Gərəksiz
adamlar
Mən uşaq olanda, bizim evə
tanımadığım adamlar gəlir qapımızı
döyürdülər. Atam qapının gözlüyündən
baxır, amma açmırdı. Onlarsa elə
hey döyürdülər, çox bərk
döyürdülər, bir azca qorxurdum onlardan. Atamsa həmişə mənə
yaxınlaşıb, xalçada yanımda uzanaraq kürəyini
pianinoya söykəyib, bərk-bərk qucaqlayırdı məni.
- Qorxma, - deyə
pıçıldayırdı - qorxacaq heç nə yoxdu. Onlar hamısı gərəksiz adamlardı.
Və atam eyni boğuq səslə
davam edirdi:
- Şifman, aç
qapını.
Biz bilirik sən ordasan.
Bir neçə saniyə
sonra isə həmin adamlar atamın sözlərini təkrarlayırdı,
amma daha da ucadan. Bu vaxt onlar bir müddət də evin həndəvərində
gəzir, pəncərələri bayırdan açmağa
çalışırdılar və atamın astadan
qulağıma dediyi sözləri onun ardıyca küçədəki
adamlar təkrarlayırdı - əks-səda kimi:
- Görəcəksən, - atam
pıçıldamağa davam edirdi - qorxacaq heç nə
yoxdu. Onlar gərəksiz, bədəni, heç
nəyi olmayan, sadəcə səsləri gur olan adamlardı.
Və atam astadan deyirdi:
- Biz hələ
qayıdacağıq, Şifman, sən kimə ilişdiyini
bilmirsən, - onlarsa atamın dediklərini təkrar edirdilər.
Və gərəksiz adamlar həmişə geri
dönürdülər, biz həmişə gizlənirdik.
Və sonra anam da
öldü, səslə yox, bədənlə öldü biz
də onu dəfn etməyə getdik. Bizimlə gələn bir adam ağlayırdı onun üçün,
atam mənə kitabçadan göstərdi məhz o
ağlayırdı, çünki o da onlardan biri idi. Bir həftə sakitlik oldu sonra yenə gəldilər.
Davam edirdik gizlənməyə, hərdən
atam onların nə deyəcəyini deyirdi, hərdən də
mən. Bəzən haçansa onlardan
qorxduğuma görə təəccüblənirdim, indi isə
sözlərim onlardan özümə qayıdırdı
divara atdığım tennis topu kimi. Bu, həqiqətən
də belə idi. Sonra atam da öldü
orada, küncdə, pianinonun yanında, kürəyini pianinoya
söykəyərkən, məni qucaqlayan vaxt, mənim də
onu qucaqladığım zaman. Onu məzara qoyan vaxt
susmuşdu, həmin kişi onun
üçün ağlayan zaman da susmuşdu və
üstünü torpaqla örtəndə belə susmağa
davam elədi. Mənsə ondan sonra səssizliyə
qərq olmuşdum ona görə ki, sonda mən də onlardan
biri idim.
Sehrbaz
Tamaşanın sonunda
dovşan çıxarıram silindrdən. Həmişə
belə edirəm, çünki uşaqlar heyvanları sevir.
Hər halda mən uşaq olanda sevirdim. Beləliklə, tamaşanı yüksək notlarda
bitirmək olur. Dovşanı zala
ötürürəm uşaqlar onu əzizləyə, yemləyə
bilirlər. Haçansa onlar həqiqətən
belə edirdilər, lakin bu gün uşaqlar daha da ərköyündü,
amma yenə də dovşanı sona saxlayıram. Bu, ən sevdiyim səhnədi. Daha
doğrusu, əvvəllər sevirdim. Gözlərimi
izləyicilərdən ayırmadan, əlimi silindrə
salıb orada uzun müddət nəsə axtarıram və
budur, Kazamın qulaqları əlimə keçir, dovşan
burdadı artıq. Hər dəfə izləyiciləri
təəccübləndirir bu səhnə, düzünü
desəm məni də. Hər dəfə dovşanın
qulaqlarına toxunanda özümü əsl sehrbaz kimi hiss edirəm.
Baxmayaraq ki, nələrin baş verdiyini
çox yaxşı bilirəm (stolda gizli qutu olur) amma bu, həqiqi
sehrbazlıq kimi görünür.
Keçən şənbə
günü yenə bu səhnəni sona saxlamışdım. Həmin
doğum günündə, sanki uşaqların çoxu buz
heykələ çevrilmişdi, bir neçəsi kürəyini
mənə çevirib televizorda Şvartsnegger filminə
baxırdılar. Qonaqlığın səbəbkarı
isə digər otaqda hədiyyə edilmiş oyun kompüteriylə
vaxtını keçirirdi. Cəmi
dörd nəfər izləyicim vardı. Çox
isti olduğu üçün paltarlarım tərdən
islanmışdı və tək istədiyim tamaşanı
tez bitirib evə getmək idi. Bəzi səhnələri
göstərmədən birbaşa dovşan səhnəsinə
keçdim. Əlimi silindrə salanda təkcə
eynəkli qız izləyirdi məni. Sehrli
an həmişə olduğu kimi hamını tilsimləyir.
Bir neçə dəqiqə və 300
şekellik çeklə gedəcəm burdan.
Dovşanı qulağından tutanda nəsə fərqlilik
hiss elədim. Ağırlıq az idi həmişəkindən.
Keçən dəfəki kimi gözlərimi zaldan
ayırmırdım anidən əlimdə qəribə nəmlik
hiss elədim, artıq eynəkli qız
qışqırmağa başlamışdı. Dovşanın qanlı başını əlimdə
tutmuşdum, gözləri diri idi hələ də. Və hər şey qana bulaşmışdı.
Kürəyini mənə çevirmiş
uşaqlar da dönərək alqışlamağa
başladılar. Səbəbkar da
qaçıb gəldi. Başsız
dovşanı görüb heyrətdən
qışqırdı. Ürəyim bulandı, az qala silindrə qusacaqdım. Uşaqlar
isə heyrətdən nə etdiklərini bilmirdilər.
Həmin gecə yatmadım. Bütün
alətləri on dəfə yoxladım, amma bunun necə
baş verdiyini tapa bilmədim. Hətta bədənini
belə tapa bilmədim dovşanın. Sehrbazlıq
alətləri satılan mağazaya getdim səhər.
Orda da heç kim bir şey başa
düşə bilmədi. Satıcı tısbağa
almağa israrla razı salmaq istəyirdi məni:
- Dovşanlar dəbdə deyil. Tısbağalar daha yaxşıdı. Uşaqlara deyərsən ki, bunlar nindza
tısbağalardı, cizgi filmindəki kimi.
Qərarlı idim dovşan
almaqda. Yenisinin də adını Kazam qoydum. Evə
çatana qədər avtocavablayıcıya beş
sifariş gəlmişdi, hamısı da dünənki
doğum günündə olan uşaqların valideynləri
idi. Qeydlərin birində uşaq dovşanın
kəsilmiş başını ona verməyimi istəyirdi
dünən elədiyim kimi. Ancaq ondan sonra
yadıma düşdü Kazamın başını harda
unutduğum.
Növbəti tamaşam çərşənbə
günü idi. Tamaşa boyu əsəbiləşir və
çıxışıma köklənə bilmirdim. Və budur finalın vaxtı yetişdi. Mən diqqətlə zala baxır və
dovşanın qulaqlarını axtarırdım silindrdə.
Qulaqlar yox idi. Bu dəfə
isə silindrdən cansız körpə bədəni
çıxardım. Tamaşaçıların
heyrətini sözlə izah etmək mümkün deyildi.
Artıq bu səhnəni
oynamıram. Əvvəllər çox sevdiyim idi, amma indi bu barədə
düşünməliyəm. Təsəvvür
edirəm daha heyrətamiz nə çıxara bilərəm və
uşaqların heyrətə gəlməsi necə olar. Dünən bir anlıq silindrdən hansısa bədheybətin
çənəsini tutduğumu düşündüm. İndi xəyal etmək belə çətindi əvvəllər
buna necə cəsarətim çatırdı deyə.
Ümumiyyətlə,
çıxış eləmirəm artıq, amma bu narahat
etmir məni.
Eybi yox, heç nə qazanmamaq qorxulu deyil.
Hərdən konsert kostyumumu geyib elə-belə,
özümçün sirli qutunu yoxlayıram. Bu qədər. Heç bir sehr
yoxdu. Ancaq evdə yatır və
dovşanın başıyla, çağanın cəsədini
xatırlayıram. Sanki hansısa
tapmacanın hissələridi və bunu açmalıyam.
Elə bil bu yolla mənə nəsə vacib bir
işarə verilib. Məsələn,
indiki zaman dovşan və körpələr üçün
çox da uğurlu deyil. Ümumiyyətlə,
sehr üçün də.
Kasenelbongen
Cəhənnəmdə
qaynar su dolu qazana saldılar məni. Dözülməz
ağrıdan var gücümlə qışqırdım.
Teleekranda cənnət həyatını
göstərirdilər. Deyəsən,
Kasenelbongeni, bir neçə saniyə sonra isə başqa
birini gördüm, qolf, ya da kriket oynayırdılar.
Arvadım bir dəfə demişdi
ki: "Yeddi ildi dayanmadan zülm çəkirsən, amma
boş yerə. Maaşını
artırmırlar. Bunun səbəbi də
odur ki, sən özünü gözə soxmağı
bacarmırsan. Bax, məsəlçün,
Kasenelbongen". Mənə misal çəkilən
Kasenelbongenə baxdım. Bütün həyatım
boyu baxdım ona. Duş almağa qərar
verdim, amma isti su yox idi. Kasenelbongen
üçün tapılardı, şübhəsiz. Harda olmağımdan asılı olmayaraq onu hər
zaman misal çəkirdilər mənə. Məktəbdə,
evdə, idman zalında, iş yerində. Dahi
deyildi Kasenelbongen. Sadəcə, məndən
azca uğurlu idi.
Öz istəyimlə işdən
ayrıldım. Başqa şəhərə
köçdük. Pis qazanmırdım.
On il heç nə eşitmədim
Kasenelbongen barədə. Oğlum oldu. İsveçrədə yaşayan bibim öldükdən
sonra mənə böyük miqdarda miras qaldı. "Bazel - Tel-Əviv" reysi ilə
uçduğum təyyarədə Kasenelbongenlə
qarşılaşdım.
Yanımda ravvin əyləşmişdi. Susmadan
danışırdı onu dinləməsəm belə. Kasenelbongenin arxasında oturmuşdum. "Sənin həyatın mənasını itirib.
O, ruhsuz və məqsədsizdi" - deyirdi ravvin. Mən portağal şirəsi, Kasenelbongen isə
fransız konyakı seçdi. "Bax, məsələn
ona..." - ravvinin sözünü tamamlamasına imkan vermədim.
Yerimdən qalxıb iti addımlarla təyyarənin
arxa hissəsinə keçdim. Stüardessa yerimə
qayıdıb oturmağımı tələb edirdi:
"Enişə hələ yarım saat var. Yerinizə
qayıdın və kəmərinizi bağlayın". Qəza qapısına tərəf çatıb
oradan özümü atdım.
O biri dünyada intihar böyük
günah sayılır. Məni sorğu-sual edən
zaman Kasenelbongeni və digər sərnişinləri
gördüm. Onlar cənnətə aparan
omnibusda oturmuşdular. Aydın oldu ki,
eniş zamanı təyyarə qəzaya uğrayıb.
Əgər mənim də azca səbrim olsaydı... Kasenelbongenin etdiyi kimi.
İsrail
yazıçısı, ssenarist Etqar Keret 20 avqust 1967-ci ildə
dünyaya gəlib. 1992-ci ildə ilk
kitabı işıq üzü görən Keretin indiyədək
dörd hekayələr toplusu çap edilib.
Etqar
Keret
Tərcümə
etdi: Malik Atilay
Ədəbiyyat
qəzeti.- 2019.- 2 noyabr. S. 27.