Ənvər
Rzanı xatırlayarkən
Xəzan vaxtı bahar bilin Ənvəri
, dağ çayıyam, çağlamağa gəlmişəm.
Unudulmaz müəllimlərimdən
biri Ənvər Rzanı xatırlayarkən ağlıma gələn
elə ilk fikir də onun bu gözəl misralarıyla
bağlıdır. Mən onu təkcə payızda yox, hər
fəsildə bahar kimi xatırlayıram; onun əzabkeş
müəllimlik zəhməti (həm də nəcabəti!) mənim
gəncliyimin kövrək çağlarına da sığal
çəkib; deyim ki, bu sığal bir cavan atanın (Ənvər
müəllim özü də cavan idi!) "sözəbaxan"
tələbə oğluna olan sevgisinə bənzəyirdi.
Özü də necə! Mən bu sevginin bütün istisini
və hərarətini indi də hiss edir və duyuram; o sevgini
müəllimimin vaxtsız ölümündən sonrakı
dövrdə də - gah yüksələn, gah enən, gah da kəskin
paradokslar və ziddiyyətlərlə dolu həyatımın
bütün dönəmlərində də şəfqətlə
xatırlamışam. Yaxşı adam və müəllim,
peşəkar tərcüməçi və gözəl
şair olmağın əsl nümunəsini görmək
ümidiylə yaşamışam hər zaman;
düşünmüşəm ki, Ənvər Rza ruhuna, xislətinə,
hikmətinə, qarayanız simasına, təbii təbəssümünə,
nəhayət, onun müdrik müəllim obrazına yenə
rast gələcəyəm; yenə onun kimi müəllimlərimiz
olacaq, yenə onun kimi tərcüməçilərimiz, onun
kimi incədən incə şairlərimiz, onun kimi təmənna
güdməyən xeyirxahlarımız olacaq... Amma yox, ikinci
bir Ənvər Rzadan olmayacaq, olsa da ona bənzəməz, onun
yerişini yeriyə bilməz. Ənvər Rza kimi müəllimin
qoyub getdiyi mənəvi-əxlaqi irs və işıqlı
xatirə yalnız onun özünə məxsus olsa da,
ötürücüdür, yaşarıdır, uzunömürlüdür.
İbrətli ömür yolunun bənzərsizliyi də bəlkə
elə bundadır. Bu yolu Ənvər Rzadan başqa heç
kim gedə bilməzdi - uzunluğu, ya da qısalığı
fərq eləməz!
Ənvər
müəllimlə ilk tanışlığım çox
yaxşı yadımdadır: 3 sentyabr 1975-ci il. Xarici Dillər
İnstitutunun ingilis dili fakültəsi. 3-cü mərtəbə,
"Bilik" qəzetinin redaksiyası. Qəzetin redaktoru
qayğıkeş dostum və müəllimim Zeydulla Ağayev
məni qapıda görən kimi dərhal içəri
çağırdı. Yanında qarayanız, güləş
simalı, qıvrımsaçlı bir kişi də
oturmuşdu, qabağındakı portfelindən nəsə
axtarırdı.
-
Ənvər müəllim, sizi gözəl bir oğlanla
tanış etmək istəyirəm, üç gündür
tələbədi, artıq bizim müəllifdi...
Ənvər
müəllimin qara gözləri güldü, soruşdu:
-
Oğlum, neçənci qrupsan?
-
141-ci...
- Nə
yaxşı! Mən sizə dərs deyəcəm...
Sonrasını
dəqiq xatırlamıram, bircə bu yadımdadı ki,
redaksiyadan çıxanda arzuolunan elçisi gələn
qız kimi uçurdum. Kimi görsəydim, kim rastıma
çıxsaydı, o sevinci dərhal bölüşəcəkdim;
mənə elə bir ruh vermişdilər ki, onu heç kim
öldürə bilməzdi. O ruh hələ də mənimlədir,
qol-boyun olub bu gün də yavaş-yavaş yol gedirik.
Nədənsə,
insan yaxşı müəllimlərini daha çox
xatırlayır. Burda bir hikmət də var: bəzən
qayğısızlığa bürünən və
küskün qaldığın çağların, bəzən
də qoltuğunda yumurta bişən dəliqanlı
anların olur həyatda - belə vaxtlarda əsl qayğı və
səmimiyyət gördüyün insanlarla, müəllimlərlə
dostcasına təmas quranda, onların müdrikanə məsləhətlərini
eşidəndə ruhlanırsan, həyat eşqin, öyrənmək
və yaratmaq həvəsin artır, ümidlərin,
arzuların, gələcək xəyalların qol-qanad
açır, bir sözlə, həyatla qucaqlaşıb
barışırsan. Bu barışı sənin taleyinə
sevgiylə, səxavət dolu bir ürəklə yazan
adamları unutmaq mümkündürmü?!
Ənvər
müəllimlə bağlı çoxlu xatirələrim
var, onlardan bir neçəsini mətbuat və televiziya vasitəsilə
söyləmişəm. Mənə bədii tərcümənin
texniki və nəzəri imkanlarının bir çox incəliklərini
Ənvər Rza öyrədib. Azərbaycan ədəbiyyatında
bədii tərcümə sahəsində onun xidmətləri
çox olub və qeyd edim ki, o, Azərbaycanda ilk tərcüməçilərdən
biridir ki, həm ingiliscədən azərbaycancaya, həm də
Azərbaycan dilindən ingiliscəyə bədii əsərlər
çevirirdi. Onun həm də gözəl redaktorluq
bacarığı vardı. Bir dəfə Bayrondan etdiyim
"Ayrılanda biz" şeirinin tərcüməsini ona
oxumağa vermişdim. Məni çağırıb əlyazmanı
qaytardı, dedi:
- Get
"Azərbaycan müəllimi" qəzetinə, orda
müavin var, Məhyəddin Abdulov, verərsən ona,
çap edəcək...
Baxdım
ki, əlyazmada qırmızı qələmlə redaktələr
edib (çox gözəl redaktələr idi!), altdan da Məhyəddin
müəllimə müraciətlə yazmışdı ki, bəs,
mənim tələbəmdir, istedadlıdır, gələcəyi
var, çap elə və s... Getdim redaksiyaya, Məhyəddin
müəllimə verdim yazını və... doğrudan da
"Ayrılanda biz" növbəti sayda çap olundu. O
zamanlar çap olunmaq indiki kimi asan deyildi...
Ənvər
müəllim çox uzaqgörən adam idi. Hələ
1976-cı il idi. Yadımdadır ki, Amerika ədəbiyyatından
bir hekayə tərcümə eləmişdim, adı da beləydi:
"Dreyki öldürə bilməzlər!". Hekayənin
müəllifi Uilyam Saroyan idi. Ənvər müəllimə
vermişdim ki, baxsın. Səhəri gün məni yanına
çağırıb dedi:
- Tərcümə
yaxşıdır, amma müəllifi ermənidir... Adam
tapmadın tərcümə eləməyə? Sən
Heminqueyi, Edqar Ponu, Drayzeri, Qolsuorsini, Oskar Uayldı... qoymusan,
Saroyandan niyə yapışmısan?..
O bu
sözləri gülərüzlə və elə şirin tonda
dedi ki, heç ruhum incimədi; mən elə o gündən tərcümə
edəcəyim müəlliflərə qarşı çox
diqqətli olmağa başladım. Düşünürəm
ki, bu gün tərcümə sahəsində az-çox nə
qazanmışamsa, Ənvər Rza kimi azsaylı müəllimlərimin
müdrikliyi və öyrətdikləri hesabına
mümkün olub.
Ənvər
müəllim tərcümə nəzəriyyəsini də
yaxşı bilirdi. Deyirdi ki, istedad, təcrübə,
dünyagörüşlə yanaşı, gərək nəzəri
biliklərin də ola. Hələ o zamanlar tərcümə
olunan əsərlərdə məhz sonuncu amil ucbatından
çoxlu qüsurlar vardı. O, mühazirələrində
tutarlı misallar gətirərdi, söz və söz birləşmələrinin,
idiom və ifadələrin məna çalarlarının
düzgün çatdırılmasını dönə-dönə
tövsiyə edərdi. Ənvər müəllim deyirdi ki, bu
sahə əzablı və çətin sahədir, problemləri
çoxdur; dillər dünyaya müxtəlif gözlə
"baxır", öz daşıyıcılarını
müxtəlif cür formalaşdırırlar. Tərcüməçi
bilməlidir ki, bizim ekvivalent kimi qəbul etdiyimiz sözlər
müxtəlif xalqların leksikonunda müxtəlif təsəvvür,
müxtəlif assosiasiyalar yaradır. Misal üçün, hər
bir dildə "ev" - yaşayış məskəni mənasını
verən söz var. Lakin onun xarici görkəmi, daxili
quruluşu barədə təsəvvürlər müxtəlifdir;
istər ingilisin, istər uzaq Afrika cəngəlliklərində
yaşayan tayfaların, istərsə də amerikalının
təsəvvüründə "ev" anlayışı
müxtəlif assosiasiyalar doğurur... Tərcümənin ən
çətin növü də elə bədii tərcümədir.
Şairlik, yazıçılıq, ya da publisistika ilə məşğul
olmaq üçün diplom lazım deyil, bunlar insanın qəlbi,
duyğuları, istedadı, zəhməti, düşüncə
və fikirləri, dünyaya münasibəti, vərdişləri...
və s. məsələlərlə bağlıdır. Tərcümə
də qədim sənət növüdür, burda nəzəri
biliyin yoxdursa, mükəmməl ola bilməzsən...
Ənvər
müəllim bütöv bir məktəb idi. Bu məktəbdən
qidalandığım üçün mən də qürur
duyuram. Əlbəttə, bu gün tərcümə ədəbiyyatı,
elm, incəsənət, əslində, bütün fəaliyyət
sahələri yeni texnologiyalar əsrinin girovudur, daha yumşaq
desək, internet dövrünün oyun tələblərinə
cavab verməyə çalışırlar. Tərcümə
də sözün əsl mənasında bu oyundan kənarda
qala bilmir. Bu reallıq sürətli addımlarla irəliləyir,
həyatımızda, məişətimizdə, evimizin
içində özünə isti yer edir. Amma mənə elə gəlir ki, əsl
tərcümə kompüterlə edilən tərcümədən
sənət baxımından çox-çox fərqlənir.
Kompüterlə, ya da elə robot texnikasıyla edilən tərcümə
heç vaxt klassik üsulla edilən tərcüməyə
çata bilməz. Sağ olsaydı, məncə, Ənvər
Rza da belə deyərdi...
Hər
xalqın müdrik insanları, işıqlı zəka
adamları olur - əslində, onlar seçilmiş
adamlardır, onların milli mənsubiyyətləri də
olmur. Belə adamlar insanlığı naqislikdən, mənəviyyatsızlıqdan
xilas etmək naminə yaşayıb-yaradırlar. Bəzən
biz onları lazımi səviyyədə dəyərləndirə
və qiymətləndirə bilmirik. Aramızdan vaxtsız
getmiş belə şəxsiyyətlərimizdən biridir
Ənvər Rza; düşünürəm ki, ona da
seçilmiş şəxsiyyət, mütərcim və
şair kimi baxmalıyıq. Çox istərdim ki, belə
insanlarımız yubileydən-yubileyə yox,
vaxtaşırı xatırlansın, onların xidmətləri
və əməlləri daha yaxşı
işıqlandırılsın.
Ənvər
Rzanın ruhuna sevgiylə,
Bakı,
5 noyabr 2019-cu il
Kamran Nəzirli
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 11.