Hər
bir yaradıcılıq mahiyyət etibarilə duadır
Loğman
Rəşidzadənin "Əli İldırımoğlu
yaradıcılığında milli-mənəvi
özünüdərk" adlı monoqrafiyasını
oxuyuram. Təəssüratlarım Nobel mükafatı
laureatı T.Eliotun görkəmli ingilis
yazıçısı Kiplinqin yaradıcılığı
barədə söylədiyi fikirləri yadıma salır. Eliot
"Kiplinqin əsas keyfiyyəti insanları başa
düşməyə məcbur etmək olmuşdur" -
deyirdi. Doğma vətəni Kiplinqdən ötəri hər
şeydən üstün idi. Kiplinqin nəzərində bəşəriyyət
ucsuz-bucaqsız ingilis plantasiyaları üçün ancaq
gübrə idi. Bu fövqəladə münasibət,
coşqu və vurğunluq duyğusunu, vətəndaş
münasibətini haradasa eynilə tanınmış
yazıçı-publisist Əli İldırımoğlunun
da yaşamına və dünyagörüşünə
şamil etmək olar. Bu dünyagörüşün və
yaşamın ana xəttini doğma Azərbaycanımıza,
böyük Türk dünyasının milli-mənəvi dəyərlərinə
hədsiz sevgi, əsl vətəndaşlıq duyğusu təşkil
edir. Monoqrafiyada da qeyd edildiyi kimi, "Onun əsərlərində
milli-mənəvi özünüdərklə humanizmin vəhdəti
belə bir ümumi nəticəyə gətirib
çıxarır ki, onların hər ikisinin son məqsədi
şəxsiyyəti hərtərəfli inkişaf etdirmək,
milli-mənəvi dəyərləri qorumaq, Azərbaycan
insanının qabiliyyətini və potensialını
açmaq, ona özünütəsdiq imkanı
yaratmaqdır".
Bu
düşüncələr ilk növbədə Azərbaycan
xalqının, Azərbaycan torpağının, Azərbaycan
insanının varlığına, Azərbaycan ailəsinə
hədsiz heyranlıq, sonsuz güvənc müstəvisində
təqdim edilir. Əli İldırımoğlu xatirə
ovqatlı lövhələrində eşitdiyi hər yarpaq
xışıltısında, su axışında, ata-ana səsində,
ildırım çaxışında vətən
torpağının sonsuz, cazibədar varlığını
hiss edir, o səsə tapınır. Və ona elə gəlir
ki, "bu səs ulu göylərin intəhasızlığından,
gecə-gündüz həmsöhbət olduğu Xəzərin
dərinliklərindən, son məskənimiz olan
torpağın dərin-dərin qatlarından gəlir".
Əli müəllim bu ilahi səslərin
qovuşağında unudulmaz atasının illərdən bəri
yoxa çıxmış səsini-sədasını
arayır. Bu səsi əsirlikdə inildəyən Qubadlı
dağlarnın o üzündən qopub gələn fəryad
kimi dinləyir. Bütövlükdə,
Ə.İldırımoğlunun məsum uşaq
yaddaşında haqlı olaraq, çox vaxt ifrat təsiri
bağışlayan vətənçilik duyğusu ön
plandadı. Doğma vətənə, milli adət-ənənələrə,
mənəvi dəyərlərə hörmət hissini
qılınc kimi qoyubdu nəfsiylə öz arasına. Elə
tanınmış jurnalist və ədəbiyyatşünas
Loğman Rəşidzadə də kitabında Əli müəllimin
bu unikal təbiətindən, bənzərsiz xarakterindən bəhs
edir. Tutarlı arqument və dəlillərlə onun
yaradıcılığının ən ümdə, spesifik
filoloji və fəlsəfi cəhətlərinə diqqət
yönəldir. Bu maraqlı tədqiqatda
yazıçının əsərlərində
başlıca motiv olan milli-mənəvi özünüdərk,
Vətən və doğma torpaq anlayışı rakursundan
insan psixologiyasının rəngarəng keçidlərinə
nəzər salır. Annotasiyada deyildiyi kimi,
yazıçının əsas ideya və aparıcı məqsədlərindən
biri olaraq milli-mənəvi özünüdərk həm
tarixi proseslərin gedişi fonunda, həm də müasir mənəvi-əxlaqi
və intellektual müstəvidə araşdırılır.
Monoqrafiyada Ə.İldırımoğlunun bədii
yaradıcılığı və nəzəri-estetik
görüşləri kompleks halında tədqiqata cəlb
edilib. Bütün bunlar yazıçının əsərlərinin
bədii, estetik, fəlsəfi, kulturoloji və filoloji cəhətdən
tam açılmasına kömək edir. Loğman Rəşidzadə
haqlı olaraq qeyd edir ki, milli-mənəvi dəyərlər
Ə.İldırımoğlunun bütün əsərlərində
əsas leytmotiv, aparıcı xətdir: "Onun əsərləri,
əsasən, avtobioqrafik janrdadır. Adətən,
gördüyü, bildiyi, başına gələn hadisələri
yazır... Onun yaradıcılığında milli-mənəvi
özünüdərk, humanizm, demokratizm, insanın daxili
azadlığı kompleks şəkildə üzvi vəhdətdədir.
Ədəbiyyatın ən cəlbedici ideyalarından (və
mövzularından) olan bu xüsusiyyətlər birbaşa
insan amilinə xidmət edir, bəşəriyyətin ən
ali varlığına qayğı göstərmək, onun həyat
şəraitini yaxşılaşdırmaq, tələbatını
daha dolğun ödəmək, istedadını
reallaşdırmaq üçün stimul yaradır. Bu
anlayışların əsas qayəsi insana vasitə kimi
deyil, məqsəd kimi yanaşmaq, dəyərlər toplusunda
insan şəxsiyyətini ucaltmaqdır".
Görkəmli
alman yazıçısı Henrix Mann da eynilə Əli
İldırımoğlu kimi düşünür, Höte və
Volteri - hər iki dahini müqayisə edərkən belə
yazırdı: "Höte idrakın əzəmətli qəsrindən
baxarkən hər şeyə istehza edir, Volter isə
xarabalıq və tüstü-duman içində insanlıq
üçün vuruşur. Bu baxımdan Volter daha maraqlı və
cəlbedicidir".
Loğman
Rəşidzadə haqlı olaraq
Ə.İldırımoğlunu yazıçıların
humanist nəslinin nümayəndəsi kimi təqdim edir.
Vurğulayır ki, bu tip yazıçılar, adətən, ən
sərt həyat həqiqətlərində, ən arzuolunmaz,
suçlu insan xislətində belə, gözəllik, insanpərvərlik,
ideallıq axtarır. Ə.İldırımoğlu
yaradıcılığının qayəsi, doğrudan da,
yazıçının bütün
yaradıcılığı üçün səciyyəvi
olan humanizm, insanpərvərlik və bəşəri
ideallardır: "Onun milli-mənəvi özünüdərk
konsepsiyası da bu bəşəri ideallarla qovuşuqdur".
Loğman Rəşidzadə belə yazır və təbii
ki, bu qədər əminliklə ifadə edilən fikirlərin
arxasında onun Ə.İldırımoğlu
yaradıcılığının bədii-estetik, tərbiyəvi
qatlarına yetərincə bələdçiliyi dayanır. Tədqiqatçının
istinad etdiyi yaradıcılıq faktını zaman-zaman,
özü də xüsusi qədirbilənlik duyğusu ilə
izlədiyi göz qabağındadır. Əlbəəl hiss
olunur ki, müəllif araşdırmaya cəlb etdiyi əsərləri
daxilən dönə-dönə yaşayıb,
özünü bu əsərlərdə baş verən hadisələrin
çarpaşıq, ziddiyyətli yaşamında hiss edib.
Əli müəllimin ədəbi qəhrəmanlarının,
sadə və səmimi obrazlarını özünə bir
köynək yaxın bilib. Yazıçının milli-mənəvi
özünüdərklə azadlığın sıx
qarşılıqlı əlaqəsini
yaradıcılığında qabarıq göstərə
bilməsinin oxucu məmnunluğunu duyub. Sevinib (və təqdir
edib) ki, Əli müəllimin qəhrəmanları azad
düşüncəli, özünə hörmət edən,
cəmiyyətdə, sosial sferada öz yerini bilən, ən sərt
məqamlarda qeyri-adi, fövqəladə qərarlar qəbul
etməyə qadir, vətənpərvər insanlardır. O, işıqlı
gələcək üçün yazır. Milli-mənəvi
özünüdərk məqamında Əli müəllimin
qəhrəmanlarının daxili aləmi son dərəcə
zəngin və nümunəvidir. Bu deyilənlər ilk
növbədə yazıçının özünün
malik olduğunu yüksək şəxsi keyfiyyətlərdən
irəli gəlir: "Ə.İldırımoğlunun yüksək
şəxsi keyfiyyətləri, sosial mövqeyi, cəmiyyətdə
özünütəsdiq potensialı milli-mənəvi
özünüdərklə vəhdətdədir və bu cəhətlər
özünü onun yaradıcılığında da göstərir.
O, bütün bunları qələmə aldığı
müxtəlif janrlı əsərlərində həyatın
rəngarəng lövhələri vasitəsilə əks
etdirir". L.Rəşidzadənin təkzibolunmaz qənaətləridi
ki, Əli müəllimin yaradıcılığında
milli-mənəvi özünüdərkin xüsusiyyətləri
barədə mülahizələr yürüdəndə,
heç şübhəsiz, bu cəhətləri özündə
ehtiva edən bədii-estetik atributlardan insan haqları,
azadlıq, humanizmlə yanaşı, sosial ədalət
prinsipi, onun uğrunda mübarizə, həqiqət,
bütövlük, müqəddəslik aşılayan, təlqin
edən təzahürünü də unutmamalıyıq.
Monoqrafiya müəllifi haqlıdır ki, həqiqətən
də, həyatın özündən gələn bu
müdrik yazıçının irili-xırdalı
bütün əsərlərində cəmiyyətdə ədalət
uğrunda mübarizənin ayrı-ayrı bədii
çalarları ilə rastlaşır, bu ideyanın təntənəsi
naminə müəllifin həm özü, öz daxili aləmi,
həm də cəmiyyətdə müşahidə edilən
problemlərlə qovğaya çıxdığına
şahidlik edirik.
Görkəmli
ispan şairi Migel Ernandes barəsində yazırlar ki, bu
yazıçı özünün pak, bakirə və sərt
xarakteri, hər addımında duyulan və ramolunmaz həyati
gücü ilə insan əli dəyməmiş bir qayaya bənzəyirdi.
Onun poeziyasında ispan cənubunun bol rənglər, rayihələr,
səslər dünyası özünün güclü və
comərd xarakteri ilə qovuşmuşdu. Onun üzü
ispaniyanın surətiydi. Günəşin
yandırdığı, qırışların zəmi kimi
şumladığı bu surətdə, sanki çörəklə
torpağın birliyi duyulurdu... L.Rəşidzadənin
"Əli İldırımoğlu
yaradıcılığında milli-mənəvi
özünüdərk" monoqrafiyası hər bir halı,
ehtiram duyğusu ilə məhz Migel Erandes simasının tam
oxşarı olan, müdrik
yazıçı Əli İldırımoğlunun
obrazını göz önünə gətirir. Əli müəllim
də öz ispan həmkarı kimi, doğma Azərbaycanın,
unudulmaz və doğma Qubadlı
torpağının rənglər, rayihələr, səslər
dünyasını özünün güclü və comərd
xarakteri ilə qovuşdura bilən müdrik bir söz
adamıdı. Onun cismani və mənəvi varlığı
Qubadlı, eyni zamanda da Kəlbəcər, Laçın
bölgələrinin əzəmətli, bənzərsiz surəti
kimidi. O da öz müdrik həmkarları kimi,
yazıçının həyatın hakimi, stimulyatoru
olduğunu anlamaqdan və anlatmaqdan gəlir. O da öz
müdrik həmkarlarıyla eyni fikirdədi ki, zaman insanı
ümidsizliyə qərq edəndə, onu tabe olmağa, fəaliyyətsizliyə
sürükləyəndə yazıçı öz mənəvi
zəhməti və varlığı ilə enerji, mətinlik,
daxili azadlıq, rəşadət timsalına çevrilməlidir.
Əli
İldırımoğlu həyatın özündən
aldığı detallar mövzuları, real
yaşantıları heyrətamiz ustalıqla əsərlərinə
gətirir. Bu prosesdə dəqiq və zəngin
yazıçı dili onun başlıca
yardımçısıdır. O, həyat həqiqətlərinin
ifadəçisi olan hər bir əsərini doğma
xalqının səsinə çevirməyi bacaran müdrik
bir sənətkardır və Loğman Rəşidzadə də
oxucu diqqətinə təqdim etdiyi monoqrafiyada daha çox bu məsələlərdən
söz açır.
Onun
öz ədəbi qəhrəmanları ilə
çoxdanın doğması kimi
qaynayıb-qarışmasının gətirdiyi uğurdan bəhs
edir. vətəndaş mövqeyinin ucalığı, hadisələrə
fəal münasibət, insan talelərinə qayğı və
diqqət Ə.İldırımoğlu üçün əsas
estetik amillərdən biridir. L.Rəşidzadə
haqlıdır ki, Əli müəllim müdrik söz
ustası kimi iqtisadi, sosial problemləri, mənəvi-psixoloji
yaşantıları, nəhayət, ən mürəkkəb
siyasi prosesləri ustalıqla bitkin ədəbi nümunələrə
çevirə bilir. "O, daim həqiqət
axtarışındadı və bu yolda, bu mücadilədə
öz parlaq realizminə güvənir. Realist düşüncə
bədii həqiqətin və hətta ədəbi
fantaziyanın üfüqlərini genişləndirməkdə
ona kömək edir... Onun əsərlərində millətin
özü, onun yaşam tərzi, keçdiyi tarixi yol,
düşüncə və mənəviyyatı ətraflı
təqdim olunur. Sosial sferada insanın özünüdərki
onun bədii dünyasında milli-mənəvi
özünüdərk kimi öz ifadəsini tapır".
İ.Brodski
"Hər bir yaradıcılıq mahiyyət etibarilə
duadır, - deyirdi, - hər bir yaradıcılıq
Tanrının qulağına yönəlir. Sənətin
mahiyyəti belədir...". Bu mənada Loğman Rəşidzadənin
"Əli İldırımoğlu
yaradıcılığında milli-mənəvi
özünüdərk" monoqrafiyası müdrik bir
yazıçının yaradıcılığı
kontekstində xalqımızın milli-mənəvi
özünüdərk potensialı, tarixə sadiqlik və
tarixi yaşatmaq, milli kimliyi ifadə etmək çabaları
önündə edilən səmimi dua kimi oxunur. Müəllif
fərqindədi ki, milli-mənəvi özünüdərk
gerçəkliyin, cəmiyyətdə gedən proseslərin
azadlıq mövqeyindən qiymətləndirilməsində
son dərəcə vacib məsələdir. Bu barədə
olan dolğun (və zəruri) fikirlərini o, Əli
İldırımoğlunun çoxşaxəli və hər
məqamı milli dəyərlərimizə yüksək vəfadarlıq
duyğusu ilə qələmə alınan
yaradıcılığı fonunda sərgiləyir. Əli
İldırımoğlu yaradıcılığı müəllifə
bu mövzuda olan düşüncələrini əhatəli və
duyğusal şəkildə sərgiləmək
üçün gözəl fon, istinad nöqtəsi verib. Necə
deyərlər, o, Əli İldırımoğlu
yaradıcılığı şəxsində "qayalarla,
dağlara" söykənib. Bu müstəvidə isə
milli kimliyə, əxlaqi dəyərlərə, vətənçilik
anlayışına bitib-tükənməyən, sonsuz, əbədi
bir sevgi, ehtiram var.
Sərvaz Hüseynoğlu
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 14.