"Mən" olmağımın tarixçəsi...

(parçalar)

Universitetdə oxuyanda

 

(1968-1973)

 

Bir düşünün, yazanda savadsız səhvlər edən mən, indi oğlum Toğrul elə yazır, struktur dilçilik üzrə ədəbiyyatı anlamağa çalışırdım. Bu, diplom işində məni gətirib çıxardı Praqa dilçilik dərnəyinin yaradıcısı Vilem Mateziusun irəli sürdüyü aktual üzvlənmə nəzəriyyəsinə. Diplom rəhbərim təzəcə müəllimliyə keçmiş Kamil Nərimanoğlu Vəli idi. Araşdırmamda bədii üsluba aktual üzvlənməni uyğulamışdım. Yadımdadır ki, orada tema-remanı, kommunikativ gərginlik-gərginliyin boşalması kimi açmışdım. Mateziusda tema cümlədə öncəki cümlələrdən doğmuş verilər (dannılar) idi. Rema isə yeni söylənilən idi. Mənim kommunikativ gərginlik terminim temaya gərginlik yaratmaq çalarını artırırdı, gərginliyin boşalması isə remanı, yeniliyi bu yöndən açırdı. Beləcə, mən aktual üzvlənməyə psixologizm artırdım.

Deyəsən, "aktual üzvlənmə" bəndənizdən Kamil müəllimə, ondan da bütün Azərbaycan dilçiliyinə keçmişdi. Halbuki, mən yanlış olaraq "aktualnoye çleneniye" deyimində axırıncı sözü "üzvlənmə" kimi vermişdim. Bu, kobud tərcümə idi, çünki azərbaycancada "üzvlənmə" sözü yoxdur. İndi bilirəm ki, doğru tərcümə "aktual bölünmə və ya paylanma"dır. Mateziusun nəzəriyyəsi struktur dilçilikdə elə də verimli, produktiv olmadı. Onun üstündə başqaları yeni nəzəriyylər qurmadıqları üçün effekti öləzidi. Halbuki, başlanğıcda gələcəyi olan nəzəriyyə kimi işlədilirdi.  

Deməli, mənə struktur dilçilik riyazi nəzəriyyələrə oxşayan soyuq, quru dilinə görə maraqlı olmuşdu.          

Millətçi olmadığım dönəmdə, görünür, milli mentalitetimizdə və gələnəklərimizdə özümüzü sevməyə məni zorunlayan yetərincə qaynaq tapmamışdım. Bəlkə buna görə də iki min neçənci ildəsə mən bir məqalədə belə sual qoydum: niyə biz özümüz özümüzə maraqlı gəlmirik? Söhbəti isə Akademiyanın Fəlsəfə İnstitutunun direktoru olmuş dostum Əli Abbasovun otağında Əhməd Qəşəmoğlu və Rəhman Bədəlovla edirdik. Əhməd "mədəniyyətlə bağlı hansı problemlər var" sualına cavabən mənə darıxdırıcı, çeynənmiş gələn mövzuları sadalayanda sözünü kəsib bunu dedim və gördüm ki, dediyim Rəhmanı tutdu. Sonralar hansı məqaləsində isə bu sualın təkrarını oxudum. Ancaq bütün bunlar sonrakı yüzilin ilk illərində olacaqdı. 1970-ci ildə isə mən başımdakı dilçilik biliklərinin bolluğundan doğan gərəklərə görə yox, burjua elminin dəbinə görə və Sovet idolojisinin acığına struktur dilçiliklə ilgilənməyə başlamışdım. Bu zaman haradan ağlıma gələydi ki, strukturalizm məni qucağında atıb-tutub sənətin, mədəniyyətin semiotikasına tullayacaq, bu axırıncı isə dünya fəlsəfəsinə tullayacaq.

"Mən necə dəyişdim" sorusunun cavabında heç cürə xana-xana dəyişdiriciləri düzəmmirəm. Litvadan sonra millətçiliyim Bakıda pors-pors, döyüntü-döyüntü gücləndirici enerji alırdı. Ən böyük enerjini isə Bəxtiyar Vahabzadə verdi. Onun mühazirələrdə sosializm-realizminə qarşı açıq mətnlə söylədikləri, həttə bunun üstündə Səməd Vurğunu da o birilərinə qatması (böyük istedadını söyləməklə), Lenindən pardonsuz danışması, millətimizi öyməsi, ruslaşdırmaya qarşı çıxması bataqlığa batmış bizləri, sanki çıxarıb yuyunmaq üçün şəlaləyə atırdı. Necə ona belə danışmğa icazə verirdilər? Bu, qorxu ilə ürəyimdən keçən sual idi. Bəxtiyar müəllim 3-4 mühazirə deyib getdi, dedikləri ilə bağlı heyranlıq isə həmişəlik ürəyimdə qaldı. Hərçənd onun şeirlərini sevən olmadım. Bunun izahını isə belə verirdim: onun şeirləri min dəfə deyilmiş hikmətləri effektli formada yenidən deyir, böyük şair isə ilk dəfə deyilən hikmətləri elə bildirməlidir. İndi düşünürəm ki, Bəxtiyar müəllimin şeirlərinin çoxu yaxşı performansı göstərsə də, bəzilərində həm də hikmət tapıntıları olub. 90-cı illərin birində o mənə zəng vurub görüşmək istədiyini söləyəndə çaşmış və sevinmişdim. Görüşdük, "Azadlıq" qəzetində çıxan məqalələrimə görə mənə yaxşı sözlər dedi. Ertəsi gün Kamal söylədi ki, hə, onun bu xasiyyəti var, mənə də bir dəfə zəng vurub tərifləmişdi. İndi yadıma düşdü ki, 80-ci illərin erkənində Mirəli Seyidov da mənə zəng edib yazılarımdakı öztürkcəyə görə, özəlliklə, "nəsnə" sözünü işlətdiyimə görə "sağ ol" demişdi (məndən öncə o da həmin sözü işlədibmiş).

Bu yerdə gəlib çıxdım müəllimlərdən kimin mənə etgi göstərməsinə. Filfakda yaxşı adam kateqoriyasına düşə bilən müəllimlərimiz çox idi, ancaq mənə təsir edənlər elə də çox olmayıb. Dərslərdə çox vaxt xəlvətcə kitab oxuyurdum. Ya gərək söhbət edib başımı qataydım, ya da oxumaqla. Mühazirələrin çoxu maraqsız idi. Bir müəllimiz Vəkil Hacıyev idi. O, xarici ədəbiyyatdan dərs deyirdi və almanca necə öyrəndiyini bizə demişdi: götürüb almanca qəzet məqaləsini çevirə-çevirə alman sözlərni əzbərləyirəm - deyirdi. Bu. tənbəlliyimdən mənə asan yol kimi göründü və Vəkil müəllimin metodu ilə ingiliscə məşğul olmağa başladım. Ancaq ingilis dilini öyrənmək həvəsimi daha effektli metodla gerçəkləşdirsəydim uğurum daha böyük olardı. Hərçənd rəhmətlik Vəkil müəllim yenə sağ olsun, yabançı dil öyrənmək həvəsini məndə yaratdığı üçün. İmtahanda isə mənə atamın tapşırığına baxmayaraq 4 verdi. "Azadlıq" qəzetində çıxan məqalələrimdən sonra həmişə mənimlə görüşəndə sevimli tələbəsi ilə görüşürmüş kimi danışırdı. Bir dəfə Təzə bazarda çox qəribə tonda danışdı, elə danışdı, sanki burada hamı onu Xalq Cəbhəsinin parlaq lideri kimi tanıyır, sayır. 90-cı illərdə Təzə bazarın "qəhrəmanlarından biri" isə mən idim, evimiz yaxın olduğundan hər gün ora gedərdim. "Yeni Müsavat"dakı məqalələrimdən, televiziya çıxışlarımdan sonra məni professor kimi tanıyırdılar, ancaq elələri də olurdu ki, elmlər doktoru olmağımı səhv salıb həkim bilirdilər, ürəkləri, mədələri ilə bağlı məsləhət istəyirdilər. Bazarda elələri də vardı ki, məni kafe saxlayan bilirdi, demə, bu əyin-başda bazara kafe işlədənlər gəlib biş-düş üçün bazarlıq edirmişlər... gör, sözlər düzülə-düzülə hara aparıb çıxara bilər!

 

***

Filfakda çox təsirli səhnəni mən Yusif Ziya Şirvani ilə bağlı yaşadım. Bu adam başı tam tüksüz, arıq, hündürboy, dombagöz bir kişi idi, lap rusların "Qaçış" filmində general Xludovu oynayan ünlü aktyora (Vladislav Dvorjetskiyə) oxşayrdı. Onun qəribə ləhcəsi vardı, Anadolu türkləri kimi bəzi sözlərdə "ə"ni "e" kimi deyirdi. Bu adam böyük heyranlıqla bizə hunlardan danımağa başladı. Görünür, pantürkizm yasaqları olan toplumda o, xəlvətcə türkçülük etmək istəyirdi. Auditoriya bu kişini dişsiz bilib çox böyük səs-küy salmışdı. Bir an "sakit olun!" deyəndə onun ağlamsındığını duydum. Acıq edib zaldan çıxandan sonra Ağamusa müəllim gəlib danladı: sizin ağlınız var?! Bilirsiniz o kimdir?!

Ağamusa müəllimin sözlərindən görünürdü ki, Ziya Yusif Şirvaniyə dəşhətli sayğısı var. Mən müəllimlərlə bağlı utanmaq nədiri bilmirdim. Ancaq ilk dəfə Ziya Yusif Şirvaniylə ilgili hamının əvəzindən dərin xəcalət keçirdim. Bu xəcalət o qədər məndə yaşadı ki, 2015-16-cı illərdə Facebookda adını unutduğum bu müəllim haqqında sorğu yaydım. Cavab gəldi ki, adı Ziya Yusif Şirvanidir. Dilxor olmuşdum ki, yəni belə bir adamın adı İnternetdə iz qoymayıb?! Vəkil Hacıyev haqqında da orada bir şey tapmamışdım, bəlkə mənim bu yazımdan sonra adı ora düşər.

 

Ziya müəllimdən Vikipediyada heç nə yox idi. Başqa bir yerdə nəsə tapdım və onu "Qəribə adamlar, qəribə olaylar" kitabıma saldım.

 

***

Məncə, 5-ci kursda strukturalizm, semiotika ilə yanaşı, məndə tektonik dəyişmələr yaratmış başqa yeni düşüncə seksual inqilabın Azərbaycana gərəkliyi oldu. Məntiqim belə idi: azərilər öz qızları ilə gəzə bilmədikləri üçün Bakıdakı rusdillilərlə (rus, Ukrayna, yəhudi, erməni qızları) ilə gəzirlər. Beləcə, seksual istəklərin rusdillilər hesabına ödənilməsi milli mədəniyyətimizi və millətçiliyimizi zəif salır. Ona görə Azərbaycan qadını sərt namus buxovlarından azad olunmalıdır. Söhbət namussuz olmaqdan getmir, söhbət namuslu olmağın gələnəksəl və ya modern variantlarının azəri qızlarının öz seçənəyinə buraxılmasından gedir. Bir sözlə, qadınla bağlı namus dedi-qoduları aradan getməlidir.

Bu düşüncə məndə illər boyu gəlişərək dəyişdi, yeni anti-namus arqumentləri qazandı. 5-ci kursda isə hələ ilkin addımlarını atırdı. Bu aşamanın (mərhələnin) sonucu o oldu ki, qabaqlar başqa millətdən olan oğlana gedən azəri qızı məndə qısqanclıq, əsəb yaradırdısa, daha yaratmadı, qız millətsevər idisə.

Bakıda qızlar qısa geyməyə başlamışdılar - gerçəklik bu idi, yəni qızlar qiyam edərək atalarını onların geyimi ilə barışmağa məcbur etmişdiər. Ancaq maraqlıdır ki, dünyada olan bu faktın müzakirəsi, yəni qızın gözəl görünmək üçün qısa geyinməsi, sanki ayıb konu siyahısında idi. Kişilərin, oğlanların bacıları, qız qohumları ilə bağlı böyük arzusu onları makiyajsız görmək idi - ənlik-kirşana bərkdən deyilməsə də şeytan əməli kimi baxılırdı. Məndə, bax, buna qarşı düşüncələr yarandı. Sözsüz, qızların emansipə olmasını, makiyajlı olmasını qəbul edən cavanlar Bakıda elə də az deyildi. Ancaq çox az adam olardı ki, bunu refleksiya etsin, yəni ortaya atıb başqaları ilə dartışsın. İndi düşünürəm ki, mənim bu qiyamımda atamın xoşuma gəlməyən hərəkəti başqa materialda təkrar olunmuşu. O, epataj üçün, "mən"ini başqalarından seçmək üçün ateistlik etmişdi, mən isə elə həmin amac üçün seksual devrimin ideyalarını səsləndirmişdim. Hərçənd bu epataj oyununda oyun olmayan bir nəsnə vardı, necə etmək ki, azərilər ulus kimi güclü olsunlar, ruslaşmasınlar?

Bu ideyanın bizim gerçəkliyimizə çevrilməsi yolunda baş verəcək fəsadları, çətinlikləri o dəm mən qanmazdım, çünki nə seks problemlərini yaxşı bilirdim, nə Azərbaycan mədəniyyətini, mentalitetini. Görünür, bu ideya uşaqlığımdakı fallosentrik psixolojimə qarşı qiyam idi, insan nə qədər "bir yerindən" asılı olar?! Seksual özgürlük olmalıdır ki, azəri gənclər yanıq olub qızları düşünmək yerinə elmlə, siyasətlə, sənətlə məşğul olsunlar. O çağ Froydu bilmirdim ki, düşüncələrimə bütün enerjinin libidodan, yəni seksual enerjidan alınması fikrini qatım, yəni bu axırıncı ideyadan ya istifadə edim, ya da onu inkar edim. O çağ özümdə dəli azəri qısqanclığını yox etmədən seksual sərbəstlik ortamından danışırdım, halbuki, bu ortam qısqanclıq zəif olan yerdə mümkündür. O çağ Koqanı oxumamışdım ki, seksual özgürlüyü əbədi vəziyyət kimi yox, yeni kişi-qadın ilişgilərinə aparan keçid kimi düşünüm. Bütün bunları sonralar düşünəcəkdim.

 

***

4-5-ci kurslarda bəndənizdə daha üç-dörd ideya formalaşmışdı ki, sonralar mənim yaşam trayektoriyamı dəyişməliydi. Biri bu ideya idi: əgər kosmos sonsuzdursa, orada canlı, düşüncəli varlıqlar yaşayan planetlərin sayı da sonsuz olmalıdır. Mənim bu sillogizmim, görünür, kosmosun sonsuzluğunu qəbul edən və bizi kosmosda təkcənə canlı-düşünən varlıq olduğumuzu söyləyənlərə qarşı idi, çünki bunu deyənlər mənim qoyduğum məsələdən çıxan soruya cavab verməliydilər: necə sonsuzluq olan halda nə ilə isə bağlı son qərarı vermək olar? Hətta pat vəziyyətinin sonsuz təkrarı da mümkün ola bilməz, çünki sonsuz dəyişmələrdə patı diktə edən oyun və fiqurlar dəyişə bilər, örnəyin şahmat taxtası çürüyüb dağıla bilər.

 

Davamı gələn sayımızda

 

Ədəbiyyat qəzeti.- 2019.- 2 noyabr. S. 24.