Onun
adı Gülşad...
Xalq
arasında tanınan aktrisa olmasına rəğmən, kafedra
müdiri olmasına rəğmən, professor olmasına rəğmən,
nənə olmasına rəğmən hələ də
uşaqdır, hələ də kuklalarla oynayası ərköyün
qızcığazdır, hələ də burnunu dik tutub
dünya ilə çiyni üstündən danışan,
sözləşən, höcətləşən orta məktəb
şagirdidir.
Gülşad
xanımla hər dəfə qarşılaşanda məndə
belə bir təəssürat formalaşır ki, sanki bu
qadın rəhmətlik əri, Azərbaycanın çox dəyərli
rejissoru Hüseynağa Atakişiyevin pencəyinin ətəyindən
yapışıb ayaqlarını yerə döyə-döyə
onu özündən uzaqlaşmağa qoymur; bunu bacarmayanda isə
inadkarcasına, bəzən
qışqıra-qışqıra, bəzən
ağlaya-ağlaya, bəzən də zarıya-zarıya bu
hünərmənd kişinin arxasınca düşüb
gedir, gedir, gedir və birdən donub məəttəl-məəttəl
dünyaya baxır ki, nə Hüseynağa var, nə də
pencəyi: hər şey ilğımdır. O zaman
Gülşad xanımın əlləri havadan asılı
qalır...
Pauza. Bitdimi? Yox.
Məhz
elə bu məqamda Gülşad xanım bir aktrisa kimi bu xəyali
görüntüyə yadlaşır və başlayır
özünə lağ edib gülməyə, gülüb,
gülüb qəşş etməyə, qəşş edib
xısın-xısın ağlamağa...
Ağlayanda
üzünü hamıdan kənara çevirir ki, görməsinlər
onu...
Görsələr
biləcəklər ki, bir qəbiristanlıq ölmüş
arzular dəfn edilib ürəyində...
Hərdən mənə elə gəlir ki, dərd onu
boğur. Amma cürət eləmirəm soruşum bu nə dərddir.
Qənbərdən
bərkdir, inci çiçəyindən zərif
Gülşad xanım: gözü-könlü toxdur, ləyaqət
sahibidir, daxilən möhkəm, mərdanə bir
qadındır; bu, onun gücüdür; zəifliyi öz
şəxsiyyətinə, istedadına gizli
vurğunluğundadır.
Gülşad
stixiya adamıdır, öz səhvlərini sevir;
düşünüb yaşamır, yaşayıb
düşünür: əvvəl
çılğınlıq eləyib hay-küy qoparır və
sonra fikirləşir ki, mən niyə belə elədim. Niyə belə elədiyini fikirləşdiyi anda
deyir, "əcəb elədim". Bunu ona dedirdən
sinirləridir: əsəbləri ucbatından Gülşad
xanım günün günorta çağındaca
alışıb yana bilər, kükrəyə
bilər, aləmi qatıb-qarışdıra bilər. Amma
bununla belə: o, əsəblərini yaxşı
"tanıyır", köhnə oyuncaqları kimi "əzizləyir"
onları: hətta hansının hansı yaşantıdan,
hansı xiffətdən, hansı söz yarasından, hansı
nisgildən cücərib sarmaşıq kimi canına
dolaşdığını əla xatırlayır.
Gülşadın
sinirlərinin bəstəkarı qürurudur: qüruru onun
boğazına ur kimi ilişib bu
aktrisanın nəfəsinin, danışığının,
rəftarının tempo-ritmini müəyyənləşdirir.
Bu tempo-ritm bəzən onun həyəcanını, heç
kimlə bölüşmək istəmədiyi
ağrılarını eyhamlaşdırır, bəzən də
davakarlığını, hikkəsini, bəzən də
hüdudsuz şadyanalıq içində yaşamaq
eşqini... Rusların teatr missioneri Mixail
Çexov əgər Gülşadın ifa manerasını
görmüş olsaydı, anındaca deyərdi ki, bu
aktrisanın bədəninin ağırlıq mərkəzi
boğazı ilə damağı arasında olan məsafədədir.
Həqiqətən, Gülşad xanım oynadığı
personajları boğazından çıxan səs və
intonasiyaların energetikasında daşıyır, sanki...
Çöhrəsi qəşəng, səmimi, sadə,
hiperaktiv birisidir; həmişə aktrisa Gülşad
rolundadır, peşəsini şəxsi həyatından, fərdiyyətindən
fərqləndirmir. Onun üçün səhnə ilə həyat
bir-birinə bitişib, şəbəkələşib.
Hər bir olaya, hər bir insana münasibəti Gülşad
xanımın simasında həməncə şəkillənir,
gözlərində görünür, mimikasından oxunur, yəni
bu qadın heç kimi aldatmır, heç nəyi yalandan
oynamır, kiminsə xoşuna gəlməkdən ötrü
özünü, üzünü, gülüşünü dəyişmir.
Əgər birini bəyənmirsə, birinin
davranışından, əqidəsindən, ədasından zəhləsi
gedirsə, onunla qarşılaşanda surətindən dərhal
"daş asılır". Yox, əgər
bəyənirsə, göz bəbəkləri, təbəssümü,
bütün varlığı məsum bir qızcığaz
kimi şüalanıb şəfəqlənir.
Qorxusuzdur: qəfildən qəhrəmancasına davranmağa,
bir Fitnə möcüzəsi göstərməyə, yəni
öküzü çiyninə alıb dama qaldırmağa,
doğru üçün, ədalət üçün, teatr
üçün oda atılmağa, düz sözü
birbaşa adamın sifətinə daş kimi
"çırpmağa" bir fərd kimi təbiətən
proqramlaşdırılıb. Təsadüfi
deyil ki, qadın rəfiqələri yoxdur; dostları
yalnız kişilərdir.
Çox
rollarını görməmişəm: mən
teatrşünaslığı oxuyanda Gülşad Şəki
şəhərində "teatr
çıxardırdı" Abbasov Vaqif, Atakişiyev
Hüseynağa, Novruzov Cahangirlə birgə, öz sənətçi
ruhunu tanımağa, kimliyini, istedadının
hüsnünü, aktyorluq qabiliyyətinin həddini, gündəlik
həyatda və teatrda nəyə nə qədər dözə
biləcəyinin hüdudlarını müəyyənləşdirməyə
çalışırdı. Onun Şəkidə
hansı rollar oynadığını, əlbəttə ki,
bilirəm, amma tədqiqat materiallarının
qıtlığı səbəbindən aktrisanın oyun
üslubunu, ifa plastikasını təsəvvürdə tam
aydın canlandırmaq mümkün olmur. İnformasiya
qırıqlarından düzəldilmiş mənzərə
isə onu daha çox xarakterlər ustası, amplua ("zirək
qadın", "dayə") aktrisası, səhnədə
milli koloritin təmsilçisi (xüsusilə, Mirzə Fətəli
komediyalarında) və epik teatr üçün səciyyəvi
ümumiləşdirmələrə meyillənən sənətçi
kimi təqdim edir.
Məhz
bu dönəmin Gülşadını macar dramaturgiyası
festivalının münsiflər heyəti qadın rolunun ən
yaxşı ifaçısı kimi ödülləndirmişdi;
məhz bu dönəmin çox cavan Gülşadını
Cülyettanın dayəsi rolunda görən əcnəbi bir
teatr tənqidçisi aktrisanın həqiqətən də
yaşlı bir qadın olduğunu güman etmişdi; məhz
bu dönəmin Gülşadını rus
teatrşünaslığının rəsmən
sayılıb-seçilən simalarından biri Mixail
Şvıdkoy "Şəki Teatrının heyranedici
ulduzu" adlandırmışdı və bica deyil ki, məhz
bu dönəmin Gülşadına 1982-ci ildə əməkdar
artist adı verilmişdi.
Onun üstündə, gör, kimlər, kimlər və
daha kimlər xalq artisti oldular.
Növbə heç cür Gülşada yetişmədi.
Mənsə onu Şəki Teatrından yox,
"Aktrisanın təbəssümü" (1974) sənədli
filmində oynadığı kiçik bir epizoddan
("Altı qızın biri pəri"
tamaşasının fraqmenti) tanımışdım. O da filmin çəkildiyi
tarixdən bir xeyli sonralar...
Həmin
filmin Gülşad epizodu: məktəbi təzəcə
bitirmiş əsl azərbaycanlı qızı özündənrazı
Naxış "ağ göyərçin köynəyi"ndə
qısa hörüklərini sinəsinə salladıb, mərci
boyda xırda sırğalarını qulaqlarına taxıb,
bir əli belində, çiynində səhəng bulağa
gedir nazlana-nazlana, ərköyün-ərköyün...
Kənd yolunda Naxış - Gülşad
qarşılaşır Nəsibə Zeynalovanın küpəgirən
Cəhrə qarısı ilə. Gülşad
şümşaddır, gilas ağacına bənzəyir,
daşıdığı səhəng kimi enerjilə doludur,
tarıma dayanıb, gərgindir, köksündə, sanki
odlanacaq barıt gəzdirir. Nəsibə xanımsa sərbəstdir,
öz ampluasındadır, kontakta girmir, görmək istəmir
Gülşadın gizli həyəcanını,
parıltılı badamı gözlərində
işıldayan qürurunu, hikkəsini, avtoritetlə bərabər
olmaq iddiasını və lütfkar davranışını:
yalnız özünün milli folklor koloritində
yaratdığı "qarı" maskasını Cəhrə
xalanın sosial statusuna uyğunlaşdırıb əla aktyor
texnikası nümayiş etdirir. Gülşadın
Naxışı isə tərs-tərs baxır Nəsibə
xanımın ara qatmaqdan, şeytanlıq
etməkdən, quru palçığı divara yaxmaqdan
zövq alan Cəhrəsinə... və bu qoca "ifritənin"
xasiyyətini düzəltməyin
mümkünsüzlüyünü görüncə əlini
bir az qədeşyana yellədib yoluna davam edir. Reaksiya
epizodun mahiyyətilə üst-üstə düşür,
lakin hiss olunur ki, Gülşadla Nəsibə bir-birinə
yaddırlar, müəyyən özgəlik məsafəsi
saxlayıb ünsiyyət imitasiyası ilə məşğuldurlar,
ifa maneralarına görə bir qədər aqressivdirlər.
Niyəsi də bu ki, hər iki aktrisanın xislətində
liderlik keyfiyyətləri, ekstrovert əlamətlər barizdir. Hər
hansı bir epizod və ya fraqmentdə iştirak edən
aktyorların eqosu aşırı dərəcədə
yüksələndə mərama, niyyətə, bədii
bütövlüyə mütləq xələl gəlir.
Gülşad xanım, hətta həyatda belə aktrisa
olmaqdan bıkmır, usanmır. Dəfələrlə
müşahidə eləmişəm o, gündəlik
ünsiyyətini də, adi söhbətini də, problemini də
öz monotamaşasına çevirməyi xoşlayır.
Sanki bütün sənət dünyasına bir daha
ismarış göndərmək istəyir ki, baxın,
görün, alqışlayın məni, Gülşadam mən,
mənəm çox yaxşı bir aktrisa, heç nədən,
quru yerdə improvizə köklənib özündən
tamaşa yaradan bir aktrisa, janrları virtuozcasına bir-birinə
"toxumaq" qabiliyyətinə malik bir aktrisa...
Yox, bu, heç də nərgizliyin, özünəvurğunluğun
təzahürü deyil. Bəs onda bu tərz davranış
hansı psixoloji motivlərdən qaynaqlanır? Məsələ bu ki, Gülşad xanım teatr və
kino aləmində özünü tam gerçəkləşdirə
bilməmiş, öz aktrisa şöhrətinin zirvəsini
yaşamamış, uğur şəfəqlərində
üzüyün brilyant qaşı kimi bərq
vurmamış, layiq olduğu tərifi almamış, eşitməmiş
bir səhnə ustadıdır. Amma bu,
Gülşad xanımın aktyor səriştəsinə, sənətçi
məharətinə qətiyyən kölgə salmır.
Sadəcə, Azərbaycanda teatr və kino
mühiti öz istedadlarını xoşbəxt edə bilmir.
Gülşad
xanım sintetik metodla iri planda işləməyi, personajın
xarakterindəki hər hansı bir cizgini qabartmağı, hətta
bu xüsusda qroteskdən, şişirtmədən
faydalanmağı, rəngləri
qatılaşdırmağı, bəzən şarj, bəzən
də karikatura məkanına adlamağı sevən
aktrisadır, yarımtonlar, üstüörtülü
sözlər, müəmmalı münasibətlər onu
darıxdırır, yorur, təngə gətirir. Nə qədər
qəribə səslənsə də, Gülşad
xanımın üz plastikasında (qaş, göz və
dodaqlar) qəmli Pyerodan nələrsə var. Hərçənd
bu qadında "kürən kloun" nişanələrini də
tapmaq mümkündür: əgər manejdə
çalışsaydı, mən ona "zənbur
arısı" ayamasını yaraşdırardım, onu
arılar kraliçası kimi geyindirib manejə ekssentrik kimi
buraxardım. Çünki bütün zərafətlərilə
birgə Gülşad xanım döyüşməyi, neştərləməyi,
sancmağı, sözü ürəyindən tikan kimi
çıxarıb başqasına batırmağı da
bacarır və fürsətini heç vaxt
qaçırmır, onu incidənə güzəştə
getmir, tənqidi pafosunu heç vədə azaltmır.
Bu qadına kimisə və ya nəyisə bəyəndirmək
çətin məsələ...
Kinorejissorlar əksərən Gülşad xanımdan
komediya filmlərində epizod aktrisası, epizodun energetik
nüvəsi və ya komediya vəziyyətinin funksiyası
kimi faydalanırlar. Nədən ki, aktrisanın
danışıq tərzində, səsində, tələffüz
manerasında komediya notları "fırlanır". Mənim
fikrimcə, onun mənfi personajları oynamaq potensialı da
böyükdür, əgər susarsa, əgər him-cimlə
danışarsa, əgər pıçıltıya keçərsə...
Lakin bütün hallarda Gülşadın təbəssümü
həmişə sədəf kimi parıldayır, onu qəşəngləşdirir,
səmimiləşdirir, bu insanın niyyət
xeyirxahlığını eyhamlaşdırır. Düzdür,
bu təbəssümün sədəfkimiliyi hərdən
neqativi pərdələyən maska da, mənfilik örpəyi
də sayıla bilər.
Söhbət
örpəkdən düşmüşkən, yaylıq da, kəlağayı
da, çarşab da Gülşadı elə gözəl, elə
xanım-xatın göstərir ki... Məsələ
heç də baş örtüyündə deyil, yaylıq,
örpək, çarşab, kəlağayı bəhanədir,
məsələ onlarla davranmaq səriştəsindədir.
Hərçənd,
fərq eləməz, onsuz da "Hər şey
yaxşılığa doğru" (1997)... Kino ustadı Vaqif
Mustafayevin çəkdiyi bu qısametrajlı filmin cəmi
15-16 saniyəlik bir epizodunda Gülşad xanım
Əbdülqəninin hamilə arvadı rolunda mükəmməl
bir şedevrə imza atır, qara paltarı, süst bədəni,
keyləşmiş Məryəm ana üzü ilə, inilti
içində təkrar-təkrar
pıçıldadığı "Əbdülqəni,
Əbdülqəni" kəlməsilə bir məmləkətin
mental, mənəvi-əxlaqi ənənəsində
böyümüş bir qadının yas mərasimi
üçün xarakterik tipoloji portretini yaradır, cənazə
arxasıyca gedərkən ağı minorunu qəfildən
şivən majoruna dəyişib, həyasızlığı
hüzn modusunda oynayıb kadr daxilində milli bomba kimi
partlayır və bu şivənin, bu qıyyanın xofundan, vəsvəsəsindən
Yaşar Nurinin Əbdülqənisi diksinib kəlləsini sink
tabuta tarappıltı ilə çırparaq fraqmentə
nöqtə qoyur. Gülşad isə bu nöqtəni
yenidən üç nöqtəyə çevirir. Bu dəfə,
əksinə, şivən majorundan ağı minoruna enib
yavaşdan Əbdülqəniyə xəbər göndərir:
"Papa gəlməyincə yerdən götürməyin"
və inildəyə-inildəyə qayıdır geri. Hüzn
izdihamında qadının ağı-şivən-inilti
missiyası tamamlandı, sosial rol oynanıldı, hamı
gördü ki, Əbdülqəninin yazıq zahı
arvadı necə qəm dəryasına batıb!
Bütöv
bir filmə bərabər bir epizod! Bir milləti Mirzə Cəlil
üslubunda, karnaval dilində danışa bilən,
çözə bilən bir fraqment! Gülşad
Baxşıyeva ilə Yaşar Nurinin tandemi isə
kinofantastika...
Cəmi
15-16 saniyə...
Bundan əvvəl də, bundan sonra da bir xeyli filmə
çəkilib Gülşad xanım. Yəni Gülşad Baxşıyeva
Azərbaycan sinematoqrafının tərcih etdiyi, peşəkarlığına
dəyər verdiyi bir aktrisa... Elə bir aktrisa
ki, davranış plastikası, çevik rəftarı,
reaksiyası, "diriliyi", energetikası, hiperaktivliyi
baxımından kino sənəti üçün müstəsna.
Amma buna rəğmən onun gözü həmişə Azərbaycan
səhnəsində...
Di gəl
ki, artıq bir xeyli müddətdir teatrdan kənardır
Gülşad xanım...
Şəkiylə xudahafizləşəndən sonra
Hüseynağa bir müddət baş rejissoru olduğu Milli
Dram Teatrının aktyor truppasına Gülşadı
götürmədi. Hüseynağa orada hakimi-mütləq deyildi ki, mən
onu günahlandırım! Hərçənd, Gülşad
Baxşıyeva həmin teatrın aktyor truppasının
yaraşığı ola bilərdi. Təəssüf ki, orada nə Hüseynağa
üçün susamışdılar, nə də
Gülşad üçün.
Hüseynağa
Gənclər Teatrının bədii rəhbəri olunca isə
Gülşad xanım Gənclər Teatrının səhnəsində
göründü: Hüseynağa burada öz övladlarının
anasına yox demədi: hərdənbir müəyyən
rolları ona tapşırdı. Amma nə acınacaqlı bir
hal ki, Gənclər Teatrı da Gülşadı heç bir
mənada xoşbəxt eləmədi: Hüseynağa öz
keçmiş arvadının gözü qarşısında
bir daha təzə eşqə mübtəla oldu.
Bu məqamda
köks ötürüb deyirlər ki, "ah, gidi
dünya"...
Bir insanın qəlbini neçə dəfə
qırmaq olar, yahu?
Gülşad nümunəvi dözüm sahibidir. Onun elə bir dəmir
dözümü var ki, əsəblərini hər gün səbr
kasasında "çimdirir", "soyudur", "təzədən
yerinə asır" və hər şeyi bir daha sıfırdan
başlamağa özünü razılaşdırır.
Rəsmən
çoxdan ayrılmışdılar: ayrı yaşasalar da,
ruhən bir-birlərinə həmişə bağlı
qaldılar. Gənclər Teatrı
qapadılınca Gülşad xanım da səhnəsiz,
teatrsız yaşamağa qismən alışdı. Düzdür, fasilələrlə bəzi
tamaşalarda oynadı, amma daha çox tələbələrilə
işləyib yaşadı. Mən
faktları söyləyirəm, ailə məsələlərinə
qarışmıram, heç kimi də qınamıram.
Bununla belə hesab eləyirəm ki, Gülşadın
aktrisa taleyində rejissor Hüseynağa Atakişiyev təkcə
pozitivdə deyil, həm də neqativdə mövqelənir. Gülşad xanımın
bir sənətçi kimi inkişafını məhz o ləngitdi,
məhz o yubatdı: çünki aktrisanın
yaradıcılıq perspektivlərini planlaşdırmaqdan
yayındı.
Hüseynağanın
Milli Dram Teatrında vəzifədən getməsindən tam 7 il ötüşüncə Gülşadı
ora aktrisa kimi dəvət elədilər, "Fərhad və
Şirin" tamaşasında Məryəm rolunu ona
tapşırdılar, ancaq, səd heyif ki, Gülşad
xanıma, hətta məşqləri belə, başa
vurmağa şərait yaratmadılar, aman vermədilər.
Üç
il sərasər Milli Dram Teatrının
truppasında rol üzü görməyən
Gülşadı axırı ki, ixtisara saldılar.
Niyəsi
mənə aydındır: çünki Gülşadın
adı anadan aktrisa doğulanlar sırasındadır.
Odur ki, Gülşadı qeyd-şərtsiz Gənc
Tamaşaçılar Teatrının truppasına
götürdülər, bu dəfə və tamaşalarda
aktrisadan aktiv şəkildə yararlanmağa başladılar. Mən onun bu
səhnədə oynadığı personajlar sırasında
bələdçi Arzunu xüsusi qeyd edərdim. Arzu Gülşadın səhnə rolları
siyahısında istisna idi, heç kimə bənzəmirdi və
bütün teatr ictimaiyyətinə aktrisanın imkanlar
amplitudasının genişliyini
görükdürürdü. Elçinin
eyniadlı romanı əsasında Gənc
Tamaşaçılar Teatrında hazırlanmış
"Ölüm hökmü" (2000) tamaşasında
Gülşad xanım mürəkkəb bir vəziyyətlə
qarşılaşmışdı.
48
yaşlı aktrisa Pavlik Morozov "şücaətini" təkrar
etmək istəyində bulunan, çeynənmiş həqiqətlərin
rəsmiyyətilə buxovlanmış əzbərçi və
kommunist şüarçılığının fanatı
10 yaşlı pioner Arzunu oynamalıydı ilk səhnələrdə,
sonra isə yüksək siyasi idealların, qəhrəmanlığın
ucalığından "dığırlanıb" həyatın
dibinə düşmüş, əyyaşlığa
yuvarlanmış qatar bələdçisi Arzunu... Burada artıq ruh, ovqat, psixika, yaşantılar və
bir-birini əvəzləyən refleksiyalar zənciri ön
plana keçirdi.
Aktrisa tamaşa müddətində insan mənəviyyatının
bir qütbündən o biri qütbünə
adlamalıydı, kardinal şəkildə
başqalaşmalıydı və bu zaman seyrçini hər
iki Arzunun həqiqətinə inandırmalıydı. Mən
"Ölüm hökmü"nə baxarkən bir də
gördüm ki, Gülşad xanım öz dərdini,
gileyini, sosial ağrısını çıxardıb səhnəyə,
öz qəhərini, öz arzularını "araq qədəhinə
süzüb personajı ilə birgə içir". Aktrisanın pioner Arzudan zəhləsi gedirdi, şəxsiyyəti
alçaldılmış bələdçi Arzuya isə
aşırı iltifatla yanaşırdı, onun tənha
qadın yaşantılarını özünə yaxın
buraxırdı. Tamaşada Gülşad
xanımın özü, nitqi, intonasiyaları epizoddan-epizoda kəskin
şəkildə dəyişirdi, pioner qızın direktiv rəsmi
leksikonu qatarda kupe-kupe gəzib çaypaylayan qadının
kobud danışıq manerası ilə əvəzlənirdi.
Pioner Arzuykən aktrisa, sanki içinə yığılırdı,
balacalaşırdı, sısqalaşırdı, jestlərini
sxematikləşdirirdi, qatar bələdçisi Arzuykən isə,
əksinə, elə bil böyüyürdü, kökəlirdi,
daşırdı, ətrafa dağılırdı, əyyaş,
yorğun ədalarını bütün səhnə məkanına
proyeksiya eləyirdi. Nəticə etibarı ilə
seyrçi səhnədə kommunizm kabuslarının mənən,
ruhən məhv etdiyi Arzunu - aldadılmış və təhqir
edilmiş bir nəslin taleyini - görürdü. Tamaşa boyunca aktrisa Gülşad Baxşıyeva
ayaqüstə alqışlanacaq bir səmimiyyət sərgiləyirdi.
Amma bu
uğur müqabilində Gülşadı Gənc Tamaşaçılar
Teatrında da çox saxlamadılar: məğrur, acıdil,
istedadına və özünə arxayın Gülşad
xanımı teatrın "primadonnaları" bəyənməmişdilər,
sevməmişdilər və bir özgəsi kimi ünsiyyətin
məhrəmlik zonasına buraxmamışdılar.
Gülşadı tamaşadan-tamaşaya təriflədikcə
truppanın bu xanıma qarşı aqressiyası
artırdı: onu heç cür "həzm edə bilmirdilər".
Üç
ilin tamamında baxmadılar ki, Gülşad
Hüseynağanın keçmiş arvadıdır,
baxmadılar ki, Gənc Tamaşaçılar Teatrının
repertuarında yeni tipli maraqlı rollar
ifaçısıdır, baxmadılar ki, zəngin teatr və
kino təcrübəsinə malikdir, baxmadılar ki, bu ərsiz
qadının pula ehtiyacı var, götürdülər, onu
ixtisara saldılar.
Niyəsi
mənə aydındır: çünki Gülşadın
adı anadan aktrisa doğulanlar sırasındadır.
Ona görə də Gülşad Baxşıyeva kimi
professional bir səhnə sənətçisinin bu və ya
digər teatrda ixtisara salınması Azərbaycan teatr tarixinə
və teatr ictimaiyyətinə başucalığı gətirməyən
bir faktdır.
Gülşad xanım yaşılı-qonur gözlərini
tez-tez süzdürür, dodaqlarını bir-birinə kip
sıxıb nazik qaşlarını "özündənrazılıq
melodiyasında" oynadır. Səciyyəvi mimikalardır aktrisa
üçün: xarakterin iç möhkəmliyini göstərir.
Gülşad xanım öz personajlarını sevir, ancaq
onlarla heç vədə eyni müstəvini paylaşmır:
personajlarını hər zaman ipli kuklalar kimi yuxarıdan idarə
edir.
Bu
kontekstdən yanaşanda həməncə
aydınlaşır ki, "Bəxt üzüyü" (1991)
filminin zavallı Sarası xarakter etibarı ilə üsyankar
Gülşad Baxşıyevadan qat-qat zəif idi, səthi idi,
melodram astanasında idi və Gülşad xanımın
ara-sıra sezilən ironiyasına tablamırdı. Ona görə
bu filmdə Gülşad xanım ortalama "əyyaşın
arvadı", "yazıq evdar qadın", "nisgilli
cavan ana" standartını ifa eləyirdi, heç nəyi
korlamadan, ansamblı pozmadan, Sara ilə özü
arasındakı özgələşmə məsafəsini
qoruya-qoruya ifa eləyirdi.
Bu filmdən sonra əksər rejissorlar özlərini əziyyətə
salmayıb məhz Gülşad xanımdan ana rollarının
peşəkar ifaçısı kimi faydalanmağa
üstünlük verirlər. Təbii ki, yaşla əlaqədar
bu, tam normaldır. Bir vaxtlar Ətayə
Əliyeva, sonralar Elmira Şabanova sürəkli çəkilərdi
ana rollarına, indi - Gülşad xanım. Odur ki, milli kinomuzda anaların hamısı, sanki
gilizdən çıxmış analardır, hamısı
eyni tiplidir, ştampdır, qəlibdir. Hərçənd
bunda aktrisalarımızın heç bir günahı yox.
Çünki əksər filmlərdə Ana rol
yox, funksiya olur.
Qəribədir, mən yenə də Gülşad
xanımı düşünərkən fikirləşirəm
ki, onun istedadı Şəki Teatrı boydadır. Şəki
Teatrı Gülşadın teatrıdır və o, bu
teatrı daim öz içində yaşadır. Nədən ki, aktrisanın, əgər belə demək
mümkünsə, biosu (faktura üstəgəl enerji, üstəgəl
sosial-kültürəl ənənə), yəni rola qədərki
haləti, başqa sözlə, aktyorluq xəmiri məhz Şəki
Teatrında yoğrulub, formatlaşdırılıb, təşkil
edilib. Müasir Azərbaycan
teatrının problemlərindən biri də budur ki, heç
bir rejissor artıq sənətdə öz imzası olan
aktyorları yenidən kəşf etmək, tamam fərqli bir
yöndə işlətmək əzmində bulunmur, onlardan
yalnız müəyyən işarələr kimi
faydalanır. Ona görə Azərbaycan
teatrının üzərində həmişə bir köhnəlik
pərdəsi var.
Mən
fikirləşirəm ki, Gülşad xanım Azərbaycan
teatrında əla Diana (Lope de Veqa "Nə yardan doyur, nə
əldən qoyur" komediyası) oynaya bilərdi vaxtilə...
Çünki hər addımı ilə
bağlı tərəddüd etmək onun xislətindədir.
Bir də ki əlində yelpik tutub oynatmaq çox
yaraşardı ona... Axı bir balaca ispan qadınları
tipajındadır: cavanlıqda öyrənsəydi, flamenkonu məharətlə
rəqs eləyərdi...
Vaxtilə
rejissor olsaydım, "Albalı bağı"
(A.P.Çexov) pyesini tamaşaya hazırlayarkən Şarlotta
roluna Gülşad xanımı dəvət edərdim...
Məncə,
onun timsalında bizim teatr bənzərsiz bir Xanuma qazanmaq
şansına malik olub vaxtilə...
Vaxtilə
rejissor olsaydım, Aristofanın "Lizistrata"
komediyasını məxsusi Gülşad xanıma görə
tamaşaya qoyardım...
Bir
şıltaq Katarina da görə bilərəm mən onda...
Amma
bütün bunların hamısı bir yana
dursun, Gülşad xanım qız nəvəsi Ləmandan
xoşbəxt-xoşbəxt danışanda deyir ki,
"çox qəşəngdir, Hüseynağanın rus
anasına oxşayır"...
Nəvəsi
xatirədir...
Bu
cümlə məni düşündürə-düşündürə
daha haralara aparıb çıxarmır ki...
Aydın Talıbzadə
şair-jurnalist
Ədəbiyyat qəzeti.- 2019.- 16 noyabr. S. 4-5.