Ayrılıq

 

Bu axşam son dəfə görüşürük biz

 

Mən bu ayrılığın başına dönüm.

 

Ayrılıq olarmış bizdən də əziz,

 

Mən bu ayrılığın başına dönüm.

 

 

 

Sən idin ömrümə, könlümə sirdaş,

 

İndi ki, gedirsən, get yavaş-yavaş

 

Söyləyir əlvida gözdən axan yaş,

 

Mən bu ayrılığın başına dönüm.

 

 

 

Gözlədim yolunu uzun bir zaman,

 

Biz xoşbəxt olarıq eylədim güman.

 

Hər gün, hər dəqiqə, hər saat, hər an

 

Mən bu ayrılığın başına dönüm.

 

 

 

Dua

 

Bu gecə mən qaldım yuxusuz yenə,

 

Qəlbimə sığışmır kədərim, qəmim,

 

Qoy deyim dərdimi, İlahi, Sənə

 

Cəmi iki kəlmə sözüm var mənim.

 

 

 

Cəmi iki kəlmə Sənə var sözüm,

 

Çox ağır bir yükü aparıram mən.

 

Bu acı qismətə mən necə dözüm?

 

Əzablı yolumda mənimlə ol Sən.

 

 

 

İlahi, sən mənim səsimi dinlə,

 

Qəm yolun keçməyə qüvvə ver mənə.

 

Sonsuz bir kədərlə, sonsuz hüzn ilə

 

Açdım ürəyimi, buyurdum Sənə.

 

Hər yuxu nağıldı

 

 

 

Bir səhər oyandım şirin yuxudan,

 

Hər yuxu nağıldı, hər nağıl yalan.

 

Sanki var olmuşam öz xəyalımdan,

 

Hər yuxu nağıldı, hər nağıl yalan.

 

 

 

Yenə mən sənsizəm, hardasan ey yar?

 

Nə vaxtdır qoymusan məni intizar.

 

Təskinlik gətirmir şirin yuxular:

 

Hər yuxu nağıldı, hər nağıl yalan.

 

 

 

Bil ki, qəlbimdəsən hər saat, hər an

 

Bil ki, darıxmışam mən sənsiz yaman.

 

Yuxuda görəydim səni hər zaman...

 

Hər yuxu nağıldı, hər nağıl yalan.

 

 

 

Donan işıq

 

Sənin pəncərəndə donub bir işıq,

 

Nə yanır, nə sönür, eləcə donub.

 

Mənim ürəyimdə kədər qarışıq,

 

Şübhələr üst-üstə toz kimi qonub.

 

 

 

Deyəsən, baharım çevrilib qışa,

 

Xəyallar, arzular xəzantək soldu.

 

Döndü göz yaşlarım soyuq yağışa

 

Yenə otağıma tənhalıq doldu.

 

 

 

Bəlkə də işıqda yoxdur bir günah,

 

Bəlkə ürəyindir, sərt buza dönüb.

 

Sevgilim, sən yaşa Allaha pənah.

 

Mənimsə yaşamaq həvəsim sönüb.

 

 

 

Yağma, yağış, dərdlərimi oyatma

 

Yağma, yağış, dərdlərimi oyatma,

 

Mən onları yatızdırdım birtəhər.

 

Göydən mənə damla-damla qəm atma,

 

Qoy dincəlim barı bir gün, bir səhər.

 

 

 

Yağma, yağış, xırda-xırda ağlama,

 

Görmə rəva könlüm ola pərişan.

 

Yağma, yağış, məni oyaq saxlama,

 

Mən onsuz da yata bilməm bircə an.

 

 

 

Yağma, yağış, kövrəlirəm, doluram,

 

Hər bir damlan ürəyimdən süzülür.

 

Tək qalanda mən də yağış oluram,

 

Göz yaşlarım düzüm-düzüm düzülür.

 

 

İlahi, gəl məni məndən al apar

 

 İlahi, gəl məni məndən al apar,

 

Qoşulub mən Sənə qoy çıxıb-gedim.

 

Əzabdan sıxılan canımı qurtar,

 

Ağrılı-acılı ömrü tərk edim.

 

 

 

Həyatım əvvəldən bəllidir sənə,

 

Çox çətin bir tale, qismətim oldu.

 

Xoşbəxtlik payımı vermədin mənə

 

Ömrümün çiçəyi budaqda soldu.

 

 

 

Bir payız gecəsi gəl məni apar,

 

Dünyadan xəlvətcə biryolluq gedim.

 

Yarpaqlar eyləyir bir-bir intihar

 

Həyatı yarpaqtək mən də tərk edim.

 

 

 

Qorxuram

 

Qorxuram çağırsan eşitməyim mən,

 

Qulağım hər səsdə olsa da belə.

 

Yadıma düşəndə hər dəqiqə sən,

 

Gözümdən süzülür yaş gilə-gilə.

 

 

 

Qorxuram gözümdən qaçırdım səni,

 

Gözlərim yollarda qalsa da belə.

 

İzlərəm hər yoldan ötüb-keçəni,

 

Səndənsə bir nişan görünmür hələ.

 

 

 

Qorxuram bir zaman itirim səni,

 

Həmişə sevməyə söz versən belə.

 

Tərk etməz bilirəm sevən-sevəni,

 

Yenə də qorxuram mən bilə-bilə.

 

 

 

Sən gəlməsən

 

Sən qəmli olanda kövrəlirəm mən,

 

Yaz dönər payıza, gülüm, gülməsən.

 

Ayrılıq görünər saçımda dən-dən,

 

Saniyə bir əsrə dönər gəlməsən.

 

 

 

Olaram əl-qolu bağlı bir əsir,

 

Aylarım olar il, illərim əsr,

 

İndidən ürəyim həsrətdən əsir,

 

Saniyə bir əsrə dönər gəlməsən.

 

 

 

Çevrilər hər anım zülmətə sənsiz,

 

Sanaram düşmüşəm qürbətə sənsiz.

 

Bəlkə də dözmərəm həsrətə sənsiz,

 

Saniyə bir əsrə dönər gəlməsən.

 

 

 

Dünya dəyməz göz yaşına

 

Gözlərində gördüm kədər,

 

Kədərlisən, məncə, hədər.

 

Ağlamağın artıq yetər,

 

Dünya dəyməz göz yaşına.

 

 

 

Taleyimiz oldu acı,

 

Dərdimizin yox əlacı.

 

Yanağında donub damcı,

 

Dünya dəyməz göz yaşına.

 

 

 

Fələk bizi verdi yelə,

 

Göz yaşımız döndü selə.

 

Bəxti yazan yazıb belə,

 

Dünya dəyməz göz yaşına.

 

 

 

Bulud kimi ürək doldu,

 

Payız kimi ömür soldu.

 

Keçən-keçdi, olan-oldu,

 

Dünya dəyməz göz yaşına.

 

 

 

Hər bir budaq açır çiçək

 

Saplaq-saplaq, ləçək-ləçək,

 

Bahar gəlir, sevir ürək

 

Dünya dəyməz göz yaşına.

 

 

Nailə Şahverdi

Ədəbiyyat qəzeti.- 2019.- 16 noyabr. S. 8-9.