Bu
fədakarlığı bizim üçün ediblər, edirlər...
Azərbaycan polisi haqqında
düşüncələr
...Lənkərandan
qayıdırdıq, maşını oğlum idarə edirdi,
bacıoğlu da bizimlə idi.Yolun tən yarısından bir
xeyli uzaqlaşmışdıq ki, oğlum benzinin artıq
tamam tükənməsinə işarə edən
işığa baxıb heyifsiləndi:
- Gərək,
şəhərdən çıxanda benzin vuraydıq. Qorxuram
yanacaq qurtara, yarı yolda qalaq.
Mən
onu benzindən yana narahat olub geniş, hamar və sürətli
yolda diqqəti yayınmasın deyə xatircəm etmək istədim:
-
Narahat olma, oğul, səhv etmirəmsə, hardasa irəlidə
yanacaqdoldurma məntəqəsi olmalıdır...
Amma,
deyəsən, özüm də unutmuşdum ki, yol yeni çəkildiyindən
ətrafında hələ lazımi sayda yanacaqdoldurma məntəqəsi
yoxdur və yolda qala bilərik. Necə deyərlər,
ağlımıza gələn, başımıza gəldi...
Oğlum
maşının artıq təntiyib sürətdən
düşdüyünü görüb onu yolun kənarında
saxladı, qəza işıqlarını yandırdı,
mühərrik, sanki bunu gözləyirmiş kimi, astadan bir-iki
dəfə "öskürüb" səsini xırp kəsdi...
***
Artıq
qürub günəşinin al-qırmızı şəfəqləri
üfüqlərin arxasında
qeyb olurdu, qaş qaralırdı. Biz səbrlə
yanımızdan sürətlə şütüyən
maşınları izləyirik. Mən də gözləyə-gözləyə
ötən illərin bəzi məqamlarını
xatırlayırdım. Bunları yazmaya da bilərdim. Amma...
...İndi
qalmışdıq yolda, rahat yolla yanımızdan
ötüb-keçən maşınlara baxırdıq.
Uzun
illərdir ki, yollardayam, sürücü həmrəyliyinin
necə yüksək bir dəyər olduğuna, belə
çətin məqamlarda yazılmamış qanun kimi dərhal
işə düşdüyünə bələd idim.
Sürücülərin təmənnasız yardıma tələsib,
bir-birini yolda qoymadıqlarını çox
görmüşdüm. Ona görə ötən illərin təcrübəsindən
gələn bir əminliklə gözləyirdim ki, elə
indicə sürücülərdən biri
maşınını yanımızda əyləyəcək,
dərdimizi öyrənib azacıq benzin verəcək. Sonra
biləcəkdik ki, yanacaqdoldurma məntəqəsi də bir
elə aralıda deyilmiş, cəmi bir-iki litr benzin bizə bəs
edərmiş.
Gözlə,
təqribən bir saata qədər vaxt keçdi, amma
çifayda, yanımızda bir nəfər də saxlamadı.
Məndən də çox bu duruma cavanlar
sıxılırdılar. Birdən uzaqdan bir Dövlət Yol
Polisi avtomobilinin sayrışan işıqlarını
yandırıb bizə tərəf irəlilədiyini
gördük. Bərabərimizə çatıb əylədi,
iki gənc yol polisi əməkdaşı idi. Biri
aşağı düşüb nə baş verdiyini, nə
kömək lazım olduğunu soruşdu. Durumu izah edincə,
dedi ki, qarşıda yanacaqdoldurma məntəqəsi var.
Cavanlardan birinin onlarla gedib benzin gətirməsini məsləhət
gördü və əlavə etdi ki, onların
maşınında benzin üçün balaca qab da var.
Bacıoğlu onların avtomobilində əyləşdi,
sürüb getdilər, aradan heç on dəqiqə
keçmədi ki, yenidən geri qayıtdılar. Polis əməkdaşları
benzini maşınımıza tökməyə yardım
göstərdilər, oğlum mühərriki işə
saldı, xudahafizləşib ayrılmaq istəyəndə
onlardan ad və soyadlarını soruşdum.
Biri
gülümsünərək dilləndi:
- Yəqin,
bunu təşəkkür etmək üçün
soruşursunuz. Amma üzrlü sayın, nizamnaməmizə bir
qədər zidd olsa da, bu dəfə özümüzü təqdim
etməyəcəyik. Çünki biz böyük bir iş
görmədik. Sadəcə, vəzifə borcumuzu yerinə
yetirdik. Bunun üçün də heç bir təşəkkürə
gərək yoxdur. Yolunuza sağ-salamat davam edin, bu bizə yetər.
Sizə yaxşı yol.
İsrarımın
heç bir nəticə verməyəcəyini görüb mən
də ölkəmin bu gənc polis əməkdaşlarına
öz şərəfli xidmətlərində uğurlar
arzulayıb maşına əyləşdim. Yolumuza davam edib,
qarşıdakı benzindoldurma məntəqəsində
maşının çəninə lazımi qədər
yanacaq vurduq. Bacıoğlu dedi ki, o, bayaq polis əməkdaşlarını
yoldan çox saxlamamaq üçün geri taksi ilə
qayıtmaq istəyib, amma onlar buna razı olmayıblar, onu
geriyə də öz maşınlarında gətiriblər.
Gənclər
yol boyu polislərimizin bu nümunəvi hərəkətindən
heyranlıqla danışırdılar. Söz-sözü gətirir,
polislə bağlı şahid olduqları, rast gəldikləri,
dost-tanışdan eşitdikləri başqa belə xoş
nümunələr də yada düşürdü.
Onu
da qeyd edim ki, polislər heç məni
tanımamışdılar da...
***
Bəlkə
də, bunu adi yol maşını sürücülərindən
biri eləsəydi, heç bu qədər təsirlənməyəcəkdim.
Çünki yaxşılıq, xeyirxahlıq,
başqalarına təmənnasız kömək xalq olaraq
qanımızdadır, adət-ənənələrimizdən
gəlir. Nə vaxtsa mən də yolda qalanı darda
qoymamışam, nə vaxtsa məni də yolda qoymayanlar olub.
Əcdadlardan üzü bəri belə hərəkətlər
bizim üçün o qədər gündəlik həyat
lövhələrinə çevrilib ki, artıq adiləşib
və belə olması deyil, belə olmaması adama qəribə
gəlir.
Bizə
kömək edən o polislərinsə maşınlarında,
uniformalarında dövlət gerbimizin təsviri vardı...
Onlar
Azərbaycan dövlətinin rəmzləri idi...
Onların
timsalında dövlətimiz özü yarıyolda
qalmış vətəndaşlarının köməyinə
yetişmişdi... Üzləşdiyimiz problemi cəmi bir
neçə dəqiqənin içində yoluna qoymuşdu.
Necə ki, bizim şəxsən şahid
olmadığımız, görmədiyimiz, bilmədiyimiz on
minlərlə belə vəziyyətlərdə, bundan da
qat-qat ağır durumlarda Azərbaycan dövləti dərhal
öz vətəndaşının yardımına tələsir,
çarəsiz anında ona əl uzadır, dadına
çatır...
Ən
çox buna duyğulanmışdım...
***
Bir tərəfdən
də maşınımızın yanıb-sönən qəza
işıqlarını, yol kənarında kömək
ümidi ilə nəzərlərini onlara dikmiş bir
ahıl, iki cavan yol adamını, sanki heç
görmürmüş kimi yanımızdan
şütüyüb keçən maşınlar, onların
sürücüləri, sərnişinləri gəlirdi
ağlıma...
Və
öz-özümə sual verirdim ki, biz niyə belə
olmuşuq görəsən?! Axı bu cür görməmişdik,
bu cür yaşamamışdıq. Doxsanıncı illər
idi. Öz şəxsi "Jiquli"mdə incəsənət muzeyinin qabağı ilə
üzüyuxarı qalxırdım. Maşın birdən-birə
titrəyərək söndü. Mən "Jiquli"dən
düşüb "kapot"u açdım. Ancaq heç nədən
başım çıxmırdı. Yalandan bir az qurdalanandan sonra, çəkilib
bir qırağda dayandım. Bir anın içində
maşının qabağında və arxasında bir neçə
avtomaşın dayandı.
Sürücülər
mənə yaxınlaşıb nə baş verdiyini
soruşdular. Mən cavab əvəzinə çiyinlərimi
çəkdim.
Onlar
məsələni anlayıb mühərrikxanaya baxdılar.
Xülasə, maşını düzəldib, məni yola
saldılar.
Bax,
belə də olurdu!
Həmin
gün Bakıya çatana qədər daxili dünyamda o yol əhvalatından
yaddaşıma köçmüş iki mənzərə
üz-üzə dayanmışdı. Bir tərəfdən,
bizə məhəl qoymadan yanımızdan
ötüb-keçən insanlar, zəifləyən milli dəyərlər,
adət-ənənələr, bu biri tərəfdən də
Azərbaycan polisinin nümunəvi davranışı...
Bununla
belə, ürəyimdə bir əminlik də vardı və
yenə də var ki, ay ötəcək, il dolanacaq
insanlarımız müasirlik adı altında bizə
sırınan saxta həyat tərzlərinin puçluğunu
dərk etdikdən, bir-birinə soyuqluqdan, biganəlikdən
usandıqdan sonra yenidən milli-mənəvi dəyərlərə
üz tutacaqlar, onlardan möhkəm-möhkəm
yapışacaqlar, görəcəklər ki,
ata-babalarımızın yaratdıqları örnəklərin
alternativi yoxdur və biz gələcək nəsilləri də
bu örnəklər ruhunda böyüdə biləcəyik.
Təki
o gördüyüm polislər misalı bütün görəvlilərimiz
öz vəzifələrini, vicdanla, sevgi ilə yerinə
yetirsinlər, dövlətimiz güclü olsun, hər bir vətəndaşımız
bu dövlətin güclənməsindən ötrü üzərinə
düşən məsuliyyəti hiss edə bilsin.
***
Polis
sözü, qədim yunanca, bildiyim qədər elə dövlət
deməkdir. Azərbaycan polisi öz adına sadiqliyini, bu
dövlətin ərazi bütövlüyü, ayaqda
durması, vətəndaşlarımızın təhlükəsizliyi
naminə fədakarlığını, igidliyini yaxın
tariximiz boyu dəfələrlə sübuta yetirib.
Müstəqil
dövlətimiz ötən il elan olunmasının 100 illiyini
böyük sevgi ilə qeyd etdiyimiz Azərbaycan Xalq
Cümhuriyyətinin hüquqi varisi olduğu kimi, Azərbaycan
polisi də cümhuriyyətimizin şərəfli
yadigarlarındandır.
Polis
orqanlarımızın bir əsrdən də çox müddəti
əhatə edən fəaliyyətində ulu öndər Heydər
Əliyevin ölkəmizə rəhbərliyi dövrü
xüsusi yer tutur. Ümummilli liderin hələ sovet Azərbaycanına
rəhbərlik etdiyi illərdə daxili işlər
orqanlarının təşkilati və ideoloji cəhətdən
möhkəmlənməsi, sıralarının
saflaşdırılması, peşəkar kadrların irəli
çəkilməsi istiqamətində ardıcıl işlər
görülmüşdü.
Tarixin
yeni dönəmləri sübuta yetirdi ki, ulu öndərin
daxili işlər orqanları əməkdaşlarında
formalaşdırdığı milli dövlətçilik
düşüncəsi, Vətənə sevgi hissi, Azərbaycan
zabiti şərəfinə sadiqlik ruhu cəmiyyətimiz
üçün nə qədər böyük önəm
daşıyırmış.
Ötən
əsrin 80-ci illərinin sonlarında Ermənistan öz mənfur
planlarını işə salıb ölkəmizə
qarşı hərbi təcavüzə başlayanda Vətənin
sərhədlərinin müdafiəsinə yollanan ilk və
yeganə qüvvə məhz polislərimiz oldu. Polis dəstələrimiz,
sonralar isə Daxili Qoşun hissələrimiz uzun müddət
düşmənə qarşı rəşadətlə
vuruşub qəhrəmanlıq göstərdi.
İndi
hansısa ağzının sözünü bilməyənlər
Azərbaycan polisinin ünvanına artıq-əskik
danışmağa başlayanda yaxın tariximizlə
bağlı çox ağrılı, amma bir o qədər də
qürur duyası rəqəmlər düşür
yadıma. Azərbaycanın ərazi bütövlüyü
uğrunda daxili işlər orqanlarımızın düz 1695
əməkdaşı və hərbi qulluqçusu şəhidlik
məqamına yüksəlib, 1710 nəfər yaralanıb.
Müstəqillik illərində xidməti vəzifələrini
yerinə yetirərkən Azərbaycan daxili işlər
orqanlarının 99 əməkdaşı həyatını
itirib, 2640 nəfər xəsarət alıb. 67 nəfər
Milli Qəhrəman adına, 1143 nəfər orden və
medallara layiq görülüb.
Bu
gün Azərbaycanda mövcud olan sabitlik və inkişaf
mühiti, insanların təhlükəsiz şəraitdə,
hüzur içində rahat həyatını yaşaması,
öz gündəlik iş-gücü ilə məşğul
ola bilməsi o rəqəmlərdən başlanır: şəhidlik
məqamına yüksələn o igidlərimizin nakam
ömürlərindən, yaralanıb
sağlamlığını itirən o qəhrəmanlarımızın
qorxmazlığından, dəyanətindən.
Onlar
bu fədakarlığı bizim üçün ediblər...
Biz də
cəmiyyət olaraq bunun dəyərini bilməliyik,
yaşadığımız əmin-amanlıq mühitinin
hansı çətinliklər bahasına başa gəldiyinin
fərqində olmalıyıq. Və Azərbaycan polisi bizi
cinayətkarlardan, cəmiyyətə təhlükə törədən
ünsürlərin təhdidlərindən canı-qanı ilə
qoruduğu kimi, biz də öz polisimizi məqsədli şəkildə
onun nüfuzuna qara yaxmaq istəyənlərdən, təxribatçılardan
qorumağa çalışmalıyıq. Bunu hər birimiz
özümüzə vətəndaşlıq borcu bilməliyik.
Cəmiyyət
qanunları da təbiət qanunları kimidir. Məsələn,
ağına-bozuna baxmadan ağacları baltalasan, axar suyun
gözünü tutsan, qısa müddətdən sonra meşəliyin
səhraya çevrilməsi labüddür. Bu, Ana Təbiətin
insanın yanlışlarına verdiyi reaksiyadır.
Bunların əksini edəndə isə ətraf mühitin necə
yaxşılaşıb, göz oxşadığına
özün şahid olacaqsan.
Cəmiyyət
də bizim doğru və yanlışlarımıza qiymətini
əməllərimizin, davranışlarımızın nəticələri
ilə verir: haradasa oxumuşdum ki, istənilən ölkədə
polisə qarşı pis münasibətin formalaşması,
insanların polisə nifrət ruhunda köklənməsi
qısa zamanda orada cinayət hallarının
statistikasını bir neçə dəfə artırır.
Bunları
əsla özümdən yazmıram. Elmi-tədqiqat mərkəzləri
on illər ərzində belə məsələləri
öyrənib, statistik təhlillər aparıb, aydın nəticələrə
gəliblər. Ona görə də polis haqqında mənfi rəy
yürüdən hər kəs əvvəlcə
düşünməlidir: bununla gələcəyin neçə
cinayətkarına yardım göstərirəm, neçə
ağır cinayətə, neçə insanın cinayət
qurbanı olmasına vəsilə oluram?!.
***
Sovet
vaxtı belə bir ifadə çox məşhur idi: "mənim
milisim məni qoruyur". Söhbəti çox uzatmayacağam:
o illərdə çəkilmiş "Görüş yerini
dəyişmək olmaz", "Arxadan vurulan zərbə"
kimi sovet trillerlərini xatırlasaq, daxili işlər
orqanları əməkdaşlarının o vaxtlar da necə mətinliklə
çalışdıqlarını, bu sistemdə necə
çətinliklər bahasına güclü ənənələrin
formalaşdığını və bu ənənələrin
təcrübəli peşəkarlardan gənc
davamçılara ötürüldüyünü görərik.
Əfsuslar
olsun ki, ötən əsrin 90-cı illərinin əvvəllərində
çox qısa zaman içində bu ənənələr
sıradan çıxarıldı. Adını yenicə dəyişmiş
polisə qarşı məqsədli təxribatlar işə
düşdü. Əsl peşəkarlar kənarlaşdırıldı,
yerlərinə - geyindiyi formanın,
daşıdığı poqonların məsuliyyətini qətiyyən
dərk etməyən, öz vəzifə borcunu yerinə
yetirib ictimai asayişi təmin etmək əvəzinə siyasətlə
məşğul olan və polisi də siyasi təxribatlara
çəkib, öz oyunlarına alət etmək istəyən
təsadüfi adamlar gətirildi.
Əyani
təsəvvür yaratmaqdan ötrü bircə faktı
xatırladacağam: AXC-Müsavat hakimiyyəti dövründə
Daxili İşlər naziri vəzifəsini tutan şəxs, həm
də siyasi partiya sədri idi. Bu, indi xüsusən gənc
oxuculara absurd görünə bilər. Amma bu tarixi, bu
reallıqları biz yaşamışıq.
Yeni
iqtisadi münasibətlər dövründə yenicə təşəkkül
tapmağa başlayan sahibkarlara, imkanlı adamlara qarşı
polisin reketçilik fəaliyyətinə başlaması barədə
xoşagəlməz söz-söhbətlər də o dövr
üçün adi hal idi.
Müstəqilliyin
ilk illərində yaşananlar, şahidi olduğumuz hərc-mərcliklər
haqqında çox danışırıq, xatirələrimizi
bölüşürük, nə gizlədim, hərdən
ifrata da varırıq, küçəyə belə
çıxmağa ehtiyat etdiyimiz o günlərin, narahat gecələrin
ağır müharibə şəraitində, qıtlıq,
sıxıntı, sosial-iqtisadi böhran, ümidsizlik
mühitində yaşandığını bəzən
unutduğumuz da olur. Amma bütün hallarda axı bunlar bir
reallıq idi. Bəzən dəyişikliklər elə
baş verir ki, bir vaxtlar şahid olduqlarının, sanki
heç yaşanmadığını düşünürsən.
Adama belə gəlir ki, elə əvvəldən hər
şey indiki kimiymiş...
Amma
1992-1993-cü illərdə baş verənləri necə
unudasan? Cəmiyyət, dövlət, idarəçilik sistemi
elə vəziyyətə gətirilmişdi ki, vətəndaş
özünü güvəndə hiss edə bilmirdi, polis vətəndaşın
təhlükəsizliyini qorumağa çətinlik çəkirdi...
Bu
acınacaqlı duruma yalnız ulu öndər Heydər
Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyət
rəhbərliyinə qayıdışından sonra son qoyuldu.
1994-cü ilin 29 aprelində keçirilmiş məşhur
müşavirədən sonra Heydər Əliyev Azərbaycan
polisi ilə bağlı qəti qərarını verdi. Polis
sıralarını təsadüfi şəxslərdən təmizlədi,
bu sistemdə baş verənləri ürək
ağrısı ilə kənardan izləyən, amma vəziyyəti
dəyişmək iqtidarında da olmayan əsl peşəkarları
iş başına qaytardı, polisin itirilmiş ictimai
nüfuzunu bərpa etdi, onu hər cür siyasi oyunların,
ictimai çəkişmələrin fövqünə, öz
şərəfli statusuna - Vətənə, dövlətə
xidmət mənziləsinə yüksəltdi.
Bu
inkişaf xətti cənab İlham Əliyevin ölkəmizə
rəhbərlik dövründə də davam etdirilərək
Azərbaycan daxili işlər orqanlarının tarixində
yeni parlaq səhifələr açdı. Bu sistemdə
müstəqillik dövrünün dəyərləri
formalaşdırıldı. Daxili işlər
orqanlarının bütün səviyyələrində
öz vəzifəsini layiqincə yerinə yetirən gənc
nəslin yetişdirilməsi, irs və varislik prinsiplərinin,
qazanılmış peşəkar təcrübənin,
dövlətçilik təfəkkürünün bir nəsildən
digər nəslə uğurla ötürülməsi ənənəsi
meydana gəldi.
***
Daxili
İşlər Nazirliyinin qeyd etdiyim uğurlarının, daha
doğrusu, qeyd etmədiyim minlərlə nailiyyətinin əldə
edilməsində uzun illər bu qurumun rəhbəri olmuş və
şərəfli xidmətinə, dövlətimizə
yüksək sədaqətinə, peşəkarlığına
görə böyük ictimai rəğbət qazanmış
Təhlükəsizlik Şurasının katibi Ramil Usubovun
müstəsna töhfələri olub.
Dövlətçiliyimizə
qənim kəsilən qüvvələrə qarşı tək
canı ilə çəkinmədən meydana girən, illər
boyu ölkəmizin, vətəndaşlarımızın təhlükəsiz
yaşaması üçün bitməz-tükənməz fədakarlıqlar
göstərən, bütün ümidləri layiqincə
doğruldan general-polkovnik Vilayət Eyvazovun rəhbərliyi ilə
bu sistemin inkişafının davamlılığı təmin
edilir, müasirləşdirilir.
Vilayət
müəllim nə qədər qətidirsə, nə qədər
prinsipialdırsa, o qədər də sadə və təvazökardır. Həmişə
insanların dayağı və köməyi olub.
Azərbaycan
polisinin görkəmi də, davranışları da, ictimai
obrazı da, iş prinsipləri də insanlarımızın
arzularına daha uyğun olmağa başlayır. İllər
əvvəl gözümüz öyrəşmiş yekəqarın,
ya da bunun əksinə çəlimsiz,
üstü-başı əzik-üzük, tökülüb
gedən, ayaqqabıları çirkli,
danışığı da görkəmi kimi kobud polislərdən
indi heç yerdə görə bilməzsən.
Tez-tez
qəzetlərdə, informasiya portallarında polisə qəbulla
bağlı elanlar rastıma çıxır. Yaş, boy, hərbi
xidmət, fiziki hazırlıq tələbləri bu elanlarda
xüsusi göstərilir. Lazımi fiziki göstəricilərə,
polis olmaq arzusuna, ən əsası isə çiyinlərində
daşıdığı poqonların məsuliyyətini dərk
edəcək qədər mənəvi keyfiyyətlərə
malik gənclərə tam şəffaf şəraitdə bu
sistemdə xidmətə başlamaq imkanı yaradılır.
Ona görə də indi polislərimizin, demək olar ki,
hamısı, maşallah, ucaboy, pəhləvan cüssəli,
şivərək gənclərdir. Xüsusi zövqlə
hazırlanmış dəbli polis mundiri, par-par parıldayan
çəkmələri onlara çox yaraşır. Azərbaycan
polisinin davranış mədəniyyəti də yüksəlir,
cilalanır, nizamnamə tələblərinə tam
uyğunlaşır. Bir neçə dəfə Polis
Akademiyasına yolum düşüb, orada da polis zabitlərinin
hazırlanması işi yüksək səviyyədə
qurulub. Tədris, təlim ən müasir standartlara uyğun
aparılır.
Əlbəttə,
daxili işlər orqanları sistemində hər şeyin tam
ideal vəziyyətə gəldiyini, heç bir problemin
olmadığını iddia etmək fikrindən uzağam.
Olsun ki, bu sistemdə öz məsuliyyətini lazımınca
anlamayan, vətəndaşla kobud davranan, rüşvət tələb
edən, cinayət hallarına qarşı mübarizədə
qeyri-peşəkar davranan insanlar yenə də var. Amma əsas
odur ki, bu cür hallara qarşı çox sərt mübarizə
aparılır, diqqətə çatdırılan problemlər
dinlənilir, nəticə çıxarılır,
nöqsanların aradan qaldırılması üçün
operativ tədbirlər görülür, vətəndaşların
polisə etimadının daha da gücləndirilməsi
üçün həllər tapılır.
Bu
günlərdə oxuyuram ki, yeni nazir "102" xidməti
barədə əmr imzalayıb. Əmrə əsasən,
cinayətlər barədə "102" xidmətinə məlumat
verən şəxslər daha fakt üzrə ilkin ərizənin
alınması üçün polisə dəvət
olunmayacaqlar. Bu qəbildən müraciətlərlə əlaqədar
sənədləşdirmə işləri onlar
üçün rahat şəraitdə, yaşadıqları
və ya olduqları ünvana gələn polis əməkdaşları
tərəfindən aparılacaq.
Əlbəttə,
vətəndaşın polis idarəsinə getməsində
bir qəbahət yoxdur. Bütün sivil cəmiyyətlərdə
insanlar hansısa problemlə üzləşəndə polisə
gedir, çəkinmədən dərdini anladır, kömək
istəyir. Bizdə də bu düşüncə tədricən
formalaşacaq. Amma etiraf edək ki, hələlik vətəndaşlarımız
polis idarələrinə gedib ifadə verməyə, sanki bir
qədər tərəddüd edirlər, gecikirlər, nəyisə
düz demirlər, bu isə son nəticədə polisin
işini çətinləşdirir.
Bu
baxımdan "102" xidməti ilə bağlı yeniliyi
çox bəyəndim. Bu, mütərəqqi addımdır.
Vətəndaş-polis münasibətlərinin daha sivil
xarakter almasına, cinayət və hadisələrlə
bağlı məlumatlara baxılması işində
operativliyin yüksəldilməsinə, xüsusən vətəndaş
məmnunluğunun təmin edilməsinə yönəlib.
Bundan
başqa, mühafizə polisinin işində də yeni
standartlar, müasir texnologiyalar tətbiq edilir. Bu imkanlardan xəbərdar
olan insanların canını, evini, bağını, obyektini
oğru-əyridən qorumaq dərdindən, qapıları
daha qalın dəmirdən etməkdən, pəncərələri
az qala dəmiryolu relsi qalınlığında
barmaqlıqlarla qapamaqdan qurtarıb. Çox cüzi bir
aylıq xidməthaqqı qarşılığında sistemə
qoşulursan, əgər hansısa nadürüst oğurluq
niyyətilə mülkiyyətinə əl uzatmaq niyyətinə
düşsə, heç içəri keçməyə
macal tapmamış mühafizə polisi cəmi iki-üç
dəqiqənin içində başının
üstünü kəsdirir...
***
Müsbət
dəyişikliklər yol hərəkətinin tənzimlənməsində
də özünü göstərir. Mən gənc olanda
şəhər yollarında işıqforların sayı o qədər
çox deyildi. Yollarda hərəkət axınını əsasən
dövlət yol polisi işçiləri tənzimləyərdi.
İşıqforlar artandan sonra bu prosesdə polisin
iştirakına o qədər də ehtiyac
qalmamışdı. Hərəkət ahəngini cəmi
üç işığın "dili ilə" tənzimləmək
olurdu. Amma son illər maşınların sayının qat-qat
artmasını və tıxac yaranması ehtimalını nəzərə
alaraq artıq yol polisi də işıqfor olan bir çox yerlərdə
paralel tənzimləmə funksiyasını yerinə yetirir.
Yayın istisində, qışın şaxtasında,
yağışında, küləyində, saatlarla soyuq
asfaltın üzərində dayanıb yollardakı
tıxacların qarşısını necə peşəkarlıqla
aldıqlarını görəndə bu insanlara heyranlıq
duymaya bilmirsən.
Yəqin,
sürücülük təcrübəsinə malik oxucular da
təsdiqləyər: yol hərəkəti qaydaları
bütün dünyada elədir ki, nə qədər gözləyib
diqqətli sürməyə çalışsan da, bir də
görürsən, ildə bir-iki dəfə də olsa
hansısa qaydanı yüngülcə pozmusan. Hərdən
sürücüm qanıqara əlindəki kağızı
göstərir ki, cərimə gəlib. Yaxud dövlət yol
polisi əməkdaşlarının hansısa pozuntuya görə
maşınımızı saxlayıb cərimə
yazdıqları, hətta maşınımızın cərimə
meydançasına aparıldığı, düşüb
taksi ilə getdiyim vaxtlar da olur. Çoxu buna əsəbiləşir,
əhvalı pozulur, "Həsən ağanın qohumu"
misalı öz ictimai statusundan, əlaqələrindən
faydalanmağa çalışır, mənə isə, nə
gizlədim, bu, ləzzət edir. Qanun-qaydaların hər yerdə
işlədiyini və hamının qanunlar
qarşısında bərabər olduğunu görməkdən
gözəl nə ola bilər ki?!.
...8
Mart Beynəlxalq Qadınlar günü. Yol polisi ötən
qadın sürücünü saxlayır. O, sənəd istəmək əvəzinə qadına bir ədəd
qızılgül uzadır və
"yaxşı yol"
deyir.
***
Bütün
ölkələrdə polisin əsas vəzifələrindən
biri də dövləti qəsdlərdən qorumaq, qanuni əsaslarla
keçirilən kütləvi tədbirlərdə ictimai
asayişi, insanların təhlükəsizliyini təmin etmək,
qanunsuz kütləvi aksiyaların qarşısını isə
mümkün vasitələrlə almaqdır. Bu,
dünyanın hər yerində belədir. Azərbaycan da
bütün normal ölkələr kimi dövlətə
müxalif olanlardan xali deyil. Onlar vaxtaşırı olaraq
kütləvi tədbirlər keçirir, vətəndaşların
sərbəst toplaşmaq hüquqlarından istifadə edirlər.
Dövlətimiz əksər hallarda buna icazə verir. Bəzən
isə başqa vətəndaşların təhlükəsizliyini,
onlar üçün yarana biləcək
narahatlığı, təxribat ehtimallarını nəzərə
alaraq ya aksiyalar üçün başqa yer təyin edir, ya da
qanunun verdiyi səlahiyyətlərdən istifadə edərək,
dövlət belə tədbirləri məhdudlaşdırır.
Müxaliflərsə buna qane olmayıb qanunsuz aksiyalara
çıxmaq istəyəndə, Azərbaycan polisi anında
bunun qarşısını alır.
Bununla
bağlı videokadrlarda dəfələrlə fikir vermişəm:
polis qanunun tələblərini pozmaq istəyən vətəndaşlarla
əvvəlcə xeyli müddət danışıq
aparır. Onlara pozuculuqdan əl çəkmək,
dağılışıb getmək tövsiyə olunur.
İnsafən, bəzən bu tövsiyəni eşidənlər
də tapılır. Amma polisin sözünə qulaq
asmayıb, qanunsuz hərəkətini davam etdirən aksiya
iştirakçıları daha çox olur. Belə hallarda
polis ən radikal, aqressiv iştirakçıların əl-qolundan
yapışaraq ya ərazidən uzaqlaşdırır, ya da əgər
qarşısındakı sözdən anlayan biri deyilsə,
polis maşınlarına, avtobuslara mindirib qısa müddət
hərəkətini məhdudlaşdırır ki, ictimai
asayişi pozmaqda davam etməsin.
Ən
maraqlısı budur ki, belə iştirakçıların
çoxunun müxalifətə, müxalif düşüncəyə
heç bir aidiyyəti yoxdur. Bu aksiyaların nə məqsədlə,
nə məramla keçirildiyi də onları qətiyyən
maraqlandırmır. Çünki məqsəd
başqadır: bu adamlar əvvəlcədən şərtləşib
danışdıqları fotomüxbirlərə polisin
onların əl-qollarından tutan yerdə şəkillərini
çəkdirib digər saxta sənədlərinin, o cümlədən
son illər "mühacirət idarəsi" kimi də fəaliyyət
göstərən müxalifət partiyalarının
funksionerlərindən rüşvət müqabilində
aldıqları arayışın arasına qoyurlar ki, daha
rahat həyat xülyası ilə getdikləri Avropa ölkələrində
özlərini Azərbaycan hakimiyyətinə qarşı
barışmaz mübarizlər kimi təqdim edib
sığınacaq istəyə bilsinlər.
Qəribədir,
deyilmi?
Bunlar
həmin şəkilləri o ölkələrə təqdim
edirlər ki, oralarda polis qanunsuz aksiyaya çıxmış
vətəndaşların əl-qolundan tutmaq nədir,
atdöşü edir. Xüsusi təlim görmüş itləri
vətəndaşların üstünə
qısqırdır. İnsanları gözyaşardıcı
qazla, rezin güllələrlə yarımcan hala salır və
heç kim polisi bu hərəkətlərinə görə
qınayıb ittiham etmək fikrinə düşmür.
Çünki nə qədər amansızca davransalar belə,
onlar öz vəzifə borclarını yerinə yetirirlər.
Bu
imkanların hamısından Azərbaycan polisində də
var. Polisimiz istəsə qanunsuz aksiya keçirənlərin
üstünə at da sürər, it də qısqırdar,
gözyaşardıcı qaz da püskürdər, rezin
güllələr də yağdırar. Amma bunların
heç birini etmir. Niyəsini çox düşünüb
özüm üçün cavabını tapmışam. Ona
görə ki, Azərbaycan polisi o aksiyalara çıxan,
radikallıq göstərən, polislə əl-qol hərəkətləri
ilə danışan insanların da bizlərdən biriləri
olmasının, bu xalqın canından, qanından
qopmasının, eyni Vətənə, bu vətənin eyni dəyərlərinə
aid olmasının fərqindədir.
Bu
gün aksiyada ərazidən uzaqlaşdırmaq məcburiyyətində
qaldığı yaşlı qadına, kişiyə gənc
polis əməkdaşı sabah birgə yol getdikləri
avtobusda, metroda böyük kimi ehtiram göstərərək
ayağa qalxıb yer verəcək, qanunsuz hərəkətlərinin
qarşısını almaqdan ötrü əl-qolundan tutub
apardığı gənci sabah tamam başqa bir vəziyyətdə
əlisilahlı cinayətkarın qəsdindən qoruyacaq,
ondan ötrü sinəsini sipər edəcək.
Bu,
Azərbaycan polisinin humanizmidir, vətənpərvərliyidir,
comərdliyidir, öz vəzifə borcunu nizamnamə tələblərini
qorumaqla yanaşı, həm də milli dəyərlərimizdən
gələn kişiyanalıqla yerinə yetirməsidir!..
Əgər
xüsusi zərurət yoxdursa, vətəndaşın
aqressiyası, radikallığı həddən artıq təhlükə
törətmirsə və onun qanunsuz hərəkətlərinin
qarşısını daha yüngül üsullarla almaq
mümkündürsə, Azərbaycan polisi heç zaman ifrat
vasitələrə getməz.
Çavuşundan
tutmuş komandirinə, komandirindən nazirinə qədər
bu, Azərbaycan daxili işlər orqanları əməkdaşlarının
məsləkidir, alicənablığıdır, vətəndaşlara
qarşı nəcib davranışıdır...
***
Bu
yazını təxminən iki aya ərsəyə gətirmişəm.
Hər
epizodunu fərqli məkanlarda, müxtəlif təəssüratlar
içində qələmə almışam. Ona görə
də qeydlərim dəyərli oxucuma bir qədər də
adda-budda görünə bilər.
Elə
bu sətirləri qələmə aldığım vaxtlarda
xarici televiziya kanalı İspaniyanın Kataloniya əyalətində
polisin vətəndaşlara necə divan tutmasını
göstərən kadrlar nümayiş etdirir. İnsanlara
qarşı az qala beysbol topu boyda rezin güllələr
atırlar. Brüsseldən çəkilmiş və bizim
saxtakarlığa adətkərdə edən sosial şəbəkə
müxalifətinin təxribat məqsədilə guya Bakıda
çəkilibmiş kimi təqdim etdiyi şəkildə isə
polis ağır çəkməsi ilə qadının
başını tapdayır.
Bu
görüntüləri əsla təqdir etmirəm. Heç
oralarda da bu cür aşırı zorakı davranışlara
ehtiyac yoxdur, düşünürəm. Qanunsuz aksiyalara
çıxmış vətəndaşların
qarşısını Azərbaycanda olduğu kimi, Avropa ölkələrində
də vətəndaş üçün zərərsiz
üsullarla almaq mümkündür.
Amma
Avropa polisi qətiyyən özünü əziyyətə
salmır. Ona verilmiş səlahiyyətin maksimumundan istifadə
edir.
Azərbaycan
polisi isə buna getməməklə həm də
özünü təxribatlardan qoruyur. Yaxşı bilir ki,
eyni şeyi Avropa polisi edəndə, bu, polisin öz qanuni səlahiyyətlərindən
istifadə etməsi kimi normal qəbul olunacaq. Azərbaycan
polisi etdikdə isə dövlətimizə təzyiq
üçün hər an fürsət gözləyən, nəsə
qopartmaq istəyən xarici qara qüvvələr, kəmfürsətlər
"polis zorakılığı" hay-küyü ilə aləmə
həşir salacaqlar.
Bu da
dünyanın ikili standartlarından biridir...
***
Oktyabrın
25-də Bakıda Qoşulmama Hərəkatına üzv
ölkələrin dövlət və hökumət
başçılarının XVIII Zirvə
Görüşü keçirildi. 160-a yaxın dövlətin,
beynəlxalq təşkilatın rəhbərləri, dünyanın tanınmış
dövlət xadimləri, çoxu da öz xanımları ilə
paytaxtımızda qonaq oldular, görməli yerlərimizdə
gəzib-dolaşdılar. Bakıdan dünyaya önəmli
mesajlar verildi.
Bu,
son illər Azərbaycanın uğurla ev sahibliyi etdiyi möhtəşəm
beynəlxalq tədbirlərin daha biridir. Bu cür tədbirlərin
təşkilində, ölkəmizin, Bakının
dünyanın sülh, dialoq, anlaşma paytaxtına
çevrilməsində Azərbaycan polisinin də
böyük əməyi var. Bütün bunlar həm də
onların fədakar xidməti nəticəsində Azərbaycanda
yaradılmış sabitlik, əmin-amanlıq mühitinin
xoş mənzərəsidir.
Hüseynbala MİRƏLƏMOV
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 18-19.