Xalq
şairi Qabilin "Nəsimi"si
Şöhrət ordenli, Respublika
Dövlət mükafatı laureatı, Xalq şairi Qabilin
"Nəsimi" poeması onun poeziyasının zirvəsi
hesab olunur. Poema on dördüncü əsrdə
yaşamış filosov-şair İmadəddim Nəsiminin həyat
və yaradıcılığından, fəaliyyətindən
bəhs edir.
Yeri gəlmişkən qeyd
eləyim ki, Nəsimi haqqında bir çox bədii əsərlər
yazılmışdır. Nəsirdə ən
böyük əsər İsa Hüseyinovun "Məhşər"
romanıdır. Nəzmdə isə Əli Kərimin
1969-cu ildə yazdığı "Şəhidliyin zirvəsi"
kiçik poeması, 1972-1973cü ildə Xalq şairi Rəsul
Rzanın yazdığı "Son gecə" poeması və
onlarca şeirlər ədəbiyyatımızda özünəməxsus
yer tutmaqdadır. O dövrdə Azərbaycan
Respublikasının Birinci Katibi olmuş Heydər Əliyevin də
bu məsələdə böyük və danılmaz xidmətləri
vardır. 1970-ci ildə Suriyada səfərdə
olarkən Nəsiminin qəbrini ziyarət edən H.Əliyev məzarlığın
abadlaşdırılması üçün göstəriş
vermişdir. Məhz onun təşəbbüsü
ilə Nəsiminin 600 illik yubleyi YUNESKO-nun tədbirləri
siyahısına daxil edilmiş və 1973-cü ildə beynəlxalq
miqyasda qeyd edilmişdi. Bütün
bunlardan sonra həm ölkə daxilində, həm də beynəlxaq
aləmdə Nəsimiyə, onun
yaradıcılığına, həyatına, fəaliyyətinə,
təriqətinə maraq xeyli artmışdı. Haqqında tədqiqat xarekterli məqalələr,
elmi əsərlər yazılmışdı.
Nəsimiyə həsr
olunmuş poemalar içərisində Qabilin "Nəsimi"si
həm həcminə (on iki min misradı), həm obrazlar
qaleriyasına, həm də təsvir, tərənnüm olunan
ərazi-ölkələr, şəhərlər
baxımından çox fərqlənir. Akademik Bəkir
Nəbiyev qeyd edir ki, "Əvvəlcə poema kimi
düşünülmüş "Nəsimi" bu janrın
hüdud və imkanlarını aşıb keçmiş, orjinal
mənzum roman kimi ədəbiyyatımızın qiymətli
nümunələri sırasına daxil olmuşdur".
Poema üç hissədən
və altmış səkkiz başlıqdan ibarətdir. Əsər
"Heyrət" adı ilə başlayır. Bu, on dördüncü əsr şairinin iyirminci əsr
şairinə müraciətidir. Nəsimi heyrətlə,
eyni zamanda minnətdarlıqla soruşur:
Tarixin tilsimli yollarıynan sən,
De görüm yanıma necə
gəlmisən?
On dördüncü əsrin
şairi öz əqidəsini də qısa şəkildə
belə açıqlayır:
Mən özümdə tapdım
öz allahımı,
"Ənəlhəq" söylədim
gizlin, aşikar!
...Mən yollara çıxdım bu
etiqadla,
"İnsanam - allaham", dedim
inadla!
Əsər Nəsiminin
saralıb batan Günəşindən sonra qızaran dan yeri,
açılan sabahlarına çevrilərək onun əbədi
yaşamasına işıq salır. Nəsimi bu əsərləhəm
dəyeni və əbədi bir ömür qazanıb.
İkinci başlıq "Qiymət"
adlanır və burada Qabil Nəsiminin heyrətinə elə
heyrətləcavab verir:
Mənim şair babam, sənə qiyməti,
Bir nəfər verməyir, bir millət
verir!
Sonrakı "Şahi Xəndan",
"Hüseyini", "Mən tək qaldım" və s.
birinci hissədə cəmi on iki başlıq altında Nəsimi
öz uşaqlıq və mədrəsə illərindən
danışır. Poema bəzi istisnalarla Nəsiminin
öz dilindən söylənilir. Əsər
eyni sujet xətti üzrə gedir. O, ata-anasını tez
itirməsindən, uşaqlığından ona qardaşı
Şahi Xəndanın baxmasından, lakin onun da tez ölümündən,
tək qalmasından bəhs edir. Bütün bu
çətinliklərə rəğmən Nəsimi dini təhsil
alaraq mədrəsəni bitirir.
Xalq şairi Nəriman Həsənzadə
"Hünərin tərənnümü" adlı məqaləsində
yazır: "Şair Qabil İmamverdiyev belə bir çətin
mövzunun poetik tədqiqinə girişdi, xalqımıza qiymətli
hədiyyə verdi. On il bu əsər
üzərində işlədi." Demək, Qabil bu əsəri
yazmaq üçün tarixi məxəzlərnən
yanaşı, Şamaxıdan başlamış Nəsiminin
keçdiyi bütün yolları, əraziləri - şəhərləri,
ölkələri,qalaları, qəsrləri
qarış-qarış gəzmiş və bu yerlərə Nəsiminin
gözüylə baxmış, onun diliylə təsvir-tərənnüm
etmişdir.
Əsərin ikinci hissəsi
"Şair sariban" adı ilə başlayır və Nəsiminin
Şamaxıdan Bakıya gəlişini, burada Xanəgah -
hürufi mərkəzini açmasını, onun fəaliyyətini
əks etdirir.
İkinci hissənin sonu
"Səməndər quşu" adlanır. Bu
başlıq altında yüksək şeriyyətlə təsvir
olunmuş hadisələr əsərin ən çox
oxunaqlı, qürurverici və heyrətediləcək hssəsidir,
desək, yanılmarıq. Təbrizin Şəhadət
meydanı insan seliylə dolub daşır. Meydanın mərkəzində tonqal
çatılıb.Tonqalın bir tərəfində əl-qolu
bağlı Fatimə, yanında da nişanlısı Cavid
dayanıb. Bir tərəfində isə cəlladlar
- Qazi Nurullah, əlində fərman olan axund, əmir
Zülfiqar və başqa ruhanilər qövsvarı
düzülüblər.
Nurullahın təhqirli
çıxışından, ölüm hökmünü
oxuyandan sonra Fatiməyə son söz verilir. Fatimə
çox sakit, qürurla, fəxrlə çıxış
edir. Sanki öz toyunda tost deyir:
Yanımdadır nişanlım, meydan
- toy otağımız...
Gəlinlik
şamlarımdır hər şöləsi tonqalın.
Niyə sakit baxırsız,
ay bizim qonağımız?
Qəhqəhə çəkin bax
belə, durun, oynayın, çalın...
Elə bu zaman iki əl Fatiməni
qaldırıb tonqala atır. Lakin qızı havada
tutan əllər onun tonqala düşməsinin
qarşısını alır. Meydanda hürufi fədailəri
ilə dövlət adamları arasında böyük
qarşıdurma yaranır:
Yarıldı meydan,
qırıldı zəncir,
Kərən sındırar
gücü birliyin.
Atlılar atından salındı bir-bir,
Yaman olurmuş öcü birliyin!
Demək, Nəsiminin
xahişi, təşəbbüsü ilə Fatiməni
tonqaldan xilas edən gənc hürufçu Fəda idi. Şair
onları dərhal gecə ikən Ərdəbilə yola
salır, özu isə dərviş paltarında Rum elinə
yola düşür.
Akademik Bəkir Nəbiyev əsərin
oxunaqlı olmasını belə izah edir: "Əsərin əsas
müfəvəqiyyəti, heç şübhəsiz, orta əsrlərdə
yaşamış böyük Azərbaycan humanisti, mübariz
şair, cəfakeş insan İmadəddin Nəsiminin bədii
surəti ilə bağlıdır. Qabilin Nəsimisi
xalqın həyatı, ənənəsi, arzuları ilə
qırılmaz tellərlə bağlı olan mütəffəkkir,
ana dilli şerimizi yüksək mərhələyə
qaldıran bənzərsiz sənətkardır." Əlbəttə, əsərdə söhbət
böyük Nəsimidən, onun bənzərsiz şeirlərindən,
bütün qüvvəsilə xalqı, vətəni
üçün bacardığını etməsindən,
bununçün həyatını da təhlükəyə
atmasından gedir. Lakin Qabilin də burda
istedadı, bacarığı, əzmkarlığı,
şeriyyəti danılmazdır. "Allah
Qabili elə bil məxsusi bir missiya ilə insanlar
arasındakı nəcib, xeyirxah münasibətlərin
generatoru, təşkilatçısı xəlq
etmişdir."-deyir akademik.
Şair Əlağa
Kürçaylı isə əsərin oxunaqlı
olmasını belə izah edir: "Qabilin rəvan şeriyyətlə
təsvir və tərənnüm etdiyi hadisələr, fikirlər
ona görə oxucunu fövrən öz təsiri altına
sala bilir ki, hər misra , hər bənd, hər
fəsil şair qəlbinin odu, atəşi ilə isinmiş,
cilalanmışdır." Eyni zamanda
Ə.Kürçaylı haqlı olaraq həm də göstərir
ki, "Məzmuna görə forma seçmək, formaya görə
ifadə vasitələri tapmaq bacarığı "Nəsimi"
poemasında Qabilin sənətkarlıq imkanlarını
açıq-aydın nümaiş etdirir.
Əsərin
üçüncü hissəsi Nəsiminin Konya səfəri
ilə başlayır. Burada şəhərin təsviri
xüsusilə diqqəti çəkir. Şair
Konyanı Təbrizlə, Bakı ilə müqayisə edir:
Təbriz enişidir elə bil
eniş,
Konya dirsəklənib dağ
ətəyinə.
Qala divarları görünür
diş-diş,
Bakıya dönürəm
elə bil yenə.
Poemanın "Qalada bir quyu
var", "Məhkəmə" başlıqları
altında son fəsillərində Nəsiminin Hələbdə
həbs edilməsi və məhəkəmə prosesi təsvir
olunub. Həbsdən
sonra qırx ərşin quyuda saxlanılan Nəsimi
özü - özünə burda - quyunun dibində bir "məhkəmə
də qurur" :
Necə sığdın quyuya bəs,
Ey cahana
sığışmayan?
Məkan oldu sənə məhbəs,
Ey məkana sığışmayan!
Əsərdə oxucunu heyrətə
salan səhnələrdən biri Nəsiminin məhkəmədə
verilən suallara dəqiq, qəti və aydın
cavablarıdır. "Sən allahın
varlığını danıb, insana allah deyirsən!"-
Niyə? Ruhanilərin iradına şairin cavabı:
Allaham, insana həyat verən mən,
Allaham, insana nicat verən mən.
İnsanam, insana gərək olan mən,
İnsanam, insana kömək olan mən!
Məlumdur ki, məhkəmədə
Nəsimini edam etmək üçün
tutarlı fakt tapa bilmirlər. Ruhanilərin canfəşanlığına
baxmayaraq yerli hakimlər ona nə cəzası verməyi belə
müəyyən edə bilmir. Əmir
Yaşbək üzünü şairə tutaraq soruşur ki,
tövbəyə izin verilsəydi onun cavabı nə
olardı? Şairin cavabı yenə
qəti və aydındır:
Oğurluq edənlər tövbə
eləyər,
Səhv yola gedənlər tövbə
eləyər,
Yaxşıya pis deyənlər
tövbə eləyər,
Qızıla mis deyənlər
tövbə eləyər,
Quru böhtançılar tövbə
eləyər,
Qara yalançılar tövbə eləyər...
Bəs mənim tövbəmin
nə olsun adı?
Hansı xəta çıxıb əlimdən,
deyin?
Qəbul elədiyim bir etiqaddır,
Zorla hökm edirəm sizə mən,
deyin?
Filologiya üzrə fəlsəfə
doktoru Aygün Bağırlı "İyirminci əsr Azərbaycan
poeziyasında Nəsiminin bədii obrazı" adlı məqaləsində
bu səhnəni Rəsul Rzanın "Son gecə" əsərində
təsvir olunmuş eyni səhnə ilə müqayisə edir
və göstərir ki, hər iki əsərdə cavablar
eynidir. "R. Rza Nəsiminin daxili
yaşantılarını, düşüncələrini,
duyğularını təqdim etməklə həm də onun əzəmətini
təqdim edirdi."- deyir alim.
R. Rzanın "Son gecə"sindəki
Nəsimiyə eyni sözü zindan gözətçisi deyir:
"Tövbə et, günahlarından keçsinlər!"
Nəsiminin cavabı burda bir qədər fərqlənir:
- Qoca!
Böyük həqiqətə,
Doğru sözümə
tövbə deyimmi?
Hər yanda zülmü, səfaləti
Görən gözümə
tövbə deyimmi?
...Mən deyirəm Allahın
Canlı təbəssümü
Sənsən, mənəm.
Allahın damlası insan
özüdür,
İnsan düşüncəsi,
doğru sözüdür...
Göründüyü kimi,
müəyyən fərqlər də yox deyil. Qabilin Nəsimisi şəxsən özündən
danışır. R.Rzanın Nəsimisi isə
cəmiyyətdə gördüklərindən də bəhs
edir.
Aygün Bağırlı məqaləsində
başqa bir məsələni də xatırladıb, yada
salır: "Biz Nəsimi haqqında yazılmış bədii
əsərləri nəzərdən keçirdikcə
şairin həm əfsanələşmiş, həm də
gerçəkləri ifadə edən bədii obrazını
görürük. Bəzi məqamlarda yalnışlıqlara
da rast gəlindi ki, bu da sovet ədəbiyyatşunaslığının
ictimaitə təqdim etdiyi Nəsimidir... XX əsrin
bədii ədəbiyyatındakı Nəsimi elmi ədəbiyyatdakı
Nəsimidən bir boy ucadır".
İndi dərc edilən bir
çox məqalələrdə qeyd edilir ki, guya Nəsiminin
diri-diri soyulması həqiqəti əks etdirmir. Xeyr, bu həqiqətdir.
Çünki bu dövrün cəza
qanunları yuxarıda sadaladıqlarımdır, onun da birini -
diri-diri soyulmağı Nəsimiyə tədbiq ediblər.
Bir də bəzi məqalələrdə
göstərilir ki, guya Nəsimi edam edilərkən
kəlmeyi-şəadətini söyləyib. Bu
fikir də məntikli deyil. Dini qanunlara,
ruhanilərin özbaşınalığına qaşı
çıxan, insanı qul adı ilə alıb-satan, onu istədiyi
kimi işlədən, alçaldan, məhv edən,
insanlığı öldürən qaydaları yüksək
səslə kənd-kənd, şəhər-şəhər,
ölkə-ölkə gəzib tənqid edən mütəffəkkir
şair bunu etməzdi. Əgər edə bilsəydi elə
əvvəldən, ona təklif olunanda ki, tövbə et, səni bağışlasınlar, onda bunu
edərdi. Tövbə nə demək idi? Yəni səhv eləyib dini qanunlara qarşı
çıxıb, indi onları olduğu kimi qəbul edir.
Bu isə Nəsimiyə xas çəhət,
xarakter deyildi.
Daha bir məsələ, tədqiqatçıların
bir çoxu qeyd edir ki, şairin məşhur "Zahidin bir
barmağını kəssən, dönüb həqdən
qaçar" adlı şeiri ona məxsus deyil. Guya sonradan onu sevənlər-müridləri tərəfindən
yazılıb. Çünki şeiri şair soyulduğu
an, edam vaxtı söyləyib. Bu da, təbii ki, həmin vaxt yazılması
mümkün deyildi. Amma şerin dəsti-xəttindən
, üslubundan Nəsimiyə aid olduğunu bizdən əvvəl
subut eləyiblər. Onda bu necə ola bilər?
Gəlin məsələyə başqa yöndən
yanaşaq. Axı Nəsimiyə qədər
də yüzlərlə insan bu cəzanı
almışdı, yəni dərisi soyulmuşdu. Şair bu qəzəlini özünə yox, məhz
o insanlara həsr eləmişdi. Taleyi elə
gətirdi ki, eyni cəzanı ona da verdilər. Bəlkə də, şairə məhz bu cəzanın
verilməsində şerin də müyyən qədər
rolu, təsiri olmuşdu?!
Bildiyimiz kimi, əsəri Ulu
Öndər yüksək qiymətləndirib və poema
1976-cı ildə Azərbaycan Respublikasının Dövlət
Mükafatına layiq görülüb.
Qabilin 70-illik yubileyində
çıxış edən Heydər Əliyev deyir:
"Qabilin Nəsimi haqqında yazdığı mənzum
roman mənim yaxşı xatirimdədir. Doğrudan da, o,
çox böyük iş idi və Qabil bu işi
gördü. Bu, həqiqətən Dövlət
Mükafatına layiq bir əsərdir. Çünki
Nəsimi haqqında belə böyük, sanballı, dərin
fəlsəfi fikirlə dolu olan mənzum roman yazmaq həradamın,
şairin, yazıçının işi deyil. Qabil bunun öhdəsindən gəldi".
"Nəsimi"
poemasının sonu "Eheyy" adlanır və bu Hələbdə
Qabilin Nəsimi ilə xəyali görüşündən bəhs
edir.Şair dünənki Hələblə bu günkü Hələbi
müqayisə edir və arada olan böyük fərqi
qürurla göstərir. Bu günkü Hələb
sanki keçmişindən utanaraq onların yerinə Nəsiminin
ruhundan üzr istəyir və onu qoynynda, qucağında beləcə
əbədi olaraq saxlayır.
Hələb! Məkkəm mənim, mədinəm
mənim!
Səndə Azərbaycan əmanəti
var!
Deyə şair də bu isti, səmimi,
xoş niyyətli Hələbi eyni səmimiliklə ürəkdən
alqışlayıb və ona öz təşəkkürünü
bildirir...
Bahar
Bərdəli
Ədəbiyyat
qəzeti.- 2019.- 2 noyabr. S. 26-27.