Professor
Teymur Əhmədova açıq məktub
Hörmətli
Teymur müəllim, görkəmli ədəbiyyatşünas
kimi fəaliyyətiniz elm aləmində yüksək qiymətləndirilir.
Müstəsna xidmətlər göstərirsiniz. Təmənnasız
gördüyünüz işi fədakarlıq, bəlkə də
qəhrəmanlıq adlandırmaq olar. Mən mütəmadi
olaraq çap etdirdiyiniz "Füyuzat" məcmuəsini,
xüsusən də "Azərbaycan
yazıçıları (XX-XXI yüzillikdə)"
ensiklopedik məlumat kitabını nəzərdə tuturam. Səmimiyyətimə
inanın, bu kitabı əlimə alanda saatlarla ondan ayrıla
bilmirəm. Dünyasını dəyişmiş nə qədər
dost-tanışla, sanki təmasda oluram. Yaddaşı vərəqləyirəm,
nələr, nələr yada gəlmir. Xüsusən də
qayğımı çəkən Rəsul Rza, Abbas Zamanov,
Qasım Qasımzadə, Yaşar Qarayevlə söhbətləşirəm. Acılı-şirinli günləri
yada salıram. Bu kitabı vərəqləyəndə
aldığım təəssüratı heç bir kitabdan
ala bilmirəm. Bu möhtəşəm əsər
yazıçı və şairlərimizin həyatı və
yaradıcılığı barədə mükəmməl
bilik mənbəyidir.
Hörmətli
Teymur müəllim!
"Nəsimi:
edamdan sonrakı həyat" kitabımın bir fəsli
"Nəsimi obrazı musiqi, incəsənət və bədii
ədəbiyyatda" adlanır. Material toplayanda təsadüf
etdim ki, epik şeirdə ilk dəfə Nəsiminin bədii
obrazını yaradan istedadlı rus şairi və tərcüməçisi
Sergey İvanov olmuşdur. Şair "İmadəddin Nəsimi"
poemasını 1940-cı ildə yazmış və ilk olaraq
qüdrətli şairimizi rusdilli oxuculara təqdim etmişdir.
Sevimli
şairimiz Səməd Vurğun 1943-cü ildə Sergey
İvanovun Bakıda çap olunan "Seçilmiş əsərləri"nə
yazdığı müqəddimədə şairin Nəsimi
haqqında poemasını yüksək qiymətləndirmişdir:
"İvanovu XIV əsrin sonunda və XV əsrin əvvəllərində
yaşayıb-yaratmış Azərbaycan şairi Nəsiminin
facianə taleyi cəlb etmiş və həyəcana gətirmişdir...
Sergey İvanov Nəsiminin taleyini düzgün başa
düşmüş və lazımi boyalar tapa bilmişdir.
İvanov buna Azərbaycan şeirini və tarixini yorulmaq bilmədən,
böyük səylə öyrənmək sayəsində
nail olmuşdur. Poemada istifadə olunan dil vasitələri,
strofika tərkibləri və sairlər tamamilə yerindədir.
Bütün poema böyük bədii təsir qüvvəsinə
malikdir. (Bax: Sergey İvanov. Seçilmiş əsərləri.
Redaktoru və ön sözün müəllifi Səməd
Vurğundur. Bakı, 1943; Səməd Vurğun. Əsərləri,
V cild. Bakı, "Elm", 1972, səh. 285).
Bu
İvanov kimdir? - deyə soruşanlara deyirəm: - Gedin prof.
Teymur Əhmədovun "Azərbaycan
yazıçıları (XX-XXI yüzillikdə)"
ensiklopedik məlumat kitabını oxuyun. Boş
vaxtınız olanda, istirahət edəndə o kitabı vərəqləyin.
İnanın ki, bir anda yorğunluğunuz çıxacaq,
yaddaşınız sizi əl çatmaz, ün yetməz illərinizə
aparacaq.
O ki
qaldı Sergey İvanovla bağlı suala, mən Teymur müəllimin
kitabından öyrəndim ki, o, 1915-ci ildə Volqa boyunda anadan
olmuş, Bakıda 21 saylı Bakı şəhər orta məktəbinin
9-cu sinfini bitirdikdən sonra (1931) Volqa boyuna -
dayısının yanına getmiş, kitabxanada işləmiş,
1934-cü ildə Bakıya anasının yanına
qayıtmışdır. "Bakinskiy raboçiy" qəzetində
ədəbi işçi vəzifəsində işləmişdir.
Sonralar "Literaturnıy Azerbaydjan" jurnalının məsul
katibi vəzifəsində çalışmışdır.
Nizaminin
poemalarından, "Koroğlu"dan rus dilinə tərcümələri
rəğbətlə qarşılanmışdır.
Şairin
"İmadəddin Nəsimi" poeması 1973-cü ildə
"Azərnəşr" tərəfindən rusca çap
olunmuşdur. Bir neçə şeir kitabı vardır.
Təəssüf
ki, Azərbaycan Yazıçılar Birliyi Rəyasət Heyətinin
üzvü Sergey İvanov İkinci Dünya müharibəsinin
elə ilk ili - 1941-ci ildə Rosta
yaxınlığındakı döyüşlərdə qəhrəmancasına
həlak olmuşdur. (Bax: Azərbaycan
yazıçıları XX-XXI yüzillikdə. Ensiklopedik məlumat
kitabı. Bakı, "Nurlar", 2011, səh. 826-827).
Əzizim
Teymur müəllim!
Bu məktubu
sizə ünvanlamaqda bir məramım da var. Məlumdur ki,
xalqımızın böyük bir qismi İraqda toplu halda,
folklorumuzu, ədəbiyyatımızı, adət-ənənəmizi,
tariximizi yaşadırlar. İraq türkmanlarından Əta Tərzibaşı
və Əbdüllətif Bəndəroğlu Azərbaycan
Sovet Ensiklopediyasına daxil ediliblər. Əbdüllətif Bəndəroğlu
və Nəsrin Ərbil barədə sizin kitabınızda
oçerklər verilib. İnanın ki, bu, İraqda hadisə
kimi qarşılandı.
Ədəbi
əlaqələrimiz get-gedə genişlənir. 2017-ci ildə
Anar müəllimin təklifi ilə mən
Yazıçılar Birliyində İraq Türkman Ədəbiyyatı
üzrə müşavir təyin olundum. Bu, ədəbi əlaqələrimizə
təşkilati status qazandırdı və çeşidli tədbirlərin
həyata keçirilməsinə mənəvi stimul
yaratdı. İndi İraq Türkman şairlərindən
Əta Tərzibaşı, Əbdüllətif Bəndəroğlu,
Mustafa Ziya, Fövzü Əkrəm, Şəmsəddin
Küzəçi, Məhəmməd Bayat, Mövlud Tala
Qayaçı, Nicat Kövsəroğlu, Aydın Kərkük,
Faruk Köprülü, Əsəd Ərbil, Rza
Çolakoğlu Azərbaycan Yazıçılar Birliyinin fəxri
üzvləridir. "İraq Türkman poeziya
antologiyası"nın 1-ci (2019) və çapda olan 2-ci
cildində yazmışam ki, "Azərbaycan
yazıçıları (XX-XXI yüzillikdə)"
ensiklopedik məlumat kitabı yenidən nəşr olunanda onların
həyat və yaradıcılıqlarına dair oçerklər
veriləcək. Onlar intizarla məndən şad xəbər
gözləyirlər.
Hörmətli
Teymur müəllim, sizə ad-san və nüfuz qazandıran
kitabınızın sonuncu nəşrindən (2011) səkkiz
il keçib. Yazıçılar Birliyinə neçə-neçə
yazıçı, şair və ədəbiyyatşünas
üzv seçilib, yeni-yeni imzalar özünü təsdiqləyib.
Möhtəşəm "Azərbaycan
yazıçıları (XX-XXI yüzillikdə)"
ensiklopedik məlumat kitabınızın yeni nəşrini
onlarca qələm sahibi intizarla gözləyir. Onları
intizarda qoymayın.
Hörmət
və ehtiramla:
Qəzənfər PAŞAYEV
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 9.