlərinin
qabağındakı bağın meynələri illərdən
bəri budanmadığından bir-birinə sarmaşıb
dolaşdığından keçilməz cəngəlliyə
çevrilmişdi. Evlərinin dörd
yanına söykəli üzüm çardaqları uçub
tökülmüş, tənəklərin bir hissəsi yerə
döşənmiş, bir hissəs isə torpaq damın
üstünə yayılaraq kök atmış, şaxələnərək
hər tərəfi bürümüşdü.
Yuxarı məhəllələrdən baxanda yaz, yay ayları
cəngəlliyə oxşayan bağın qırağında
tənəklərin ağuşuna aldığı
ikigözlü ev yamyaşıl nəhəng
qayaya, payızın dumanlı, çiskinli günlərində
yarpaqsız, hörümçək toruna oxşayan
çılpaq meynə budaqlarının qoynunda
balıqçı toruna düşmüş azman dəniz
heyvanına bənzəyirdi. Qapıya qədər ayaq
açmış, adam boyu ot-ələf kəlinmədiyindən,
həyət-bacaya insan ayağı, nəfəsi dəymədiyindən,
onların yurd yeri yabanı meşəni, xaraba cəzirəliyi
xatırladırdı. Yorigilin harada
olduqlarını dəqiq bilən də yox idi. Kimisi
Leninqrada, kimisi ilin bütün fəsli qarın ərimədiyi
yerə, kimisi də Kaliforniyaya köçüb getdiklərini
deyirdi.
Azər Abdulla
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 18-20.