"Məqsədə
çatmaq üçün mütləq ciddi iş rejimi
qurmaq lazımdır"
"Sənət
hücrəsi"nin budəfəki
qonağı yazıçı Zahid Sarıtorpaqdır. Zahid müəllimin son illər bir-birinin ardınca
bir neçə romanı çap olundu və diqqət çəkdi.
İstədik ki, bu məhsuldarlığının sirrini
öyrənək. Bir də ki, yazıçı ilə ədəbiyyat
söhbəti etmək həm də sözün sirrini
çözməkdir.
- Zahid
müəllim, necəsiniz?
-
Çox sağ ol, Kənan. Təşəkkür
edirəm.
- Siz
80-cilər ədəbi nəslinə mənsub
yazıçılardansınız. Nədənsə,
bu nəsli "itirilmiş nəsil" adlandırırlar.
Belə görünür ki, bu nəsil heç
də itirilmiş nəsil deyil. Mənim
fikrimcə, heç bir nəsil itmir, zamanın
dalğasında görünməz olsa da, mütləq
onların da bir zamanı gəlir. O nəslə mənsub
imzalar bu gün də yazıb-yaradır. Bəs
bu "itirilmiş nəsil" ifadəsi hardan gəlir?
Niyə məhz 80-cilər?
- Öncə
onu deyim ki, mən ədəbiyyatda nəsil söhbətini qəbul
etmirəm. Bu barədə dəfələrlə
vurğulamışam. Poeziyaya nə zaman
kökləndiyimi, ilk şeirimi nə vaxt və necə
yaşadığımı bilmirəm, amma doqquz
yaşımda qələmə almışam, 1968-ci ildə isə
- on bir yaşımda çap etdirmişəm. Düzdür, mən istəsəm də, istəməsəm
də biz səksənincilərik. Onu da
deyim ki, XX əsr Azərbaycan ədəbiyyatına 80-ci illərdəki
qədər töhfə verilməyib. "İdeal"
da, "Qətl günü" də, digər şedevrlər
də o illərdə gəlib meydana. Məncə,
elə V.B.Odərin, E.Baxışın, R.Rövşənin
şeir kitabları, S.Alışarlının,
S.Budaqlının bu gün də sayılıb-seçilən
hekayələri ilk dəfə həmin onillikdə
çatıb oxuculara, bizim şeirlərimiz də həmçinin.
Yaxşı, əgər bu nəsil
"itirilmiş" sayılırsa, onda məntiqə
söykənsək, "tapılmış" nəsil də
olmalıdır. Maraqlıdır, bəs o
hansıdır?
- Siz ədəbiyyata
şeirlə gəldiniz və bu şeirlər poeziyamızda
tamamilə yeni, orijinal bir yolun başlanğıcı idi, ənənəvi
şeir çərçivələrini dağıdan
şeirlər idi. Bu poetik düşüncə
sistemi hardan qaynaqlanırdı? Demək istəyirəm
ki, hansı şairləri oxuyandan sonra belə şeirlər
yazmağa başladınız?
- Ədəbi taledə hərənin bir qisməti, bir
payı var desəm, məncə, yanılmaram. Beş
yaşımda artıq sərbəst qiraət edən, adı
rayon uşaq kitabxanasında qeyddə olan birisi olmuşam.
Kifayət qədər mütaliəm, sanballı orta və ali təhsilim olub. Amma
düşünürəm ki, bütün bu
sadaladıqlarımın nə qədər təsiri olsa da,
yaradıcılıqda orijinallıq, uğur qazanmaq heç də
bu amillərə bağlı deyil. Təbii
ki, ortada ilahi bir diktə də var.
- Uzun illər
fasilə verdiniz. Həmin illərdə
çoxları ədəbiyyatdan uzaq düşdü. Qayıdanlar da oldu, qayıtmayanlar, it-bata düşənlər
də. Siz isə qayıtdınız.
Həyatınızın Moskva dövründə
yaradıcılığınızda bir sükunət
yaşandı. Bu qopma və qayıtma məqamları
haqda bir qədər danışardınız.
- Gənclik
illərim ictimai-siyasi formasiyanın dəyişdiyi, ölkədə
çaxnaşmalar başlandığı illərə təsadüf
etdiyindən çox şey itirdim. Eləcə də iş
yerimi. Ailəmi, körpələrimi saxlamaq,
gündəlik tələbatı ödəmək lazım
idi. Bu isə qarmaqarışıq bir
dönəmdə çoxları kimi çətin bir duruma
saldı məni. Sağ olsun
Moskvadakı dostlarım. Məni işləməyə
dəvət etdilər, çiynimə çiyin söykəyib
dayaq durdular. Ancaq
yaradıcılığımda bir sükunət
yarandığını deməzdim. O illərdə də
yazıb yaratmışam, sadəcə, üzə
çıxarmamışam. Açığı,
ədəbi mühitdə özünü gözə soxmaq,
"mən də varam" prinsipi ilə
çırpınıb-çabalamağı heç vaxt
özümə meyar saymamışam. Qürbətdən
qayıtdıqdan sonra iki şeir, bir nəsr kitabı nəşr
etdirdim və məncə, pis də qarşılanmadı.
- Hə,
nəsr yazmağa başladınız, bir-birinin ardınca bir
neçə roman yazıldı. Gənclik illərinizdə
heç roman, hekayə yazmaq istəyiniz olmuşdumu? Birdən-birə nəsrə keçid nəylə
bağlı idi? Bilirsiniz, şeirdən nəsrə
keçid çoxlarında uğurlu alınmadı. Şeirlə başlayıb nəsrə keçən
və uğur qazanan yazıçılarımız da oldu.
Siz şair kimi artıq təsdiq olunmuş bir
imza idiniz. Nəsrdə də öz
sözünüzü deməyi bacardınız.
- Həmişə
şeirin içindən nəsrə cığırlar
açıldığını hiss edirdim. Amma
elə bil o cığırlara ayaq basmağın tez olduğunu
duyur, özlüyümdə buna bir məqam gözləyirdim.
Düzdür, gənclik illərimdə də nəsrə
oxşar nələrsə yazıb, cızma-qara edirdim. Onlardan birini - "İlan tüpürcəyi"
adlı mətni 1990-cı ildə "Ulduz"
jurnalının 1-ci nömrəsində çap
etdirmişdim. Yadıma gəlir ki, o mətnin
janrını müəyyən etmək mümkün
olmadığı üçün "Şeirə qədərki
anlar" rubrikası altında vermişdilər və ədəbi
mühitdə çox yaxşı
qarşılanmışdı. Romanlara necə
başlamağımı isə şeirə necə gəlməyimlə
müqayisə etmək olar. Eynən eləcə: nə
vaxt? necə? nəyə
görə?.. - bu sualların
cavabını özüm də bilmirəm və yəqin ki,
heç vaxt da bilməyəcəm...
- Deyirlər,
nəzəri biliklər yazıçının
yaradıcılığına mane olur. Məsələn,
mən belə düşünmürəm. Əksinə, bu biliklər yazıçıya mətni
qurmaqda, mətnə hakim olmaqda kömək edir. Siz necə düşünürsünüz?
- Bilikli,
savadlı olmağın ziyanı yoxdur. Amma
yazı prosesində ruhlu olmaq, Allahlı olmaq, bəzən də
lap iblisanə məqamlara baş vurmaq gərəkdir. Bunlarınsa nəzəri elmlərlə heç bir əlaqəsi
yoxdur. Bəzən görürsən ki,
güclü qiraət edənlər müsahibələrində,
sosial şəbəkələrdə paylaşdıqları
statuslarında dahilərdən sitatları bir-birinin ardınca
düzür, necə deyərlər, özlərini savadlı
göstərməkdən ötrü dəridən-qabıqdan
çıxırlar. Amma öz
yazdıqları mətnləri oxuduqda nə qədər zəif
olduğu üzə çıxır və təəssüf
hissi keçirirsən. Heyifsilənirsən
ki, özlərinin bundan xəbəri yoxdur, yəqin. Yəni dediyim odur ki, nəzəri biliklərə yiyələnməyin
bu tərəfi də var.
- Hər
bir yazıçının özünün yazmaq qaydaları
var. Yazıçıların çoxu bu "mətbəx"in
sirlərini açmaqda sanki xəsislik edirlər. Sizdə necədir? Hansısa
romanın rüşeymi necə yaranır? Roman yazmağa impulsu hardan alırsınız?
- Bu vaxta
kimi yazıb-bitirdiyim romanların ərsəyə gəlməsi,
bilirsən nəyə bənzəyir? Adətən, kənardan
belə görünür: bax, təsəvvür et ki, bağçanda, bağında qəfil
görürsən ki, qolay olmayan yerdə bir pöhrə
cücərib. Bilirsən ki, onu
çıxarıb sənə lazım olan yerə əksən,
quruya bilər, tutmaz. Çünki hələ
vaxtı, məqamı çatmayıb, çox zəifdir.
Başlayırsan ordaca ona qulluq etməyə,
yetişdirib-böyüdürsən, vaxtı gələndə
çıxarıb gərək olan yerə əkirsən.
Bundan ötrü qabaqcadan yer hazırlayır,
gübrəsini-filanını təşkil edirsən. Məntiqlə nəsrin rüşeymi belə
yetişdirilib ərsəyə gətirilir. Amma desəm,
bəlkə də inanmazsan: nə bağ, nə
bağça, nə pöhrə... mən bu vaxta qədər
yazdığım romanların heç birinə müəyyən
şərti sxemlərdən başqa heç bir plan
qurmamışam, hamısı şüur axınının nəticəsidir,
hamısı!
- Siz
öz yaradıcılığınızı hansı izmə
aid edirsiniz?
-
Özüm heç birinə. Amma bir
çoxları romanlarımı mistikaya, magik-realizmə,
simvolizmə, modernizmə aid edirlər. Daha
çox modernist əsərlər olduğunu
vurğulayırlar. Açığı,
bu məni elə də düşündürmür.
- Ədəbi tənqidin
yaradıcılığınıza münasibəti sizi qane
edirmi?
-
Yaradıcılığım haqda kifayət qədər
yazanlar olub. Yeri gəlmişkən, təşəkkür
edirəm, sən özün də romanlarımla bağlı
iki resenziya yazmısan. Bu yaxınlarda
AMEA-da keçirilən "Ədəbi proses - 2018"
adlı müşavirədə sən də iştirak edirdin
və çıxış edən alimlərin, mütəxəssislərin
demək olar əksəriyyətinin nəsrimə müsbət
qiymət verdiklərinin şahidi oldun. Müşavirənin
gedişinə rəhbərlik edən görkəmli akademik
İsa Həbibbəyli də imzama müsbət mənada
öz münasibətini bildirdi. Bu, bir qədər
stimul verir və zəhmətimin hədər getmədiyini
göstərir. Diqqət ayıran,
romanlarım haqda mətbuatda, kütləvi informasiya vasitələrində
yazılar yayımlayan, söz söyləyən hər kəsə
dərin minnətdarlığımı bildirirəm. Məti
Osmanoğlu, Elnarə Akimova, Nərgiz Cabbarlı, Aynur Xəlilova,
Mətanət Vahid, Maral Yaqubova, Lalə Həsənova, Tehran
Əlişanoğlu... sağ olsunlar, bu vaxta qədər
yazılarıma bu və ya digər şəkildə
münasibət bildiriblər. Ancaq elə tənqidçilər
də var ki, nəinki əsərlərimin adını, hətta
Zahid Sarıtorpağın ismini dillərinə gətirsələr,
elə bil onları on min voltluq elektrik cərəyanı vuracağından
qorxurlar, orda-burda qarama danışmaqdan, gözdən
salmağa çalışmaqdan çəkinmirlər... Guya yazsalar nə olacaq və ya yazmasalar nə baş
verəcək. Belələrinin ötən
əsrin repressiya illərində hansı oyunlardan
çıxdıqlarını çox gözəl
anlayıram. Ancaq onlar bilmir ki, mən
heç bir ədəbi qruplaşmaya, heç bir dəstəbazlara
qoşulmayan, heç kimə yarınmayan, öz tənhalığına
çəkilib yazılarını yazan birisiyəm və hər
şey də göz qabağındadır. Heç kimdən də heç nə ummuram. Ədəbi mühitimizdə hər kəsə ancaq
sevgilərimi sunuram. Sevgilərimi və
sayğılarımı...
- Siz həm
də məhsuldar tərcüməçilərimizdənsiniz.
Tərcümə fəaliyyəti ilə nəsr
yazmaq arasındakı vaxtı necə
bölüşdürürsünüz? Niyə
bu sualı verdim? Mən bir müddət tərcümə
ilə məşğul oldum, gördüm ki, öz mətnlərimi
yazarkən çevirdiyim mətnin havasından
çıxmaqda çətinlik çəkirəm. Bu da yazıya sirayət edir, ona görə indi
çox nadir hallarda tərcümə edirəm. Xoşuma gələn hansısa şeir, hekayə
olanda çevirirəm, irihəcmli əsərlər məni
qorxudur. İstər-istəməz enerji
parçalanır.
- Tərcüməylə
məşğul olmağım öz
yaradıcılığıma sözsüz ki, ziyan vurur. Bu, hardasa, vaxt itkisi və başqa ruha köklənmək
kimi arzuolunmaz hallarla üzləşmək deməkdir. Buna baxmayaraq, bir sirri açıqlamaq istəyirəm.
Məqsədə çatmaq üçün mütləq
ciddi iş rejimi qurmaq lazımdır. İstirahət
günləri səhər saat 6-dan, həftəiçi isə
hər gün 7-dən işə başladığımı
söyləsəm çoxları bəlkə də inanmaz.
Ancaq bu, belədir. Hələ
üstəlik işdən sonra axşamlar da işləyirəm.
Onu da deyim ki, "harda qırıldı -
qırıldı..." prinsipilə işləmədiyimə
görə gözüm qorxmur. Öz
işini sevəndə, çəkinmək, qorxu və
yorğunluq olmur, gerçəkdən.
- Sizə
güclü təsir edən yazıçılar kimlər
olub?
-
Düzü, bilmirəm. Gənclik illərimdən
bəri Y.V.Çəmənzəminlini, A.Platonovu, M.Bulqakovu
çox sevmişəm. Dünya ədəbiyyatından
demək olar ki, bütün məşhurları oxumuşam.
Mənə kimin təsiri nə qədər olub
deyə bilmərəm.
- "Kül" romanında Tağının məhz
on altı ildən sonra o bilinməz, naməlum məkandan
qayıtması da simvolik bir işarədir. Odissey də öz
İtakasına on altı ildən sonra dönmüşdü,
Beyrək də on altı il əsirlikdə
qaldıqdan sonra el-obasına qayıtmışdı. Bu, mənim gəldiyim qənaətdir. Sizcə, düzgün qənaətdir?
- Eynən
sizin kimi öz analitik yazısında on altı il
məsələsinə dəyərli tədqiqatçı
alim Aynur Xəlilova da toxunub. Yenə deyirəm,
romanlarım şüur axını prinsipilə
yazılıb və heç nəyi
düşünülmüş şəkildə oxucuya
çatdırmaq məqsədim olmayıb. Bəlkə də
on altı il məsələsi qeyd etdiyiniz
mətnlərdəki hadisələrdən şüuraltı
olaraq qaynaqlanıb. Amma yenə də deməyi
borc bilirəm ki, bunlar düşünülmüş şəkildə
olmayıb.
- "Qarğa marşrutu" romanındakı qocanı
heç unuda bilmirəm. Axı o qoca Nihatı, əsərin
baş qəhrəmanını xilas etməliydi. Bəs niyə sonda göldə batır? Bəlkə mən səhv düşünürəm?
Burda hansısa gizli bir məqam var?
- Bu haqda
müsahibələrimin birində də demişəm.
"Qarğa marşrutu"nun sonunda kimin ölü, kimin diri
qaldığını heç kim deyə
bilməz. O "batanlar", əslində, bazarda Nihata
ayrı-ayrılıqda yenidən rast gəlir və ona müəmmalı
şəkildə göyün üzünü göstərirlər.
Bax, sirr də burdadır... Bütün bunlara, əslində,
oxucuya ünvanlanan sirr dolu, ağrı-acıyla yüklü
cavabsız suallar da demək olar.
- Bu
günlərdə daha bir romanınız kitab kimi işıq
üzü görməlidir. "Quşların
intiharına ağlamayın". Bu
romanın yazılmasıyla bağlı mənə çox
maraqlı bir əhvalat danışmışdınız.
Həmin əhvalatla romandakı hadisələrin
bir bağlılığı varmı?
- "Quşların intiharına ağlamayın"
2018-ci ildə "Azərbaycan" jurnalının ikinci
sayında çap olunub. Elə oldu ki, həmin tarixdən üç ay əvvəl
onun sonuncu cümləsini iş yerimdə yazdım və
otaqdakı yoldaşlarımdan birinə sevincək halda
"axır ki, romanı bitirdim" dedim. İnanın,
sözüm ağzımda qaldı. Otağımızın
pəncərəsinə çox güclü şəkildə
nəsə çırpıldı. Qaçaraq
üçüncü mərtəbədən
aşağı boylandım. Aşağıda
təsərrüfat işçimiz Əlövsətin əlində
boz rəngli ölü bir quş vardı. "Gözlərindən qan gəlir.
Ölüb", - dedi. Qumruydu. Pəncərəyə çırpılıb
ölmüşdü. Sanki intihar etmişdi... Bu romanla bağlı başqa bir mistik hadisəni də
danışmaq istəyirəm. Əsəri
həvəslə yazırdım, yəni hələ
yarımçıq olan vaxtlarıydı. 2017-ci il mart ayının 12-si, istirahət
günü S.Vurğun bağının yanında
keçmiş iş yoldaşım, mərhum Mövlud
Mövluda rast gəldim. Ağa Cəfərli ilə
birlikdə idi. Məni nahara dəvət
etdilər, üz vurdular, keçə bilmədim. Orada Mövlud məndən hazırda nə
yazdığımı soruşdu."Quşların
intiharına ağlamayın" adlı roman üzərində
işlədiyimi bildirdim. Çalışdığı
"Teleqraf.com" saytında yerləşdirmək
üçün əsərdən kiçik bir
parçanı göndərməyimi xahiş etdi. Səhərisi onun elektron poçtuna göndərdim.
Yadımdadır ki, zəng vurub
"Quşların intiharına ağlamayın"ın
başlıq, yoxsa yarımbaşlıq olduğunu soruşdu.
Romanın adının belə olduğunu
bildirdim və diqqət göstərib sayta yerləşdirmək
istədiyi üçün təşəkkür etdim.
Göndərdiyim hissəni saytda yerləşdirdi,
üstündən bir gün sonra Mövludun özünün
bir quş kimi uçub getdiyini - intihar etdiyini eşidib uzun
müddət şokdan ayıla bilmədim...
Bu günlərdə "Quşların intiharına
ağlamayın" romanımın kitab şəklində
işıq üzü görəcəyinə lap uşaq kimi
sevinirəm desəm, bəlkə də inanmazsınız. Mən
"Əlifba bayramında qətl", "Köhnə
mücrüyə elegiya" romanlarımın da
çapını, sonra da nəşrini eləcə
arzulayıram. Elə bir yaşantı
içindəyəm ki, sanki bu əsərlər öz
işarə sayı qədər ömrümü uzadacaqlar.
- Şeirdən ayrı düşməmisiniz ki?
- Yox... Şeir - içimi arındıran, ruhuma hüzur bəxş
edən, məni mənə tanıdan bəlkə də yeganə
vasitədir. Yəqin, sona qədər də
belə olacaq.
- Yazmaq
üçün yazıçıdan nə tələb
olunur? İstedad öz yerində, başqa
hansı xüsusiyyətlər lazımdır?
-
Prinsipiallıq və zəhmət. Hər
gün heç olmasa bircə cümlə də olsa yazmaq.
İşləməkdən qorxmamaq. Mükafat və ad-san xəstəsi olmamaq. Yaradıcılıq deyilən zülmə-zillətə
taleyin kimi qatlaşmaq. Belədə
yazdıqlarının beşi alınmasa da, biri mütləq
alınacaq, mütləq.
- Zahid
müəllim, söhbətimiz də pis alınmadı.
- Məncə
də.
Zahid Sarıtorpaq
Söhbətləşdi:
Kənan HACI
Ədəbiyyat qəzeti.-
2019.- 2 noyabr. S. 22-23.