Ədəbi
tənqid düşüncə ilə zamanın ünsiyyəti
işığında
Filologiya
elmləri doktoru Elnarə Akimova ədəbi düşüncədə
gedən proseslər barədə bir ədəbiyyatşünas
kimi özünəməxsus yanaşma və ifadə tərzi
ilə fərqli düşünən və fərqli söz
deməyə qadir alimdir. Bu fərqlilik həm onun
qaldırdığı məsələlərdə,
müraciət etdiyi mövzularda, həm də
yazılarının məzmununda, təhlil üslubunda
aydın görünür. Bu baxımdan, E.Akimovanın
"Düşüncə zamanı - ədəbi tənqid
diskurs kimi" adlı yeni kitabının içindəki
yazılara keçməzdən əvvəl kitabın
adının maraq və sual doğurması heç də təsadüf
deyil, bu, necə deyərlər, müəllifin tərzindən
irəli gəlir.
Ədəbiyyatşünaslıq
elminin bir sahəsini, ədəbi tənqidi diskurs kimi təqdim
etmək yeni olduğu üçün və yeni olduğu qədər
də mülahizə yürütmək, diskussiya açmaq,
"beyin fırtınası" əsdirmək
üçün meydan verir. Öncə bu suala aydınlıq
gətirmək lazım gəlir: diskurs nədir?
İlkin
hərfi mənası mühakimə yürütmək, dəlil
gətirmək olan diskurs anlayışının bizim filoloji
fikirdə hələ tam vətəndaşlıq
qazandığını deyə bilmərik. Bu termin bəzən
bir-birinə uyğun gəlməyən müxtəlif mənalarda
və yerlərdə işlədilir. İnsaf naminə, bu məsələdə
Azərbaycan ədəbiyyatşünaslığını
"əyalətçilikdə" ittiham etmək ədalətsizlik
olardı. Dünya nəzəri fikrinin formalaşmasında
xüsusi yeri və çəkisi olan rus ədəbiyyatşünaslığı
da hələ bu anlayışı tam və birmənalı mənimsəyə
bilməyib, bu terminin sərhədlərinin müəyyənləşdirilməsi
ətrafında müzakirələr aparılır. Ümumi
şəkildə bunu demək mümkündür ki, humanitar
elmlərin müxtəlif sahələrində tətbiq olunan
diskurs termini filologiyada linqvistik anlayış kimi daha çox
işlənilir və bu anlayışın ədəbiyyatşünaslığa
nüfuz etməsinin nəticəsi olaraq son vaxtlar
filologiyanın "diskursiv poetika" deyilən ayrıca bir
sahəsi formalaşmaqdadır. Diskursiv poetikada "diskurs"
qulağımızın təzəcə
alışdığı "mətn" anlayışının
yerinə gətirilir, ancaq onunla eyniləşdirilmir, diskurs mətndən
daha əhatəli, mətni içinə alan düşüncə
tipi kimi götürülür.
Qazax
alimi Temirqali Yesenbekovun fikrinə görə, mətnlə
müqayisədə diskurs daha geniş anlayışdır.
"Mətn linqvistik hadisədir, diskurs isə... mətnin
yaranmasını, qiymətləndirilməsini və təhlil
edilməsini ehtiva edən məqsədli sosioloji
aktdır".
Məsələyə
bu mövqedən yanaşdıqda E.Akimovanın müasir ədəbiyyatımızın,
demək olar ki, bütün təmayüllərini çevrələyən
fundamental araşdırmaları və tənqidi məqalələri bədii mətnlərin
yaranması, orada qoyulan məsələlərin həm cəmiyyətin
və tarixin tələbləri, həm də bədii
sözün estetik qanunauyğunluqları baxımından təhlilə
cəlb edilməsi, ən əsası da mətnin oxucuya təqdim
olunması kimi amilləri konseptual şəkildə əhatə
etməsi ilə əlamətdardır. Bu keyfiyyətlər
onun yaradıcılığında estetik meyarlara əsaslanan
sistem təşkil edir.
Müəllifin
"Düşüncə zamanı - ədəbi tənqid
diskurs kimi" kitabı ədəbiyyatşünaslığımız
üçün yeni termin və ya anlayış gətirməkdən
daha çox (bu da olduqca vacibdir!), bədii mətnə və
bütövlükdə ədəbi prosesə yeni səviyyədən
baxmaq, təhlilin yeni üfüqlərini təklif etmək cəhdi
kimi ciddi əhəmiyyət daşıyır. "Diskurs"
anlayışına konkret tərif verməyən
E.Akimovanın ədəbiyyata, o cümlədən də ədəbi
tənqidə yanaşmasının təməlində mətn
və müəllif düşüncəsi ilə oxucu
ünsiyyəti dayanır. Onun qarşıya qoyduğu ali məqsəd
əsər, eləcə də həmin əsəri yaradan
müəlliflə oxucu arasında ünsiyyət qurmaqdır.
İstənilən ünsiyyətin alınması,
qarşılıqlı maraq doğurması isə səmimiyyətdən
asılıdır.
E.Akimova-oxucu
ünsiyyətinin başlıca keyfiyyəti ədəbiyyatda
varisliyə sədaqətdir (qeyd edək ki, nəsillər
arasındakı dialektik keçidin heç də həmişə
hamar olmaması təkcə Azərbaycan ədəbiyyatına
aid problem deyil). Bizim ədəbiyyatşünaslıqda
xüsusilə Sovet dövrü ədəbiyyatının qiymətləndirilməsi
xüsusi həssaslıq tələb edir. Mənə elə gəlir
ki, 1930-cu illərin ədəbi prosesində
tarazlığın pozulmasında siyasi amillərin
başlıca səbəb kimi göstərilməsində bir
ifratçılıq və şişirtmə var. O
dövrün ədəbi düşüncəsində
ifratçılıq olduğu kimi, indi həmin dövrə həsr
olunan bəzi yazılarda nəzərə çarpan da
ifratçılıq və primitivlik, keçmişdən intiqam almaq həvəsi
heç də o dövrdən geri qalmır. O vaxtın vulqar
sosiologiyasının yerinə vulqar "vətənpərvərliyin"
gətirilməsi təəssüf və ağrı
doğurur. Adını nə qoyursan-qoy, yaddaşa xəyanət
milli dəyərləri zədələyir.
Yaxın
keçmişimizdən qalan dəyərlərin bəzən
bilərəkdən, bəzən də küyə
düşüb amansızlıqla daşa tutulduğu
zamanımızda E.Akimovanın kitabına dəyər gətirən
keyfiyyətlərdən biri keçmişin üzündəki
ləkələri göstərməklə yanaşı, ədəbiyyatdakı
varisliyə doğma övlad mövqeyindən
yanaşılmasıdır. Elnarə xanım istər elmi
araşdırmalarında, istərsə də tənqidi məqalələrində
nə ənənədən, nə də ənənəvi təhlil
metodlarından imtina edir, əksinə, ən yaxşı ənənəvi
təhlil metodlarını yeni yaradıcı keyfiyyətlərlə
zənginləşdirir, onlara yaşadığımız
zamanın ritmini gətirir. Bugünkü ədəbi və bədii
sözümüzün ən
ciddi çatışmazlığı isə zamanın
ahənginə ayaq uydura bilməməsidir.
Kitabın
"Mənəvi diskurs" bölümündə təqdim
edilmiş yazılar müəllifin ədəbiyyatımızın
müxtəlif dövrləri və nəsilləri barədə
mükəmməl məlumata malik olduğunu əks etdirməklə
yanaşı, yazı tərzinin, təqdimat texnikasının
müasirliyi və təravəti ilə seçilir. Azərbaycan
ədəbiyyatının bir-birinə bənzəməyən
nurlu simaları - İmamverdi Əbilov, Gülrux Əlibəyova,
Arif Əmrahoğlu haqqında məqalələr
üçün aparıcı keyfiyyət bu şəxsiyyətlərin
portretinin ön palana gətirilməsi, onların
yaşadıqları tarix və özlərindən sonra gələn
zaman içində yerini mülayim rənglərlə
canlandırılmasıdır.
E.Akimovanın
müəllif-mətn-oxucu arasında yaratdığı
ünsiyyət həm də ona görə alınır ki, tənqidçi kimliyindən, təcrübəsindən
asılı olmayaraq hər bir müəlliflə fərdi
ünsiyyət qurur, müəllifi deyil, müəllifin
yaratdıqlarını qiymətləndirməyə
üstünlük verir. Ədəbiyyatımızın
klassikləri Hüseyn Caviddən, Məhəmməd Hadidən,
İsmayıl Şıxlıdan, İsa Hüseynovdan
tutmuş imzası təzəcə tanınmağa başlayan
Şəhriyar del Geraniyə, Hədiyyə Şəfaqətə,
Ümid Nəccariyə, Həmid Piriyevə qədər
bütün müəlliflərlə eyni məsafədən
ünsiyyət saxlamağı bacarır. O, təhlil etmək
istədiyi mətni əvvəlcədən əzbərlənmiş
nəzəri hökmlərə, eni-uzunu bəlli çərçivəyə
salıb, əsərə həmin çərçivəyə
sığıb-sığmadığına əsasən hökm
vermir, hər bir mətnə uyğun ölçü vahidi
müəyyənləşdirir və buna görə də
konkret nəticələrə gəlir. Bu yanaşma onun
yazılarının adlarında da aydın ifadə olunur:
"Dəli Kür": dəyişən dəyərlər
və roman texnologiyası kontekstində", "Mübariz
Örən: balıq gülüşü, böyümə
anı, yaxud uşaqlığın son yuxusu", "Yuxu ilə
reallığın qovuşduğu məkan: "Arzulardan
sonrakı şəhər", "Əlabbasın hekayələri:
yeni dünyanın yeni olmayan qəhrəmanları", "Həmid
Piriyevin balaca xoşbəxtlik axtaran qəhrəmanları"
və s. Bu sərlövhələr mətnlə oxucu
arasında ünsiyyətin - diskursun kursunu (yönünü)
müəyyənləşdirir, hər bir əsər və
müəllif haqqında söhbət sərlövhədə
nişan verilmiş konkret məcrada və axarda davam etdirilir.
Bu cür yanaşma ayrı-ayrı məqalələrdə
qoyulan məsələlərin fraqmentlər şəklində
deyil, ədəbi prosesin bütöv qavranılmasına şərait
yaradır. Özünün dediyi kimi, o, təhlil etdiyi
yazıları "yalnız sənət faktı olaraq deyil, həm
də milli məfkurə və amal adına yazılan əsərlər
kimi qəbul edir".
E.Akimova
hər hansı yazıçının yaradıcılığını
və ya konkret əsərini təhlil etmək
üçün oradakı səciyyəvi keyfiyyətləri
önə çəkib, oxucu ilə ünsiyyəti həmin
keyfiyyətlər üzərində qurmağa
üstünlük verir. Azərbaycan ədəbiyyatının
ən maraqlı simalarından olan Məhəmməd Hadinin
taleyi və yaradıcılığı müxtəlif elmi
müzakirələrin, bədii əsərlərin mövzusu
ola bilər. Ancaq E.Akimova Məhəmməd Hadini
"Cümhuriyyətə gedən yolun şairi" kimi təqdim
etməklə, dövrün ədəbi panoramının
ümumi cizgiləri fonunda M.Hadinin daha konkret və dolğun ədəbi
portretini yaratmağa müvəffəq olub. Elçinin
"Baş" romanı ilə bağlı düşüncələrini
bölüşən E.Akimova söhbəti
yazıçının yaradıcılığı
üçün səciyyəvi olan iki başlıca məqam
- Elçinin əsərlərdə hadisələrin baş
verdiyi məkan və "əksər əsərlərinin əsas
predmetini təşkil edən tarixilik" üzərində
qurur. "İsa Hüseynov Azərbaycan nəsrində milli
ruh və emosiya potensialını özünə
qaytardı" tezisi ilə başlayan məqalədə məsələnin
qoyuluşu konkret olduğuna görə müəllif diqqəti
İsa Hüseynov yaradıcılığı ilə
bağlı "hər şeyin" üzərinə deyil,
böyük yazıçının
yaradıcılığında məhz milli ruh və milli
emosiya stixiyasının hansı səviyyədə
reallaşması üzərində cəmləşdirə
bilir. Bu isə onun təhlilinə nəticəlilik gətirir,
müəllifin ədəbiyyatdan nə gözlədiyi və
oxucuya nə çatdırmaq istədiyi qaranlıq qalmır.
Burada ən mühüm fərqləndirici cəhət odur ki,
E.Akimova yazıçının hər hansı əsərinin
təhlilindən aldığı nəticəni həmin
yazıçının bütöv
yaradıcılığı kontekstində "əridərək"
təqdim edir. Məsələn, "Hekayə diskurs kimi: tut
budağı, ərik budağı və sarı bülbül"
adlı məqalədə Elçinin hekayəsinin esse
poetikasına əsaslanan diskursiv təhlili
yazıçının nəsrinin ümumi kontekstində bir
obraz kimi təqdim olunur və konkret hekayədə təzahür
edən həmin obrazın təhlilinin rezonansı Elçinin
bütün yaradıcılığı boyu əks-səda
verir: "Ümumiyyətlə, Elçinin nəsrində həyatın panoram lövhələri,
sosial mənzərələri, həyatın iztirabları,
tarixin gedişatı, xalq taleyi kimi ali məqamların ifadəsi
bütöv bir Obrazda təmərküzləşmiş və
abstraksiya olunmuşdur. Ona görə onun mətnlərindəki
əksər obrazlar bizə tanış görünür,
sanki yazıçı bütün Missiya məqsədli məsələləri
bir Obraza həvalə və etibar edir".
Keçmişə
sayğısızlıq ikrah doğurduğu kimi, bu günə
laqeydlik də təqdir oluna bilməz və bu baxımdan
E.Akimovanın cağdaş Azərbaycan şeirində yeni təfəkkür
kultu axtarması, eləcə də düşüncənin
inanc tərəddüdlərinin ictimai-psixoloji köklərini
araşdırması tənqidçinin öz vəzifəsi və
milli mədəniyyətimiz qarşısında məsuliyyət,
mədəni sərvətlərimizə sahiblik hissindən gəlir.
Azər
Turan Elnarə Akimovanın "Poeziyamızın yeni təfəkkür
kultu - modernizm" silsiləsindən əsaslanaraq XXI yüzil Azərbaycan ədəbiyyatşünaslığı
üçün cərəyanlar dövrünün tənqidçisi
tipini yaratdığı qənaətindədir: "Cərəyanların
funksionallığının ədəbiyyatımızda nə
vaxtdan müşahidə olunduğunu ilk dəfə kompleks
halında və yeni ədəbi mətnlərin təhlilləri
fonunda dövriyyəyə qatan, cari ədəbi prosesi cərəyanlara
nəzərən dəyərləndirən və bunu predmetləşdirən
tənqidçilərimizdən biri də odur".
E.Akimovanın
kitabında polemik üslubu ilə seçilən
"Poeziyamızın yeni təfəkkür kultu -
modernizm" silsiləsinin diqqət mərkəzinə çəkilməsini
şərtləndirən başlıca keyfiyyətlərdən
biri bu yazılardakı polemik intonasiyadır. Onu da
vurğulamağı zəruri sayıram ki, Elnarə
xanımın polemikaya marağı düşüncə tərzi
və yazı üslubu ilə məhdudlaşmır:
"Ədəbiyyat qəzeti"nin müxtəlif mövzular
ətrafında polemik diskussiyalarının təşkilatçısı
və aparıcısı əksər hallarda E.Akimova olur.
"Poeziyamızın yeni təfəkkür kultu -
modernizm" silsiləsinin məziyyəti budur ki, XX əsrin
90-cı illərində yaranan müstəqillik
dövrümüzün poeziyası barədə mütləq
hökm verilmir, ədəbiyyatda gedən proses elmi
düşüncənin gündəliyinə, müzakirə
müstəvisinə gətirilir, diqqət yeni ictimai-siyasi
mühitin öz ifadəsini poeziyada necə tapmasına və
yeni zamanın poeziyasının necə dərk edilməsinə,
qavranılmasına yönəldilir: "Çünki yeni təfəkkür
yeni insanın dərki məsələsini qabardır və
insan təfəkkürünün, psixologiya və mənəviyyatının
yenidən qurulması prosesində bədii ədəbiyyat
spesifik təsir qüvvəsinə malikdir".
E.Akimova
1990-cı illərdə yaranan poeziyaya iki qütb ilə təmas
xəttinin - dünya şeirinin poetik gücü və ənənəvi
şeirin təsiri
işığında baxır. Bu tezisin ana xəttini təşkil
edən ideya budur ki, Sovet imperiyasının siyasi əsarətindən
qurtaran cəmiyyətdə bədii sözün
qarşısında yeni üfüqlər açıldı.
Yeri gəlmişkən, bu məsələ ilə
bağlı mən də öz mülahizəmi bildirməyi zəruri
bilirəm və xüsusi vurğulamaq istəyirəm ki, məni
polemikaya qoşmasını da gərək Elnarə
xanımın yazı tərzinin üstünlüyü kimi qəbul
edilməlidir. Azərbaycan ədəbiyyatının,
xüsusilə poeziyamızın Sovet dövründə
dünya poetik fikri ilə təmasının
olmadığını iddia etmək çətindir. Ancaq bu
təmasın rus dili vasitəsilə baş verməsi bədii
düşüncədə ciddi məhdudiyyətlər
yaradır, düşüncənin hüdudlarını
daraldırdı. Təəssüflər olsun ki, müstəqillik
illərində də bizim poeziyamızın dünya ədəbi
düşüncəsi ilə təması əsas etibarilə
vasitəli şəkildə - türk dili üzərindən
baş verir ki, bunun da məhdudlaşdırıcı nəticələrini
inkar etmək mümkün deyil. Ona görə də dünya
poetik düşüncəsi ilə Azərbaycan şeirinin təması,
Azərbaycan bədii düşüncəsinin dünya bədii
düşüncəsinə inteqrasiyası məsələsinin
polemika hədəfindən çıxdığını
iddia etmək hələ tezdir.
"Avropa
cərəyanlarının milli şeirimizə süni şəkildə
tətbiqinin civarında yeni poeziya yarandımı ki?"
sualına E.Akimova bir qədər tərəddüdlü olsa
da, müsbət cavab verir: "Bütün uğursuz cəhdlərə,
Qərb cərəyanlarına ifrat meyillərinə baxmayaraq,
müstəqillik dönəminin poeziyası öz
keçmişi, gələnəkləri, zəmin
aldığı fəlsəfi-psixoloji notlara qədər yeni
xarakterli poeziya idi"...
E.Akimovanın
"Qərblə Şərqin arasında, yaxud əsl sənətə
doğru" yazısı ictimai düşüncə
tariximizin son dərəcədə ziddiyyətli bir prosesinin
yeni zaman və meyarlar işığında qiymətləndirilməsini
əhatə edir. Bu məsələnin gündəliyə gətirilməsi,
müzakirəyə çıxarılması çox
mühümdür: çünki Azərbaycan mədəniyyəti
anlayışının Şərq mədəniyyəti
anlayışı ilə eyniləşdirilməsi, XIX əsrdən
başlayaraq Azərbaycan mədəniyyətinin rus və
Avropa mədəni coğrafiyasına inteqrasiyası ilə əlaqədar
mədəni sistemdə baş verən transformasiyalar suallara
kifayət qədər açıqdır və bu sualların
müzakirə olunması təqdir edilməlidir.
E.Akimova
"Çağdaş Azərbaycan postmodern şeirində
Tanrıya münasibət" adlı məqalələr
silsiləsində "postmodern epoxasının özü ilə
gətirdiyi yeni dünya modelinin
nizamsızlığı"nı araşdıraraq bunu yeni
epoxanın düşüncədə, əxlaqda, sənət
meyarlarının dərkində gətirmiş olduğu
çaşqınlıqlarla bağlayır. E.Akimovanın
müşahidəsinə əsasən, 1990-cı illərdə
"postmodernist gənclər yaşadıqları cəmiyyətin
neqativ tərəflərini göstərməklə kifayətlənməyib,
Tanrıya münasibətdə belə müqəddəslik pərdəsini
yırtmağa cəhd etdilər, "yer üzünün əşrəfi
insandır!" modelini yenidən, bu dəfə fərdi
duyğularının qanadında poeziyaya gətirməyə,
tətbiq etməyə başladılar. Həmin fərdi
duyğuların, yaşanılan acıların arasında isə
Tanrıya ayrılan yer çox cüzi idi. O yeri də
şairlərin dua, tapınma xüsusiyyətlərindən
daha çox, ironik, nihilist, yad yanaşmaları istila eləyirdi".
Elnarə
xanımın müşahidələri ilə tam
razılaşmaqla yanaşı, bir qənaətimi də ifadə
etməyi zəruri sayıram ki, 1990-cı illərdə Azərbaycan
ədəbiyyatında özünü postmodernizm kimi təqdim
edən təmayülün adını həmin təmayülün
mətbu orqanı olan "Alatoran" daha düzgün ifadə
edirdi. Estetik sistem səviyyəsinə gələ bilməyən,
buna vaxtı və enerjisi çatmayan həmin alatoran təmayül
Azərbaycan bədii düşüncəsinin mahiyyətini dərk
edə bilmədiyi postmodernizm estetikasına məhəlli
reaksiyası idi. Nihilizmin kökündə isə ictimai-siyasi
prosesləri düzgün qavraya bilməmək və
özünü cəmiyyətdən kənarlaşdırılmaq
reallığı var idi. Həmin
dövrün poeziyasındakı nihilist
ifratçılıqdan biri də inamın və inancın
sarsılmasından irəli gəlirdi. Azərbaycan
poeziyasında inancın sarsılması estetik hadisə
olmaqdan daha çox, toplumun (və ya çoxluğun) zehniyyətinə
qarşı üsyanın ifadəsi idi. Mühafizəkar təfəkkür
yeni peyğəmbər "yaratmağa", üsyankar təmayül
isə inancdan imtina etməyə cəhd göstərirdi.
Buradaca
onu da qeyd etməyi məqsədəuyğun bilirəm ki,
1990-cı illər poeziyasında ürfani əhval-ruhiyyənin
fəallaşması, akademik Nizami Cəfərovun ifadəsi ilə
"neosufuzmin" dirçəlməsi də, müəyyən
mənada, cəmiyyətdəki inanc sarsıntısı ilə
bağlı idi...
"Düşüncə
zamanı - ədəbi tənqid diskurs kimi" kitabında
müxtəlif dövrlərdə yaranmış bədii ədəbiyyat
hadisələrinin janr estetikası kontekstində təqdim və
təhlil olunması da kitabının daha bir fərqli cəhəti
kimi təqdir edilməlidir.
M.Baxtinə
görə, "janr ədəbiyyatın hər yeni
inkişaf mərhələsində, həmin janrın hər
bir ayrıca əsərində doğulur və yenilənir.
Janrın həyatı bundadır. Ona görə janrda qorunub
saxlanılan arxaiklik də ölü deyil, daha doğrusu, yenilənməyə
qadirdir. Janr indi də yaşayır, lakin daim öz
keçmişini, öz başlanğıcını
xatırlayır. Janr ədəbi inkişaf prosesində
yaradıcı yaddaşı təmsil edir".
E.Akimovanın
elmi yanaşmasında janra yaradıcı yaddaşın
prizmasından baxmaq aparıcı keyfiyyətdir. Məsələn,
onun "Azərbaycan romançılığında
itirilmiş zaman" adlı məqaləsi həcmcə
kiçik olsa da, ədəbiyyat tariximizin yeni mövqedən nəzərdən
keçirilməsi, xüsusilə 1930-40-cı illərdə
roman janrında yaranan durğunluğun bədii sözün
sonrakı təkamülünə təsiri barədə
mülahizələri maraqlıdır və elmi diskussiya
üçün impuls verir.
Akademik Nizami Cəfərov bu məqaləyə
münasibət bildirərkən roman janrındakı
durğunluğu ideologiyanın ədəbiyyatın
missiyasına müdaxiləsi ilə izah edir:
"Düşüncə zamanı"nın müəllifi
(və roman janrının tərcümeyi-halı)
baxımından paradoksal olan odur ki, dövr bütün ictimai-siyasi kataklizmləri ilə əsl
roman dövrüdür, ancaq nə edəsən ki, janrın (və
ədəbiyyatın) missiyasını məhz ideologiya öz
üzərinə götürür".
Mənə
elə gəlir ki, məsələyə
"düşüncə zamanı" kontekstindən
yanaşanda fərdi istedad amili də nəzərdən
yayınmamalıdır. Romanı da, hekayəni də,
şeiri də fərd yaradır. Ona görə də bu məsələdə
"baş rolun" ifaçısı kimi yalnız ideologiyanı və tarixi şərtləri
görmək azdır, burada həlledici fərdi istedad
görür. Bir məsələni də
xatırlatmağın yeridir ki, XX əsrin 30-cu illərində
Azərbaycan ədəbiyyatında maraqlı bir hadisə - Səməd
Vurğunun janrca mənzum roman kimi qələmə
aldığı və elə mənzum roman kimi də təqdim
etdiyi "Komsomol poeması" yaranmışdı və həmin
əsər sonradan nəsrimizin və roman janrının yeni
keyfiyyətlər qazanmasında mühüm rol oynadı. Elnarə
xanımın roman sənətkarlığı
texnologiyası kontekstində təhlil etdiyi və yüksək
qiymətləndirdiyi "Dəli Kür"dəki Cahandar
ağa obrazının "Komsomol poeması"ndakı Gəray
bəyin varisi kimi yarandığını heç kəs
inkar etmir.
XIX əsrdə
Mirzə Fətəli Axundzadədən başlayan,
"Əkinçi"də davam etdirilən
düşüncə mübarizəsinin estetik hədəflərindən
biri də divan şeiri kanonları, divan ədəbiyyatının
janrları idi və XX əsrin əvvəllərində Azərbaycan
ədəbiyyatının əldə etdiyi yeniliklərdən
biri divan ədəbiyyatının yüzillərlə davam edən
janr kanonlarından qurtulmaq oldu. Bu qurtuluşdan sonra isə ədəbiyyatımızda
hər şeirin öz janrı ilə doğulduğu dövr
başladı.
Bu
baxımdan, Elnarə xanımın poema janrına həsr
etdiyi "Janrın qürubu, yoxsa ədəbi laqeydliyimiz"
məqaləsində qoyulan məsələlər aktual olmaqla
yanaşı, bədii
yaddaşımızda böyük tarixi olan bir janrın
bugünkü taleyi haqqında düşünmək,
müzakirə aparmaq üçün kifayət qədər
ciddi mövzu verir.
İspan
nəzəriyyəçisi Xose Orteqa-Qasset "janrın
qürubu" ilə tarix arasında yaxın əlaqə
görür, janra tarixin sifarişi kimi baxırdı. O, tarixin
müxtəlif dövrlərində ayrı-ayrı
janrların önə çıxıb-arxaya çəkilməsini
və ya hər hansı janrın oxucuların daha çox
marağına səbəb olmasını tarixin həmin kəsiyinin
insana münasibəti ilə izah edirdi. Sənətin əsas
mövzusunun insan olduğu şərtinə əsaslanan alimin
qənaətinə görə, janr insana baxışın
ifadəsidir və bu baxış zamandan-zamana fərqləndiyi
kimi, janra münasibət də dəyişir: "Necə
olur-olsun, sənətin əsas mövzusu həmişə
insandır. ...Janrlar mahiyyətcə insanın ən
mühüm cəhətlərinin baxıldığı
geniş baxış bucaqlarından başqa bir şey deyildir.
Hər bir dövr özü ilə insanın əvvəlki zəmanədə
olduğundan əhəmiyyətli dərəcədə fərqlənən
yeni yozumunu gətirir. Daha doğrusu, bunu özü ilə gətirmir,
artıq həmin yozum mövcud olur. Elə buna görə də
hər bir dövrün öz sevimli janrı olur". Mənə elə gəlir
ki, poema janrının "sevimlilər" siyahısından
çıxmasının bir səbəbini də bu
baxımdan araşdırmaq və qiymətləndirmək
mümkündür.
Yekun
olaraq bunu deməyi zəruri hesab edirəm ki, E.Akimovanın
"Düşüncə zamanı" ədəbiyyatımız
və ədəbiyyatımızı yaradanlar haqqında, ədəbiyyatımızın
qaldırdığı və üzləşdiyi məsələlər
barədə düşünmək üçün
başlanğıc verir. Bu başlanğıcdan ruhlanıb mən
də yeri gəldikcə müəllifin
qaldırdığı məsələlər barədə
öz mülahizələrimi bildirdim. Məncə,
"Düşüncə zamanı"nın əsas
missiyası da elə budur.
Məti OSMANOĞLU
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 16-17.