Bəxtiyar
Aslanın modern hekayəçiliyinə Azərbaycan ədəbiyyatı
kontekstindən baxış
"Bəxtiyar
Aslanın hekayəçiliyi" deyəndə, mənim tərəfimdən
bir qədər qeyri-təvazökar səslənir.
"Üç əqrəb zamanı" (Bakı,
aybKitab-"Mütərcim", 2019) - tanınmış
türk yazarının ilk tanış olduğum
kitabıdır. Bu məsələyə də kitabın
yaratdığı imkanlardan baxmağa çalışacağam.
Kitabı
bizə tanıdanlara, tərcüməçilərinə, tərcüməni
və çapını təşkil edənlərə (Layihənin
rəhbəri: Xəyal Rza, tərtib edəni və ön
sözün müəllifi: Təranə Vahid, korrektor: Təhminə
Vəliyeva), müzakirəyə çıxaran akademik İsa
Həbibbəyliyə təşəkkürlərimi bildirirəm.
Ki, çağdaş ədəbiyyatımız kontekstindən
bu hadisəni dəyərləndirməmizə rəvac verir.
Ən
böyük razılığımızı isə, təbii,
Bəxtiyar Aslana ifadə etməliyik ki, mətnləri ilə
bizim yazıçıları maraqlandıra bilib. Həm də
bir deyil, bir neçə yazıçını mətnləri
ətrafına yığa bilib: Eyvaz Zeynalov, Təranə
Vahid, Aslan Quliyev, Narıngül, İbrahim İlyaslı,
Aygün Yaşar, Cavid Qədir - deyim ki, son ikisini
çıxmaqla, bizdə tanınmış imzalardır, hər
birisinin də öz yazı tərzləri var. Amma
maraqlıdır ki, tərcümələrdə elə bir fərqlilik
hiss olunmur; kitab Azərbaycan dilində, - necə ki, tələb
olunur, - bir ruhun ifadəsi kimi hasilə gələ bilib və
güman ki, burada mətnlərin aurası, Bəxtiyar Aslan
hekayəçiliyinin yekrəng ahəngi təsirini göstərib,
sözünü deyibdir. Həm də diqqət yetirsəz, Bəxtiyar
Aslan hekayəsinin poetikası tərcümə
üçün heç də rahat deyildir; kitaba Önsöz
yazmış Təranə Vahidə güvənsək:
"Onun yaradıcılığında romantizm və
sürrealizm birləşərək sirli bir aləm
yaradır..."
Bu
yerdə yəqin ki, artıq "Azərbaycan ədəbiyyatı
kontekstindən baxış"a adlamış oluruq. Adı
çəkilən Azərbaycan yazarlarının da hər
birinin yazılarında modern problematika, insan içinin
növbənöv təzahür və müşkülləri
aktualdır, amma bir qayda olaraq yazıçılarımız
bu məqamları realizm estetikası zəminində
çözməyə və səbəbləri gerçək
dünyada aramaqda davam edirlər. Mənə elə gəlir
ki, Bəxtiyar Aslanın modern hekayələri onu çevirən
yazarları da və bütünlükdə kitab, oxucuları
da bu istiqamətdə düşündürəcəkdir:
modern insan problematikası ifadəsi və estetikasını da
modern istəyir...
Yuxarıda,
Təranə xanımdan sitatda "güvənsək" deyə
bir şərt məqamını vurğuladım. Şəxsən
mən Bəxtiyar Aslan hekayəçiliyində "romantizm və
sürrealizm" qatışığı görmürəm;
sürrealizm - bəli, mətnlərində gizləməyib bu
texnikanı müəllif bəzən özü də oxucuya
xəbər verir: "Nə qəribə, nə qorxunc bir
sevgilisən sən!". Nə qəribə, nə qorxunc bir
yazaram mən... qəlbimin sahibi olmayacağını neçə
dəfə söylədim sənə. Hərflər
ağzımdan dalbadal, böyük bir sürətlə
töküldükcə - haydı sürrealist bir şey olsun
- səhranın üstündə duran əqrəb fiqurlu metal
küllüyün mənası bir təklif olaraq görünən
tək şey olduğunu sənə neçə kərə
söylədiyimi xatırlamıram belə. Arıqovan kimi.
Ard-arda girib-çıxan arı kəlmələr. Bu qədər
çoxmu danışırıq?" ("Üç əqrəb
zamanı") Amma "romantizm" ruhu - yox; idealların,
romantik sevdaların qurtardığı, romantik qanadların
qırıldığı yerlərdə gəzişir, gəzinir,
düşünür bu mətnlər... Həmən romantizm
qatışığı var, məsələn, adını
çəkdiyimiz Aslan Quliyevin nəsrində, gerçəklərlə
üzləşəndə məhz romantik qanadlar taxıb
sürreal fantaziyalara meydan verir. Romantizm həvəsi və
havası var Təranə Vahidin hekayələrində,
darıxdrıcı reallıqlardan nəsə uydurub yaxa
qurtarmaq cəhdlərində. Bəxtiyar Aslanın təhkiyə
zəmini heç də bu duyğu və düşüncələrdən
ilham almır...
Hər
bir ciddi tərcümə ədəbiyyatının ölkənin
çağdaş ədəbi prosesində yeri, təsirləri,
təkanları və önəmi var. Müstəqillik illərində
dünya ədəbiyyatından geniş tərcümələrə
ehtiyacımız var; çoxsaylı nəşriyyatlarımızın
bu istiqamətdə çoxsaylı tərcümə məmulatlarının
informasiya və maarifçilik niyyətini gözardına
almadan, zaman-zaman ciddi nümunələrə dəyər verməyimiz
lazım. Bu baxımdan Bəxtiyar Aslanın hekayələr
kitabını bizdə modernizm ədəbiyyatı kontekstində
dəyərləndirmək gərək. Müstəqilliyin gəlişi
ilə bu kontekst ədəbiyyatımızda çox
aktuallaşmışdır. Amma o da yadımızdadır ki,
Frans Kafka tərzinə maraq bizdə hələ 1970-1980-ci illərdə
də var idi; bircə Afaq Məsudun hekayəçiliyini
xatırlamaq bəsdir.
Qreqor
Zamza - həşərata çevrilən insan obrazı Bəxtiyar
Aslanda da var, açıq sitat kimi: "Axşamdan dərmanlamışdıq
evi. Səhəri xalçanın üstündə onlarca
Qreqor Zamzaları tozsoranla təmizləmək
güldürmüşdü bizi. Bəziləri qəribə
bir vəziyyətdə yapışıb qaldığı
yerdən sanki bizə gülümsəyərək
baxırdı. Ayaqlarının tırtılına diqqət
yetirmədiyimi indi xatırlayıram. Amma onları təmizləyərkən
öldürmənin qəribə nəşəsini
yaşayır, şəhvani duyğularımız artır və
dayanmadan öpüşürdük..." ("Üç əqrəb
zamanı")
Görünür
ki, ədəbiyyatda, sənətdə modernizmin tamlıqda oturuşmasına,
yəni insanın fərdi varlığının kənar
amillər olmadan birbaşa yaşanmasına mühit
olmalıdır. Afaq Məsudda Qreqor Zamzalar dünya içrə
çırpınışında daim sosial divarlarla üzləşir
və səsləri bu maneəyə etirazdan o yana keçmir,
sosial dünya içrə boğulub qalırlar. Sonrakı nəsil,
1990-cı illər yazarlarından, məsələn, Pərvizin,
Orxan Fikrətoğlunun hekayələrində də fərdin
metafizik çabaları sosialçılıqdan qurtula bilmir;
son nəticədə tərz-ibarə-ifadə sferasında
modernist təhkiyəyə təqlid etsə də, mahiyyətcə,
predmet olaraq sosial-mənəvi dünya paradiqmalarında gəzişir.
Günün modernist nəfəsinə misal, lap son nəslin
cavan nümayəndəsi Nicat Həşimzadə ilk kitabı
"İndulgensiya"da bu sosial etirazı, ən nəhayət
birbaşa fərdin iç azadlığı, metafizik
varlığı tərzində bəyan etməyə cəhdlər
edir. Amma nə fayda, görünür ki, "divarlar" hələ
də ətalətini saxlayır; gənc yazarın
intibaları sənət həqiqətindən çox
publisist pafos kəsb edir...
Bəxtiyar
Aslanın hekayələrində Kafka zəmini daha möhkəmdir;
bütünlükdə fərdin metafizik dünyasını hər
hansı fiziksəl durumu üzərində gəlişdirə,
düşünə bilir. Sosial-mənəvi, hətta fəlsəfi
qatlar mətndə yox kimidir, büsbütün ruhsal məntiq
və təhkiyədə həzm olunmuşdur. Yazıda,
yazı texnologiyasında təhkiyə az qala hər cümləsində hadisələri-olayları daim
sındırıb, altqatdakı metafizik əvəzlənmələrlə
sürdürür. Gözlə-sözlə
gördüyünü-eşitdiyini deyil, bu
"sınmalar"dan süzülüb ruhuna qovuşan mətnin
altqatlarını dolaşasan gərək. "Çünki əslində
yazmaq obrazlaşdırmaqdır. Və yazılan hər şey
bilvasitə obrazdır. Hərf və səs və söz...
Hamısı... Beləcə bəlkə də
yazdıqlarımızı, yəni obrazları
yaşayardıq. Obraz olmaqla obrazı yaşamağın fərqini
də ancaq o zaman qavrayardıq. Amma biz isə öz
obrazlarımızı təkrarlayıb durmaqdan başqa
heç nə edə bilmirik. Yazarkən belə ona daxil
olmuruqmu? Yazarkən belə o obrazın özünü təkrarlamasınımı
yaşayırıq? Bu səbəbdənmi böyrümüzdəki
yara elə hey qanayır?" ("Lacivərd")
Fərdin
bu halına və onun ifadəsinə mətndə hər
hansı sosial və ya digər maneə yoxdur;
görünür ki, türk ədəbiyyatı bu əsnada
bizdən çox irəlidə olub, modernist mühitə
oturuşmuşdur...
Bəxtiyar
Aslanın hekayələri essevari, düşüncə hekayələridir.
Yadda qalası əhvalat, olay sanki bu mətnlərdə
heç yoxdur da; amma düşünürəm: mütaliəsini
başa vurduqda nədən belə bu hekayələr
yaddaşından, ruhundan, ən azı yaşam və təəssüratından
silinmir?! Çün əslində, hər hekayənin
kökündə bir hadisə vardır;
yaşadığımız zamanda hadisələrlə kimi təəccübləndirə,
idraklandıra, ya ibrətləndirə bilərsən ki?!
"Bir dəfə" deyib başlamaq istəyirəm,
"bir dəfə...", samanlıq yanğınından
danışmaq, hekayələri kül olmuş bir adam
üçün nə ifadə eləyə bilər ki? Ona bu
cür bir söhbətlə təsəlli vermək
mümkünmü? Susum, heç olmasa. Lakin içimdə
davam edəcək o söhbət qısa, sıxıcı.
Yeni bitirmişik. Günlərlə davam eləmişdi
daşımağımız..." ("Yasəmən
yanğını") Odur ki, Bəxtiyar Aslanın modern hekayələri
hadisəni deyil, onu məhz hadisə edən mətni - həməncə
yaddaşımızı, ruhumuzu, yaşam və təəssüratı
yazmağı tərcih edir...
Hesab
eləmirəm ki, Bəxtiyar Aslanın hekayələrində
eləcə "ruhdan süzülən bütün əsərlər"ə
xas bir stixiya, kortəbiilik, "şəffaflıq" var
(sitat yenə Ön sözdəndir). Elə olsa idi, mətnlər
belə can sıxıcı, ruh əzici, nəfəs kəsici
atmosferi kəskinliklə qapsayammaz və dayanıb nədəni
üzərində düşündürməyi də
bacarmazdı. Bəxtiyar Aslan hekayəçiliyinin, şəksiz
ki, dolğun həyat yaşamlarından və kitablardan gələn
zəngin ədəbiyyat biliklərindən təşəkkül
tapmış özünəxas poetikası var; və
oxucuların qəlbinə və düşüncələrinə
də bu poetika vasitəsilə girir. Yazıçının
mətnlərində: insan varlığı təbiət
arxe-tipləri ilə (su, qar, yağış, bulud, göylər,
ulduz, külək, ağac, yanğın və s.) mədəniyyət
atributlarının (ayna, kitab, ev, yol, qorxu, quyu, qüllə və
s.) vəhdətində, birgə, üzvi, paralel, bir-birinin
içində, biri digərinə keçiddə təzahür
edir, bölünməz dünyanın, kainatın hərəki
bir parçası təsəvvürünü yaradır.
Gözlənilməz təsvirlər, məcazlar, metamorfozlar, əslində,
metafizik qatda yerində, gözləniləndir, ruhun
axışını təsbit edir. Konkret, dərin, ani, eyni
zamanda "kainat dolu" ştrixə diqqət edin: "Orada,
bir buludun altında, bir yolun kənarında yarpaqları
saralmış bir ağac, oxunub kənara atılmış bir
kitab, əşyaları toparlanıb, qopardılıb tərk
edilməyə hazırlanmış, daha doğrusu, tərk
edilməyə məruz qalmış bir ev kimi otururdun. Evlərin
heç zaman tərk edilməyə
hazırlaşmadığını, hər zaman tərk edilməyə
məruz qaldıqlarını düşünür, bir yandan
da öz-özünə: "Pərdələrimi, tüllərimi
də çıxarıblar. Axşam günəşi bu
tülün arxasından daha gözəl dolurdu içimə"
- deyə pıçıldayırdın..."
("Aynadakı yolçuluq")
Bəxtiyar
Aslanın bizə təqdim olunan 15 hekayəsinin hər biri,
ayrıca və cəmisi, birgə bir mövzu, predmet, qəhrəman,
hətta bir konflikt dövrəsindədir; modernizmin sevimli
teması: bir-birinin içində olan həyat və
ölüm, varlıq və yoxluq... və bu antinomiyanı ləğv
edən, onu əbədiyyətə çevirə bilən
yeganə qüdrət - eşq əsəri üzərində.
Eşq metafizikdir, onu fiziksəl yazmaq çətindir, əbədiyyət
duyğusu qədər; Bəxtiyar Aslan bu hünərə
girişir, və bəlkə poetikasının
ağırlığı, sıxıcılığı, ələgəlməzliyi
də bundandır. Mirzənin ölməz sevgi əfsanəsini
yaradan da eşqdir ("Mirzənin dərəsi"), əlyazmalar
içrə yanan yasəmən ətri də eşqdir
("Yasəmən yanğını"), qar soyuqluğunda
ölüm əsəri də eşqdir ("Qar və
düyün") , ayna olub da bir-birinə aynada yolçuluq
yapan da eşqdir ("Aynadakı yolçuluq"), gözlərin
və göylərin lacivərdində başlayıb bitən
və heç zaman bitməyən də eşqdir ("Lacivərd"),
köpüklənən həyatı dolduran, ona məna verən
də eşqdir ("Köpük"), ömrün xoşbəxt
ssenarisini cızan da, zamanın əqrəbi tək çalan
da eşqdir ("Üç əqrəb zamanı") və
s.
Yalnız
Qərb modernizminin əlamətlərini deyil; ola bilməz ki,
kimsə Bəxtiyar Aslanın hekayələrində həm də
Şərq təsəvvüfünü axtarmasın.
"Kül rəngində bir qadın... Kimsə zaman
boşluğunda sovrulur, dağılır, yerə enmək
üçün yağış gözləyir. Sonra
qarşıdakı dağa buludlar yığılır, oturub
şeir yazıram, o gedir, saçlarını küllə
boyadır, nədənsə mənə eskimosları
xatırladan bir çantanı yelləyərək qapıdan
girir. Sonra çiyinləri açılır, sol qolundakı
peyvənd izini barmağımla yoxlayıram, başını
arxaya atıb zümzüməyə başlayır, beləcə
bir səs, bir ritm, bir nəğmə içində
dağılıb yox olur. Hər şey küldür.
"Küll" deyirəm, bir hərfi çoxaldaraq. Hər
şey külldür, küll hər şeydir..."
("Kül"). Misal üçün verdiyim
"Kül" hekayəsində müəllif
"kül" (yanmanın sonucu) və "küll"
(bütünlük, kainat) mənaları arasında gəzişərək,
"bir zaman şair olub" da ölümünə qənşər
aşiq-İnsanın dünya-dərki, dünya-duyumunu nasiranə
sonuclayır: "Burada ölümü gözləyirəm.
Yaxındadır. Ha gəldi, ha gələcək. Oturduğum
yerdə , birdən-əsnəyə-əsnəyə , bir
xırda toxunuşdan , bir küləkdən, bir damla
yağışdan kül olub dağılacam... Bəlkə
qovuşarıq. Nə deyirsən? Kül olaraq, küll
olaraq..." ("Kül")
Amma
təsəvvüfdə zərrənin küllə
qovuşmasının bir sevinci, xoşbəxtliyi var; Bəxtiyar
Aslanın hekayələrində mən, əksinə, ümumən
dekadans ruhu, fiziksəl varlığında kürəsəl
böhran yaşayan fərdin-İnsanın özünü, təsvirini,
ağrılarını, təkrar-təkrar
sıxıntılarını gördüm...
Ötən
əsrin əvvəllərində qatı modernləşmək
tərəfdarı, böyük türkçü Əlibəy
Hüseynzadə deyirdi ki, bir türkün firəngləşməsi
heç də onun dönüb firəng olması demək
deyildir; əksinə, biliklərinə sahib olub daha da çox
türk olması deməkdir. Geniş tanış
olmadığımdan , bugün türk ədəbiyyatında
nələr baş verir - bunu demək mənimçün
çətindir. Amma kitabın annotasiyasında göstərildiyi
kimi, "tanınmış türk yazıçısı Bəxtiyar
Aslanın dilimizdə ilk kitabı", ən azı öz
payımıza, ulu türkçünün həmin tövsiyyəsini
yadıma saldı.
Tehran Əlişanoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 13.