Axırıncı qum
dənəsi
Bütün boyalarından xilas olmaq istəyən nimdaş divarlı bir evdə yaşayırdı. Səssizliyini illərin ağrılarını
qabırğalarında daşıyan
köhnə çarpayı,
bir də Mələk xalanın baxımsız, sahibsiz pişiklərinin miyoltusu pozurdu. Alarmlar artıq qurulmurdu.
Gün doğuşu, gün batışı mənasını,
təqvimlər əvəzlənməsini
itirmişdi. Doğaçlama yaşayırdı. Tet-a-tet
baxırdı dünyanın
düz gözünün
içinə. Yorğun idi.
Çox
yorğun. Yormuşdu onu
yaşamaq. Daima nələrləsə
məşğul olmaq.
Şəhərin divarları üstünə
yıxılırdı. Bütün həyatını unutmaq istəyirdi.
Bütün doğruları, yanlışları,
sevgiləri, nifrətləri,
sitəmləri... soyunmaq,
atmaq, getmək istəyirdi.
Beyni zoqquldayırdı. Sağ qaşının üzərində
yaranan qan rəngindəki kölgə
də ağrıyırdı.
Bu kölgə niyə, nə vaxt yaranmışdı, özü də bilmirdi. Çarpayının
çığır-bağırtısı,
ağ, sarı,
qarışıq, bozumturaq
pişiklərin miyoltusu...
Ayaqlarında dünyanın ən
ağır zəncirləri..
Biləklərində ən iti ülgüclərin
nişanəsi kimi bənövşəyi damarlar.
Boyası
tökülən əl-üzyuyan,
qum dənəciklərinin
axışına maneçilik
törətdiyi krantdan
fışqıraraq gələn
su...
Dünyanın kiri-tozu sinmiş
ayna...
Özünü görə bilmirdi
çırkabdan... Ağzını
açdı, dişləri
qara, qırmızı,
mavi, boz idi... Zehni bulanıq.
Saçları göyqurşaqlaşmışdı.
Diş pastası dilinin sağ tərəfindəki
acıqdan dişlənmiş
çuxuru dağladı.
Nanədən nifrət edirdi belə anlarda...
Acı qəhvənin
dadına hopurdu siqaretin acımtıraq valehediciliyi. Dodaqlarındakı
adını zəhərləyircəsinə
zəhərləyirdi məntiqini,
hər gün başqa-başqa adlar əzbərləyirdi unutmaq
üçün adını...
Bütün acığını bir əli ilə zorla tutub saxladığı,
hər an özünü
aşağıya atmaq
istəyən şüşədən
çölə tüpürərək
atırmışcasına başını
çölə çıxardı. Dərin nəfəs
aldı, sonra kofe qarışıq siqaret tüpürdü.
Neftqarışıq oksigenlə dolduqca
ciyərləri alovlandıqca
alovlanırdı ruhu.
Artıq təsəlli edə bilmirdi məntiqini.
Saçlarını havaqarışıq
külək dağıdırdı...
Həyatı darmadağın
insanın saçları
dağılsa nə fərq edərdi ki... Siqareti ağzında sağ-sol
edirdi. Ruhunda əmanət bir
nəfəs, tərk edilmiş məsumiyyət.
Düşüncələr beynini gəmirirdi. Hamı
kimi düşünə
bilməmək idi faciəsi bəlkə də... Bəlkə də hamı
faciə idi, əslində. Bu viran hekayənin tam ortasında dimdik duran sütün kimi tənha idi ruhu.
Keçməyəcək ağrıların antidepresantı
idi ümid işartıları.
Bilirdi keçməyəcəkdi.
Solaxay idi bu gün beyni
də. Aşırı duyğu qələbəliyi
ürəyinə hakim idi.
Ruhu alışıb-yanırdı. Sanki boğazından içəri qaynar qır tökmüşdülər.
Mədəsi, bağırsaqları da yanırdı. Ürəyindəki ağırlıq getdikcə artırdı.
Beyni bulanıqlaşırdı.
Beyni səmalaşırdı. Bütün planetlər,
peyklər, meteoritlər
zehnində fırlanırdı.
Ulduzlar qara dəliyə çevrilib qadını udurdu. Siqaretin külü bütün
məntiqinə səpələndikcə
vücudu tənhalıqdan
əriyirdi.
Yaddaşının yerini laqeydliklər aldıqca yox olurdu dəyərlər. Yox olduqca
onlaşırdı. O olurdu. Bütün ruhuna yayılırdı işıq sürətiylə
dağınıqlığı...
Ruhunu qara ipək kimi vücuduna sarıdı. İpəyin insana verdiyi ilk üşümə hissi ilə üşüyürdü.
Aysberq soyuqluğuna təslim vücuduqarışıq varlığı
əriyirdi, hiss edirdi...
Bəlkə də elə ən düzü bu idi. Qadının qaranlıqlarının əsarətini
anlamazdı Adam. Gəlişləri gözləməyin yersizliyində
tək gerçək
mövcud idi. Getmək...
Pəncərəni qapadı. Bütün fiziki ağırlıqlardan
yavaş-yavaş qurtuldu.
Təkliyinin hopduğu divarlara
müxtəlif adda aynalar asdı.
Özünü aynalarla çoxaltdı. Aynalarla kölgələşdi,
böyüdükcə-böyüdü.
Aynalarla danışdı, aynalarla
özünü bölüşdü.
Sonra aynalarla sındı, töküldü,
dağıldı... Axırıncı
qum dənəsi
misalı aşağı
süzüldü. Səpələndikcə səpələndi.
Nargis
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 20.