"Danabaş
kəndinin əhvalatları"nın poetikası
(II məqalə)
Xudayar
bəyin simasında isə yuxarı - aşağı
qarşıdurması həm əsas sütunu, həm də
strukturu ilə aydın görünür: "Mən istəmirəm
Xudayar bəyin keçəcəyindən danışım;
çünki özü də heç bu əmrə razı
olmaz. İndi dünyada qayda belədir ki, birisi ucadan
alçağa yenə, dövlətlikdən
kasıblığa düşə, söhbəti həmişə
aparıb çıxardacaq keçən günlərə: ay
mənim atam belə, anam belə, dövlətimiz bu qədər
idi, imarətimiz bu cür idi, hörmətimiz bu həddə
idi. Amma birisi alçaqdan ucaya qalxa, kasıblıqdan dövlətə
çata, heç vaxt atadan-babadan danışmağı dost
tutmaz. Məsələn, Məhəmmədhəsən əmi
yeddi gün yeddi gecə atasının dövlətindən,
hörmətindən danışa doymaz. Amma Xudayar katda
heç kəsə atasının
adını da deməz. Hər vaxt bu cür söhbət
düşəndə Xudayar katdanın sözü budur:
"Qardaş, nə işin var ataynan-anaynan. Onlar ölüb
gediblər, Allah onlara rəhmət eləsin. Gəl
özünnən-özümnən danışaq" (s. 12).
Məhəmmədhəsən
əminin və Xudayar bəyin həyat
nərdivanının pillələrində müəyyən
yerdəyişmələrlə bərabər, özlərinə
məxsus yerləri vardır. Sadəcə, mətnin bəzi məqamlarında
"yuxarı" və "aşağı"
anlayışları "uca" və "alçaq",
"dövlətli" və "kasıb" məfhumlarına
transformasiya olunur. Məlum olan budur ki, Məhəmmədhəsən
əmi də, Xudayar bəy də həmin
"ucalığı" gözüdolusu görə bilməyib
- Məhəmmədhəsən əmi bunu yalnız atası
Hacı Rzanın şəxsində təsəvvür eləyir,
Xudayar bəy isə hələ yeni vəzifəsində təzədir.
Xudayar
bəyin "yuxarı pilləni fəth eləməsi"
göydəndüşmə olub və bu Məhəmmədhəsən
əmidən fərqli olaraq ierarxik pillədir. Bu qələbəyə
gedən yol Xudayar bəyin qlavanın yanında çavuş
işləməsindən başlayıb və qlavanın
Xudayar bəyin anasını siğə etməsi ilə başa
çatıb. O, yeni vəzifəsində özünü təsdiq
eləmək üçün əvvəlcə iki iş
görür: birincisi, paltarını təzələyir,
ikincisi də "əlinə bir zoğal ağacı
alır". Təzə paltar da, zoğal ağacı da zahiri
effekt yaratsa belə, Xudayar bəyi hələlik əvvəlki
halından fərqləndirir. Amma Xudayar bəy dərrakəli
adamdı və bilir ki, yalnız təzə paltarla, zoğal
ağacı ilə çox şeyə nail olmaq mümkün
deyil. Ona görə ki, paltar köhnələ bilər,
zoğal ağacının da qırılmaq ehtimalı var.
Xudayar bəyə o da yaxşı məlumdur ki, bu
katdalığın, bu bəyliyin ayaq tutub yeriməsi
üçün onun arxasında var-dövlət
dayanmalıdır.
Bax, əsas
məsələ budur! Xudayar bəy göydəndüşmə
(başına quşqonması ilə deyil, anasının
siğəsi ilə qazanılan) statusunu var-dövlətlə
möhkəmləndirməlidir. Belə bir var-dövlət isə
ölmüş dostu Kərbəlayı Heydərin arvadı
Zeynəbdədir və bu yolda necə olur-olsun, Zeynəbi
özünə siğə etdirməkdir. Xudayar bəyin Məhəmmədhəsən
əminin eşşəyini ələ keçirib şəhərə
yollanması da həmin yolda atılan yalan və
saxtakarlıqdır. "Xudayar bəy eşşəyi Məhəmmədhəsən
əmidən istəyəndə dedi ki, məni nəçənnik
istəyib. Amma yalan deyirdi, nəçənnik istəməmişdi,
özgə mətləbi var idi" (s.14). Məhəmmədhəsən
əmi isə eşşəkdən ötrü ağlayan
oğlu Əhmədə özü təsəvvür etdiyi
doğrunu söyləyir: "Sakit ol, oğlum, eşşəyin
axşam genə qayıdıb gələcək evə da.
Eşşəyə nə olur? Mən eşşəyi
satmıram ki, Xudayar bəy əmin aparacaq şəhərə,
orada ona çoxluca arpa verəcək" (s.13). Amma
eşşək qayıdıb gəlmir. Beləliklə, Məhəmmədhəsən
əminin eşşəyinin Xudayar bəyin ixtiyarına
keçməsi doğrunun deyil, məhz yalanın üzərində
bərqərar olur.
Xudayar
bəy qazının evinə "Buzxana" məhəlləsindəki
küçədən gələrək dal qapıdan və
dar yoldan daxil olur, çünki bu yol yalan və
saxtakarlığa açılan yoldur. Xudayar bəyə vəkillik
eyləyən Qasıməli də, şahidlik eyləyən Kərbəlayı
Qafar və Kərbəlayı Səbzəli də məhz həmin
yolla qazının evinə gedib-gəlirlər, çünki
onların da vəkilliyi və şahidliyi yalan və
saxtadır. Saxtakarlığın dərinə işləyən
izləri bir də onda bəlli olur ki, bu adamlar öz
adlarını da dəyişirlər: "Vəkillik eyləyən
Qasıməli Zeynəbin oğlu kimi adını qoymuşdu Vəliqulu,
Qasıməlinin vəkilliyinə şəhadət verən Kərbəlayı
Qafar adını dəyişib Kərbəlayı Baxşəli,
Kərbəlayı Səbzəli isə adını dəyişib
Məşədi Orucəli qoyurlar". Bir halda ki, qazı
onları şəxsən tanımır, onda bu adamların
adlarının da dəyişilməyə ehtiyac yox idi. Bəs
onda belə bir dəyişiklik nəyə lazım idi?
Şübhəsiz, qazının hüzurundakı addəyişmə
Xudayar bəy başda olmaqla onların yalan və
saxtakarlığının təsdiqidir.
Zeynəbin
Xudayar bəyə siğə edilməsi mərasimində
ierarxik struktur qeyri-ixtiyari olaraq Xudayar bəyin və onun dəstəsinin
oturuşunda da reallaşıb. Yəni onların harada oturmaları barədə
heç bir tapşırıq və göstəriş verilməyib.
Bu nizamı onlar vərdiş kimi yerinə yetiriblər, yaxud
el dilində desək, hərə öz yerini yaxşı
bilib: "Xudayar bəy oturmuşdu yuxarı başda dizüstə.
Xudayar bəydən aşağı oturmuşdu iyirmi iki-iyirmi
üç sinnidə bir oğlan. Bu, Danabaş (kəndinin)
qlavasının yasovulu və Xudayar bəyin rəfiqi Qasıməlidir
ki, biz tanıyırıq. Qasıməlidən
aşağı oturmuşdu genə iki şəxs: birinin sinni
olardı otuz-otuz iki, o birinin də sinni qırxdan yuxarı
olmazdı. Bunlar, həmçinin danabaşlıdırlar.
Əvvəlkinin adı Kərbəlayı Qafar və ikincinin
adı Kərbəlayı Səbzəlidir. Bunların hər
ikisi Xudayar bəyin sədaqətli və köhnə rəfiqləridir"
(s. 57).
Bu
düzülüşdə diqqəti çəkən
başqa bir cəhət Qasıməlinin orta pillədə
olmasıdır. O, tutduğu mövqeyə görə
(qlavanın çavuşu olması!) məhz oranı
seçmişdir, amma bir pillə də yuxarı qalxması
heç vaxt yadından çıxarmır, nəinki
çıxarmır, hətta Xudayar bəyin qızı
Gülsümü gözaltı eləməsi ilə oraya
doğru can atır. Sonda Gülsümlə nişanlanır,
eyni zamanda bacısının da Xudayar bəyə siğə
olunmasına razılıq verməklə yuxarı mərtəbəyə
tam yaxınlaşır.
Povestdə
yuxarı-aşağı pillələrinin varlı-kasıb
formasında qarşılaşması interyerdə özünü
büruzə verir: "Qazının otağı yekə, uca
və ağ otaqdı. Bu otağın otuz yeddi taxça və
tağı var və heç birisi boş deyil. Tağlara
düzülübdür çox bərni və hədsiz
çini qab. Taxçalara düzülübdü bir neçə
samovar, sandıqça, qəlyan, dörd-beş kəllə
rus qəndi və xırdavat şeylərdən. Beş-on
taxça doludur boğça və paltarnan. İki taxça
dolu idi kitab ilə. Fərşə salınıb nürbaha
xalı və xalçalar.
Otağın
yuxarı başında qoyulub üç iri dəmir
sandıq. Sandıqların üstə adam boyda
qalanıbdı çox xalça, keçə, kilim və
palaz. Bir tərəfdən çadirşəba
bükülüb qoyulub cərgə ilə dörd-beş dəst
yorğan-döşək" (s. 16).
Bu,
varlı olanın - yuxarı mərtəbəni əldə
etmiş qazının evidir. Üstəgəl, Xudayar bəyin
də ağ otağı var, otağın
"akuşkaları təzə akuşkaya
oxşayırlar", taxçalar çini qablarla bəzənib
və sair (s. 77).
"Məhəmmədhəsənin
evi yekə qış evidir. Çünki qışda bu evdə
təndir yanar, o səbəbə evin tirləri qapqara
qaralıbdı. Divarların dəxi yuxarıları qaralan
kimi olub. Ev köhnə evə oxşayır; çünki
tirlərin çoxusu əyilibdir. Səqfin
ortalığından bir "hammal" verilib ki, tirlərə
təkyə olub, onları möhkəm saxlasın.
"Hammalı" altdan iki sütun saxlayır. Hər
sütunun altında bir yekə sal qoyulub ki, sütunları, həmçinin
möhkəm saxlasın. Evin bir tərəfindən təndir
üstə duvaq, bir tərəfdə kürsü, üstə
bir qədər çörək qalanıb. Qaranlıq
bucaqlarda taxça kimi deşiklərə düzülüb
saxsı qab-qaşıq, bir-iki mis qab. Kürsünün
altında var üzüqoylu çevrilmiş bir qazan, bir
çanaq, içində qatıq, bir qara hirsli çaydan. Bir
tərəfdə salınıb bir palaz, üstə bir-iki dəstə
yorğan-döşək. Bir-iki taxçaya
düzülübdür bir neçə boğça,
köhnə papaq və bir-iki mücrü" (s. 45).
Bu isə
kasıb Məhəmmədhəsənin evidir, bəli, bəli,
Məhəmmədhəsən əminin yox, məhz Məhəmmədhəsənin.
Mətndə birinci və sonuncu dəfə olaraq "Məhəmmədhəsən"
adının yanında "əmi" sözü işlənmir.
Təhkiyəçi, naşir, korrektor - hamısı,
hamısı nə qədər acınacaqlı olsa da,
bir-birinə qoşularaq Məhəmmədhəsən əmiyə
rəhm eləmirlər. Təhkiyəçi, naşir və
korrektorun sırasında hətta müəllif varsa, o halda mətnin
bu yeri onların hamısının birlikdə özlərini
unutduğu və həyatın faciəli səhifələri
önündə insanın donduğu məqam hesab
olunmalıdır.
Ağ
və qara, qabların çinidən və saxsıdan
olması, taxçaların, xalçaların,
yorğan-döşəklərin sayı və
sanballılıq dərəcəsi - sərvət müxtəlifliyi
və təzadı gerçəkliyin təsiri altında
formalaşan təbəqələşməni göstərməkdədir.
Məkan
anlamı baxımından "Əhvalatlar"da
müşahidə olunan "sağ" və "sol"
sözlərinin də hər
birinin öz yeri, öz işlənmə məqamı
vardır. Sağ və sol qütbləşməsi
yuxarı-aşağı qarşıdurmasının
üfüqi proyeksiyasıdır, başqa sözlə,
"sağ" yuxarının, "sol" isə
aşağının şəklidir. (Müqayisə etmədən
xatırlatmaq istəyirəm ki, hakimiyyətdə olan Qazan xan
sağ bəylərdən idi). Beləliklə, bu sözlər
ilk variantda qazandıqları məzmunla fərqli simvollara
çevrilir və bütün mətn boyu
daşıdıqları məzmunu, demək olar ki, bir-birlərinə
güzəştə getmirlər. Bu məqamda Cəlil Məmmədquluzadə
sənətinin ecazkar harmoniyası da özünü tam
gücü ilə göstərir.
Sağ-sol
qarşıdurmasının ilk variantına, daha doğrusu, sol
tərəfinə Məhəmmədhəsən
əmigilin küçəsində rast gəlirik.
Küçə qapısının yanında çömbəlib
oturanlar arasında Məhəmmədhəsən əminin
ziyarətə getmək söhbətini Məhəmmədhəsən
əminin sol (!) tərəfində
oturan Məşədi Oruc başlayır (s.12). Elə bu zaman
Xudayar bəy də sol səmtdən çıxıb
onların yanına gəlir. Hətta Xudayar bəyin
yaradılmış portretində də sol amili
aparıcıdır: "Xudayar bəyin burnu pis əyridir.
Burnunun yuxarı tərəfindən bir sümük dikəlib.
Sümük düzdü, amma aşağısının əti
xoruz pipiyi kimi düşüb sol yana" (s.13). "Kərbəlayı
Cəfər əmi... bir
spiçka çəkib, sol tərəfdə divara
vurulmuş xırda lampanı yandırdı və qonağa
yer göstərdi" (s. 23). Məhəmmədhəsən əminin
arvadı İzzət də quru çörəkləri
sulamaq üçün sol əlinin üstünə
yığır (s. 52). Yenə də Xudayar bəy "sol əli
ilə geyməsinin ətəyini qalxızıb guya ki,
gözünün yaşını silir" (s. 39)
Mətndə
"sol" məfhumu cəmiyyətin aşağı təbəqəsini
işarələyir və bu məsələdə Məhəmmədhəsən
əminin də, Məşədi Orucun da, Kərbəlayı
Cəfərin də, İzzətin də bu məfhuma
bağlılığı, yəni aşağı mövqe sərgiləmələri
də təbiidir. Onlardan yalnız Kərbəlayı Cəfər
karvansara sahibi kimi cəmiyyətin orta təbəqəsini təmsil
edə bilər. Bu adamların hamısının cəmiyyətdəki
aşağı və orta təbəqədə yeri olsa da,
heç birinin hakimiyyət pilləsində yeri yoxdur.
Amma
Xudayar bəyi ierarxik strukturdan kənarda təsəvvür etmək
mümkün deyil, çünki o, faktiki olaraq kəndxuda kimi
bu strukturda yer tutur. Bəs onda Xudayar bəy nə
üçün mətndə "sol" məfhumu ilə
işarələnir? Xatırlatmaq vacibdir ki, onun
"Buzxana" məhəlləsində sol küçəyə,
sol səmtə dönməsi faktları da var. Mətndə
"sol" bir məkan kimi cəmiyyətdəki
aşağı təbəqənin, ierarxiyadakı
aşağı pillənin məkanıdır. Xudayar bəy
ona görə "sol" anlayışı ilə əlaqədardır
ki, o, hələlik aşağı pillədədir, amma onun
öz yerini möhkəmləndirmək və yuxarıya
qalxmaq arzusu var.
Xudayar
bəy qazı ilə görüşməyə həyətin
sağ səmtindən gedir. İerarxiyanın yuxarı pilləsini
işarələyən "sağ" səmt yalnız
qazının yuxarı pillədə olmasını göstərmir,
həm də Xudayar bəyin yüksəlmək yolunun
başlanğıcıdır. Xudayar bəy "sağ əlinin
şəhadət barmağını yuxarı
qaldırıb" işinin düzəlməyi müqabilində
başını qazının yolunda əsirgəməyəcəyini
söyləyir, qazı da sağ əlini qaldırıb kəllə
qəndi göstərir (s.17). Xudayar bəylə qazı
bir-birlərini başa düşürlər. Heç də qəribə
deyil ki, iş tamama yetəndən sonra qazı sağ əlini
Xudayar bəyin çiyninə qoyub onun ierarxiyanın yuxarı
pilləsində möhkəmlənməsinin
xeyir-duasını verir.
Əslində,
Xudayar bəyin öz yerində möhkəmlənmək arzusu
karvansarada reallaşmağa başlayır: "Xudayar bəy
pulu götürüb qoydu cibinə, bir qədər dikəldi,
sağ əlini Kərbəlayı Cəfərin
qabağına uzadıb dedi:
- Ver
əlini mənə.
Kərbəlayı
Cəfər, həmçinin sağ əlini verdi Xudayar bəyin
əlinə" (s. 27).
Beləliklə,
qazının şərtlərinin həyata keçməsinin
ilk addımını Xudayar bəy sevinclə
qarşılayır.
"...Əhvalatlar"ın
mətnində "sağ" məkan ierarxik anlayış
kimi bütün hallarda Xudayar bəyin irəliləməsinin
anonsudur. Bu irəliləmədə Məhəmmədhəsən
əminin eşşəyi bir əmtəə kimi mühüm
rol oynayır və Xudayar bəylə Kərbəlayı Cəfərin
sağ əllərini bir-birinə uzadıb sıxmaları da
aktyor kimi rola girməyin bir formasıdır. Bununla da
eşşəyin funksiyası dəyişilir: Məhəmmədhəsən
əmini Kərbəlaya ziyarətə aparmaq üçün
alınan ulaq Xudayar bəyin siğə arzusunun təminatçısı
olan eşşəyə çevrilir.
Poetika
baxımdan bütün bunlardan daha maraqlı, sənətkarlıq
baxımından daha düşündürücü başqa
bir məqam da var. Bu, mətndə "sağ-sol" elementlərinin
qarşılaşdırma formasında yanaşı işlədilməsidir.
1)
Xudayar bəy "Buzxana" məhəlləsində gedərkən
"sol qıçını qalxızıb sağ əli ilə
və sağ qıçını qalxızıb sol əli
ilə şalvarının balağını silib və
papağını çıxarıb geydi sol əlinə və
sağ əli ilə o tərəfini, bu tərəfini
çırpıb qoydu başına" (s. 14).
"Buzxana" məhəlləsindəki "sağ-sol"
hərəkəti qazının evinə doğru gedən
yolda Xudayar bəyin məsələni həll edib arzusuna
çatıb-çatmaması tərəddüdünü
yaşadır.
2)
"Bir az keçdi, bir qoca kişi, beli
bükülmüş, haman dar yoldan çıxıb, sol əli
cibində və sağ əli gözlərinin üstə, bir
qədər yavıq gəlib üzünü tutdu Xudayar bəyə"
(s.15) - bu, qazıdır. O, "sağ-sol" elementlərinin
uzlaşdırmaqla Xudayar bəyin - bu "xam" kişinin
mövqeyini anlamağa çalışır.
3)
"Sağ əlini qoydu Xudayar bəyin çiyninə, sol əli
ilə qapını göstərdi" (s. 22) - bu, kəllə
qənd satan dükançıdır. Dükançı
sağ və sol əli ilə Xudayar bəyə
düşünmək üçün ierarxiyanın pillələrini
xatırladır.
4)
"Zeynəb bunları görcək qalxıb çəkildi,
durdu bucaqda. Qızlar da gedib soxuldular analarının yanına
və təəccüblə gözlərini dikdilər
qonaqlara. Qonaqlar cərgə ilə əyləşdilər.
Molla yuxarı başda, onun sağ tərəfində Kərbəlayı
İsmayıl, sol tərəfində Kərbəlayı Qafar;
Kərbəlayı Səbzəli, Vəliqulu və Qasıməli
divara dayanıb, durmuşdular ayaq üstdə" (s. 68).
Zeynəbin
evindəki tədbir isə sonuncu mərhələdir. Bu, əvvəlkilərlə
müqayisədə real mərhələ hesab edilir. Zeynəbin
Xudayar bəygilə gətirilməsi Xudayar bəyin həm
Çərçiboğan kəndinin qlavası Xalıqverdi bəyə,
həm mötəbər bir şəxs olan Hacı Həmzə
kimi rəqiblərinə qalib gəlməsidir. O, bununla həm
də Kərbəlayı Heydərdən qalan mirasla
kasıblığın daşını ataraq
katdalığını möhkəmləndirir. Mətndəki
"sağ-sol" paylaşması Xudayar bəyin evində
Xudayar bəyin yenicə dünyaya gələn Xoşqədəm
adlı qızını qucağına alan Zibanın
qapıdan girən yerdə, sağ tərəfdə
durması ilə başa çatır.
"Xitamə"də
ierarxiyanın yuxarı qütbü yalnız Xudayar bəylə
təmsil olunur. Burada qlava da, qazı da, naçalnik də,
çavuş da, xülasə, o qütbdən heç kim
yoxdur. Ona görə ki, Xudayar bəyin hakimi-mütləqliyi
tam təmin olunub. Xudayar bəy heç kəsi,
"Quran"ı da saya salmır. Bir tərəfdən
Xudayar bəy, digər tərəfdən, Məhəmmədhəsən
əmi, Zeynəb və başqaları ilə təmsil olunan
qütbləşmənin aradan qaldırılması
üçün ehtimallar isə yox dərəcəsindədir.
Doğrudur, Vəliqulu özü də başa
düşür ki, "hələ hamısından vacib
çörək qazanmaqdır", amma bu "hələ"
Vəliqulunun səhvləri müqabilində heç
qığılcım da deyil. Əslində, Vəliqulu
bütün şanslarını itirib. Artıq İzzət və
Əhməd kimi Fizzə də ölüb. Zeynəbin, Vəliqulunun,
Zibanın da həyatı bir tükdən asılı
qalıb və onlar da Məhəmmədhəsən əmiyə
bənzər ölmüş kimidirlər. Təsəlli və
ümid yalnız Lağlağı Sadıqla Qəzetçi Xəlilədir.
Cəlil
Məmmədquluzadənin "Danabaş kəndinin əhvalatları"
povesti yalnız cəmiyyəti irəli aparmaq ideyasına
görə deyil, eyni zamanda sənətkarlıq məziyyətlərinə
və poetikasına görə də fərqli, güclü, həmişəyaşardır.
Kamran ƏLİYEV
Ədəbiyyat qəzeti.- 2019.- 16
noyabr. S. 22-23.