Xalq şairi Bəxtiyar Vahabzadənin
"Gülüstan" poeması necə çap olundu və
həbsdən necə xilas edildi?
Hörmətli
Azər Turan!
Sizə yollayacağım yazı xalq şairi Bəxtiyar
Vahabzadənin məşhur "Gülüstan"
poemasının ilk dəfə necə çap olunması
haqqındadır. Hadisənin canlı şahidi olan jurnalistin bu xatirə
yazısı ilk dəfə 60 il sonra
işıq üzü görür. Ədəbi cameə
üçün böyük maraq doğuracaq yazını "Ədəbiyyat
qəzeti" üçün xüsusi olaraq yollayıram.
Hörmətlə:
Tural ADIŞİRİN
AMEA-nın
əməkdaşı
Xalq şairi Bəxtiyar Vahabzadənin məhşur
"Gülüstan" poemasını paytaxt mətbuatı
çap etməkdən imtina etmişdi. Bəxtiyar
müəllim üzünü doğulub boya-başa
çatdığı Şəki torpağına tutdu. 1960-cı ilin payız ayları idi. O vaxt rayonda
çıxan "Nuxa fəhləsi" qəzetinə
İkinci Dünya müharibəsindən bir qolunu itirərək
qayıtmış əsl vətənpərvər, həqiqi
ziyalı Məhyəddin Abbasov rəhbərlik edirdi. Məhyəddin Abbasov 1945-ci ildən
ömrünün sonuna - 1974-cü ilə kimi qəzetin
baş redaktoru olmuşdur.
Müharibədən sonra yetişən
Şəki jurnalistlərinin hamısı, obrazlı desək,
məhz onun şinelindən çıxmışdır.
O vaxt mən - Telman Həmidli isə qəzetin ən gənc əməkdaşı
idim.
Redaksiyada
Teymur Xəlilov, Məmməd Çələbiyev,
Əbdülhəmid Həmidov, İbrahim Paşayev, Abuzər
və Ənvər Qasımov kimi təcrübəli jurnalistlər
çalışırdı. Sonradan bu
siyahıya Saat Əzizov, Nizami Nəbiyev, Ənvər
Mikayılzadə, Suğra xanım da əlavə olundu.
Daha sonralar redaksiyaya işə gəlmiş Rəhim Maqsudov,
Vaqif Salmanov, Bəşarət Süleymanov, Çingiz
Nağıyev, Bayram Mahmudov, Akif Salamovun ayağı o qədər
"yüngül" oldu ki, həm SSRİ, həm də
redaksiya dağıldı.
Oktyabrın 22-si Bəxtiyar Vahabzadə redaksiyaya gələrək
redaktor Məhyəddin Abbasovla görüşdü. Söhbət əsnasında
məlum oldu ki, Bəxtiyar müəllim yeni yazdığı
və mübahisəli olan "Gülüstan"
poemasını çap etdirmək istəyir. Bəxtiyar Vahabzadənin yanında "İpəkçi"
qəzetinin redaktoru Salis Məmmədov da vardı, o vaxt Salis
müəllim hələ tələbə idi. Yeri gəlmişkən, onu da qeyd edim ki, Salis müəllim
çox cəsarətli jurnalist idi. (Haşiyə
- Heydər Əliyev ordenini təsis etmək haqqında ilk təşəbbüsü
respublika mətbuatı arasında "İpəkçi"
qəzetində o qaldırmışdır.)
Məhyəddin Abbasov "Gülüstan"ı
çap etməyə razılaşdı. İndi əsas
məsələ qəzeti çap edib səssiz-küysüz
oxuculara çatdırmaq idi. Adətən,
qəzet mətbəədə gecələr çap olunurdu.
Bu dəfə isə Bəxtiyar Vahabzadənin təklifi
ilə gündüz çap etmək qərara alındı
ki, çap səhifələrini Bəxtiyar müəllim
özü tapıb düzəltsin və mətnin
orijinallığına tam arxayın olsun.
"Gülüstan" qəzetin 23 və 26 oktyabr tarixlərində
ilk dəfə belə nəşr edildi. İndi əsas iş
qəzeti pis gözlərdən kənar saxlayıb şəhər
oxucularına çatdırmaq idi.
Məhyəddin Abbasovun ürəyinə elə bil nəsə
dammışdı. Məni yanına çağırıb dedi:
-"Gülüstan" çap olunan qəzetin şriftlərini
mətbəədə dağıtdır, qəzeti isə səhərə
qədər etibarlı yerdə saxlamaq lazımdır ki, hələlik
kənar şəxslərin əlinə keçməsin. Bunun üçün ən etibarlı yer
fotolaboratoriyam olduğunu bildirdim. Razılaşdı.
Qəzetləri fotolaboratoriyadakı stolun gözlərinə
yerləşdirdik. Onsuz da qaranlıq olan laboratoriyanın
elektrik xəttini kəsdik. Döşəməyə
isə köhnə aşkarlayıcı (proyavitel) məhlulu
tökdük. Bu məhlul lax yumurta iyi verir
- nəfəs almaq olmur.
Məhyəddin
müəllimin ürəyinə daman
düz çıxdı. İş
gününün sonuna yaxın Dövlət Təhlükəsizlik
Komitəsinin 3 əməkdaşı redaksiyaya gəldi. Onlar "Gülüstan" poeması çap
olunmuş "Nuxa fəhləsi" qəzetinin nüsxələrini
müsadirə etməyə gəlmişdilər. Görünür, kimsə "Gülüstan"
poemasının çap olunacaq xəbərini ağzından
qaçırmışdı. Onlar mətbəə
və redaksiyanın bütün otaqlarını ələk-vələk
etdilər. Heç nə tapılmadı.
Növbə foto-laboratoriyaya çatanda rütbəcə digərlərindən
böyük olan polkovnik əmr etdi:
-
Açarı gətirin, fotolaboratoriyanın
qapısını açın.
Mən
qabağa durub dedim:
- Biz
laboratoriyanın qapısını bağlamırıq. O,
qapını açıb tez də örtdü və dedi: -
Bu nə iydir belə? Burda adam boğular
ki!
Onlar əliboş çıxıb getdilər.
Beləliklə, "Gülüstan" həbsdən
xilas edildi. Ertəsi gün poçt işçiləri gəlib
"Gülüstan" poeması çap olunmuş qəzeti
oxuculara payladılar.
Telman HƏMİDLİ
şair-jurnalist
Ədəbiyyat qəzeti.- 2019.- 16 noyabr. S. 3.