Manekenlər

 

Samir dayıma - onun əzab çəkmiş cismində ən xeyirxah və təmiz ürək var. Ön sözü hekayəni oxuyub bitirəndən sonra oxumaq lazımdır.

 Bu əsərin qəhrəmanı nə narkoman, nə ruhi xəstə, nə də qatildir. O, xəstədir. Bütün xəstəliklərə məruz qalıb - ona görə də bu adamın həyatı müxtəlif insanların parça-parça qırılmış ürəklərinin sınıqlarından ibarətdir. Müxtəlif adamlar - mən özüməm. Məndə həm xoşbəxtlik, həm hüzn, həm də anlama və yazıqlıq toplanıb. Həyatım dalana düşəndə bu adamlar, sanki içimə dolurlar. Bu kişi hər kəsin əksidir. Hər kəs bunda özünü tapar. Mən istəmirəm ki, sizin taleyiniz onun taleyinə oxşasın. Ancaq istərdim ki, hər kəsin sonu bu adamın axırı kimi olsun.

Mən sonun necə olacağını bilirəm. Bəs siz? Yox? Onda bunu məbəddən gələn işıq bilin! Vaxt donub.

Axşamdır. O, məchul nəzərlə otağın çıxış qapısına baxırdı. Onun gözlərinin içi sarımtıl-qırmızı rəngdə idi, sanki kapilyarları partlamışdı. Bədəninin hər hüceyrəsi elə bil dərin bir şırım idi. Bu şırımların dərinliyində sağalmaz ağrı var idi. Həyat elə uyuşdurucu maddə kimidir. Səndən əl çəkmir. Əvvəlcə çox qayğısız olursan, ancaq günəşi, mavi səmanı, yaşıl ormanları görürsən. Sonra... ağlamağa məhkumsan, hər an cismin hissə-hissə çürüyür, yavaş-yavaş ölür. Bununla belə, həqiqi ölümə çata bilmirsən. Narkomanın ölümqabağı əzabları - içindəki müqavimət, həyat eşqinin daha güclü olmasıdır. Ancaq əzəl-axır ölüm sakitcə səni öz ağuşuna alır.

Yaşamaq nəyə lazımdır? Onsuz da axırın ölümdür.

Küçədən keçən maşınların səsi eşidilir, onlar onun evinin yanından vıyıltı ilə keçir, səsləri cəhənnəmə yığılan tövbə etməmiş, günahkarların səsləri kimi idi.

Tənhalığın ağrısı onun qəlbinə, vücuduna tam hakim kəsilmişdi. Onun yanaqları elə bil yanırdı, nəfəsi od püskürürdü. O, düşündü ki, onun xilası - ölümdür. Ancaq yox, hələ yox. Kişi balaca qardaşını görməlidir.

Marionet

Kişi öz evindədir. Sanki hansısa bir qüvvə onu irəli itələyir. Elə bil gipnoz altındadır. Yuxu - şüuraltı dərinliklərinə daxil olmaqdır. Reallığın təhrif olunmasıdır. Görünür, şüuraltı sirlər hələ tam öyrənilməmişdir.

Kişi asma güzgülərlə dolu dəhlizlə addımladıqca, ona elə gəlirdi ki, özü də asılmış vəziyyətdədir. Otaqdan-otağa keçdikcə parçayla örtülmüş güzgüləri görürdü. Nədənsə, bu parçalar kişiyə kəfəni xatırladırdı. Kişi güzgüləri sevmirdi. Ona elə gəlirdi ki, güzgülərin öz sirli, həm də qaranlıq aləmləri var. Kişi özü də bilmirdi ki, güzgülərin mövcudluğu onu niyə həyəcanlandırır. Kişi öz yataq otağına keçdi. Burada da enli çarpayının qabağındakı divardan güzgü asılmışdı, lakin yaşadığı gerçəklikdə onun otağında güzgü heç vaxt mövcud olmamışdı. İndi kişinin çoxdan bəri ayaq basmadığı bu otaqda da güzgü var idi və bu güzgünün də üzərinə parça salınmışdı. Ona elə gəldi ki, kimsə xəbərsiz onun evinə gəlmiş, bütün güzgülərin üzərinə parça salmışdır. Əslində, bu kişidən başqa bu evdə heç vaxt heç kim yaşamamışdır, yaşaya da bilməzdi: Onun daxilini qorxu bürümüşdü. O, güzgüdü ki, ona baxsa, mərhum anasını, güllələnmiş atasını, atılmış bacısını, ən ümdəsi də özünü görə bilərdi. Bir anda kişi güzgünün üstünə sərilmiş ağı götürdü. Gördüyü onu dəhşətə gətirdi. O qorxdu. O, ayağını geri qoydu.

Güzgü onu yox, ayrı adamı göstərirdi. Kişinin güzgüdəki əksində onun əllərindən, ayaqlarından, boynundan ip asılmışdı. Kimsə bu ipi dartırdı. İpi, ipi saxlayın, bir əlində də balta var idi. O, güzgüdəki əksin gülən kuklaya bənzər başını üzürdü.

Hə? Necə?

Baş kəsən baltanı hara gəldi vururdu. Elə zənn etmək olurdu ki, baş yerə çırpılacaq.

O, əlini tərpətdi.

Kişi başını yuxarı qaldırdı ki, görsün kimdir bu cəlladı idarə edən, onun ipini dartan. Ancaq başının üstündə qara - qeyri-müəyyən bir şey gördü. Ürəyi sürətlə döyünməyə başladı. Ətrafında olan əşyalar tərpəndi. Elə bil onlar da kişini öldürmək istəyirdilər. İndi balta başın qalıqlarını doğram-doğram edirdi. Başdan və boyundan axan qan onun göz yaşlarına qarışırdı, bütün bədəni boyu axırdı. Kəsilən başın çənəsi tərpənirdi. Kukla axan qana baxıb gülürdü. Onun ipi dartıldıqca kukla, sanki qəhqəhə çəkirdi. Kişi gözlərini qırpan kimi onun vücudunu bürüyən qan, onun ayaqları altına, sonra da bütün otaqboyu axmağa başladı. Kişi axan qandan gözlərini çəkib yenidən güzgüyə baxdı. Başı gicəlləndi. Baş bədəndən ayrılırdı. Kukla göz yaşlarına qərq olmuşdu. Kəsilmiş başdan yaş axırdı.

Bu göz yaşları haradan idi?

Qan və göz yaşlarına qərq olan kuklaya baxdı. Göz yaşları onun boynundan axırdı. Boyun əzələləri, damarları baltanın ucunda idi. Bəs onda göz yaşları haradan idi?

Kişi bir daha yuxarı baxdı. Göz yaşları parıl-parıl parıldayan gözlərdən axırdı. Bu, kişinin öz göz yaşları idi. Onun hissləri bu göz yaşının hər damlasında əks olunurdu. Marionet kukla onun özüydü. Onun axıtdığı göz yaşları həyatda gördüyü məşəqqətin, əzabın, zillətin nəticəsi di.

O, tərpənməyə qorxurdu. Ehtiyat edirdi ki, addım atsa, dərhal şkafdan bir qorxunc məxluq və ya marionet kukla çıxar, onun cismini gerçəkdə doğraya, bəlkə də divarın içində gizlənən əcaib kölgələr o an əzab verər, yeni hadisələrin burulduğuna atar.

Yaxud da kuklanın başı qopub onun ayaqlarına düşər və onun saçlarının dibindən ilanlar sıyrılıb çıxar onun ayaqlarına, bədəninə dırmaşar, bütün cismini dişlək-dişlək edər. Qorxu onun bütün cismini, ruhunu bürüdü. Kişi daxilindəki qorxunu dəf edərək ən çətin bildiyi addımı atdı. Kişi hoppanıb otağın mərkəzinə tullananda, əşyalar yerlərindən tərpənib, havaya qalxdı, sonra guppultu ilə yerə çırpıldı.

Güzgü çilik-çilik oldu. Şüşənin cingiltisi otaqda əks-səda yaratdı. Şüşə qırıntıları otağın hər tərəfinə səpələndi. Qulaqlarında eşidilən cəhənnəm səsləri. Onun bütün vücuduna hakim kəsilmişdi. Güzgü qırıqları az qala onun gözlərinin içinə dolacaqdı. Lakin bu qırıqlar birdən böyüməyə başladı. Böyüdülər və yuxuya çevrildilər.

Plastilindən düzəldilmiş statuet

Nəfəs alıb dayandı. Yenə nəfəs alıb dayandı. Kişinin burnu qopdu və havada yoxa çıxdı.

Gecədir. O, gözlərini açıb, dərindən nəfəs aldı. Sanki kimsə onu boğurdu. İndi boğmağı dayandırdı. Ürəyi sürətlə döyünməyə başladı. Ona elə gəldi ki, otaqdakı əşyalar tərpənməyə başladı. Kişi keçirdiyi həyəcandan üzüüstə yerə sərildi. Bədəninin hər hissəsi ona dözülməz ağrı verirdi. Cismi əzabdan sıxılırdı. Otağın ab-havası onu sıxırdı. Cürbəcür qutular, yazılmış kağızlar, şüşə bankalar yerə dağıdılmışdır. Gördüyü bu mənzərə elə bil onun həyatında yenidən görünürdü. Ağrıdan heç başını da tərpədə bilmirdi, gözlərinin qapağını da qaldıra bilmirdi.

Ancaq bir anlığa nəzərlərini pəncərəyə dikdi. Bayırda məzar sükutu duyulurdu, hətta quşlar da səssiz-səmirsiz uçurdu. Sanki artıq sonu çatmış yaya vida nəğməsini oxumaq istəmirdilər. Fəqət yayın bitməsini gözləmək üçün onlar işığa doğru uçurdular. Ağaclar yavaş-yavaş tərpənirdi. Ağaclardan qırmızı-sarı yarpaqlar düşürdü. Xəfif külək onları asfalt yolla aparırdı. Yarımqaranlıq otaqda əsəbləri tarıma çəkilmiş kişi ağlamaq istəyirdi, ancaq ağlamağı bacarmırdı. Ağlamağı ancaq hiss etmə və təəssüf etmək qabiliyyətli insanlar bacarar. O isə boşluğa gömülmüş insan idi. Onun ürəyi, hissləri, düşüncələri heçliyə yuvarlanmışdı. Cismini dəri örtmüşdü, üzünü saqqal basmışdı. Onun hər bir hərəkəti otaqda qeyri-adi əşya olan tərəfə istiqamətlənirdi. Onun gözlərinə qeyri-adi görünən isə - Güzgü idi.

Torşerin işığı yerə dağılan güzgü qırıqlarına dəyib, elə bil bütün otağı işıqlandırırdı. Güzgü yox idi, onun çilik-çilik qırıntıları var idi. Döşəmədə.

Nəfəs aldı. Nəfəs verdi. Bu nədir? O, emosiyaları dondurulmuş canlı heykələ bənzəyirdi. Onu ildırım vurmuşdu, elə bil. Kişi əsəbi-əsəbi güldü. Bu gülüş az sonra ağlamağa çevrildi. O, əsən əlləriylə döşəməyə toxundu, güzgü qırıqlarına əl vurmaq istədi.

Küçədən sağa-sola şütüyən maşınların səsi gəlirdi.

O, şüşə qırıqlarına əl vurdu. Kişi yerə dirsəklənib ilan kimi sürünməyə başladı. Döşəmə ipisti idi. Az qala əllərini yandıracaqdı. Gözlərini qırpdı. Dərindən nəfəs aldı. Yenə gözlərini qırpdı. Dərindən nəfəs aldı. Güzgü qırığı əl dəyəndə dəyişməyə başladı. Şüşə, sanki atəşpərəstlərin məbədindəki alov kimi formasını dəyişirdi.

İçində bir narahatlıq vardı. Sanki nəsə ola biləcək yeni bir əzabdan, sarsıntıdan qorxurdu. Bəlkə də heç nə olmayacaqdı.  Ancaq onun daxilinə müdhiş bir qorxu hakim kəsilmişdi. "Mə, p...- p ... plastilin statuet" - pıçıldadı, o.

Onun gözlərindən biixtiyar göz yaşları axmağa başladı. Bu yaşlar yanağı aşağı axdıqca, onun üzünü yandırırdı. Bu göz yaşları onun xatirələri ilə bağlı idi, ürəyi az qala yerindən qopacaqdı. Düşündü ki, əgər onun ürəyi yerindən qopmaq istəyirsə - deməli, o yaşayır, o mövcuddur. Onun əlləri tərləmişdi. Statueti əlinə götürməyə cəhd etdi. Elə bil bu statuet onu keçmişinə aparacaqdı. Onun uzaq, işıqlı keçmişinə. O, sanki zaman maşınının içərisində idi. Kişi statueti əlində sıxmaqdan qorxurdu. Qorxurdu ki, filə bənzəyən bu balaca heykəl dərhal formasını dəyişərdi. Ürəyinin sağ tərəfi sıxılmağa başladı. O, gözlərini yumdu. Əlini fiqurun başına çəkdi, qarnına toxundurdu. Əlləri lap islanmışdı.

"M" hərfi.

O, qəfildən gözlərini açdı, fiquru başıaşağı çevirdi.

Kişi balaca fiqurun qarnının üstündə cızılmış "M" hərfini görüb heyrətə gəldi. Kişinin üzünü tük basmışdı. O ağlamaq istədi, ancaq bunu bacarmadı. Kişi, ümumiyyətlə, ağlamağı bacarmırdı. Kişinin daxilindən bir inilti qopdu.

"- Mama, bu sənin üçündür, ad günün mübarək - pıçıldadı o. Sanki özü də uşağa döndü. Əlində təzə yapdığı plastilin fiquru anasına uzatdı.

- Bu nədir? - zərif səslə soruşdu anası.

- Bu balaca fil balasıdır - sənin ad gününə hədiyyədir.

- Elə bildim mənə qızıl boyunbağı alacaqsan. Axı hər gün atandan da, məndən də sən pul alırdın.

- Mama, mən bu pulları xərclədim - uşaq boğula-boğula dedi. O, pul kimi pörtmüşdü.

- Nəyə? - soruşdu anası.

- Mən... Mən plastilin aldım, - uşağı ağlamaq boğurdu.

- Yaxşı, get - anası gülümsəməyə cəhd etdi, lakin gülə bilmədi. Güclə eşidiləcək tərzdə sağ ol dedi".

Oğlan öz otağına keçdi. Qapalı qapı arxasından o, anasının ad gününə gələn qonaqların səsini, bir-birinə dəyən qədəhlərin cingiltisini eşidirdi. Heç kəs onun ağlamasını eşitmirdi". Qapı bağlı idi, göz yaşları kişinin boğazına tıxandı.

Müqəvva

Otu sanki ölüm özü biçmişdi. Adamda elə təsəvvür yaranırdı ki, buralara heç bir canlının ayağı dəyməyib. Çılpaq ağacların altına sarı-qırmızı yarpaqlar tökülmüşdü. Ağacın altında qırmızıya boyanmış mafə dururdu. Meyit az qala içindən düşəcəkdi. Elə bil ki, heç bir canlı bu ağacların həndəvərinə gələ bilməzdi. Bura ancaq ölülərə məxsus məkandır. Halbuki, vaxt var idi, payızda təbiətin bu füsunkar guşəsinə sağ adamlar da gəlirdi, təbiətdən zövq alırdılar. Ancaq indi bu yerlərdə alçaqlar məskunlaşmışdı. Onlar ruhsuz müqəvva idilər. Kişinin qorxudan, sanki qulaqları qopacaqdı. Biixtiyar o, qulaqlarını tutdu. O, gerçəkdən də qulaqlarının qopmasını hiss edirdi. Ona elə gəldi ki, gözləri də öz əvvəlki görkəmini itirir. Göz qapaqları boşalmışdı. Mafədə olan meyitdən dözülməz qoxu gəlirdi. Kişinin ürəyi bulanırdı, az qala qusacaqdı. Ağacların yanına aparan yol iri daşlarla döşənmişdi. Kişi ayağa qalxıb cığırın üstü ilə addımlayanda ona elə gəlirdi ki, daşlar yerindən qalxıb şaquli vəziyyətdə dayanırdılar. Lakin yıxılmırdılar. Kişinin ayaqları sürüşürdü, ancaq yıxılmırdı, müvazinətini saxlamağı bacarırdı. Kişi bu dağlara kor kimi baxırdı. Ürəyi narahat idi, elə bil yerindən çıxacaqdı.Elə bil qəsdən onun ürəyini sıxıb, qanını çıxarmaq istəyirdilər.

Birdən o insan siluetini gördü, kişi dərk etdi ki, ondan başqa da bu müdhiş yerdə kimsə canlı bir məxluq var.

Ayaqları biixtiyar kişini bu məxluqun yanına apardı. O bilmirdi - bu məxluqun ruhu varmı?

Kişi skamyada onun yanında əyləşdi. Yanında oturduğu kəs heç yerindən qımıldamadı, ona tərəf baxmadı. Kişi zənnlə ona baxdı, qət etdi ki, yanındakı ruhu özündə olan adam deyil. Kişi ona əl vura bilmirdi, ona toxunsaydı - ölə bilərdi, yoxa çıxa bilərdi və ya buxarlanıb göyə uçardı. Kişi ona bir söz deməyə qorxurdu, ruhsuz məxluqun qalxıb onu boğmasından qorxurdu. İstəyirdi ki, müqəvva ona bir söz desin. Fəqət o susurdu. Kişi, sanki cəhənnəm odunda yanırdı, ürəyi parça-parça olurdu. Elə zənn edirdi ki, bütün cismi külə dönür - müqəvva bir söz deməyə qadir deyildi.

Bir fiqur, sanki donmuşdu. Onun nəzərləri boşluğa dikilmişdi. Kişidə elə təsəvvür yaranırdı ki, bu müqəvva gün də, ay da, illər də keçsə, yerindən tərpənməyəcək. Gözlərini elə boşluğa zilləyib oturacaqdır. Bəs niyə elə bilmişdi ki, onun ruhu var? Kişi öz-özünə nəsə danışır, əcaib-qəraib səslər çıxarırdı. Elə bil - dinməz-söyləməz fiqurdan bir söz eşitmək istəyirdi. Siması olmayan fiqur isə heç sükutu pozmurdu. Kişi qəfildən ayağa qalxdı, balaca uşaqlar kimi ətrafa nəzər yetirdi. Sonra səssiz-səmirsiz oturmuş fiqura baxıb qaçdı. Arxaya baxmadan qaçdı. Ona elə gəlirdi ki, ətrafda olan ağaclar onun başına düşəcək. Ürəyi sıxılırdı. Havası çatmırdı. "Dayanmaq lazım" - birdən keçirtdi fikrindən. Dayandı. Daha üşümürdü. Qaçmaq. Hara qaçıram? Mən əvvəli, axırı olmayan labirintlə qaçıram, sonu yoxdur.

Kişinin ürəyi gizildədi. Güclə eşidiləcək pıçıltıyla:

"Mama! ... mama!... mama!" - dedi.

Gözlərinə yaş dolurdu. O, başını çevirəndə əvvəlki skamyadan xeyli aralı skamyada ayrı bir fiqur əyləşmişdi. Kişi artıq düz dayanmışdı, başını yuxarı tutub Allahdan imdad istəyirdi. Allahım, mənə kömək elə, düşdüyüm sonu yox yoldan məni xilas elə. Səssizlik çökdü. Yalvarışına cavab verən olmadı... Acı tənhalıq hissi cismini bürümüşdü. O, fiqura yaxın getmək istədi. Əlacı kəsilib əllərini açaraq tanımadığı canlı, ya cansız fiqurdan imdad dilənmək istədi. Bir sədəqə kimi, təki canı bu labirintdən xilas ola. Bu səssizlik içində kişi yenidən yeriməyə başladı, özü də qabağa getməyə başladı. O, ətraf sükutu atdığı addımların səsi ilə qorxutmaq istəmirdi. Fəqət indi onu skamyalarda əyləşmiş dilsiz-ağızsız manekenlər qorxutmurdu, nə də ki, qara budaqları ilə pərvazlanan ağacların iri budaqları diksindirirdi. Kişi gedirdi, nəfəsi tıncıxırdı. Ancaq o, yenə yol varıb irəliyə gedirdi. Qarşıda bilmirdi onu nə gözləyir, bəlkə heç onun gələcəyi də yoxdur.

Sürfə mərhələsi

Kişi dərindən nəfəs aldı. Gözlərini açdı. İşıq! Gözlərini yumdu! Gözlərini qırpdı. İnildədi. Başını çevirdi. Yenə də inilti. Dərindən nəfəs aldı. Başını qaldırdı. Kəskin olaraq başını balınca çırpdı. Ağzı sifətindən qopub bədəni ilə sürüşə-sürüşə döşəmənin üstünə düşdü, sonra da qapı arasından çıxıb yox oldu. Zil qara gecə. Yuxudan oyandı. Əlini bədənində gəzdirdi. Onun cismi, sanki cansız idi - statuetə oxşayırdı. Kişi insana daha az oxşamağa başlayırdı. Keçirdiyi iztirablar onu daha çox heyvana oxşadırdı. Vaxt elə bil fikir kimi idi. O, reallığı dərk etməyə başlamışdı. Artıq vaxt donmurdu. Acı gerçəklik və gördüyü yuxular onda qorxunu dəf edəcək bir güc yaratmışdı. Kişi başını qaldırıb bozumtul payız səmasına baxdı. Böyük xurma ağacının bir budağı səmanın bir hissəsini tuturdu. Birdən ağacdan bir xurma düşdü. Ağacda ayrı meyvə yox idi. Xurma dığırlanıb düz minarəsində aypara olan məbədə sarı getdi. O, sanki kişini də özüylə birgə məbədə aparmaq istədi. Kişi arxasına baxmayaraq xurmanın arxasınca getdi. Məbədin qapıları açıldı. Onun gördüyü bütün əzablar, eşitdiyi səsin müqabilində əridi, yoxa çıxdı. Məbədin açıq qapısından anasının səsini eşitdi. O, özünü yenidən uşaq kimi hiss etdi. Gülümsədi. Əlində, sanki plastilin statuetini hiss etdi. İnamla məbədin, sanki onun üçün açılmış qapısından içəri girdi. Bu məqamda o anladı ki, gələcək var. Onun gələcəyi var!..

 

Kamran Yusifzadə

Ədəbiyyat qəzeti.- 2019.- 16 noyabr. S. 2-3.