Füzuli
inanır... (Esse)
Füzuli başdan-başa bir böyük paradoksun
içindədir. Bunun adına "Füzuli
paradoksu" deyə bilərik. Füzuli paradoksu
kəmiyyət baxımından qeyri-mütənasibdir. Paradoksun bir tərəfində şairin bütün
yaradıcılığı, digər tərəfində isə
cəmi bir misrası durur. O misra budur: Aldanma ki, şair
sözü, əlbəttə, yalandır. İki tərəf
- biri bütün yazılanlar, o biri - təkcə bir misra!
Bütün yazılanlardan bir ümumiləşdirici misra
seçib onların vahid "nümayəndəsi" kimi qəbul
etsək, o zaman qarşı-qarşıya bu misralar duracaq:
1) Daş
dələr ahim oxu
şəhdi-ləbin
şövqindən...
(2) Aldanma
ki, şair sözü,
əlbəttə,
yalandır.
Paradoksun mahiyyəti "yalan" və
"doğru" üzərindədir.
Əgər biz 2-ci misranın doğru olduğuna
inanırıqsa, o zaman bütün 1-ci tərəf yalan
olacaq. Doğrudan da, "ahın oxu ilə daş dəlinməz".
Yox, əgər biz birinci tərəfin
bütünlükdə doğru olduğuna (ahın oxunun
daş dəldiyinə) inanırıqsa, o zaman ikinci tərəf
yalan olacaq. Yəni şairin öz sözünə yalan deməsi,
faktiki olaraq, özünü yalançı elan etməsi yalan
olacaq. Biz bu tərəflərin ikisindən
birinə inana bilərik. Füzuli isə
onların hər ikisinə inanır. "Füzuli
paradoksu" Füzulinin sarsılmaz inamının hər iki
qütbünü ehtiva edir.
Füzuli bu qlobal qarşıdurma ilə kifayətlənirmi,
kifayətlənmir. O, hər qəzəlində, hətta hər beytində
belə öz yazdıqlarının "yalan" olduğuna
inanır. Amma Füzuli eyni zamanda
özünün o yeganə "üsyankar" misrasına,
bütün yazdıqlarının yalan olduğunu iddia edən
misrasına da inanır. Başqaları
şübhə edərdi, Füzuli inanır.
Füzulinin inamından yazmaq onun bütün
yaradıcılığından, hər beytindən, hər
misrasından yazmaq deməkdir. Amma bəzən
Füzulinin inamı onun qəhrəmanlarına - hökmən
Leyliyə, yaxud hökmən Məcnuna aid olmur.
Leyli öz ölümü ilə barışdıqdan
sonra Məcnunu da "tərki-aləm" eləməyə dəvət
edir. Anası ilə ona öz vəsiyyətini göndərir.
Bu vəsiyyət Məcnuna artıq sanki o biri
dünyadan gəlib çatır. Leyli Məcnuna xitabən
deyir:
...Gər
sadiq isən bu yolda sən həm
Səbr eyləmə, eylə tərki-aləm.
Gəl
kami-dil ilə olalım yar
Bir yerdə
ki, yoxdur onda əğyar...
Və nəhayət,
möhtəşəm sonluq! Bütün vəsiyyət boyu və
xüsusilə, sonluqda inamdan çox inamsızlıq, əminlikdən
çox şübhə var:
Məndən
səni eyləmək xəbərdar
Bismillah, əgər iradətin var.
Leyli öz dediklərinə inanırmı? Şübhəsiz,
inanır. Çünki buna Füzuli
inanır. Leyli nəyə inanır? Məcnunu öz arxasınca çağırmaq
haqqına. Əğyarsız aləmdə
yaşamaq imtiyazına. Azad və
şad-xürrəm olmasına.
Bəs Leyli Məcnunun onun arxasınca "səbr etməyəcəyinə"
və "tərki-aləm eləməyinə" necə,
buna da inanırmı? Buna Leyli inanmır. Çünki
Məcnunun belə bir iradə sahibi olmasına ümidi yoxdur.
İş burasındadır ki, Füzuli
özü də bu məqamda Məcnuna inanmır. Məcnunun "iradət" sahibi olmasına hər
ikisinin şübhəsi var. "Bismillah, əgər iradətin
var" - Bu, Leylinin şübhəsini açıq-aşkar
göstərir. Əslində, Leyli Məcnuna
"əgər iradətin varsa" deyir. "Vəsl
arzusu ilə verdi canın..." - bunu da Füzuli Leyli barəsində
deyir. "Arzusu ilə!" sözünü
işlədir. Arzu etmək hələ qəti
inam deyil. "Arzu" sözündə
istək, dilək, hətta tərəddüd, şübhə
çalarları var. Arzu daha çox ümiddir. Füzuli ona inanır ki, Leyli şübhə edir;
Leylinin ümidi var, amma Leylinin inamı yoxdur.
Və "xirədmənd" şair adından, yəni
Füzulinin öz adından bu hissənin sonunda yer
almış qəzəl Leyli kimi dünyadan köçənlərə,
sanki bir təsəlli amacı ilə deyilir. Şair "əsiri-nəfs"
olan "əhli-cahan"ın fəna qədrini bilməməsindən
gileylənir və bu hissin - dünyadakı nəfsdən azad
olma və fəna qədrini bilmə hissinin ancaq onun
özünə - Füzuliyə "müsəlləm"
olmasına (təsdiqlənməsinə, aidiyyatına)
inanır. Beləliklə, Füzuli
özü özünə inanır.
Əhli-nəfsdir
əhli-cahan, bilməz fəna qədrin
Füzuli, tərki-təcridi sənə ancaq müsəlləmdir.
Bu beytin içində Füzuli vardır. Bu beytin
içində Leyli vardır. Bəs bu beytin
içində Məcnun dəxi varmıdır?! O da var.
"Tərki-təcrid" adlı bu hiss dirilərdən ancaq
Füzuliyə "müsəlləmdirsə", "fəna
qədrini" fənaya uğrayanlar, o cümlədən,
Leyli əgər bilirsə, bəs Məcnunun payına nə
düşür?! Məcnun hələ ki bu beytdə
"əhli-nəfs"ə uymuş "əhli-cahan" tərkibindədir,
başqa yerdə deyil. Şair vaxtilə "Məndə
Məcnundan füsun aşiqlik istedadı var, Aşiqi-sadiq mənəm,
Məcnunun ancaq adı var" sözlərini nahaqdan deməmişdi...
Məcnun o zaman Məcnun olardı ki, o, Leylinin
ölüm xəbərini almamış "tərki aləm"
eyləmiş olaydı. Əsərin daxili ruhu, daxili məntiqi belə
deyir. Məcnun isə öz aləmində
olan üsyankar bir ruhdur, son dərəcə müstəqildir
və əslində, əsərin müəllifinə əməlli-başlı
müqavimət göstərən yeganə obrazdır. Məcnun, təbiri-caizsə, "materialın müqavimətidir".
Bunun üçün də o, hərdən əsərin
daxili ruhundan kənara çıxır, onunla
uyğunlaşmır. O, Leylinin ölüm xəbərini
alandan yalnız sonra (!) ah-naləyə başlayır. Və Füzuli məhz bu zaman ona inanmır. Hətta onun "az qaldı ki, naləsilə dildar
ol xabi-əcəldən ola bidar" deyərək çəkdiyi
əzab da şairə yetərli görünmür. Çünki xabi-əcəldən Leyli bidar olmur.
"Az qaldı" burada sonsuzluğa bərabərdir.
Və burada "əqli-huşunun getməsi"nə,
"naləsinin ərşə qalxması"na
baxmayaraq, Füzulinin Məcnuna hələ də
inamsızlığı Məcnunun Zeydə dediyi sözlərdə
öz əksini tapır. Zeyd Məcnuna Leylinin
ölüm xəbərini gətirmişdi. Məcnunun ona dedikləri bəs nədir?
Netdim sənə, qəsdi-canım etdin?
Qəsdi-dili-natəvanım etdin?
Belə
çıxmırmı ki, Məcnun can hayındadır?! Belə çıxır.
"Əhli-nəfs" hənirtisi gəlmirmi bu
misralardan? Gəlir.
Budurmu Məcnun?
Əgər həqiqətən də, onun "qəsdi-can"ına qıyılırsa, bu, Məcnunu nə
səbəbdən belə pərişan edir? Füzuli
burdamı nöqtəni qoymalıdır?! Canının,
könlünün əldən getməsinə "şərait
yaradan" Zeydə töhmət etməsi Məcnunu Leylinin
müqabilində hansı mərtəbəyə qoyur?! Füzuli onlardan hansına inanır? Leyliyəmi, yoxsa Məcnunamı?!
Füzuli Leyliyə inanır. Gorünür,
İntibah dövründə - həm Qərbdə həm də
Şərqdə eşq aləmində sevgili dildarın
arxasınca ölümə getmək kifayət deyil. Əsas olan budur - sən bu ölümə necə
gedirsən?
Füzuli Məcnunla bağlı öz əsərinə
bu şəkildə nöqtə qoya bilməzdi. Bəlkə də
o bunu istəmir. İnanmaq istəyir ki, istəmir.
O bilir. Bilir ki, çox vacib bir vəzifəsi
var. İndi o, Məcnunu xilas etməlidir. Məcnun
yenə də əsərin ruhuna girməli, fəna dünyaya
ləyaqətlə daxil olmalıdır.
Füzuli bunun üçün nə edir?!
... Məcnun Leylinin məzarı üstündədir.
Hətta burada belə, o, əsərin daxili
ruhundan çıxmağa hazırdır. Onun Leyliyə
ünvanlanmış sualı budur:
Həmrahım
idin bu yolda, ey mah,
Həmrahı qoyub gedərmi həmrah?!
Sualdakı
əhli-nəfsin kölgəsi yenə də az
qalır işığın qabağını tamamən kəssin.
Amma bir qədər sonra Leyli yox, Məcnunun
özü sanki yuxudan oyanır, ayaqları altında heç
bir dayaq hiss etmədiyinin fərqinə varır və yenidən
süjetə qayıdır, əsərin ruhuna daxil olur. Çünki Məcnunun başqa çarəsi
yoxdur. Füzuli ona onun gedə biləcəyi
heç bir yol qoymamışdır. Biz
nakam aşiqin əcələ müraciətində bunu
aydın şəkildə görürük. Məcnun əcələ
belə deyir:
Qurtar məni
iztirabi-qəmdən,
Ver müjdə vücudimə ədəmdən.
Rəf et nə isə arada hail,
Eylə məni ol nigara vasil.
Artıq Məcnunun əcəldən dilədiyi nəfsi-aləmdən
azad olmaqdır, bu dünyanın qəmini kədərini,
möhnətini atmaqdır. O, yenə də əsərin daxili
ruhunun içindədir. Sonrakı beytdə isə təkcə
içində olmaqla kifayətlənmir, o bu ruha qovuşur:
Təklifi-vüsal
edər mənə yar,
Bir xəlvətə
kim, yoxdur əğyar
Mən
getməmək eyləsəm xətadır...
Bu isə artıq Leylinin vəsiyyətinə birbaşa
cavabdır. Leyli o dünyada və Füzuli bu dünyada rahat nəfəs
alır. Məcnun yenə də
onlarınkıdır.
Yenə də Füzulinin inamı özünə
qayıdır.
Elə indicə Məcnun ilə Leyli ruhən
qovuşdular. Və Füzuli yenidən Məcnuna
inandı. Onun canını yenidən onun
özünə etibar etdi. Füzuli artıq əmindir
ki, Leylisiz can bu aləmdə Məcnuna gərək deyil:
Guya ki, əlində
idi canı
...Çün
qıldı nigar tərki-aləm
Bu aləmi tərk qıldı ol həm.
Tam oxşarlıq. Tam bənzərlik. Tam
birləşmə və qovuşma. Ruhların
təntənəsi. Leylinin vəsiyyətindəki
şübhənin tamamən yox olması və Məcnunun
"iradəti". Leyli inanmırdı.
Füzuli inandı. Əğyarlar olmayan məkanda
iki nakam aşiqin yer ala bilmə haqqına inanan yenə də
Füzuli oldu!
Başqaları çaşqınlıq içrə tərəddüd
eyləyərdi. Füzuli inanır.
Kamal Abdulla
Ədəbiyyat qəzeti.- 2019.- 16 noyabr. S. 6.