Atılmaq...
Niyə
məni bu dünyada tək-tənha qoyub getdin, ata?.. Sən
bizimlə olsaydın onda anamla, qardaşımla birgə
olardıq...
Sanki
havasızlıqdan boğulacaqdı... Payızın sərinləşməkdə
olan ilıq havasını doyunca ciyərlərinə çəkdi.
Çoxdandır gözlərinin həsrət
qaldığı doğma həyətin bütün
künc-bucağına boylandı...
Çox
hürkək, dalğın bir görkəm almışdı.
Elə bil kimsə bu andaca arxası ilə düşüb onu
qovacaqdı. Kənardan baxanda elə bilirdin ya harasa tələsir,
ya da qürbət eldən gələn, gəlib çatmaqda
olan ən əziz adamının yolunu həsrətlə
gözləyir.
Yetimin
balası söz bilmirmiş kimi, sakitcə başının
üstünü kəsdirib xeyli vaxt idi ki, qıza tamaşa
edirdi. Arada içini çəkirdi, sanki qıza nəsə
deməkdən çəkinirdi.
Qızın
hıçqırtısı onun icini
göyüm-göyüm göynədirdi. İçərisindən
keçən ağrı elə bilirdi, bu andaca onu
qılınc kimi ikiyə böləcəkdi. "Bu nə halətdi
mən düşdüm?" - deyib dərindən ofuldandı.
- Of, uf-la elə bil icindəki ağrı-acını
özündən bir an da olsa uzaqlaşdırmağa
çalışırdı.
Qız
sifətini ovcuna tutub için-için ağlayırdı.
Sanki göz yaşını ovcunda gizlətməyə
çalışırdı.
Elə
bil içi kilidlənmişdi adamın. Özündə cəsarət
toplayıb qızdan nəsə soruşmağa
çalışırdı. Nəhayət, handan-hana dilləndi:
- Niyə
ağlayırsan, qızım? - adam soruşdu. - Yad adam kimi,
danışığında bir kövrəklik, məsumluq
hiss olunurdu.
Qız
göz yaşını gizlədirmiş kimi əynindəki
nimdaş koftanın sol qolu ilə gözünün
yaşını sildi. Sonra burnunu çəkdi.
Başını bir az qaldırıb gözünün ucuyla
oğrun-oğrun, çəpərki adamın üzünə
baxdı. Bir az da hikkə ilə dilləndi:
-
İtirilmiş uşaqlığımı ağlayıram.
Başqa nəyi ağlayasıyam ki? - Qız kinayə ilə
dedi.
Adam
başını yerə dikdi, lal adam kimi, danışmağa
cəhd etmək istəmirdi. Xeyli tərəddüddən
sonra qız yenidən sözünə davam etdi.
-
Bilirəm, heç kəs onu tapıb mənə gətirmək
qüdrətində deyil. İllərin yığılıb
saxlanc kimi saxladığı dərd yükü həmişəlik
mənim çiynimdədir. Mən də indidən bu dərdi
çəkmək üçün çox körpəyəm.
Bax, ona görə ağlayıram.
Adam
yenə dərindən ofuldandı. Havası
çatışmayan adam kimi dərindən nəfəs
aldı. Elə bil nitqi qurumuşdu. Danışa bilmirdi.
Çox kövrəlib məsum bir görkəm
almışdı. Bu görkəmini heç kimin görməsini
istəməyən adam kimi xeyli sağa, sola nəzər
yetirdi. Ətrafda qızdan savayı heç kimin gözə dəymədiyini
əmin olmuş kimi boğazını artlayıb, udqundu. Diqqətini
özündə cəmləşdirib dilləndi:
-
Ağlama, qızım! - dedi. - Onsuz da bu dünya sənin
göz yaşına dəyməz, ağlama. Sən körpəsən!
Çox körpəsən! - dərindən köks
ötürüb sözünə davam etdi. - Ehh, həyat səni də indidən imtahana
çəkdi.
Qız
başını qaldırıb gah qarşısındakı
adama matdım-matdım baxır, gah da gözlərini yerə
dikirdi. Dodağının altından
mızıldana-mızıldana dedi:
- Hələ
bir deyirsən də?
Adam
dillənmədi. Ortada dərin bir sükut hökm
sürürdü. Uşağın bir az kövrək, bir az
da kinayəli səsi onu dərin xəyaldan ayırdı:
- Sən
niyə belə etdin axı?
Diqqətlə
uşağı süzürdü. Yenə dinmədi. Elə
bil səsi qırılıb içinə
tökülmüşdü. Səssizlik içində
boğulurdu. Arada vəziyyətdən çıxmaq
üçün yenə ofuldanırdı.
Qız
onu diqqətlə süzüb, hikkə ilə:
- Mənə
bir şeyi anladacaqsan, yoxsa yox? - dedi.
- Bir
az səbr elə, qızım. Hər şeydən hali
olacaqsan! - dedi adam.
-
Axı, qızım deməyə necə dilin gəldi?
- Nə
deyirsənsə, düz deyirsən, mənim balam, sən
haqlısan!
- Niyə
məni gözü yaşlı, qəlbi sınıq qoyub
getdin? Niyə? Niyə? Nəydi mənim günahım?
Adam
yenə udqundu:
- Eh,
ay qızım, - dedi. - Onsuz da hamı mənim üstümə
çox gəlirdi. Hamı mənimlə dirəşirdi. Daha
yorulmuşdum. Sən isə bir az səbr elə. Sən safsan,
hələ sənin qəlbin çirklənməyib. Qəlbi
təmiz adam adamı düzgün başa düşür. Səninlə
rahat danışmaq olar.
- Demək,
mənim uşaqlığımdan, saflığımdan istifadə
edib məni tərk etdin, eləmi?! Bəs mənim
uşaqlığıma necə qıya bildin?
Adam
günahkar kimi başını yerə dikib
dayanmışdı. Qızın baxışları diqqətlə
onu süzürdü. O, adamı diqqətlə süzə-süzə
sözünə davam etdi.
- Bəlkə
də belə danışmaq rahatdı. Amma mən həyatda
rahat yaşaya bilmirəm, rahat ola bilmirəm. Mən hər
gün öz günümü, saatımı ağlayıram.
Hətta özümdən kiçik qardaşıma belə
nifrət edirəm. Bilirsən niyə?
- Niyə,
qızım?
- Ona
görə ki, onun atası var, niyə o, belə əzizlənir,
mən əzizlənmirəm?! Axı mən də
uşağam! Mən də öz uşaqlığımı
yaşamalıyam, ya yox? Əksinə, hamı mənə
başqa cür baxır. Qulağım eşidə-eşidə,
"bu özgə atanın qızıdı" - deyirlər, Bu sözdən heç xoşum gəlmir,
onda elə bilirəm məni söyürlər. Hətta, anam
da, "oxşamış getdi fərsiz atasına
oxşadı". - deyir. - Axı, bu təhqirləri mən
necə götürüm? Amma sənin haqqında yaxşı
fikirləşənlər də, xoş sözlər deyənlər
də var. Özün yaxşı bilirsən həyatda insana
birtərəfli yanaşmırlar. Hərənin öz
baxış bucağı var. Hərə öz baxış
bucağından baxır, olmuşlara, keçmişlərə
öz baxış bucağından qiymət verir.
- Hər
şeyi düz deyirsən, mənim ağıllı balam. Sən
hər şeyə öz düşüncəndən baxıb
görsən yaxşıdır.
-
Axı mənim düşüncəm, mənim baxışım
çox körpədi, həyatın keşməkeşinə
tab gətirə bilmir. Mühit adamı sıradan tez
çıxarır.
Qız
danışdıqca adam diqqətlə onu süzürdü. Hər
hərəkətinə, hər duruşuna diqqət yetirirdi.
Qız
sözünə davam etdi:
-
Əvvlcə heç nədən xəbərim yox idi, hər
bir şeydən, elə səndən də xəbərsiz
idim. Fikirləşirdim, "axı, mənə niyə belə
deyirlər, mən nə günah işlətmişəm".
Sonra-sonra bilmişəm ki, məsələ nə yerdədir.
Ondan sonra hər şeyə kənardan seyr etməyə
başladım. Günahsız olmaya-olmaya özümü
günahkar kimi hiss edirdim. Səsimi içimdə
boğmağa çalışdım. Başqa bir əlacım
yoxdu ki, onsuz da kimdi mənim səsimi eşidən. Kənardan
kimsə məni ya acılayacaq, ya da bir atmaca atıb gedəcək.
-
Qızım, demək belə; - anan əvvəlcə səni
məndən aldı, sonra da, səni özündən
uzaqlaşdırdı. Sən indi nə mənimsən, nə
də ki, onun!
- Eh,
daha mən özümdən başqa heç kəsin deyiləm,
daha mənim heç kəsim yoxdu. Özüm öz tək və
tənhalığımı yaşayıram. Çünki mən
hamı üçün yadam. Mənim bu dünyada doğmam
yoxdu ki...
Qız
arxasıyca dərindən ofuldanıb sözünü davam
etdi:
- Biləndə
ki, ata dediyim öz doğma atam deyil, atalığımdır,
mənim yox, qardaşımın atasıdır, o ancaq onun
üçün doğmadır, bax ondan sonra anladım ki, daha
anam da mənə bir köynək yaddır. Bunu onun hərəkətlərində
də görürdüm.
Adam
diqqətlə qızı dinləyirdi. Qızın söhbətinə
müdaxilə etmirdi.
Qız:
-
Bilirsən nəyə görə belə deyirəm? Mənim
qayğıya ehtiyacım olduğu halda, kiminsə
qayğısını çəkirəm. Mənim oyuncaqlarla
oynayan vaxtımdı, amma mən oyuncaq əvəzi
qardaşımı oynadıram, qardaşımı
saxlayıram. Anam öz doğduğunu üstümə
atır, arxayın harasa gedib-gəlir. Vay o günə ki,
uşaq bir balaca narahat ola, onda başım qapazlı olur,
üzüm tənəli, günümü göy əsgiyə
bükür. Səsimi də çıxara bilmirəm,
ağzını açanda məni də sənin
gözünə qatıb təhqir edir...
Bircə
sənin vaxtı ilə mənə dediyin xoş sözlərinin,
nəvazişinin həsrəti ilə yaşayıram. Arada
fikirləşirəm, "Demək mən də nə vaxtsa
xoşbəxt olmuşam, mən də xoşbəxtliyin
dadını dadmışam" - düşünürəm.
Adam
yenə dərindən ofuldanıb, ah çəkdi.
- Hə,
görürsən, ofuldanırsan, danışa bilmirsən.
Danışsana? - qız hirslə dedi.
- Eh,
qızım, heç kəsin qarşısında yox, təkcə
sənin qarşında günahkaram, ona görə
danışa bilmirəm.
- De,
de, niyə məni tərk etdin, səbəb nə idi?
-
Bilirsən, qızım? - dedi. - Elə olur ki, hamının
qarşısından qaçmaq olmur. Qaçanda da elə
bilirdilər günahkar olduğuna görə
qaçırsan. Hamının yerinə günahkar sənsən.
Bəlkə də zamanın nəbzini düz tuta bilməmişdim.
Ona görə günahkar idim? Bilmirəm! Gördülər mən
qaçmıram hamı məndən qaçırdı.
Qaçmayanı da məcburən
qaçırdırdılar. Heç bilirsən necə oldu?
- Mən
hardan bilim!
- Sən
dünyaya gəlməmişdən əvvəl həyat
eşqi üzümə gülürdü. Həm sənətimə
görə, həm şəxsiyyətimə görə
hamı mənə hörmətlə yanaşırdı. Elə
bil qəflətən çarxım döndü. Döndü
deyəndə dönmədi, kiminsə fikri ilə
razılaşmadım, kiminsə xoşuna gəlmədim.
Arxamca vedrə bağladılar. Adıma hər söz
çıxardılar. Gah xatalı adam, gah da müxalif dedilər
adıma. Mən bilməmişəm, düzgünlük
xatalı adam, müxalif olmaq imiş onların gözündə.
Bəlkə də mən heç nəyi düzgün
görməmişəm. Axı mənim
çaşlığım var idi.
- Niyə
çaş idin? - qızın tərəddüdlə
söruşması adamı çaşdırdı.
Xeyli
tərəddüddən sonra adam sözünü davam etdi.
- Hə,
qızım, bilirsən necə oldu? Atam sərxoş olanda
anamın zəifliyindən istifadə edib onu həmişə
əzişdirərdi. Zəifliyi qəbul edə bilmirdim, anama
qahmar çıxırdım. Atam onda başımdan vurdu.
Ondan xeyli sonra çaş görməyə başladım.
Saf
idim, bilmirdim kimi - anamın, yoxsa atamın tərəfində
olum. Axı zəif də, sərxoş da mənim
doğmalarım idi. Bilmirəm ona görəmi, yoxsa atam
başıma vurduğuna görə çaş qaldım.
Orasını bilə də bilmədim. Amma onu bilirəm ki, həqiqət
zəifin yanında olanda, güclü yalanını sübut
etmək üçün həqiqətin başından vurub əyrini
düz göstərməyə çalışır. Bax, o
gündən bu günə kimi çaş qalmışam.
Qız
diqqətlə adamın üzünə baxırdı. Adam
danışdıqca sözlərində məsumluq, kövrəklik
hiss olunurdu.
Adam
sözünə davam etdi.
- Hə,
həmişə düzlüyə can atmışam. Sən
demə, düzlük adamı düzdə qoyurmuş. Düz
olursan, əvvəlcə hamının xoşuna gəlirsən.
İnsanın hamıya xoş gələn vaxtları da olur.
Birdən də elə olur ki, kimsə səni əyməyə
çalışır, sən də əyilə bilmirsən,
axı özünü düz durmağa öyrətmisən, əyilmək
istəyəndə belindən ağrılar tutur. Ağrı
qoymur ki, sən əyiləsən. Ağrının af-ufundan
hamı səndən uzaq olmağa çalışır. Bax
onda təklənirsən.
Onda
hamı ömrün birinci mərtəbəsində idi, mən
isə dünyanın yeddinci mərtəbəsinə
qalxmışdım.
- Bəs
yanında heç kəs yox idi? - qız təəccüblə
soruşdu.
Adam
dərindən köks ötürüb:
-
Yoox, heç kim yox idi. Tək-tənha qalxmışdım, -
dedi. - Cəmiyyətin eybəcərlikləri anana da sirayət
etmişdi. Cəmiyyət məni necə qəbul etmişdisə,
o da elə qəbul edirdi. Anan məndən çox uzaqlarda
idi.
Dost-doğma
anam da məni özünə çəkə bilmədi.
Düzdü, atam onu çox əzirdi, amma anam atamı
çox sevdiyindən bircə baxışına, elə
qımışmağına hər şeyi dəyişirdi.
Heyif, atam ona qarşı dəyişə bilmədi.
Çünki atam saxta idi, anam onun düşkünü.
Anamın
yalvarışları, məzlumluğu, göz yaşı
tökməsi məni daha usandırmışdı. Artıq
bu göz yaşları öz təsirini çoxdan
itirmişdi. O, ancaq hər şeyi göz yaşı ilə həll
etmək istəyirdi.
Sən
də ki, onda öz aləmində idin. Heç bir səs-sorağa
cavab vermək gücündə deyildin. Qaranlıq içində
qalmışdım. Qaranlıqda boğulurdum.
İşıqlığa can atırdım.
İşıqlığa doğru addımladıqca hər tərəfim
daha da qaranlıqlaşırdı. Qaranlıqdan
qaçmağa çalışırdım. Heç bir səs-soraq
yox idi, təkcə qulağıma uğultu səsləri gəlirdi.
O uğultudan vahimələnirdim, o uğultudan atılmaq istəyirdim.
Atılmağı
görmüşdüm. Kimi istı qucağa atılır,
kimi qucaqdan atılır. Amma necə atılmığı
bilmirdim.
Mən
isə təkliyimdən, tənhalığımdan
atıldım. Qəfildən dünya ayağımın
altından qaçdı. Onu hiss edirdim ki, göydə
uçuram. Orasını anlaya bilmirdim, göyə tərəf
uçuram, yoxsa yerə...
Rahat
yerə düşmədim. Daş qayanın üzərinə
düşdüm. Sən demə, atılanda rahat yerə
düşməyənin adını intihar qoyurmuşlar. Mən
də sonradan bildim. Biləndə çox gec idi...
- Hər
şeydən atıldın, amma məndən atıla bilmədin,
- qız kinayə ilə dedi.
Sanki
adamın üzünə dərin bir kədər qondu, dərindən
köks ötürüb dedi:
- Mən
səndən atılmadım, qızım, məni səndən
atdılar.
Qalib Şəfahət
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 15.