“Vida
nəğməsi”nin bitməyən
ömrü
"Vida nəğməsi"
adlı roman, povest, hekayələrdən ibarət kitab barədə
düşündüklərim və Nüşabə Məmmədlinin
bədii portreti...
Aynanın qarşısına
keçirəm, saçlarımı onun saçları kimi
yığıram: ortadan tağ edib arxada dəstələyirəm.
Yox, bənzəmirəm ona. Yenidən
saçlarımı dağıdıram, daraqla sığal
çəkirəm, bölürəm və arxada
toplayıram. Bu, bir neçə dəfə
təkrar edilir, nəhayət, saçlarım eynən onun
saçlarına bənzəyir. Sonra gözlərimə
sürmə çəkirəm, bu dəfə də onun
gözlərindəki işığa, nura, ucalığa, dərinliyə
sahib ola bilmirəm. Və
yenidən onun əksinə dəqiqələrlə
baxıram, əmin oluram ki, Nüşabə xanıma bənzəmək
qeyri-mümkündür. O, gözəlliyi,
danışıq tərzi, saçdüzümü, geyim mədəniyyəti,
istedadı, hörməti, ucalığı, qadın məlahətinin
cilası olan işvəsi ilə əvəzedilməz, təkraragəlməz
birisidir, bütün bunlara sahib olmaq üçün elə
Nüşabə Məmmədli olmaq lazımdır...
Nüşabə Əsəd
Məmmədlini ilk nə zaman, harada gördüyümü
xatırlamıram. Bircə onu bilirəm ki, ağlım kəsəndən,
oxumağı bacarandan, oxuduğum əsərin müəllifini
tanımaq cəhdim yaranandan bu böyük, nurlu xanımın
ziyası üzərimdədir. Və onu da
dəqiq bilirəm ki, Nüşabə xanımı ilk olaraq
onun "Cavad xan" romanından tanıyıram.
Nüşabə Məmmədlinin əsərləri
rus, ingilis, polyak, türk, gürcü, fars
dillərinə tərcümə edilib.
"Vida nəğməsi"
(roman, povest və hekayələr. "Nurlar" Nəşriyyatı
və Poliqrafiya Mərkəzində çap olunub. Kitabda
yer alan roman, povest və hekayələr
ayrı-ayrı illərdə kitab halında çap olunsa da,
yenidən müəllif qələminin süzgəcindən
keçmişdir.
"Cavad xan" romanında
müəllif elimizin mərd, qəhrəman oğlu, Gəncə
xanlığının sonuncu hökmdarı Cavad xanın və
onunla bərabər, Gəncə əhalisinin bədii portretini
çox məharətlə çizmişdir.
Sovet ideologiyası ilə
yetişdirilən, lakin Sovet Azərbaycanı
ziyalılarının çoxusunun düşündüklərinin
tam əksini düşünən, doğruluq, rəşadət,
yenilməzlik, müstəqillik, azadlıq, torpaq heysiyyatlı,
az qala unudulan türkçülük ideyalarını təbliğ
edən, yolunu tapmaqda çətinlik çəkən
xalqı kökünə qaytarmaq uğrunda heç nədən
barınmayan bu xanımdakı iç dünyanın
inikasını məhz "Cavad xan" romanında
görürük. Bu gün görürük, təəssüf
ki, bu gün... Dünən göz yumurduq,
görməkdən qorxurduq, bəzən də işimizə gəlirdi
görməmək. Amma bu gün tam
çılpaqlığı ilə görür və bu
böyük ziyalının bütün bunları dünən
necə yazdığına heyran qalırıq.
Roman beynəlmiləlçiliyi
təbliğ, keçmişi unutdurmaq, gələcəyə
kor-koranə addımlamaq üçün canfəşanlıq
edən bir dönəmdə yazılıb. Buna baxmayaraq, Nüşabə
xanım romanda Azərbaycanı sevməyən qüvvələrin
iç üzünü elə ehmallıca açır ki,
oxucu düşməninin haradan və necə gəldiyini
görür, özünütanımağa cəhd edir. Yazıçı evimizə sığınan ermənilərlə
bərabər, rus imperiyasının - imperiyaya boyun əyən
gürcü knyazlığının da əsl simasını
göstərir.
Cavad xanın həyatı
barədə çox yazılıb və oxucular kifayət qədər
məlumatlıdır. Romanın başqa bir özəlliyi əsrlər
öncə baş verən hadisələrin zamanımızla
ayaqlaşmasıdır. Bu sintez nasir
üçün çox ağır əmək tələb
edir. Əsl yazıçı odur ki,
tarixin hansı dönəmini qələmə
alırsa-alsın, orada öz zamanını göstərməyi
bacarsın, zamanının əyriliklərini oxucuya
çatdırsın.
Romana daxil edilən ibrətli
kəlamlar, atalar sözləri, əfsanələr müəllifin
folklorumuza olan bilgi və sevgisinin təzahürüdür.
Cavad xanın oğulları
ilə yanaşı, qızı da döyüşə
atılır.
Əlbəttə "aslanın erkəyi-dişisi
olmaz". Cavad xan başqa Azərbaycan xanlarına minnətçi
düşür - Vətən bölünməsin, xalqı əzilməsin
deyə... Cavad xan torpağı uğrunda canını,
canından əziz övladlarını qurban verir... Və
Cavad xan şəhid olur, düşmən Gəncəyə
onun meyiti üzərindən keçir...
Bu yaxın tarix bizim - Azərbaycanın
elə bir şərəf səhifəsidir ki, bunu unutmaq
özünü unutmaqdır. Elə bu yöndə də
Nüşabə xanımın "Cavad xan" romanı Azərbaycanın
mənəvi sütunlarından biridir!
...Roman bir də ona görə diqqətəlayiqdir
ki, əsli-kökü qədim Gəncədən olan müəllif
Gəncə əhalisinin həyat tərzi ilə
yanaşı, şirin dilini, ləhcəsini də tarixin
yaddaşına yazmağı bacarıb.
"Bir an"
povestində hadisələrin cərəyanı insan
düşüncəsinin elə bir qatında dövr edir ki,
oxucu haldan-hala düşür, lakin bunun fərqinə macal
tapmadan yeni bir hadisəylə qarşılaşır. İlk baxışda adi bir həyat sürəci
adlandırdığımız epizodların alt
yapısında gizlənən mətləblər
gözümüzü bərəldərək hadisənin
içinə girmə cəhdimizlə nəticələnir.
Sadə, sıradan, həm də tənha
qadının - Əzizənin günlük həyat tərzi
ilə başlayır əsər. Əzizə o qədər
kimsəsiz, o qədər tənhadır ki, hətta
ölümü belə, həyat tərzinə uyğun,
sakitliklə qarşılamağa hazırdır:
"Doğrudan da, əgər Əzizə bilsəydi ki, yəqin,
bir saatdan sonra öləcək, heç nə eləməzdi,
yenə də durub qəhvə içərdi və oturub
saatın əqrəblərinə tamaşa edərdi". Dərzi
Əzizənin bu tənha, kasıb, amma səliqəli
odasında bir rəsm əsəri də var: Pikassonun "Tənha
qadın" əsəri. Elə buradaca oxucu Əzizənin əslində
göründüyü kimi dərzi bir qadın
olmadığını, özündə sirr gizlətdiyini
anlayır...
Əzizənin ad
günündə qapısına gələn qonaq əsərin
xanım qəhrəmanı ilə yanaşı, oxucunu da
sevinc göz yaşına qərq edir. Povestin ekspozisiyası
başdan-başa məchul bir nöqtədə birləşdikcə
əsərə daha böyük maraq oyanır. Bu, müəllifin son dərəcə peşəkarlığını,
hadisələri müşahidə ilə yanaşı, təfəkkür
aynasından keçirdiyini, şaquli xətt üzərində
yeriyən süjetin əslində, neçə-neçə
mətləblərə açılan qapıya nəzarətini,
lakin bu qapıları məhz bir yola çıxarmaq qabiliyyətini
göstərir. Povest həm də ona görə
maraqlıdır ki, burada yer alan obrazlar
ağla qaraya, yaxşıyla pisə ayrılmır. Obrazların xarakterini də çözmək
oxucunun üzərinə buraxılır. Əzizənin
tənha odasını işıqlandıran heykəltəraş
Orxan əvvəl müsbət rolda sərgilənir, o Əzizəni
bəyənir, onunla evlənir, övladları olur.
Övladları olduqdan sonra Orxan tam şəkildə dəyişir,
Əzizənin qaradinməzliyi, sadəliyi, incəsənətə
olan "kor" baxışı Orxanda ikrah oyadır, Orxan, hətta
qonağın yanında Əzizəni təhqir etməkdən
çəkinmir. Burada oxucu Orxana nifrət etsə
də, başqa səhnələrdə müəllif onu
yüksəltməyi bacarır. Və yaxud əsərdə
yer alan Gülnarə obrazına diqqət
edək: Gülnarəni ilk başda pozğun həyat tərzi
keçirən bir qadın kimi görsək də, sonda bu
qadının, əslində, göründüyü kimi
olmadığının şahidi oluruq. Adi bir ekspozisiya ilə
həyata vəsiqə alan əsər
çox gərgin razvyazkaya yön alır. Məşhur, gənc
ikən vəfat etmiş bir bəstəkarın xatirəsinə
kompozisiya hazırlamağa çalışan heykəltəraş
Orxan, bu bəstəkarın iç dünyasını
göstərmək arzusu ilə yaşayır. Onun iç
dünyasını isə sevdiyi qadın - Əzizə Aydan
olmadan çizməyin çox çətin
olacağını anlayır, Əzizə Aydanın surətinə
bələd olmadan bu əsəri yarada bilməyəcəyini
dərk edir, Əzizə Aydanın surətinə
ulaşmağa çalışır. Məlum olur ki,
Orxanın zəngin iç dünyasına, gözəlliyinə,
musiqi duyumuna, məlahətinə erişəmmədiyi
Əzizə Aydan evindəki susqun qadındır, onun uzaqda
aradığı xoşbəxtlik yanındadır...
Əsərin əvvəlində Dərzi
Əzizə ilə sevinc göz yaşı axıdan oxucu sonda
iç dünyası çölünə daşan Əzizə
Aydanla qoşalaşıb o "bir an"ın
göz yaşını tökür.... Əsər
həm də ona görə çox dəyərlidir ki, müəllif
Xirosima və Naqasakinin atom bombardmanından - bəşər
tarixində nüvə silahının hərbi məqsədlə
tətbiq olunduğu nümunənin insanlığa vurduğu
zərbədən də söz açır. Yazıçının dini, dili, milliyyəti
insaniyyətinin arxasında qalmalıdır. Nüşabə xanım da məhz belə
yazarlardandır.
"Dairə" povesti də
insanlıqdan bəhs edən bir əsərdir. Burada namuslu
bir ailənin Sovet qayda-qanunları altında əzildiyi
ustalıqla qələmə alınıb. Əsərin qəhrəmanı Səyyarə, Sovet
Azərbaycanının "37"lər damğası
altında əzilən nümayəndələrindəndir.
O, "xalq düşməni" adı ilə işləmədiyi
bir suçun qurbanı olaraq ömrünün 19 ilini dustaqxana
divarları arasında keçirən bir atanın
övladıdır. Və bu damğalı atanın övladları
da xoşbəxt olmaqdan məhrumdurlar...
Povestdə Ukrayna SSR-in
şimalındakı Pripyat şəhəri
yaxınlığında Çernobıl Atom Elektrik
Stansiyasında baş vermiş fəlakətli nüvə qəzasından
da söhbət açılır. Ümumiyyətlə,
Nüşabə xanımın ən kiçik əsərini
belə oxuyanda insan maariflənir, əsl ziyalı olan müəllifin
öyrətmən məharətini üzərində hiss edir.
"İlğım"
povesti bir nəsil şəcərəsinin taleyindən bəhs
edir. Burada Azərbaycan bəylərbəyindən Sovet Azərbaycanına
keçid, Sovetin Azərbaycana gətirdiyi yeniliklər, irəliləmələr,
geriləmələr çox məharətlə qələmə
alınıb. Əsərdə təhsil sisteminə
tutulan güzgüyə diqqət edək: "Qəbul
imtahanları başladı. Qüsursuz
yazıları dərs hissə müdiri bir kənara qoyurdu.
Onların üzərində yenidən əməliyyat
aparılırdı: eyni mürəkkəb tapıb, dərs
hissə müdirinin öz əlləriylə "İ" hərfləri
"a" edilirdi, əlavə vergüllər
artırılıb, yazıya "2" qiymət
verilirdi". Bu, Sovet dönəmindəki siyasətin
kökü idi. Rüşvət
alınır, savadsız kadrlar cəmiyyətə
buraxılırdı. O "həkimlər"
canımızı, o müəllimlər "beynimizi", o
"mühəndislər" qanımızı sorurdu.
"Vida nəğməsi"
20 Yanvar hadisələri üzərində cərəyan etsə
də, olanlara maraqlı və fərqli yanaşması ilə
yadda qalır.
Müəllif bu fəxarət dolu tariximizə
elə bədii priyomlarla giriş edir ki, oxucu heyrətlənməyə
bilmir. Yanvar hadisələri bir
qadının iztirabı, sənət adamlarının çətinlik
dolu həyatı, müasir dövrümüzdə sənətə
verilən dəyər üzərində dövr edir. Ümumiyyətlə, Nüşabə Əsəd Məmmədlinin
bütün əsərlərində qadın taleyi, ana
obrazı ön sırada yer tutur.
"Lalə talası"
süjet xəttinə görə o biri əsərlərdən
seçilir. Müəllif eyniadlı əfsanədən rişələnən
əsərdə Zərdüşt dədədən miras qalan
Novruz adət-ənənəsindən söz açır.
Bu girişdən sonra zamanımıza
qarışan povest Kür-Araz qovuşağı kimi daha
güclü, daha axıcı olaraq davam edir. Məhvərdə isə Qarabağ dərdi
dayanır, itirilən torpaqlar sıralanır sətirbəsətir.
Bu sıralanmada yurd-yuvasından qaçqın
düşsə də, bu gün həyat tərzini şəhərə
dəyişən, dünəninə boylanmaqdan belə çəkinənlər
də kənarda qalmır.
"Qürub" da müəllifin
özünəməxsusluğu ilə oxucunu heyrətləndirən
əsərlərindəndir. Əsərdə iki
ailənin enişli-yoxuşlu həyat tarixi yer alıb.
Burada hadisələr Azərbaycanın milli, mənəvi, ədəbi
və bədii sərvtətlərinə xəyanətlə
dövrələnsə də, başdan-başa bir məqsədə
xidmət edir: ana-bala arasındakı qırılan, yaxud
möhkəmliyini itirməyən (itirməyəcək)
bağa. Müəllif burada övladını
başqasına verən anaya haqq qazandırmağı (yaxud da
qınamağı) oxucunun üzərinə buraxır.
"Qürub"da yaxın
tarix boyunca bir neçə dəfə yurd-yuvasından didərgin
salınan, əzab-əziyyətlərə, zillətlərə
düçar olan Ahiska türklərinin də taleyindən bəhs
edilir. Və bu müharibələrin, sərhədlərin,
milli baxışların, dillərin, dinlərin, təbəqələrin
qara kabus kimi insanlığa çökən zülməti
arasında daha güclü bir zillət də var - Xərçəng!
Dünyanı -zamanı bəmbəyaz şəkildə salnamə
edən müəllif insanları qətl edən bu
"silahı" da unutmayıb.
"Məktub" hekayəsi
"Çanaqqala savaşının yüz illiyinə həsr
olunub və burada türk əsgərini yetişdirən
türk qadınının, türk anasının
ucalığından söz açılır.
Ümumiyyətlə, kitabda yer alan hər bir hekayə öz süjet xəttinə,
bədii tutumuna və məqsədinə görə Azərbaycan
Ədəbiyyatında yeri olan (olacaq) əsərlərdir. Bu əsərləri
oxuduqca ana, həkim, müəllim, aqronom, mühəndis, bəstəkar,
rəqqasə, döyüşçü... Nüşabə
Əsəd Məmmədliyə heyran qalmamaq olmur. Və Nüşabə Məmmədlinin əsərlərindən
tədrisdə istifadə şagirdlərin milli qürurunda,
şüurunda, təfəkküründə, nitqində, Azərbaycan
tarixini daha dəqiq öyrənməsində, mətbəximizə,
bölgəmizə bədii səyahətində, dini
baxışlarında və ən nəhayət, bəşəri
insan olmasında böyük rol oynayacaq.
İradə
Aytel
Ədəbiyyat
qəzeti.- 2019.- 2 noyabr. S. 28.